Məhkəmə qərarları › İş №2-1(112)-6654/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6654/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6654/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “pul vəsaitlərinin geri qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək atası X1 məxsus ümumi məbləği 5 779 300 ABŞ dolları və 217 000 AZN olan pul vəsaitlərinin cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq saxlanılmasına son qoyulması və həmin pul vəsaitlərinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 03 iyul 2023-cü il tarixdə X2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2, 195.2 və 308.2ci maddələri ilə cinayət işi başlanmışdır. ********* nömrəli cinayət işi çərçivəsində 19 oktyabr 2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçının atası X1 məxsus ümumi məbləği 5 779 300 ABŞ dolları və 217 000 AZN olan pul vəsaitləri qanunsuz olaraq götürülmüşdür. Qanunsuz olaraq götürülmüş pul vəsaitlərinin təqsirləndirilən şəxs X2 ilə heç bir əlaqəsi yoxdur. Belə ki, iddiaçı tərəfindən həmin vəsaitlərin əldə olunma mənbəyinə dair təsdiqedici sənədlər cinayət təqibi orqanına təqdim edilməsinə baxmayaraq həmin pul vəsaitləri hələ də qanunsuz olaraq saxlanmaqdadır. Hazırda iddiaçıya məxsus müvafiq pul vəsaitinin qaytarılmaması onun mülkiyyət, mənzil və digər konstitusion hüquqlarını pozmaqda və kommersiya maraqlarına ciddi ziyan vurmaqdadır. Hazırkı vəziyyət iddiaçının şirkətinin fəaliyyətini iflic etmiş, şirkətin fəaliyyəti məhdudlaşdığı üçün bir çox layihələr icra oluna bilməmiş, bu müddət ərzində 70-dən çox işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçıya məxsus pul vəsaitlərinin taleyi barədə heç bir məlumat yoxdur. İstintaq orqanı heç bir əsas olmadan və məlum olmayan müəmmalı səbəbdən iddiaçıya və ailəsinə məxsus olan pul vəsaitlərinin Ramin İsayevə məxsus olduğunu iddia etmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, məsələ ilə bağlı cavabdehə rəsmi müraciət edilsə də, müraciətə cavab verilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının vəkilinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşdən göründüyü kimi iddiaçı cinayət işi çərçivəsində 19 oktyabr 2023-cü il tarixdə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq götürülmüş iddiaçının atası X1 məxsus ümumi məbləği 5 779 300 ABŞ dolları və 217 000 AZN olan pul vəsaitlərinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Rrespublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra – CPM) əsasən cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, heç kəsin mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz (18.1). Prosessual hərəkətlərin həyata keçirilməsi zamanı götürülmüş əmlak müvafiq prosessual hərəkətə dair protokolda göstərilməli, ətraflı siyahıya alınmalı və əmlakın məsuliyyətlə saxlanılması üçün götürülməsinə dair əmlak sahibinə qəbz verilməlidir (18.2). Həmin Məcəllədə həmçinin göstərilir ki, öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər (128.1.). Maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara, müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər (129.1.). Cinayət təqibi üzrə icraat zamanı aşağıdakı əşyalara baxış keçirilməsindən dərhal sonra, lakin götürmə hərəkəti edildiyi andan 7 (yeddi) gündən gec olmayaraq cinayət prosesini həyata keçirən orqan dövlət bankına təhvil verməlidir: 129.2.1. qiymətli metallar və daşlar, mirvari, onlardan hazırlanan zərgərlik əşyaları; 129.2.2. milli və ya xarici valyuta ilə nağd pullar, çeklər, sənədli qiymətli kağızlar və lotereya biletləri (129.2.). İstintaq hərəkətləri zamanı götürülmüş milli və ya xarici valyuta ilə nağd pul, həmçinin sənədli qiymətli kağızlar cinayət təqibi üzrə icraatın materiallarında o halda saxlanılır ki, onların fərdi əlamətləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edir (129.3.). Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir) (132.1.2.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən cinayət təqibi gedişində maddi sübut qismində götürülmüş, onun atasına məxsus olan pul vəsaitlərinin ona geri qaytarılmasını tələb edir. Öncə qeyd edilməlidir ki, iddiaçı həmin pul vəsaitinin ona deyil, məhz onun atasına məxsus olduğunu iddia edir. Belə olan halda həmin vəsait üzərində sərəncam vermək və həmin vəsaiti özgənin qanunsuz sahibliyindən tələb etmək hüququ iddiaçıya məxsus deyildir. Eyni zamanda cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, cinayət təqibi gedişatında maddi sübut kimi götürülmüş pul vəsaitləri dövlət bankına təhvil verilir və onların taleyinə cinayət təqibinin yekununda qiymət verilir. Yəni, cinayət təqibinin yekununda qəbul edilən hökm və ya məhkəmənin digər yekun qərarında həmin pul vəsaitlərinin cinayət yolu ilə əldə edilib-edilməməsindən asılı olaraq onlar cinayət əməli nəticəsində vurulmuş zərərin ödənilməsinə yönəldilə, dövlət nəfinə müsadirə edilə və ya qanuni sahibinə (sahiblərinə) qaytarıla bilər. Qeyd olunan məsələlər isə cinayət prosessual qanunvericiliyin müvafiq müddəalarının təsir dairəsinə düşür və həmin müddəalarla tənzimlənir. Cinayət təqibinin gedişatında maddi sübut qismində götürülmüş pul vəsaitləri isə inzibati məhkəmə icraatı qaydasında geri tələb edilə bilməz. Bu isə o deməkdir ki, iddiaçının hazırkı tələbinə cinayət mühakimə icraatı qaydasında yuxarıda göstərilən maddələrin tələblərinə əsasən baxılmalıdır. Göründüyü kimi iddiaçı öz hüquqlarının müdafiəsi ilə bağlı düzgün olmayan hüquqi müdafiə vasitəsini seçmişdir. Bu isə hazırkı iddiaya baxılmasını qeyri-mümkün edir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə qarşı “pul vəsaitlərinin geri qaytarılması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar