Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6671/2025 30.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “təkrar attestatın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı 1997-ci ildə Bakı şəhəri Nizami rayonunda yerləşən R. Orucov adına 109 saylı orta məktəbini bitirməyi barədə təkrar attestatın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulmasına dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri Nizami rayonunda yerləşən R.Orucov adına 109 saylı orta məktəbini bitirmişdir. Bu barədə 30 iyun 1997-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Baş Təhsil İdarəsi Nizami rayon Təhsil şöbəsi tərəfindən ona A №174255 olan Orta təhsil haqqında Attestat verilmişdir. 2023-cü ildə yaşayış yerini dəyişdiyi zaman sözügedən attestat naməlum şəraitdə itmişdir. Tərəfindən aparılmış çox saylı axtarışlar müsbət nəticə vermədiyinə görə məcbur olub polis orqanlarına müraciətlər etdi. Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3- 13-45-1/2-333MS/2024 saylı arayışında göstərilmişdir ki, keçirilmiş tədbirlərə baxmayaraq, attestatın tapılması mümkün olmamışdır. Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 31344/2-6724/2024 saylı cavab məktubunda qeyd edilmişdir ki, attestatın tapılması barədə Tapıntılar bürosuna məlumat daxil olmamışdır. Tərəfindən təkrar attestatın verilməsi məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə yazılı ərizələrlə müraciətlər olunmuş, lakin idarənin xx.xx.2024-cü il tarixli, 3-29-69/2-D-29204/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-29-59/2-D-1024-4/2024 saylı məktub ilə ona imtina edilmişdir. Tərəfindən “Azərbaycan müəllimi” qəzetinə müraciət olunmuş xx.xx.2024-cü il tarixdə qəzetin “Etibarsız sayılır” bölməsində attestatın itirilməsi barədə elan yerləşdirilmişdir. Hal-hazırda təhsilini davam etdirmək istəyir. Bunun üçün də orta təhsil haqqında attestat lazımdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı təkrar attestatın alınması üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edərək bildirmişdir ki, o 1997-ci il tarixində Bakı şəhəri R.Orucova adına 109 nömrəli tam orta məktəbi bitirmiş, lakin ümumi təhsil müəssisəsini bitirməsi barədə sənədi (attestat) itirməsi səbəbindən sənədin dublikatının alınması zərurəti yaranmışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli F-438 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinə aid tədris-pedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”a əsasən hər bir şagirdin şəxsi işi onun ümumi orta və tam orta təhsil səviyyəsini bitirdiyi məktəbdə 5 il saxlanılır. Bu müddət bitdikdən sonra şəxsi iş aktlaşdırılaraq məhv edilir. Odur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi təkrar (dublikat) attestatın verilməsi üçün əsas olan arxiv məlumatlarının olmaması səbəbindən təkrar sənədi verməkdən imtina etmişdir. Bundan əlavə məktəbin əmr kitabında İddiaçı 11a sinfinin siyahısında adı və soyadı olsa da, dərs ilinin sonunda 11-ci siniflərin məktəbi bitirməsi və tam orta təhsil haqqında attestat alması barədə əmr aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 31344/2-6724/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Orucova adına 109 nömrəli tam orta məktəb tərəfindən verilmiş A 174255 nömrəli tam orta təhsil haqqında attestatın tapılması barədə Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumatlar daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-69/2-D-4185-4/2024 nömrəli məktubunda göstərilmişdir ki, müraciətinizə müvafiq olaraq aparılmış araşdırma nəticəsində Bakı şəhəri 109 nömrəli tam orta məktəbin arxiv sənədləri arasında tərəfinizdən qeyd edilmiş A № 174255 nömrəli orta təhsil haqqında attestata dair məlumatlar tapılmamışdır. Məlumat üçün qeyd edirik ki, vətəndaş müraciətlərinin daha operativ cavablandırılması məqsədilə www.portal.edu.az platformasında “Vətəndaş müraciətləri” xidməti istifadəyə verilmişdir. Növbəti müraciətlərinizi portalda qeydiyyatdan keçərək şəxsi kabinet vasitəsilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, habelə tabe qurumlara elektron qaydada göndərməyiniz tövsiyə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-69/2-D-2920-4/2024 nömrəli məktubunda göstərilmişdir ki, təhsil sənədinin dublikatı arxiv sənədləri əlavə olunmaqla təhsil aldığınız ümumi təhsil müəssisəsinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etdiyi rəsmi məktub əsasında verilir. Arxiv sənədlər təqdim olunmadığı təqdirdə müraciətinizin tərəfimizdən təmin olunması mümkün deyil. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-45-1/2- 333MS/2024 məktubunda göstərilmişdir ki, Xəzər rayonu. Mərdəkan qəsəbəsində yaşayan vət. İddiaçı ondan ötrü ki, Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, özünə məxsus olan attestatı naməlum şəraitdə itirmişdir. Keçirilmiş tədbirlərə baxmayaraq hazırki tarixədək sənədin tapılması mümkün olmamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsi Rəhilə Orucova adına 109 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli 498 nömrəli məktubunda göstərilmişdir ki, məktəb sənədləri içində 1997-ci ilə aid Pedaqoji şuranın protokol kitabı, ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı və tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı yoxdur. İddiaçı Bakı şəhəri Rəhilə Orucova adına 109 nömrəli tam orta məktəbdə oxumasını təsdiq edən yeganə sənəd isə məktəb üzrə əmr kitabında 2 sentyabr 1996-cı il tarixli, 526 №li əmrdə 11 a sinfinin siyahısında ad və soyadının göstərilməsidir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki, 11a sinfi şagirdləri sinrasında 2-ci olaraq İddiaçı adı qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli 3-29-59/2-1310/2025 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022ci il tarixli F-438 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinə aid tədrispedaqoji sənədlərin aparılması və saxlanılması haqqında Təlimat”a əsasən hər bir şagirdin şəxsi işi onun ümumi orta və tam orta təhsil səviyyəsini bitirdiyi məktəbdə 5 il saxlanılır. Bu müddət bitdikdən sonra şəxsi iş aktlaşdırılaraq məhv edilir. Bu səbəbdən şəxsi işin Sizə təqdim edilməsi mümkün deyildir. Qeyd etdiyiniz digər sənədlərlə əlaqədar məktəb rəhbərliyi tərəfindən təqdim edilmiş məlumatda 1996-1997-ci tədris illərinə dair tədris pedaqoji sənədlərindən əmr kitabının, pedaqoji şuranın protokol kitabının, hər iki səviyyə üzrə təhsil sənədlərinin qeydiyyatının aparıldığı kitabların olmadığı müəyyən edilmişdir. Sorğuya cavab olaraq qoşmaya əlavə edilən sənədlər Sizə təqdim edilir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 13-2/2-3028/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: - AN seriyalı 174255 nömrəli Orta Təhsil haqqında Attestatın surətində göstərilmişdir ki, həmin attestat verilir 1981-ci ildə anadan olmuş İddiaçı ona görə ki, o, 1997-ci ildə Bakı şəhəri, Nizami rayonu, R.Orucova adına 109 saylı orta məktəbini bitirmişdir. Attestat xx.xx.1997-ci il də verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin xx.xx.2025-ci il tarixli 34377/2-1135/2025 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı 1981-ci il tarixli çağırışçıların əlifba-qeydiyyat kitabına əsasən xx.xx.1998-ci il tarixdə ilkin hərbi qeydiyyata alınmışdır. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-29-59/2-D-1024-4/2024 nömrəli məktubunda bildirilmişdir ki, təhsil sənədinin dublikatı arxiv sənədləri əlavə olunmaqla təhsil aldığınız ümumi təhsil müəssisəsinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etdiyi rəsmi məktub əsasında verilir. Arxiv sənədlər təqdim olunmadığı təqdirdə müraciətinizin tərəfimizdən təmin olunması mümkün deyil. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir. İddia həmçinin düzgün cavabdehə qarşı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında Əsasnamə”sinin: -1-ci bəndinə əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsi (bundan sonra – İdarə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 189 nömrəli qərarı ilə yaradılmış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin (bundan sonra - Nazirlik) struktur qurumudur. -4-cü bəndinə əsasən idarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. -7-ci bəndinə əsasən idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır: (....) 7.7. tabeliyində olan ümumtəhsil məktəbləri məzunlarının müvafiq təhsil sənədləri ilə təmin olunmasını təşkil edir (....). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 9.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin: 9.2.1. Bakı Şəhəri üzrə Təhsil İdarəsi inzibati orqandır. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1981-ci il təvəllüdlü olmaqla Bakı şəhəri Rəhilə Orucova adına 109N°-li tam orta məktəbin 11-ci sinfini 1997-ci ildə bitirdiyini, ona verilmiş attestatı itirdiyindən təkrar attestatın verilməsini mübahisələndirir. İddiaçı iddia etdiyi tam orta təhsili bitirməsini sübut edən sənəd qismində orta təhsil haqqında attestatın surəti, həmçinin iddiaçının sinif yoldaşı X3 məhkəmə iclasında ifadəsi göstərilmişdir. Attestatın axtarılması ilə bağlı isə elan dərc olunmuş qəzet və Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2024-ci il tarixli Arayışı göstərilmişdir. Cavabdeh arxiv sənədlərin təqdim edilmədiyinə istinad edərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinasını əsassız hesab edir. “Ümumi təhsil haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -1.0.1. ümumi təhsil – təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi; -1.0.3. ümumi orta təhsil – ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsi; -1.0.5. ümumi təhsil pilləsinin səviyyələri – ümumi təhsil pilləsini təşkil edən və varislik əsasında hər biri üzrə müvafiq tədris proqramlarının həyata keçirildiyi ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri; -17.1. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin ümumi orta və tam orta səviyyələri üzrə bitirən şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi – attestat verilir. -17.3. Ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın aşağıdakı bəndlərinə əsasən: -1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydasını tənzimləyir. -2.1. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin müxtəlif səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir. Ümumi təhsil haqqında dövlət sənədləri növbəti pillədə və ya səviyyədə təhsili davam etdirmək, yaxud əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur. -2.2. Ümumi təhsil pilləsində təhsil haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir: 2.2.1. ümumi orta təhsil haqqında attestat (adi və fərqlənmə); 2.2.2. tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və xüsusi nümunəli). -2.5. Ümumi orta təhsil haqqında attestata və tam orta təhsil haqqında attestata təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, təhsilalanın yekun attestasiyasının nəticələri (illik və imtahan) rəqəm və sözlə yazılır -4.1. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap olunur. -4.2. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrinə (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. -4.3. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın uçotu Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ümumi təhsil müəssisələrində aparılır və onlar ciddi hesabat sənədləri kimi saxlanılır. -4.6. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın alınması və istifadəsi barədə məlumatlar ümumi təhsil müəssisəsində saxlanılan xüsusi qeydiyyat kitabında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ümumi təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında attestatların qeydiyyatı aparılır. -5.7. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və daimi olaraq ümumi təhsil müəssisəsində saxlanılır. -5.8. Qeydiyyat kitabına aşağıdakı məlumatlar daxil edilir: 5.8.1. sıra nömrəsi; 5.8.2. ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın seriyası və nömrəsi; 5.8.3. ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat alanın soyadı, adı və atasının adı; 5.8.4. ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın verilmə tarixi; 5.8.5. ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat alan və ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat verən şəxslərin imzası. -5.9. Ümumi orta təhsil haqqında attestatı və tam orta təhsil haqqında attestatı itirmiş şəxslərə ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatının verilməsi barədə qeydiyyat eyni məlumatlar üzrə ayrıca kitabda aparılır. -5.12. Ümumi təhsil müəssisəsində ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatı arxiv sənədləri əsasında verilir. -5.13. Dublikat kimi verilən ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın sağ səhifəsinin yuxarı küncündə “Dublikat” ştampı vurulur. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, ümumi tam orta təhsil ümumi təhsil pilləsinin səviyyələrindən biridir. Ümumi orta təhsili bitirməni təsdiq edən, növbəti səviyyədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas verən təhsil haqqında dövlət sənədi – attestat verilir. İlkin olaraq tam orta təhsil haqqında attestat məzunların sayına görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinə verilir. Tam orta təhsil haqqında attestatın verilməsi, təqdim edilməsi, istifadə olunması ilə bağlı məlumatlar ümumi təhsil müəssisəsində saxlanılan xüsusi qeydiyyat kitabında aparılır və saxlanılır. Tam orta təhsil haqqında attestatı itirmiş şəxslərə onların müraciəti əsasında attestatın dublikatı verilir. Dublikat attestat o zaman verilir ki, attestatın verilməsi üçün arxiv sənədləri mövcud olmuş olsun. İşin hallarından müəyyən olunur ki, iddiaçının 1997-ci ildə Bakı şəhəri, Nizami rayonu, R.Orucova adına 109 saylı orta məktəbini bitirməsi barədə AN seriyalı 174255 nömrəli Orta Təhsil haqqında Attestatın surətini təqdim etmişdir. Həmin attestatın təqdim edilmiş surəti eyni zamanda onun hazırda işlədiyi Azərbaycan Respublikası Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində şəxsi işində saxlanılır. İddiaçının attestatının arxiv əsaslarının olmaması bilavasitə onun arxiv sənədlərində adının aşkar edilməməsi deyil, ümumiyyətlə 1997-ci ilə aid bütün məzunlar barədə Pedaqoji şuranın protokol kitabı, ümumi orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı və tam orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabının saxlanılmamasıdır. Yalnız məktəb üzrə əmr kitabında 2 sentyabr 1996-cı il tarixli, 526 №li əmrdə 11 a sinfinin siyahısında 2-ci sırada İddiaçı adı qeyd edilmişdir ki, bu sənəd iddiaçının Bakı şəhəri Rəhilə Orucova adına 109 nömrəli tam orta məktəbdə oxumasını təsdiq edən yeganə sənəddir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının ümumi tam orta təhsili bitirməsi barədə dövlət sənədi-attestat verilmiş, lakin hazırkı halda attestatın verilməsi ilə bağlı arxiv sənədlərinin saxlanılmaması iddiaçının məsuliyyət dairəsinə aid məsələ deyildir. Odur ki, təkrar (dublikat) attestatın verilməsi üçün faktiki və hüquqi əsaslar hazırkı iş üzrə mövcuddur, cavabdeh orqanın müraciətin təminindən imtinası qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: xx.xx.1981-ci il təvəllüdlü İddiaçı 1997-ci ildə Bakı şəhəri Nizami rayonunda yerləşən R. Orucov adına 109 saylı orta məktəbini bitirməsi barədə təkrar attestatın verilməsi vəzifəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6671/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6671/2025
30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver