Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6618/2024 06.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 6 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 1.07.1958-ci il təvəllüdlür. Qusar rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 44 nömrəli arxiv çıxarşına əsasən İddiaçı 2.07.1973-cü ildə “Şərq” sovxozunda 4 №-li briqada mövsümi fəhlə qəbul edilmiş, xx.xx.1973-cü ildə azad edilmişdir. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: 1973-cü ildən 1977-ci ilə qədər Bakı dənizçilik məktəbində təhsil almışdır. xx.xx.1978-ci ildə X7 Nəqliyyat donanması gəmilərinə matros kimi işə qəbul edilmişdir. xx.xx.1979-cu ildə Nəqliyyat donanması gəmilərində kapitanın 3-cü köməkçisi, xx.xx.1985-ci ildə Nəqliyyat donanması gəmilərində kapitanın 2-ci köməkçisi, xx.xx.1989cu ildə Nəqliyyat donanması gəmilərində kapitanın baş köməkçisi keçirilmişdir. xx.xx.1997ci ildə işçinin əmək vəzifələrini pozması ilə (üzrsüz işə gəlmə) əlaqədar əmək müqaviləsinə xitam verilmişdir (19 il 4 ay 20 gün). Türkiyə Respublikası Baş Nazirlik Xəzinə Müşavirliyinin 16.10.02-ci il tarixli 66947 №li məktubundan görünür ki, Türkiyə Respublikası Baş Nazirlik Xəzinə Müşavirliyi tərəfindən “Eser Denizcilik və Tic.LTD.ŞTİ”-də işləməsi üçün iddiaçıya xx.xx.2002-xx.xx.2004-cü il tarixədək iş icazəsi verilmişdir. “Eser Denizcilik və Tic.LTD.ŞTİ” H.İ.X3 ilə iddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli müqaviləyə əsasən iddiaçı kapitan kimi 6 aylığına işə götürülmüşdür. Türkiyə Respublikası Baş X2 üzrə Müşavirlik İstanbul Ərazi Müdirliyi Ekvivalentliyin təsdiqi ilə bağlı xx.xx.2003-cü il, xx.xx.2003-cü il, xx.xx.2003-cü il, xx.xx.2004-cü il tarilxi müraciət sertifikatlarına əsasən Türkiyə reyestrində qeydiyyatdan keçmiş gəmilərdə 3 aylıq işləməsi uzadılmışdır. Türkiyə Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Sığorta Təşkilatı Sığorta İşləri Baş İdarəsi Beyoğlu Sığorta İdarəsinin tərəfindən verilmiş Sığorta Qeydiyyat Şəhadətnaməsinə əsasən (Sığorta qeydiyyat nömrəsi xx.xx.2002.06759 Kod № 0702.0500.044) iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixinə kimi 473 gün işləmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə və xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh hər iki müraciət əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, İddiaçı ümumi iş stajı 25 ildən az (23 il 10 ay 19 gün (xx.xx.1973-xx.xx.1973-cü il, xx.xx.1973-xx.xx.1977-ci il, xx.xx.1978-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 22121,33 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Qafil Xamətova güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək 57 yaşdan, yəni 1.07.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqanın imtinası ilə razı deyil və hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün qanunla nəzərdə tutlmuş şərtlər mövcud olduğundan, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 44 nömrəli xx.xx.2021-ci il tarixli arxiv çıxarışı ilə bildirilmişdir ki, vətəndaş İddiaçı “Şərq” sovxoz üzrə əmr kitabına əsasən xx.xx.1973-cü ildə 225 saylı əmrlə 4 №-li briqadada mövsümi fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1973-cü ildə 333 saylı əmrlə mövsümi dövr qurtarıb oxumağa getdiyi üçün fəhləlikdən azad edilmişdir (02 ay, 13 gün). Həmçinin iddiaçının əmək kitabçasmdakı qeydlərdən də görünür ki, o, 1973-cü il sentyabr ayının 15-dən 1977-ci il dekabr ayının 30-a kimi (04 il, 03 ay, 15 gün ) Bakı Dənizçilik Məktəbində əyani təhsil almışdır. O xx.xx.1978-ci ildə nəqliyyat donanmasının gəmisində motorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildən nəqliyyat donanmasının gəmilərində kapitanın 3-cü köməkçisi, xx.xx.1985-ci ildən nəqliyyat donanmasının gəmilərində kapitanın 2-ci köməkçisi, xx.xx.1989-cu ildən nəqliyyat donanmasının gəmilərində kapitanın baş köməkçisi vəzifələrində çalışmış, xx.xx.1997-ci ildə isə əmək müqaviləsinə xitam verilmişdir (19 il, 04 ay, 21 gün). Bundan sonra iddiaçı işləmək üçün Türkiyə Respublikasına getmiş və Türkiyə Respublikası Baş Nazirlik Xəzinə Müşavirliyi tərəfindən “Eser dənizçilik və Tic.LTD.ŞTİ” -də işləmiş üçün ididaçıya xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək iş icazəsi verilmişdir. “Eser dənizçilik və Tic.LTD.ŞTİ” H.İ.X4 ilə iddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı kapitan kimi 6 aylığına işə götürülmüşdür. Lakin iddiaçı ilə bağlanmış həmin müqavilə 6 aydan sonra ləğv edilməmiş, müqavilə müddəti uzadılmış və iddiaçı 473 gün (1 il, 3 ay, 29 gün) çalışmışdır. Buna dair Türkiyə Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Sığorta Təşkilatı Sığorta İşləri Baş İdarəsi Beyoğlu Sığorta İdarəsindən verilmiş sığorta qeydiyyat şəhadətnaməsinə əsasən iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixinə kimi (01 il, 3 ay, 29 gün) Türkiyə Respublikasında çalışmış və əmək haqqı almışdır. Həmçinin iddiaçı 1973-1977-ci illərdə Bakı Dənizçilik Məktəbində əyani təhsil aldığı müddətdə hərbi xidmət keçdiyinə görə ona hərbi bilet verilmişdir. Göründüyü kimi iddiaçının 25 il, 2 ay, 12 gün ümumi stajı vardır ki, onun da 12 il 6 aydan çox hissəsi güzəştli stajdır. Belə ki, Azərbaycan Dövlət X5 üzücü heyətin nəqliyyat donanması gəmilərində xx.xx.1978-ci ildən xx.xx.1997-ci ilə kimi motorçu, nəqliyyat donanmasının gəmilərində kapitanın 3-cü, 2-ci və baş köməkçisi vəzifələrində çalışmışdır. Onun işlədiyi vəzifələr üzücü heyətə və çalışdığı gəmilər yük daşıyan dəniz nəqliyyat donanmasına aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti yardımçı, gəzinti səyahət, şəhərətrafı və şəhər daxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçının gəmiçilikdə üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində çalışdığı xx.xx.1978-ci ildən xx.xx.1997-ci ilə kimi güzəştli iş stajı 19 il, 04 ay, 21 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası NK-nin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 21.2-ci bəndinin “b” yarımbəndində göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası NK-nin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********), 1-ci yarımbəndində 23003020—14706 kodu ilə bütün adlarda motorçular, 23003010 kodu ilə dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti qeyd olunmuşdur. Bundan başqa, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək Türkiyə Respublikasında gəmidə kapitan kimi çalışmışdır, onun çalışdığı 1 il, 03 ay, 29 gün müddətindəki iş stajı onun həm ümumi, həm də xüsusi güzəştli iş stajına daxil edilir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur.. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçının cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı barədə İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı 1.07.1958-ci ildə doğulmuş, onun 57 yaşı 1.07.2015-ci il tarixdə tamam olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən ümumi iş stajının 25 ildən az (23 il 10 ay 19 gün (xx.xx.1973-xx.xx.1973-cü il, xx.xx.1973-xx.xx.1977-ci il, xx.xx.1978-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər)) olduğunu, güzəşli iş stajının olmadığına və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verdiyinə əsaslanmışdır. Göründüyü kimi cavabdeh iddiaçının əmək stajını hesablayarkən Türkiyə Respublikasında xx.xx.2002-xx.xx.2004-cü illərdə 473 gün işlədiyi dövrü heç bir əsas göstərmədən nəzərə almamışdır. Halbuki Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında 6 may 2004-cü il tarixdə Saziş imzalanmış və həmin Saziş Azərbaycan Respublikasının Prezidentinin 3 avqust 2004-cü il tarixli 342 №-li Sərəncamı ilə təsdiq edilmişdir. Beləliklə, iddiaçının Türkiyə Respublikasında xx.xx.2002-xx.xx.2004-cü illərdə işlədiyi dövr nəzərə alınmaqla təqvim illəri üzrə ümumi iş stajı 25 ildən çoxdur (23 il 10 ay 19 gün +1 il 4 ay 1 gün = 25 il 2 ay 20 gün). Cavabdehin mübahisə etdiyi digər məsələ iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. Belə ki, “Azərbaycan X7” QSC-nin xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Bakı Dənizçilik məktəbini bitirdikdən sonra (Diplom Э-1 № 011718) xx.xx.1978-ci ildən (xx.xx.1978-ci il tarixli 24 nömrəli əmr) xx.xx.1997-ci ilə kimi (xx.xx.1997-ci il tarixli K-728 nömrəli əmr) X5 “Murqab”, “Aşıq Ələsgər”, “Vaqif”, “Qazlı”, “Füzuli”, “Nizami”, “Şirvan”, Qəhrəman Mehti” gəmilərində matros, kapitanın 3-cü köməkçisi, kapitanın baş köməkçisi vəzifələrində işləmişdir. Onun tutduğu vəzifələr üzücü heyətə aiddir və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən , xidməti-yardımçı, səyyat, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 19 il 04 ay 21 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və vəzifələrin göstəricilərin siyahısı” 21.2 bəndinin “b” yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X7 Azərbaycan Dövlət X7 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X5 və X8 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X7” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Təqdim edilən arayışa əsasən iddiaçının 19 il 04 ay 21 gün güzəştli stajının olması müəyyən edilir. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Əmək Pensiyaları haqqında Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni 1.07.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət edilən tarixdən (xx.xx.2021-cu il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6618/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6618/2024
06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver