Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6745/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kreditin qalmış hissəsinin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, hazırda qapanmış “Dəmirbank”dan faktiki Azərbaycan manatı ilə götürdüyü, lakin ABŞ dolları ilə sənədləşdirilmiş və Əmanətlərin sığortalanması fondu tərəfindən sığortalanmış kredit borcunun qalmış hissəsinin manata restrukturizasiya olunmaqla 0,78 ABŞ dolları/ 1 manat ekvivalentində hesablanması, 1,05-1,35-1,70 ABŞ dolları/1 manat ekvivalentində ödədiyi aylıq faizlərin təkrar hesablanması, artıq ödənilmiş hissənin borcla əvəzlənməsi və ümumilikdə sığortalanmış kreditin qalmış hissəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdə özünə toy tədarükü məqsədi ilə “Dəmirbank”ın Sabunçu filialından müvafiq faizlə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları həcmində 0,78/1 manat ekvivalentinə uyğun 4968 (dörd min doqquz yüz altmış səkkiz) manat kredit götürmüşdür. Kreditə zamin qismində şəhid qardaşı X1 təqaüdçü həyat yoldaşı X3 bank tərəfindən tanınmışdır. Kredit verilərkən bank bütün zəruri prosedurları yerinə yetirmiş, komissiya faizi və kreditin sığortalanması üçün müəyyən məbləğ tutulmuşdur. Kreditin qaytarılması üçün iddiaçıya müvafiq kredit cədvəli təqdim edilmiş və kreditin qrafikdə göstərildiyi müddətlərdə 0,78 ABŞ dolları/1 manat ekvivalentində və ya ABŞ dolları ilə qayrarılması tövsiyə olunmuşdur. Həmin vaxtdan başlayaraq 2015-ci ilin fevral ayına qədər qeyd edilən ekvivalentə uyğun kredit borclarını qaytarmışdır. 2015-ci ilin fevral, may və sentyabr aylarında manatın devalvasiyası baş verdi, manatın ABŞ dollarına nisbəti müvafiq olaraq, 1,05; 1,35 və 1,70 manat həddlərində dəyişmişdir. 2015-ci ilin may ayında banka müraciət etmiş, krediti manatla aldığı üçün 0,78 ABŞ doları/1 manat ekvivalentində qaytarılmasını xahiş etmişdir. Bank razılıq vermədiyi üçün kredit borclarını yeni kursa uyğun, aylıq 300 manat olaraq 1 il müddətində ödəmişdir. Daha sonra 05 yanvar 2016-ci il tarixdə məcburi köçkün kimi Buzovna qəsəbəsinin “Çiçək” düşərgəsində yaşadığı ev bütün əşyaları ilə birgə yandı. Fövqəladə hallar Nazirliyinin yanğından mühafizə briqadası yanğını söndürdükdən sonra evdə olan 4300 (dörd min üç yüz) manat pul istiqrazları yandı, pulun qalıqları briqada tərəfindən aşkar edildi. Bu barədə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadasının əməkdaşları müvafiq akt tərtib etdilər. Həmin vaxtdan etibarən heç yerdə işləmədiyi üçün müflis olmuşdur. FHN-nin tərtib etdiyi aktı banka təqdim edərək müflis olduğu üçün kreditin qalmış hissəsinin Əmanətlərin sığortalanması fondundan tutulmasını xahiş etmişdir. Lakin bank həmin xahişinə məhəl qoymadı və kredit borclarını zaminə - şəhid qardaşının həyat yoldaşı X2 yönəltdi. Sonuncunun şəhid ailəsi olduğuna görə aldığı Prezident təqaüdündən aylıq 171 (yüz yetmiş bir) manat (1,70 ABŞ dolları/1 manat ekvivalentində) tutulmasına başlanıldı. 2019-cu ildə Respublika prezidentinin ABŞ dollarının restruktirizasiyası haqqında sərəncamına baxmayaraq Əmanətlərin sığortalanması fondu tərəfindən onun götürdüyü kredit restrukturizasiya olunmamış (bunun üçün fonda ərizə yazmalı olduğu haqda ona məlumat verilməmişdir), qalıq borcun həmin fond tərədindən ödənilməsi təmin edilməmişdir. Odur ki, iddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. 3.2. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XVİİİ-İİ, XİX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur.
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
7. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun: 60.2. Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir. Həmin Qanunun 68-ci maddəsinə əsasən Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır. 72.1.2. və 72.1.3. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. 76.1. bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.
8. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.
9. Beləliklə, mübahisənin inzibati məhkəmə aidiyyəti qanunvericiliklə, Konstitusiya Məhkəməsinin qərarında verilən şərhlə müəyyən edilmişdir.
10. İPM-in 132.1-ci maddəsinə əsasən, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.
11. Odur ki, ləğvetmə prosesində olan banka qarşı bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür və həmin prosedur birinci instansiya məhkəməsi qismində apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirildiyindən iddiaçı kreditor qismində müvafiq ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etməlidir.
12. Predmet aidiyyəti üzrə hazırkı mübahisəyə baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aid deyildir. Lakin iddiaçı hüquqi marağına uyğun olaraq apellyasiya instansiyası məhkəməsinə iddia ərizəsi ilə deyil, iflas proseduru çərçivəsində ərizə ilə müraciət etməli olduğundan məhkəmə İPM-in 8.2-ci maddəsinə uyğun olaraq işin aidiyyəti üzrə apellyasiya instansiya məhkəməsinə göndərilməsini mümkün hesab etmir.
13. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva