Məhkəmə qərarları › İş №2-1(112)-6790/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6790/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6790/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Məclisinə qarşı “sosial müavinət hüququnun təmin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Məclisinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Milli Məclisinin “Sosial müavinətlər haqqında” Qanununda yol verdiyi cinayətə bərabər xətanın yəni “işsizlikdən” yana sosial müavinət hüququnun təmin edilməsi haqqında 17 aprel 2020-ci il tarixdən “işsiz” statusu aldığı gündən ona 725 manatdan olmaqla layiqli həyat şəraitini təmin edəcək (işlə təmin olunana kimi aylıq 725 manatdan çox olmaqla) və gələcəkdə devalvasiya, indeksasiya da nəzərə almaqla sosial müavinət verilməsi haqqında cavabdeh Azərbaycan Respublikasının Milli Məclisinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşlarının hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyasının maddələri ilə qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 38.3-cü maddəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Lakin Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanununda sosial müavinət hüququ olan kateqoriyalı insanlardan nədənsə “işsiz” kateqoriyalı insanların sosial müavinət hüquqları öz əksini tapmamışdır. Bununla da sosial müavinət hüququ olan bu vətəndaşların Konstitusiyanın 38-ci maddəsində nəzərdə tutulan konstitusion haqları qəsdən və bilə-bilə kobud surətdə pozulmuşdur ki, o işsiz kateqoriyadan olan insanlar işsiz olduğu halda onlar dövlət qayğısından məhrum olmasına səbəb olubdur. Bu səbəbdən də iddiaçı və onun kimi “işsiz” statuslu iş axtaran kimi dövlət orqanlarında qeydiyyatdan keçən 100.000-lərlə vətəndaşların konstitusion sosial müavinət hüququ təmin edilməmişdir. Bununla bağlı dəfələrlə ƏƏSMN-nə etdiyi müraciətlər məhz bu qanun boşluğu səbəbindən təmin edilməmişdir. Hətta bu barədə Azərbaycan Respublikasının ƏƏSMN-nə qarşı qaldırdığı məhkəmə çəkişmələri onun əleyhinə olmaqla nəticələnmişdir ki, bu da son dərəcədə ağır sosial durumda olduğu halda onu dövlətin ali məqsədi: ölkə vətəndaşlarına layiqli həyat şəraiti yaratmaq öhdəçiliyindən məhrum etmişdir. Rifahlı, layiqli həyat şəraitini təmin etmək üçün isə dövlət ya iddiaçını orta aylıq əmək haqqı 725 manata bərabər (və ya bundan da çox olmaqla) işlə təmin etməli ya da işlə təmin edənə kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 2022-ci il üçün proqnozlaşdırdığı orta aylıq əmək haqqı səviyyəsində 725 manatdan olmaqla aylıq sosial müavinət verməlidir. İddianın mümkünlük məsələsinin həll edilməsi ilə əlaqədar 20 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasını müdafiə edərək mübahisəyə inzibati məhkəmə icraatında baxılaraq tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi göstərilməmişdir. Belə olan halda ilk növbədə tələbin yönəldiyi cavabdeh inzibati orqan kimi nəzərdə tutulmadığından ona münasibətdə iddia inzibati məhkəmə icraatında mümkün deyildir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra - müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -4.0-cı maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.11. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, işsizlik müavinəti. -7.0-cı maddəsinə əsasən müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.10-1. işsizlik müavinəti - şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada işsiz statusu aldıqda. -9.4-cü maddəsinə görə işsizlik müavinətinin ödənilməsi müddəti “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. -11.3-cü maddəsinə görə işsizlik müavinətinin ödənilməsinin dayandırılması və ya ona xitam verilməsi halları “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 24 aprel 2018-ci il tarixli 1082-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 4.0.1.11-ci, 7.0.10-1-ci, 9.4-cü və 11.3-cü maddələr ləğv edilmişdir. Hazırkı halda iddiaçı işsiz statuslu olduğundan “Sosial müavinətlər haqqında” Qanunla işsiz kateqoriyalı şəxslərə sosial müavinətin verilməsinin nəzərdə tutulmadığını əsas gətirərək Konstitusiyanın 38.3, 147, 148, 149-cu maddələrini rəhbər tutuaraq “Sosial müavinətlər haqqında” Qanunda işsizlikdən sosial müavinət hüququnun müəyyən edilməsini, eləcə də ona layiqli həyat səviyyəsini təmin edəcək sosial müavinət verilməsi öhdəliyinin Milli Məclisin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə yuxarıda da qeyd edildiyi kimi iddianın subyekt cəhətdən inzibati məhkəmə icraatında mümkün olmamağı ilə yanaşı qeyd edir ki, iddia predmet cəhətdən də inzibati məhkəmə icraatında mümkün iddia deyildir. İddiaçının tələb etdiyi cari qanuna müvafiq dəyişiklik edilməsi hakimiyyət qollarından biri olan Milli Məclisin bilavasitə qanunvericilik hakimiyyəti orqanı statusundan irəli gələn konstitusion səlahiyyətləri olub bu səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı tələb inzibati mübahisənin predmeti qismində çıxış edə bilməz. Eləcə də tələb edilən iddiaçının işsiz statusu aldığı gündən sosial müavinətin ödənilməsi öhdəliyi cavabdeh qismində qoyulmuş subyektin səlahiyyətinə aid olmayan məsələdir. Beləliklə, hazırkı iddianın inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan subyektinə və predmetinə dair mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Məclisinə qarşı “sosial müavinət hüququnun təmin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar