Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6715/2021 20.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “mənzil növbəliyinə alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona dövlət vəsaiti hesabına mənzilin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 1396 nömrəli, 03.04.2021-ci il tarixli imtina məktubunda Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrilə yaradılmış komissiya tərəfindən Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddətində, eləcə də ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən dövlət vəsaiti hesabına mənzil təminatı ilə əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara onların adlarının əlavə edilməməsi qənaətinə gəlindiyini bildirmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 20 il qüsursuz xidmətini nəzərə alaraq Müdafiə Nazirliyində tərtib edilən mənzil növbəliyinə alınmasına dair öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05.08.2021-ci il tarixli, 2-1(112)-6715/2021 saylı qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ehtiyyatda olan polkovnik-leytenantdır. Xidmət etdiyi dövrdə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)", “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müharibə veteranıdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri veteranıdır. Ehtiyata buraxılana qədər 20 ildən çox qüsursuz xidmət etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi 14.06.2021-ci tarixli, 11/2892 nömrəli iddiaya etirazında göstərmişdir ki, iddiaçı Gəncə Hərbi Məhkəməsinin 29.01.1997-ci il tarixli nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 255-1 maddəsinin "v” bəndi ilə təqsirli bilinərək məhkum edilmişdir. Buna görə də “İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması” buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmamışdır. III. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsinin 09.09.2020-ci il tarixli,164 saylı Arayışından görünür ki, 1971-ci il təvəllüdlü ehtiyatda olan polkovnik-leytenant İddiaçı 01.08.1988-ci ildən 02.08.1992-ci ilədək Ukrayna Silahlı Qüvvələrində, 02.08.1992-ci ildən 10.04.2020-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvəllərində hərbi xidmətdə olmuş və AR Müdafiə Nazirinin 086 saylı 10.02.2020-ci il tarixli əmrinə, “Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan EZ ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 01.08.1988-ci ildə Ukrayna Respublikasının Poltava şəhərində Ali Hərbi Rabitə Komandanlıq Məktəbinə daxil olmuş, 20.06.1992-ci ildə oranı bitirmişdir. Müdafiə Nazirliyinin 0134rt №-li 30.12.2005-ci il tarixli əmri ilə iddiaçıya polkovnik-leylenant hərbi rütbəsi verilmişdir. SHXÇDX-nin Kəpəz rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmış və 01.08.1988-ci ildə hərbi hissəyə göndərilmişdir. İddiaçı 02.08.1992-ci ildən 16.07.1993cü ilə kimi N saylı hərbi hissədə tağım komandiri, 16.07.1993-cü ildən 30.12.1993-cü ilə qədər N saylı hərbi hissədə baş zabit, 30.12.1993-cü ildən 29.03.1995-ci ilə qədər N saylı hərbi hissədə bölmə rəisi, 29.03.1995-ci ildən 26.04.1998-ci ilə qədər N saylı hərbi hissədə rəisin köməkçisi, 26.04.1998-ci ildən 21.04.2001-ci ilə qədər N saylı hərbi hissədə qərargah rəisi, 21.04.2001-ci il tarixdən 02.02.2007-ci il tarixədək N saylı hərbi hissədə şöbə rəisi, 23.06.2007-ci il tarixdən 28.01.2014-cü il tarixədək N saylı hərbi hissədə baş zabit, 28.01.2014-cü il tarixdən 21.12.2016-cı il tarixədək N saylı hərbi hissə komandirinin rabitə üzrə müavini, 21.12.2016-cı il tarixindən 10.02.2020-ci il tarixinədək Silahlı Qüvvələrin Təlim və X1 təminatı kafedrasının Rabitə silsiləsində baş müəllim vəzifələri üzrə çalışmışdır. 10 fevral 2020-ci il tarixli 086 nömrəli “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və hərbi geyim forması daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanın 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci hissəsi ilə Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılmışdır. Fərmanın 3-cü hissəsi ilə Komissiyaya tapşırılmışdır ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin. İddiaçı hazırda bu Fərmana istinad edərək onun adının dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısına daxil edilməsini xahiş etsə də, cavabdeh onun xidmətinin qüsursuz olmamasına istinad edərək tələbini təmin etməkdən imtina edir. İşin tədqiq olunan halları ilə iddiaçının 20 təqvim ilindən artıq, yəni 31 il Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsi tam təsdiq olunur. Həmin dövrün qüsurlu olmasına gəldikdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Əsasnamənin 1-ci hisəsinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci hissəsinə əsasən “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 2-ci hissəsinə əsasən Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 (iyirmi beş) il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikasının vətəndaşları Silahlı Qüvvələrin veteranları sayılırlar. “Silahlı qüvvələr veteranı” adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir. “Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci hissəsinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 444-İVQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 1-ci madəsinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2013-cü il iyunun 26-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif edilirlər. Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il iyunun 26-dək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış, habelə Azərbaycan Ordusundan ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Ordusunun qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları təltif edilirlər. İşdən müəyyən olunur ki, İddiaçı:
1. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 035t №-li 19.05.2015-ci il tarixli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə;
2. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 027t №-li 25.06.2009-cu il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 3-cü dərəcəli medalı ilə;
3. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 065t №-li 26.06.2010-cu il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli medalı ilə;
4. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 084t №-li 24.06.2013-cü il tarixli əmri ilə «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli medalı ilə;
5. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 046t №-li 26.06.2009-cu il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" medalı ilə;
6. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0122t №-li 30.06.2008-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” medalı ilə;
7. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 071t №-li 24.06.2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” medalı ilə;
8. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0171t №-li 26.06.2018-ci il tarixli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif olunmuşdur. Göründüyü kimi, cavabdeh orqan özü yuxarıda sadalanan qanunverciliyin tələblərinə uyğun olaraq iddiaçının 25 il qüsursuz xidmət etdiyini qəbul edərək iddiaçını qüsursuz xidməti təsdiq edən medallarla təltif etmişdir və bu təltiflər hazırda qüvvədədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Sadalananlardan aydın olur ki, cavabdeh bir tərəfdən qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi iddiaçını təltif edib, ona müvafiq hüquqular versə də, digər tərəfdən 569 saylı Fərmanı iddiaçıya tətbiq etməkdən imtina etmişdir. Cavabdeh iddiaçının xidmətinin qüsurlu olmasını əsaslandırarkən onun barəsində çıxarılan hökmə istinad etmişdir. Belə ki, işdə olan Gəncə Qarnizonu Hərbi Tribunalının 29.01.1997-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255-1 maddəsinin “v” bəndi ilə təqsirli bilinərək, iki il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-1-ci maddəsinə əsasən hökmün icrası 1 il müddətinə təxirə salınmış, iddiaçıdan 22250000 manat tutularaq N saylı hərbi hissəyə ödənilməsi hökm edilmişdir. İddiaçının barəsində hökm çıxarılan dövrdə qüvvədə olan Azərbaycan SSR Cinayət Məcəlləsinin 53-cü maddəsinə əsasən aşağıdakılar məhkumluğu olmayan şəxslər hesab edilirlər: 1) cəzadan azad edilmiş (45-46-cı maddələr), intizam batalyonunda cəza çəkmiş və ya ondan vaxtından əvvəl azad edilmiş şəxslər, habelə islah işləri əvəzinə qaupvaxtda saxlanma növündə cəza çəkmiş olan hərbi qulluqçular; 2-2) bu Məcəllənin 42-1-ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum edilməyə məhkum olunmuş şəxslər, bu şərtlə ki, onlar hökmün icrasının təxirə salındığı müddət ərzində yeni cinayət törətməmiş olsunlar və onlar barəsində hökm müəyyən edilmiş qaydada icra edilməmiş olsun. Məhkumluğun ödənilməsi müddəti cəzanı çəkib qurtarma və ya cəzadan azadolma günündən hesablanır. Göründüyü kimi, qanunvericiliyə əsasən məhkumluqla bağlı olan bütün hüquqi nəticələr - şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 29.07.2021ci il tarixli, 351-4204D-3221 saylı Arayışından da görünür ki, İddiaçı məhkumluğu yoxdur. Eyni zamanda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 16.08.2021-ci il tarixli Tələbnamədən görünür ki, iddiaçı barəsində əməliyyat-sorğu kartoçkasında heç bir məlumat aşkar edilməmişdir. Belə olan halda, iddiaçının əvvəllər məhkum olunması səbəbi ilə hərbi xidmət dövrünün qüsurlu olması barədə cavabdehin dəlili əsaslı hesab oluna bilməz. Digər tərəfdən, iddiaçı məhkumluğu olmayan şəxs hesab olunduğu tarixdən sonra 20 ildən çox xidmət etmiş və qüsursuz xidmətə görə təltifləri də məhz həmin dövrdə əldə etmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilsin. İddiaçı adının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova