Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6877/2024 11.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “qərarın ləğv edilməsi və yenidən müsahibənin keçirilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BŞTİ-nin müsabiqə komissiyasının qərarının ləğv olunaraq onun yenidən müsahibədən keçirilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, BŞTİnin müsabiqə komissiyasının qərarının ləğv olunaraq onun müsahibədən keçmiş hesab olunması və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 20 noyabr 2023-cü il tarixində Bakı şəhərində yerləşən ümumi təhsil müəsissələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin imtahan müsabiqəsinin test mərhələsində uğurlu nəticə göstərərək 100 balın 75 balını toplasa da, etdiyi müraciətə xx.xx.2024-cü il tarixli məktubla “müsabiqənin müsahibə mərhələsində qənaətbəxş nəticə göstərmədiyi və xx.xx.2024 cü il tarixdə saat 15.30 da BŞTİ-in İnsan resusları sektorunun müdirinin qəbuluna dəvət olunmağı və bu barədə ona onun əlaqə nömrəsi ilə məlumat verilməsi” bildirilmişdir. Onu müsahibədən məqsədli və qərəzli şəkildə kəsməklə yanaşı hətta yalan məlumat verərərək bildirilir ki, güya onu qəbula dəvət ediblər. Onunla heç bir əlaqə saxlanılmamış və əlaqə nömrəsinə heç bir mesaj göndərilməmişdir. İddiaçı son 3 ildə, 2021 ci ildən hazıradək cavabdeh tərəfindən keçirilən 3 (üç) təlim tərbiyə işləri üzrə direktor müavini və 2 şagird sayı 500-ə qədər olan məktəblərin direktorların işə qəbul müsabiqəsinin bütün test mərhələlərində uğurlu nəticə göstərsə də, müsahibə mərhələsindən məqsədli və qərəzli olaraq kəsilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq, cavabdeh tərəfindən ona ünvanlanmış məktubda göstərilmişdir ki, “iddiaçı Bakı şəhəri 108 nömrəli tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışdığı müddət ərzində əmək funksiyalarının icrasına səhlənkar yanaşmış, əmək intizamı qaydalarına riayət etməyərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydalarf’nin 2.1.5-ci, 3.14-cü, 4.1.3-cü, 4.2.1-ci, 4.2.3-cü, 4.2.4-cü, 4.2.6-cı, 4.3.1-ci, 4.3.4-cü, 4.5.2-ci bəndlərinin tələblərini pozmuş və təlim-tərbiyə işləri üzrə direktor müavini üçün nəzərdə tutulmuş əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirmişdir. Beləliklə, Bakı Şəhəri üzrə Təhsil idarəsinin müvafiq əmrinə əsasən bağlanmış əmək müqaviləsinə müddətinin bitməsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən 04 iyul 2022-ci il tarixində xitam verilmişdir. Bakı Şəhəri üzrə Təhsil idarəsi tərəfindən əvvəlki illərdə keçirilmiş təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin işə qəbulu müsabiqəsinin test mərhələsində uğurlu nəticə göstərsə də, müsahibə mərhələsindən keçməmişdir. Şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsində iştirak elmiş, lakin yenidən müsahibə mərhələsində uğur qazanmamışdır. Qeyd edilən vəzifə üzrə xx.xx.2023-cü il tarixində keçirilən növbəti müsabiqənin test mərhələsində uğur qazanmış müsahibə mərhələsinə dəvət olunsa da, iştirak etməkdən imtina etmişdir. Əlavə olaraq, xx.xx.2023-cü ildə keçirilən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən təlim-tərbiyə işləri üzrə direktor müavinləri üçün keçirilən işə qəbul imtahanının müsabiqə mərhələsində qənaətbəxş nəticə əldə edərək, müsahibə mərhələsinə dəvət edilmişdir. Ona müsahibə mərhələsində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə əmək funksiyaları və ixtisas tələblərinə uyğun olaraq hazırlanmış suallar verilmişdir. İddiaçı sözügedən müsabiqənin müsahibə mərhələsində mümkün 5 (beş) baldan 1.2 bal toplayaraq uğur qazanmamışdır. Komissiyanın qəbul etdiyi qərara əsasən 5 ballıq şkalaya uyğun olaraq 3-5 bal nəticə göstərən namizədlər müsahibədən uğurla keçmiş, 0-1,99 bal nəticə göstərən namizədlər uğur qazanmamış hesab olunurlar. 2-2,99 ballıq nəticə nümayiş etdirən namizədlərin isə müvafiq təlimlərə cəlb olunduqdan sonra təkrar müsahibəyə dəvət edilməsi nəzərdə tutulur.” İddiaçı hazırda təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsinin nəticəsinin ləğv edilməsini və onun müsahibədən keçmiş hesab edilməklə, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 4.0. Ümumi təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 4.0.29. dövlət ümumi təhsil müəssisələrinin müəllimlərə tələbatını müəyyən etmək, müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarını təsdiq etmək, habelə kadr təminatını həyata keçirmək; Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 19 oktyabr 2023-cü il tarixli KQ-05 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən: - Bənd 1.2. Müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçirilir. - Bənd 2.1. Müəllimlərin işə qəbulu müsabiqəsi (bundan sonra – işə qəbul müsabiqəsi) iki mərhələdən (test imtahanı və müsahibə) ibarət olmaqla mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən (bundan sonra – Nazirlik) həyata keçirilir. - Bənd 2.12. Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır. - Bənd 2.14. Vakant yerlərə yerləşdirmə namizədlərin elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə topladıqları bala əsasən sistem tərəfindən aparılır. Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır: 2.14.1. ümumtəhsil proqramı üzrə toplanılan bal; 2.14.2. təhsil məlumatları (təhsil səviyyəsi, elmi dərəcəsi); 2.14.3. ali və ya orta ixtisas təhsilini fərqlənmə ilə bitirmə; 2.14.4. pedaqoji staj. - Bənd 2.15. 2.14-cü bəndə əsasən vakant yerləri tutan namizədlər müsahibəyə buraxılır. - Bənd 2.16. Müsahibələrin keçirilməsi məqsədilə hər il müvafiq komissiyalar yaradılır. - Bənd 2.17. Komissiyaların tərkibi Nazirlik tərəfindən təhsil müəssisəsinin rəhbəri, metodist və psixoloqdan ibarət olmaqla təsdiq edilir. - Bənd 2.18. Müsahibə mərhələsində namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri və psixoloji vəziyyəti komissiya tərəfindən yoxlanılır. Müsahibənin nəticəsinə əsasən namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar verilir. - Bənd 2.19. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində namizədlərin “Şəxsi kabinet”inə göndərilir. İstinad olunan normalardan görünür ki, test imtahanından keçən namizədlər ümumi dünyagörüşü, peşə keyfiyyətləri və psixoloji vəziyyətinin yoxlanılması üçün komissiya tərəfindən müsahibə edilir və yalnız bundan sonra namizədin vəzifəyə uyğun olub olmaması barədə qərar qəbul edilir. İnzibati orqanın qəbul etdiyi bu qərar onun öz qiymətləndirilməsi nəticəsində qəbul edilir və işin faktiki hallarının araşdırılması zamanı inzibati orqanın hüquqi anlayışların təfsiri səlahiyyəti vardır. Qeyd edilməlidir ki, inzibati orqanın öz qiymətləndirməsinə əsasən hərəkət etdiyi bu kimi hallarda məhkəmə tərəfindən bu səlahiyyət çox məhdud şəkildə yoxlanıla bilir. Belə ki, qanunvericilik inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur ki, İPM-in 73.3.2-ci maddəsi bu istisnalardan biridir. Belə ki, həmin normaya əsasən inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Bu o deməkdir ki, normanın tətbiqi şərtləri inzibati orqanın özünün qiymətləndirməsindən asılı olduqda, belə norma inzibati orqana qiymətləndirmə azadlığı verir və bu norma əsasında qəbul edilmiş aktın yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkündür. Belə ki, bir qayda olaraq, bu zaman məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı daha çox xüsusi bilik və təcrübəyə malik olduğu məslələrin qiymətləndirilməsindən söhbət gedir. Yəni inzibati orqanın qiymətləndirməni həyata keçirən mütəxəssislərinin xüsusi baxış aspektinə və biliklərə malik olmaları səbəbindən belə bir qiymətləndirmənin məhkəmə tərəfindən həyata keçirilməsi mümkün olmur. Buna görə də məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığı əsasında qəbul etdiyi aktlar üzrə yoxlamanı məlum faktlar əsasında, xüsusi imtahan şəraiti nəzərə alınmaqla qəbul edilə bilən olub-olmaması, düzgün icraat çərçivəsində qəbul edilibedilməməsi baxımından həyata keçirir. Çünki namizdin nailiyyətinin uğurlu olub-olmaması barədə qərarı imtahan komissiyası qəbul edir. Məhkəmə qeyd olunanlar nəzərə alınaraq, iddiaçı ilə keçirilmiş müsahibəyə dair video-görüntülərə baxış keçirmiş, bu zaman cavabdeh tərəfindən yuxarıda qeyd edilən nöqsanlara yol verilməsini müəyyən etməmişdir. Əksinə, iddiaçı demək olar ki, ona ünvanlanmış sualın heç birini cavablandırmamış, müsahibənin əvvəlində hazırlıqsız gəlidiyini qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən idiaçının hüquq və azadlıqlarının pozulması müəyyən edilmədiyindən iddia tələbinin təmin edilməsi üçün hazırkı iş əsas mövcud deyil. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6877/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6877/2024
11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver