Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6657/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına qarşı “Qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №li, 25.02.2016-cı il tarixli Qərarın 1.3-cü bəndinin və 482 №li 17.12.2019cu il tarixli Qərarın 4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin SV hissəsinin, həmçinin 71-ci maddəsinin İ, İİ, Vİ, İX, X bəndlərinin 79-cu maddənin tələblələrinə uyğunluğunun yoxlanılmasını, Əsas Qanunun 13, 29, 68, 71, 79, 147-ci maddələrinin tələbləri tətbiq edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya 21 may 2021-ci il tarixdə məktub ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130cu maddəsinə uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edilmiş normativ xarakterli aktlar istisna olmaqla, dövlət və bələdiyyə orqanları tərəfindən qəbul edilmiş normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair iddianın qaldırıla bilindiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid edildiyi izah edilərək, iddiasının dəqiqləşdirməsi təklif edilsə də, iddiaçı tərəfindən hər hansı münasibət bildirilməmişdir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə iclası 01 iyul 2021-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasına gəlmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan iddianın mümkünlüyü məsələsini müzakirə etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlük şərtlərinə cavab verib-verməməsini araşdırmaq məqsədilə məhkəmə iclasında iddia tələblərinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aidliyi müəyyən edilmədiyindən, bununla da, iddia tələbinin təmin edilməsinə dair iddia tələbi irəli sürülsə də, bu iddia tələbləri ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərinə uyğun iddia növü olmadığından, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəmə tərəfindən verilmiş təklifi (tövsiyəni) qəbul etmədiyindən iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliyin tələbinə zidd olaraq inzibati orqan olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı cavabdeh kimi seçilərək ona qarşı iddia qaldırılmışdır. Həmçinin iddia tələbi xarakter etibarilə inzibati mübahisəni (publik hüquq sahəsini) təşkil edən mübahisə ilə bağlı deyil. Eyni zamanda iddiaçının tələbi normativ hüquqi akt hesab edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının ləğvi barədə olduğundan, sözügedən qərarların mübahisələndirilməsinə dair iddialara inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. Belə ki, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi qaydalarını müəyyən edir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən normativ hüquqi aktlar qəbul etmək hüququna malik olan dövlət orqanı yenidən təşkil edildikdə onun hüquq varisinə normativ hüquqi aktları qəbul etmək hüququ ilə yanaşı, səlahiyyətləri daxilində, əvvəllər qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv edilməsi səlahiyyəti verilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Dövlət orqanı ləğv edildikdə və ya onun hüquq varisi müvafiq normativ hüquqi aktları qəbul etmək hüququna malik olmamaqla yenidən təşkil edildikdə, əvvəllər qəbul edilmiş normativ hüquqi aktlarda dəyişikliklər etmək, həmin aktların qüvvəsini dayandırmaq və ləğv edilməsi səlahiyyəti yuxarı və ya digər dövlət orqanına verilir. Həmin Qanunun 76.1-ci maddəsinə əsasən Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq əhəmiyyətini itirən, həmin və ya daha aşağı hüquqi qüvvəyə malik olan bütün aktlar (onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq) ləğv edilməlidir. Həmin Qanunun 76.2-ci maddəsinə əsasən Normativ hüquqi aktın ləğv edilməsi barədə həmin aktı qəbul etmiş orqan tərəfindən və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 8-ci bəndi və 119-cu maddəsinin yeddinci abzası ilə müəyyən edilmiş qaydada ayrıca norma qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ bəndinin 3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına uyğunluğunu yoxlayır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. Bununla bağlı ilk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Beləliklə məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçının tələbinin yönəldiyi cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı inzibati məhkəmə icraatında cavabdeh qismində çıxış edə biləcək subyekt ola bilmədiyindən, o cümlədən ümumiyyətlə belə bir iddia növü hazırkı məhkəmədə baxılan iddia növünə aid edilmədiyindən iddia mümkün sayılmamalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına qarşı “Qərarların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6657/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6657/2021
01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver