Məhkəmə qərarları › İş №2-1(112)-6661/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6661/2021

04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6661/2021 04.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasına qarşı “müraciətlərinə qanunamüvafiq qaydada cavab verilməsi və lazımi hərəkətlərin edilməsinə dair öhdəliyin qoyulması”na iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasına qarşı müraciətlərinə qanunamüvafiq qaydada cavab verilməsi və lazımi hərəkətlərin edilməsinə dair öhdəliyin qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlərə ünvanlanmış eyni məzmunlu şikayətlərində Xəzər rayon məhkəməsinin hakimi Ramilə Xəzri tərəfindən ona qarşı çıxarılmış və dərhal icraya yönəlmiş aliment ödənişlərinə dair qətnaməsindən yuxarı instansiyalarından şikayət etmiş və bununla əlaqədar iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə-Hüquq şurasının aparatının blankında tərtib olunmuş və həmin idarənin vəzifəli şəxs olmayan əməkdaşı tərəfindən imzalanmış cavab məktubunda müraciətinin baxılması üçün şikayət etdiyi hakimə və Ədliyyə Nazirliyinə göndərilir. Ədliyyə Nazirliyinin vəzifəli şəxs olmayan əməkdaşı tərəfindən imzalanmış cavabında da müraciətin məhz həmin məhkəməyə göndərilməsi bildirilir. İddiaçı hesab edir ki, həmin məktublar həm formalarına, həm də məzmununa görə qanunun tələblərinə uyğun deyil. Belə ki, məktub blankı qurumun adından deyil, hüquqi şəxs olmayan bölməsinin (aparatının) adından hazırlanıb və məktublar buna səlahiyyəti olmayan şəxslər tərəfindən imzalanıb. İddiaçı hesab edir ki, müraciətinə cavab olaraq intizam işinin bilavasitə özü tərəfindən başlanmasının mümkün hesab edilmədiyi halda, Məhkəmə-Hüquq şurası onu Ədliyyə Nazirliyinə göndərməli, eyni zamanda bu barədə məlumat hakimin qiymətləndirmə rəyinə daxil olunmalıdır. Öz növbəsində Ədliyyə Nazirliyi burada qanunamüvafiq araşdırmaların aparılması nəticəsində bununla bağlı Məhkəmə-Hüquq şurasına müraciət etməlidir. İddiaçı hesab edir ki, şikayətə baxılması üçün hərəkətlərindən şikayət etdiyi Xəzər rayon məhkəməsinin hakiminə göndərilməsi qanunsuz olmuşdur.

2. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15.04.2021-ci il tarixli məktubuna əsasən, vətəndaş İddiaçı hakimin hərəkətləri və məhkəmə qərarının icrasında nəzarət edilməməsi ilə bağlı müraciətləri qanunamüvafiq qaydada baxılması və tədbir görülməsi üçün Bakı şəhəri Xəzər rayon məhkəməsinin sədrinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası aparatının 23.04.2021-ci il tarixli məktubuna əsasən, Şuraya daxil olmuş müraciəti aidiyyəti hissədə qanunamüvafiq qaydada baxılıb nəticəsi barədə ona məlumat verilməsi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə, həmçinin baxılması üçün Ədliyyə Nazirliyi icra baş idarəsinə göndərilmişdir.

5. Bakı şəhəri Xəzər Rayon məhkəməsinin İddiaçı ünvanladığı 08.04.2021-ci il tarixli məktubuna əsasən, 2(003)-571/2020 saylı mülki iş üzrə Azərbaycan Respublikası Məhkəmə-X1 daxil olmuş məktubuna baxılmışdır. Bununla bağlı onun nəzərinə çatdırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.17-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apelyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Alimentin tutulmasına dair yekun məhkəmə aktı üzrə icra sənədinin dayandırılması qanunvericilikdə öz əksini tapmamışdır.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... ...4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... ...6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... ...16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər...

9. Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin İ hissəsinə əsasən, hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.

10. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin (bundan sonra - "hakim vəzifəsinə namizədlər") seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, hakimlər "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əsaslar olduqda intizam məsuliyyətinə cəlb edilirlər. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hakimlər barəsində intizam icraatını həmin qanunda göstərilmiş şəxslərin müraciətinə əsasən yalnız Məhkəmə-Hüquq Şurası başlaya bilər.

11. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.

12. Məhkəmə hesab edir ki, iddia tələbi aydın deyil, lakin onun formal tələblərə uyğunlaşdırılması ilə bağlı iddiaçıya hüquqi yardım göstərilməsi iddianın mümkünsüzlüyünü istisna etməyəcəkdir. Odur ki, iddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil (bax 6 və 7-ci bəndlər), şəxsin hakimin barəsində intizam icraatı başlanmasını tələb etmək hüququ olmadığı üçün həmin hüququn məhkəmə müdafiəsi yoxdur, iddiaçının müraciətlərinə verilən cavabların forma və məzmunu onun qanunla qorunan hüquqlarına xələl gətirmir, nəticə etibarilə iddiaçının hüquqi müdafiəyə ehtiyacı yoxdur. Müvafiq əsaslar olduqda hakim barəsində intizam icraatının başlanması Məhkəmə-Hüquq Şurasının səlahiyyətidir. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

13. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

14. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar