Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6468/2023 14.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X6, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 12 iyul 2021-ci il tarixli 00800/0077 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının “İnzibati xəta haqqında iş üzrə icraat zamanı Rusiya Federasiyanın vətəndaşı X3 aşkar edilmiş canlı orqanizm-zəlilər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinə əsasən aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməlidir” məzmunlu hissəsinə əsasən, 04 iyun 2021-ci il tarixdə gömrük baxışı keçirilən zaman ondan aşkar edilib əvəzsiz götürülərək, təbiətə buraxılan gömrük orqanlarına bəyan edilməyən cəmi 18200 ədəd canlı zəlinin ümumi dəyərini təşkil edən 18200 (on səkkiz min iki yüz) manat pulun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən alınaraq, Rusiya Federasiyanın vətəndaşı İddiaçı qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının vətəndaşı İddiaçı cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi tərəfindən 12 iyul 2021-ci il tarixdə qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 00300/0077 nömrəli qərarla Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin əlli faizi - 9100 manat miqdarında inzibati cərimə tənbeh növünün tətbiq edilməsi, ondan aşkar edilmiş canlı orqanizmin - zəlilərin aidiyyəti dövlət qurumlarına verilməsi və inzibati xəta haqqında iş üzrə aparılmış ekspertiza tədqiqatına görə 100 manat məhkəmə məsrəfinin ondan alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Cavabdeh təşkilatın vəzifəli şəxsinin həmin qərarına əsasən, Rusiya Federasiyasının (bundan sonra-RF) vətəndaşı İddiaçı İXM-in 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, 04 iyun 2021-ci il tarixdə X4 SU 1855 saylı Bakı-Moskva avia reysi ilə RF-yə gedərkən, onun çantalarına gömrük baxışı keçirilən zaman şifahi, yazılı və ya elektron qaydada gömrük orqanlarına bəyan etmədiyi 19 torbada ümumi çəkisi 16311 qram, ümumi sayı isə 18200 ədəd olan canlı zəli ona məxsus çantalardan aşkar edilərək, araşdırma aparılması məqsədilə götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və digər məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaya münasibət məktubunda bildirmişdir ki, 4 iyun 2021-ci il tarixində Heydər Əliyev adına X5 Bakı-Moskva aviareysi ilə Rusiya Federasiyasına gedən Rusiya Federasiyasının vətəndaşı İddiaçı məxsus çamadanın içərisindən onun tərəfindən gömrük nəzarəti zamanı bəyan olunmayan ümumi sayı 18200 ədəd zəli aşkar edilərək protokol əsasında götürülmüşdür. Yuxarıda qeyd olunan faktla bağlı İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair barəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsində 00800-0085/21 saylı inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, icraat zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X1 Xidmətindən daxil olmuş məktuba əsasən İddiaçı aşkar edilərək götürülmüş tibb zəlisi (Hirudi medicinialis) “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyasının (CİTES) İİ əlavəsinə daxil olduğu və ölkə ərazisindən ixrac edilməsi üçün CİTES icazə/sertifikat sənədinin tələb olunduğu müəyyən edilmişdir. “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 yanvar 2009-cu il tarixli 7 saylı Qərarına əsasən, bu qaydaların pozulması nəticəsində götürülmüş nümunələr saxlanılmaq üçün inzibati orqana verilir. Aşkar olunmuş zəlilərin ixrac edilməsi üçün CİTES icazə/sertifikat sənədinin olmadığından Rusiya Federasiyası vətəndaşı İddiaçı xx.xx.2021ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək ondan aşkar edilərək götürülmüş zəlilərin özünün iştirakı olmadan təbiətə buraxılmasına etiraz etmədiyini bildirmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2009-cu il tarixli 7 saylı Qərarına əsasən həmin zəlilər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə Kiçik Qızılağac körfəzində təbii mühitə buraxılmış və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 12 iyul 2021-ci il tarixli, 00800/0077 saylı inzibati tənbeh vermə haqqında Qərarına əsasən İddiaçı barəsində inzibati xətanın bilavasitə obyekti olan zəlilərin dəyərinin əlli faizi miqdarında, yəni 9100,0 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-711/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı ilə “İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 12 iyul 2021-ci il tarixli 00800/0077 nömrəli İnzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsi barədə şikayəti əsassız olduğundan rədd edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1769/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı ilə “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İddiaçı vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 12 iyul 2021-ci il tarixli 00800/0077 nömrəli İnzibati tənbeh vermə haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 3(003)-711/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı barəsində çıxarılmış həmin Qərar qanunvericiliklə müəyyən olunmuş müddət ərzində icra olunmadığından, eləcə də onun Rusiya Federasiyası vətəndaşı olması nəzərə alınaraq, xx.xx.2021-ci il tarixində “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahısına daxil edilməklə, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 17.1.7, 17.3-cü maddəsinə əsasən ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulmuş, eyni zamanda həmin şəxsin ünvan 1 ünvanında müvəqqəti yaşadığından sözügedən qərar icra olunması üçün aidiyyəti üzrə Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 17.1.7-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər inzibati xəta törətdikdə barələrində inzibati tənbeh tədbirləri icra olunanadək ölkədən getməsi məhdudlaşdırılır. İddiaçı dəfələrlə Dövlət Gömrük Komitəsinə eyni məzmunlu müraciətlər etmiş, həmin müraciətlərə ayrı-ayrılıqda baxılaraq onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə müsadirə qərarının çıxarılmadığı, məhz ərizəsi əsasında həmin zəlilərin təbii mühitə buraxıldığı ona bildirilmişdir. Həmçinin İddiaçı iddia qaldırdığı zaman Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə birlikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini də cavabdeh olaraq göstərmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı iddia tələbi “04 iyun 2021-ci il tarixdə gömrük baxışı keçirilən zaman ondan aşkar edilib əvəzsiz götürülərək, təbiətə buraxılan gömrük orqanlarına bəyan edilməyən cəmi 18200 ədəd canlı zəlinin ümumi dəyərini təşkil edən 18200 (on səkkiz min iki yüz) manat pulun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən alınaraq, Rusiya Federasiyasının vətəndaşı İddiaçı qaytarılması barədə qərar qəbul edilməsi ilə əlaqədar olduğundan, iddia ərizəsində cavabdeh sırasında Dövlət Gömrük Komitəsi deyil, yalnız 12 iyul 2021-ci il tarixli, 00800/0077 saylı inzibati tənbeh vermə haqqında Qərarın qəbul edildiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan aidiyyəti ixtisaslaşdırılmış gömrük orqanı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 21.1.2.1-ci yarımbəndində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi inzibati orqan kimi nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində göstərdiyi analoji tələblə əvvəlcə inzibati orqana, yəni Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçının etirazı, narazılığı və şikayəti inzibati xəta haqqında iş üzrə icraat zamanı iddiaçıdan əvəzsiz olaraq götürülmüş, 18200 ədəd canlı zəlinin ümumi dəyərini təşkil edən 18200 manat pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən tutulması ilə bağlıdır. Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan tələbi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi qarşı irəli sürsə də, cavabdeh orqanlar ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır ki, ondan da inzibati mübahisə törənmiş olsun. Çünki inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqanın (hazırkı halda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin) inzibati xətalara dair işlər üzrə inzibati icraat sahəsindəki fəaliyyət sferasına daxildir. Hazırkı iddia isə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər bağlıdır. İXM-in: 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsində irəli sürülən tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid kompensasiya tələbi olduğundan, həmin öhdəliyin orqana həvalə edilməsi barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 3.2.2-ci maddəsinə əsasən, bu Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ümumiyyətlə, inzibati orqanın inzibati xəta fəaliyyəti çərçivəsində hərəkətləri (hərəkətsizlikləri) və qəbul edilən qərarları inzibati məhkəmə icraatının predmeti ola bilməz. Həmin fəaliyyət çərçivəsində inzibati orqanın prosessual pozuntuya yol verməsi belə onu inzibati məhkəmə icraatının predmetinə çevirmir. Konkret olaraq, hazırkı işdə iddiaçının qaldırdığı, inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin iddiaçıya qaytarılmaması və s. məsələlərə də hazırkı icraatda baxılması prosessual cəhətdən mümkün deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6468/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6468/2023
14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver