Məhkəmə qərarları › İş №2-1(112)-6878/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6878/2024

14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6878/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı (3-cü şəxs: "xxxx" MMC) “iş icazəsi əsasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “iş icazəsi əsasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə "xxxx" MMC üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Belə ki, o, Miqrasiya Məcəlləsinin 46.1-ci maddəsində göstərilən sənədlərin təqdim edilməsini təmin etmiş, lakin cavabdeh qərəzli şəkildə sənədlər təqdim edildiyi halda sənədlərin olmaması əsası ilə müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin qərarı ləğv olunmalı və ona müvəqqəti yaşamaq üçün icazənin verilməlidir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı əcnəbiyə iş və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin (bundan sonra-İİ və MYİ) verilməsi barədə xx.xx.2024-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə İş və MYİ verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli ******* və ******* nömrəli qərarlar qəbul edilmişdir. Hesab edirəm ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, müraciət üzrə icraat aparılan zaman müvafiq icra hakimiyyəti orqanlarına sorğu göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sorğuya cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli rəylə şəxsə iş icazəsinin verilməsinə etiraz olunmuşdur. Bu səbəblə Miqrasiya Məcəlləsinin 66.0.3-cü maddəsi rəhbər tutularaq əcnəbiyə iş icazəsinin verilməsindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində X3 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X5 İddiaçı ünvan 1 ünvanına müvəqqəti qeydiyyata alınmasına etirazının olmadığını bildirmişdir. DMX tərəfindən qəbul edilmiş 12 fevral 2024-cü il tarixli, ******* nömrəli “İş icazəsinin verilməsindən imtina olunması” haqqında qərardan görünür ki, "xxxx" MMC-nin İran İslam Respublikası vətəndaşı X2 Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməsi barədə müraciətinin təmin olunmasından imtina olunmuşdur. DMX tərəfindən qəbul edilmiş 12 fevral 2024-cü il tarixli, ******* nömrəli “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması” haqqında qərardan görünür ki, İran İslam Respublikası vətəndaşı X1 28 yanvar 2024-cü il tarixli müraciətinin təmin olunmasından imtina olunmuşdur. İmtina iddiaçının Miqrasiya Məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulan sənədlərin tam olaraq təqdim edilməməsi ilə əsaslandırılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, işin mahiyyətindən görünür ki, iddiaçı cavabdehin 12 fevral 2024-cü il tarixli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması barədə Qərarı mübahisələndirir. Qeyd olunmalıdır ki, hazırkı iddia mübahisələndirmə növündə iddia hesab edildiyindən AR İPM-nin 14-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh iddianın təmini istisna edən faktiki şərtlərin mövcudluğu sübut etdiyindən hazırkı iddia rədd edilməlidir. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: Maddə 45. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) hallar: ... 45.1.8. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda; ... 46.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 46.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizəanket; 46.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır); 46.1.3. doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün); 46.1.4. müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd; 46.1.4-1. Bu Məcəllənin 45.1.1-ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi; 46.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış; 46.1.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti; 46.1.7. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti; 46.1.8. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 46.1.9. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 46.1.10. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.11. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.12. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 47.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama müddətinin bitməsinə azı 30 gün qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. 48.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. 48.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalı və bu barədə onlara yazılı məlumat verilməlidir. 48.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır. 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla); 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. Göründüyü kimi yuxarıda qeyd olunan normaların ümumi təhlili nəticəsində müəyyən olunur ki, Miqrasiya Məcəlləsinin yuxarıda göstərilən normaları əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə verilməsi əsaslarını, tələb olunan sənədlərin əhatə dairəsini və imtina hallarını müəyyən edir. Qeyd olunmalıdır ki, əgər şəxs Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi əldə edirsə, bu sənəd ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənəd qismində qiymətləndirilir. Məcəllənin 46-cı maddəsinə nəzər yetirsək aydın olur ki, həmin maddədə nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsinin təqdim olunmaması (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla), Məcəllənin 50.1-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməməsinə əsasdır. Hazırki işin faktiki hallarından da göründüyü kimi üçüncü şəxs qismində çıxış edən "xxxx" MMC iddiaçının yüksək səviyyəli mütəxəssis olduğu qənaətinə gələrək əsaslandırılmış vəsatət vasitəsilə DMX müraciət etsə də, onun vəsatəti 12 fevral 2024-cü il tarixli, ******* nömrəli qərar ilə təmin olunmamış və İran İslam Respublikası vətəndaşı X2 Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin verilməməsi qərara alınmışdır.Həmin qərar hal-hazırda ləğv olunmadığından və ya etibarsız sayılmadığından, öz hüquqi qüvvəsini saxlayır. Məhkəmə hesab edir ki, iş icazəsinin verilməsindən imtina olunması barədə qərarın hal-hazırda qüvvədə olması faktiki olaraq iddiaçıya müvəqqəti yaşamaq üçün icazə verilməsi halını istisna edir. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının iş icazəsi, həmçinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququnu verən hər hansı digər sənəd olmadığından, o, istinad olunan Məcəllənin 46.1.6cı maddəsində səciyyələnmiş sənədə malik olmamışdır ki, bu da öz növbəliyində müvəqqəti yaşamaq üçün icazənin verilməsini istisna edən əsasların əhatə dairəsinə düşər. Odur ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina olunması barədə qərarı əsaslı olmuşdur Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə izah edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildiyindən, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 48.3-cü maddəsinə əsasən onun təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan (hazırki halda iş icazəsi barədə qərar ləğv olunduqda) sonra baxıla bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar