Məhkəmə qərarları › İş №2-1(112)-6569/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6569/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6569/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs Binəqədi rayonu Binəqədi bələdiyyəsi “torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Binəqədi rayonu Binəqədi bələdiyyəsi) torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və dövlət reyestindən çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə 30 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 nömrəli Sərəncamı ilə Binəqədi rayonu üzrə 295,73 ha torpaq sahəsinin Binəqədi Bələdiyyəsinə ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 393 nömrəli Sərəncamı ilə ayrılmış torpağın sahəsinə dəyiliklik edilərək 292,71 ha müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 323 №-li, 29 noyabr 2005-ci il tarixli qərarına əsasən Binəqədi bələdiyyəsinin inzibati ərazisi olan 7 mkr, İ.Hacıyev küçəsində 283 saylı məktəbin yanında uzun müddətdir ki, öz vəsaiti hesabına tikib istifadə etdiyi evin altındakı 100 kv.m. torpaq sahəsi vət. İddiaçı tərəfindən istifadə edildiyi üçün alqı-satqı yolu ilə onun xüsusi mülkiyyətinə (hər kv.m üçün 20.800 manat ödəmək şərti ilə) verilmişdir. Torpaq sahəsinə dair Binəqədi rayonu Binəqədi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 229 №-li, 29 noyabr 2005-ci il tarixli müqavilə bağlanmışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən 7 mkr. 283 saylı məktəbin yanında İddiaçı məxsus fərdi yaşayış evinin altındakı torpaq sahəsinin (100 kv.m) situsiya planı tərtib edilmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, “...bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 323 nömrəli qərarı və Binəqədi bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 1-də inşa edilmiş 1V nömrəli evin altındakı 100 kv.m torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 323 nömrəli qərarı və xx.xx.2005-ci il tarixli 229 nömrəli alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 1-də inşa edilmiş 1V nömrəli evin altındakı torpaq sahəsi dəyəri ödənilməklə İddiaçı tərəfindən əldə edilmişdir. Torpaq sahəsi təxminən 28 ildir ki, onun istifadəsində və sahibliyindədir. O və ailə üzvləri uzun müddətdir ki, öz vəsaiti hesabına tikib istifadə etdiyi evdə 2009 cu ildən 16 ilə yaxındır ki, passport qeydiyyatına alınmışlar. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır. Həmçinin təqdim olunan cizgidə dəqiq istinad məsafəsi və perimetrik ölçülər qeyd edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs nümayəndəsi iddia tələbinin predmetin təşkil edən torpaq sahəsinin, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 nömrəli Sərəncamı ilə Binəqədi rayonu üzrə Binəqədi Bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş295,73 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini bildirərək, Binəqədi Bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin sərhədlərini əks etdirən həmin xəritədə iddiaçıya ayrılan torpağı göstərdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 323 №-li, 29 noyabr 2005-ci il tarixli qərarı ilə iddiaçıya Binəqədi rayonu, 7 mkr, İ.Hacıyev küçəsində 283 saylı məktəbin yanında 100 kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edərək ailəsi ilə birlikdə həmin evdə (Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 1 ev 1v) yaşayır və pasport qeydiyyatındadır. Həmin ev kommunal xidmətlərlə təchiz edilmişdir. Torpaq sahəsinə dair Binəqədi rayonu Binəqədi bələdiyyəsi ilə iddiaçı arasında “Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 229 №-li, 29 noyabr 2005-ci il tarixli müqavilə bağlanmışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi tərəfindən 7 mkr.283 saylı məktəbin yanında İddiaçı məxsus fərdi yaşayış evinin altındakı torpaq sahəsinin (100 kv.m) situsiya planı tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmadığına istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında elektron kadastr məlumatına əsasən göstərilən sahənin dövlət mülkiyyəti torpağı olduğunu, həmçinin təqdim olunan cizgidə dəqiq istinad məsafəsi və perimetrik ölçülərin qeyd edilmədiyini göstərmişdir. Məhkəmə iddia tələbini əsaslı, cavabdehin imtinasını isə əsassız hesab edir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. 8.0.1.-ci maddəyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin qeydiyyatı üçün əsasdır. Qeyd edilən normanın dispozitiv şərtlərinin mövcud olması üçün aşağıdakıların olması zəruridir: 1) Ayrılması nəzərdə tutulmuş torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmalıdır; 2) Torpaq sahəsinin ayrılmasına dair akt qanunla müəyyən edilmiş qaydada qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə görə, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Cavabdeh iddia tələbinə etiraz edərkən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olduğunu göstərir. Məhkəmə bununla bağlı qeyd edir ki, elektron kadasr baza məlumatlarına əsasən iddia edilən torpaq sahəsinin bələdiyyənin deyil, dövlət mülkiyyətində olması işin mübahisələndirilməyən halıdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan çoxsaylı analoji işlər üzrə müəyyən edilir ki, Bakı şəhərində yerləşən Bələdiyyələrə torpaq sahələrinin ayrılması ilə bağlı sənədləşdirmə işləri tam başa çatdırılmamış, Bakı şəhər İcra hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə Bakı şəhərində yerləşən bələdiyyələrə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinə dair bələdiyyələrin mülkiyyət hüququ elektron kadastr baza məlumatlarına işlənməmişdir. Lakin qeyd edilməlidir ki, məsələyə bu cür yanaşma Bakı şəhərində bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin sənədləşdirilməsinin mümkünsüz olmasına gətirib çıxarmaqla yanaşı, vətəndaşların inzibati orqan olan bələdiyyələrin prtaktikasına etimad hüququnun pozulması, həmçinin mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxarmaqla, inzibati orqanların fəaliyyətinin əsas məqsədi olan ictimai marağın pozulması ilə nəticələnə bilər. Belə ki, bələdiyyə torpaqlarının mülkiyyət hüquqlarının reyestrinin aparılmaması, vaxtı ilə bələdiyyələrdən torpaq sahəsi əldə edən vətəndaşların msəuliyyət sferasına aid deyil və onların ziyanın şərh edilməməlidir. Bunun üçün ilk növbədə araşdırılması məsələ ondanibarət olmalıdır ki, Bələdiyyə tərəfindən iddiaçıya ayrılmıış torpaq sahəsi həqiqətən də, Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Binəqədi Bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdudları daxilində yerləşirmi? Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 nömrəli Sərəncamı ilə Binəqədi rayonu üzrə 295,73 ha torpaq sahəsinin Binəqədi Bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin hüdudlarını müəyyən etməyə imkan verən və Bakı şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş xəritə məhkəməyə təqdim edilmişdir. Həmin xəritədə Binəqədi Bələdiyyəsi tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşməsi işarələnmiş və bələdiyyə möhürü ilə təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 nömrəli Sərəncamında əlavədə torpaq sahələri sahələr üzrə göstərilmiş (İ-X sahələr), hər sahə üzrə ayrılmış torpaq sahəsinin ölçüsü və sahənin konturları müəyyən edilmişdir. İddiaçıya ayrılmış torpaq sahəsi xərtiədə V sahədə yerləşməsi müəyən edilir. Sərəncama əlavə edilmiş ayrıc göstərişlərində V sahəni hüdudları aşağıdakı kimi qeyd edilmişdir:

1. AБ xəttini – S.S.Axundov küçəsinin səkisi boyunca ayrılmalı;

2. БB – xəttini – 1260-cı keçidin səkisi boyunda ayrılmalı;

3. BГ – xəttini – 6-cı sahənin BГ xətti istiqamətində ayrılmalı;

4. ГД – xəttini – Д və Г nöqtələrini birləşdirməklə ayrılmalı;

5. ДE – EЖ – ЖЗ – ЗИ – ИK – KЛ – ЛМ – МН – НO – OП xətləriin – M.Ə.Rəsulzadə sərhələri boyunda ayrılmalı... Torpaq sahəsinin yerləşməsi xəritəyə əsasən dəqiq müəyyən edildiyindən məhkəmə bu iş üzrə həmin halın araşdırılması üçün ekspertizanın keçirilməsinə də zərurət görmür. İddiaçıya ayrılmış torpaq sahəsi, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 nömrəli Sərəncamı ilə Binəqədi Bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin hüdudları daxilində yerləşdiyindən məhkəmə cavabdehin iddia tələbinə etiraz ərizəsində qeyd edilən halı əsassız hesab edir. İddia tələbində yazılı etirazda qeyd edilən digər dəlili, yəni təqdim olunan cizgidə dəqiq istinad məsafəsi və perimetrik ölçülər qeyd edilməməsi brədə cavabdehin dəlilini də məhkəmə əsaslı hesab etmir. Belə ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən ortofoto görüntüsü, torpaq sahəsinin kordinatları (X - 401994.14, Y – 4476029, 66), torpaq sahəsinin yerləşdiyi ünvan (ünvan 1 şəxs tərəfindən tərtib edilmiş Torpaq sahəsinin Yerquruluşu plannından çıxarışla ətraflı təsvir edilmişdir. Məhkəmə cavabdehin imtina dəlilini, alqı-satqı müqaviləsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmaması barədə dəlilini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İ və İİ hissə). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət aktı tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Maddə 4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə 6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Sadalanan normalardan göründüyü kimi: 1) Bələdiyyə torpağının mülkiyyətə verilməsi bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş iclasda qəbul edilmiş bələdiyyənin qərarına əsasən həyata keçirilir: 2) Qərar qəbul edildikdən sonra torpaq sahəsinin ayrılmasına dair alqı-satqı müqaviləsi bağlanır; 3) Torpaq sahəsinin ayrılmasına dair qərar müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9.08.2001-ci il tarixli, 548 № li Fərmanın 2.5-ci maddəsinə əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 4) Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. 5) Torpaq sahəsinin ayrılmasında dair alqı-satqı aktı torpaq şöbəsinin müdiri tərəfindən imzalanmalıdır. İddiaçı ilə üçüncü şəxs bələdiyyə arasında bağlanmış alqı-satqı aktının torpaq şöbəsinin müdiri tərəfindən imzalanmaması işin mübahisələndirilməyə halıdır. Lakin qeyd edilən məsələ iddiaçının müllkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Belə ki, “...X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Məhkəmə Plenum qərarında ifadə edilmiş hüquqi mövqeni nəərə alaraq qeyd edi rki, iddiaçı ilə Binəqədi bələdiyyəsi arasında bağlanmış alqı-satqı aktının torpaq şöbəsinin müdiri tərəfindən imzalanmaması iddiaçı üçün hüquqi nəticə yaratmır və iddiaçı torpaq sahəsinin ayrılmasına dair qərarın hüquqi qüvvəsinə təsri etmir. Binəqədi Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsinin torpaq şöbəsinin müdiri tərəfindən imzalanmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. İddiaçı həmin müqavilənin torpaq şöbəsinin müdiri tərəfindən imzalanmamasına görə məsuliyyət daşımır. Bu hal iddiaçının iradəsi daxilində olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 323 nömrəli qərarı və Binəqədi bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 1-də inşa edilmiş İV nömrəli evin altındakı 100 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyət hüququna dair qeydiyyatın aparılması və həmin ünvana dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar