Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6581/2024 22.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “dəfn xərcinin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “müavinət məbləğinin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 22 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı X.Qarayevin oğludur və atasının dəfn xərcinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh dəfn xərcinin ödənilməsi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya bildirmişdir ki, 30 noyabr 2021 ci il tarixində Mərkəzi Filiala daxil olmuş mərhum X6 ərizəsinə əsasən aparılan araşdırma nəticəsində pensiya məbləği 2022-ci ilin yanvar ayından etibarən qanunvericiliyə uyğunlaşdırılaraq 497,00 manatdan 485,23 manata azaldılıb, həmçinin xx.xx.2007xx.xx.2021 -ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6354,49 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş vəsait haqqında mərhuma 11 mart 2022-ci il tarixli **********2 nömrəli və 20 may 2022-ci il tarixli **********8 nömrəli məktublarla ətraflı məlumat verilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən mərhum Xureyman Qarayevə artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 6354,49 manatdan 954,31 manata azaldılıb. Eyni zamanda, mərhum Xureyman Qarayevin pensiyasının (485,23 manat) tərkibinə 10 faiz maddi yardım əlavə edilməklə və cari il üzrə indeksləşdirmə nəzərə alınmaqla əmək pensiyası 1 yanvar 2023-cü il tarixindən 612,21 (485,23+10%+14,7%) manat məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 78,47 manat pul vəsaiti hesablanıb. Fləmin 78,47 manat pul vəsaiti mərhuma artıq ödənilmiş 954,31 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıqödəmə 875,84 (954,31-78,47) manat təşkil edib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələr ödənilən şəxs vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə vəfat etmiş dövlət qulluqçusunun aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləği ilə həmin qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Qeyd olunanları nəzərə alaraq, 5 may 2023-cü il tarixində (12 aprel 2023-cü il tarixindən hesablanmaqla) ananız X8 mərhum Xureyman Qarayevə ödənilməli olan şərti əmək pensiyasının (612,21 manat) 80 faizi-489,77 manat məbləğində sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib, həmçinin cari ilin aprel ayı üzrə (19 gün üçün) ödənilməli olan 3,05 manat fərq məbləği hesablanıb. Həmin fərq məbləği mərhuma artıq ödənilmiş 875,84 manatdan çıxılaraq büdcəyə bərpa edilib (qalan artıqödəmə 872,79 manat). Dəfn xərcinin çəkilməsinə görə ödənilməli olan 840,00 manat pul vəsaiti qalıq borc 872,79 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Hazırda qalan artıq ödəmə 32,79 manat təşkil edir. İddia tələbi, İddiaçının əsaslandırması: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müarciət edərək mərhum X3nun dəfni üçün təyin edilmiş müavinət məbləğinin geri qaytarılması və mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində kompensasiyanın ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X1 xx.xx.2022-ci il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək şəhid atası kimi şəhid ailəsinə görə 300 manat müavinət aldığını, bu müavinətin ödənilməyən illərə görə bir neçə ay ödəsələr də xx.xx.2020-ci ildən ona məlum olmayan səbəbdən kəsildiyini qeyd etmiş və bu barədə məlumat verilməsini xahiş etmişdir. Onun bu müraciətinə cavab olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli məktubla mərhum atasına bildirilmişdir ki, xx.xx.2007-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6354,49 manat artıq pul vəsatinin ödənildiyi, həmin vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığın qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Daha sonra cavabdeh orqandan xəbər çıxmamış, atasının da səhhəti ağırlaşdığı üçün məsələ həll olunmamış qalmışdır. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O uzun müddət dövlət qulluğunda işləmiş, hətta 400 manat dövlət qulluğuna görə təqaüd almışdır. Bir hərbçi qardaşı şəhid olmuşdur və atasına şəhid ailəsi kimi müavinət də təyin edilmişdir. O və digər qardaşı da X12 ehtiyatda olan hərbi qulluqçudur. Atasını el adətinə uyğun olaraq Lerik rayonunda dəfn ediblər və dəfni ilə bağlı xərcləri o çəkib. Lakin nə ona, nə də digər ailə üzvlərinə onun dəfni üçün müavinət verilməmişdir. X2 müraciətinə xx.xx.2023-cü il tarixli verilmiş cavab məktubunda mərhum atasına guya artıq ödənilmiş pensiyanın məbləğinin yenidən hesablanaraq 6354,49 manatdan 875,84 manata azaldığı qeyd olunmuşdur. Həmin məktubda dəfn xərcinin çəkilməsinə görə ödənilməli olan 840 manat pul vəsaitinin qalıq borc 872,79 manatdan çıxılaraq büdcəyə bərpa edildiyi, qalıq borcun 32,79 manat təşkil etdiyi göstərilmişdir. Onun eyni məzmunlu müraciətinə də cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla eyni cavab vermişdir. O, sonuncu dəfə 2023-cü ilin dekabr ayında cavabdeh orqana müraciət edərək dəfn üçün müavinətin geri qaytarılmasını xahiş edib. Həmin ərizə də xüsusilə bildirib ki, cavabdehin heç bir qanuni əsaslandırması olmamış, istinad edilən “Əmək pensiyaları” haqqında qanunun 39.1-ci və 39.2-ci maddələrinin mətnin bu məsələyə düzgün tətbiq olunmadığı, dəfn üçün müavinətin birdəfəlik, tam və nağdsız qaydada ödənilən müavinət olduğunu xüsusi olraq bildirib. Həmin ərizəsinə cavab olaraq verilmiş 09.01,2024-cü il tarixli imtina məktubunda “Vaxtilə mərhum X9 artıq ödənilmiş pul vəsaitinin qalan 32,79 manat hissəsinin 2023-cü ilin dekabr ayında arvadı X7 əmək pensiyasından tutularaq büdcəyə bərpa edildiyi, hazırda qalıq borc məbləğinin olmadığı “qeyd olunmuşdur. Həmin məktubda həmçinin əvəzləşdirmənin guya “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirildiyi göstərilmişdir. Halbuki həmin maddədə əvəzlişdirmənin birdəfəlik verilən müavinətin hesabına aparılması halı nəzərdə tutulmamışdır. Cavabdehin dəfn üçün müavinət hesabına apardığı əvəzləşdirmə qanunsuz və əsassız olmuşdur. Göründüyü kimi cavabdeh orqan xəbəri olmadan onların razılığı olmadan qanunsuz olaraq dəfn üçün müavinəti vərəsələrə heç bir xəbərdarlıq etmədən qanunsuz olaraq mərhum atasının qalıq borcuna silmişdir. Ümumiyyətlə cavabdeh artıq ödənilmiş əmək pensiyasını atasının sağlığında onun razılığı, ölümündən sonra vərəsələrinin razılığı ilə tuta bilərdi. Belə razılıq olmadıqda isə tutulma yalnız məhkəmənin qərarı əsasında aparılmalı idi. Cavabdeh isə razılığın və müvafiq məhkəmə qərarının olmamasına baxmayaraq qanunsuz olaraq dəfn üçün müavinətə və anamın pensiyasına tutma yönəltmişdir. Cavabdehin qanunsuz bu hərəkəti ilə ona və digər ailə üzvlərinə həmçinin mənəvi ziyan vurulmuşdur. Buna görə də cavabdeh vurduğu mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində kompensasiya ödəməlidir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin “dəfn üçün təyin edilmiş müavinət məbləğinin geri qaytarılması” hissəsində rədd edilməsi barədə qərar, iddianın “mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində kompensasiyanın ona ödənilməsi” hissəsində mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən mərhum Xureyman Qarayevə artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 6354,49 manatdan 954,31 manata azaldılıb. Eyni zamanda, mərhum Xureyman Qarayevin pensiyasının (485,23 manat) tərkibinə 10 faiz maddi yardım əlavə edilməklə və cari il üzrə indeksləşdirmə nəzərə alınmaqla əmək pensiyası 1 yanvar 2023-cü il tarixindən 612,21 (485,23+10%+14,7%) manat məbləğində müəyyən edilib, həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 78,47 manat pul vəsaiti hesablanıb. Həmin 78,47 manat pul vəsaiti mərhuma artıq ödənilmiş 954,31 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıqödəmə 875,84 (954,31-78,47) manat təşkil edib. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələr ödənilən şəxs vəfat etdikdə onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə vəfat etmiş dövlət qulluqçusunun aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləği ilə həmin qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir. Qeyd olunanları nəzərə alaraq 5 may 2023-cü il tarixində (12 aprel 2023-cü il tarixindən hesablanmaqla) iddiaçının anası X10 mərhum Xureyman Qarayevə ödənilməli olan şərti əmək pensiyasının (612,21 manat) 80 faizi- 489,77 manat məbləğində sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib, həmçinin cari ilin aprel ayı üzrə (19 gün üçün) ödənilməli olan 3,05 manat fərq məbləği hesablanıb. Həmin fərq məbləği mərhuma artıq ödənilmiş qalıq 875,84 manatdan çıxılaraq büdcəyə bərpa edilib (qalan artıq ödəmə 872,79 manat). Dəfn xərcinin çəkilməsinə görə Arzuman Qarayevə ödənilməli olan 840,00 manat pul vəsaiti də qalıq 872,79 manat borc məbləğindən çıxılaraq büdcəyə bərpa edilib. Hazırda qalan artıqödəmə 32,79 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, vaxtilə mərhum X9 artıq ödənilmiş pul vəsaitinin qalan 32,79 manat hissəsi 2023-cü ilin dekabr ayında X7 əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Hazırda qalıq borc məbləği yoxdur. Eyni zamanda, iddiaçının mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində kompensasiyanın ona ödənilməsinə dair heç bir müraciəti olmamışdır. Qeyd olunan normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, inzibati orqanlara qarşı kompensasiya ödənilməsinə dair iddialar o zaman inzibati məhkəmə icraatında baxıla bilər ki, vurulmuş ziyan inzibati orqanın bilavasitə inzibati hüquq sahəsindəki fəaliyyəti (qərar, hərəkət və ya hərəkətsizliyi) nəticəsində yurulmuş olsun və bununla bağlı yaranmış mübahisə inzibati hüquq mübahisəsi olsun. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən doğan mübahisə isə inzibati mübahisə deyildir. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində kompensasiyanın ödənilməsi hissədə mümkün sayılmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçı mərhum atasının dəfn xərcinə görə cavabdeh müraciət etmiş, cavabdeh isə, iddiaçının mərhum atasına pensiya ödənilən pensiya məbləğinin artıq hesablandığını iddia edərək dəfn xərcinin çəkilməsinə görə ödənilməli olan 840 manat pul vəsaitinin qalıq borc 872,79 manatdan çıxılaraq büdcəyə bərpa edildiyi, qalıq borcun 32,79 manat təşkil etdiyini bildirir. İddiaçı hazırkı tələbində atasının dəfninə görə ödənilməli olan 840 manat pulun tutulmasını (əvəzləşdirilməsini) qanunsuz hesab edir və geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, cavabdeh iddiaçıya ödənilməli olan dəfn xərcini, iddiaçının atasına ödənilmiş pensiya məbləğinin artıq hesablandığını, ödənilməli olan 840 manat dəfn xərcintən tutulduğunu bildirir. Məhkəmə qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Hazırkı işdə iddiaçının ona artıq ödənilmiş pensiyanın tutulması barədə razılığının olmaması işin mübahisələndirilməyən halıdır. Belə olan halda cavabdeh orqan artıq ödənildiyi hesab etdiyi məbləği öz təşəbbüsü ilə deyil, yalnız məhkəmədə iddiaçının atasına və ya onun ölümündən sonramiras aktivini qəbul etmiş vərəsələrinə müvafiq iddia qaldırmaqla nail ola bilərdi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan istər “Əmək pensiyaları haqqında” Qanunun, istərsə də “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, iddiaçıya inzibati icraat barədə məlumat vermədən, inzibati icraatın aparılmasında onun iştirakını, dinlənilmə hüququnu təmin etmədən, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə iddiaçının razılığını almadan iddiaçının pensiyasından faktiki olaraq tutulmalar həyata keçirilməsinə başlamışdır. “Sosial Müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.2. Birdəfəlik müavinətlər: 4.0.2.3. dəfn üçün müavinət; Maddə 10-1. Müavinətlərin ödənilməsi qaydaları 10-1.1. Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş müavinətlər tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir. 10-1.6. Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. Məhkəmə həmçinin qeyd edir ki, dəfn üçün müavinət, şəxsin ölümü ilə əlaqədar onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir və həmin məbləğ birdəfəlik ödəmə olmaqla, artıq ödənilməsi hesab edilən pensiya məbləğindən tutula (və ya əvəzləşdirilə) bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmn edilməli 840 manat dəfn xərcinin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. X4 dəfni üçün təyin edilmiş 840 manat müavinət məbləğinin İddiaçı geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6581/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6581/2024
22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver