Məhkəmə qərarları › İş №2-1(112)-6968/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6968/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6968/2024 05.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı N günlük Vətən Müharibəsində yaralandığına görə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiya məbləğinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, MAXE qismində N nömrəli hərbi hissədə xidmət keçərkən N günlük Vətən Müharibəsində iştirak etmiş, yaralanmış və nəticədə sağlamlığını itirmiş və hərbi xidmətə yararsız hesab olunaraq xx.xx.2023-cü il taridə xəstəliyə görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda 3-cü qrup müharibə əlilidir (əsas: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 2688 nömrəli, xx.xx.2023-cü il tarixli “Xəstəlik haqqında şəhadətnamə”si, 3-cü dərəcəli əlillik qrupu haqqında TSEK-in müayinə aktından çıxarışın surəti, həmin sənədlərin surətləri iddia ərizəsinə əlavə olunur). O, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək xidmətin hərbi xidmət vəzifələrinin icrası zamanı aldığı yaralanmaya görə kompensasiyanın ona ödənilməsini xahiş etmişdir. Lakin, müraciətinə 8/119 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun hərbi əməliyyatlar zamanı tutduğu N nömrəli hərbi hissənin “P” dəstəsinin mühəndis kəşfiyyatı manqasının 4-cü mühəndis kəşfiyyatı qrupunun komandiri vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinnin 2020-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmir. O, imtina cavabı ilə razı deyildir. Belə ki, xidmət keçdiyi N nömrəli hərbi hissə tərəfindən verilmiş N nömrəli xx.xx.2022-ci il tarixli arayışda göstərilir ki, o, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə “Vətən müharibəsində” N nömrəli hərbi hissənin tərkibində xüsusi tapşırıqlar (kəşfiyyat) yerinə yetirmiş, Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocəvənd rayonları istiqamətində N nömrəli hərbi hissənin Xüsusi Təyinatlı Dəstəsinin tərkibində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və yaralanmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam göndərilməsinə baxmayaraq cavabdeh tərəfinədn iddia ərizəsinə qarşı hər hansı bir etiraz təqdim edilməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İddiaçıya məxsus SX seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı xx.xx.2019-cu ildə hərbi xidmətə yararlı hesab edilməklə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2023-cü ildə N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hərbi biletindəki qeydlərə əsasən Kəlbəcər, Cəbrayıl, Füzuli rayonları istiqamətində gedən göyüşlərdə xx.xx.2024-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında qrup komandiri vəzifəsində iştirak etmiş və yaralanmışdır.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 25 mart 2023-cü il tarixli 2688 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”yə əsasən İddiaçı “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” şəhadətləndirilərək, “Sülh övründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmişdir.

9. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışa əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.2024-cü il tarixdə qiymətləndirilərək üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir.

10. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli N119 nömrəli məktubla imtina edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən N nömrəli hərbi hissə tərəfindən xx.xx.2024-cü il tarixli N nömrəli məktubla hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı “xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsi”ndə iştirakı ilə bağlı” sənədlərin (əmrlərin) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən: - N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışda göstərilmişdir ki, sabiq hərbi qulluqçu ehtiyatda olan MAHHXHQ çavuş İddiaçı həqiqətən “Vətən müharibəsində” xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Komandanlığın sərəncamına əsasən Kəlbəcər, Cəbrayıl və Füzuli rayonları istiqamətində N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstənin tərkibində qrup komandiri vəzifəsində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və yaralanmışdır. Arayışda göstərilən məlumatın düzgünlüyü N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2020-ci il tarixli əmri və işdəki digər sənədlərlə də, təsdiq edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

18. Məhkəmə işin halları ilə bağlı qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir:

19. “Kəşfiyyat və əks kəşfiyyət fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. Maddə 6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. M a d d ə 2 0 . Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsi 20.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyataxtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. 20.11. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186 nömrəli Fərmanının:

1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti (kəşfiyyat fəaliyyətinin subyekti); 1.2. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.3. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti (mühafizə olunan şəxslərin və qorunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin əks-kəşfiyyat təminatının həyata keçirilməsi (texniki sahədə həmin Xidmətlə birlikdə) sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti); 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; 1.4.2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini; 1.4.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətinin texniki sahədə əkskəşfiyyat fəaliyyətini.

20. Hazırki işin hallarının məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən onun hərbi əməliyyatlar zamanı “N nömrəli hərbi hissənin “P” dəstəsinin mühəndis kəşfiyyatı manqasının 4-cü mühəndis kəşfiyyatı qrupunun komandanı” vəzifəsinin Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmədiyinə istinad etsə də, məhkəmənin sorğusuna əsasən iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş arayış və əmrlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı həqiqətən “Vətən müharibəsində” xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Komandanlığın sərəncamına əsasən Kəlbəcər, Cəbrayıl və Füzuli rayonları istiqamətində N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstənin tərkibində qrup komandiri vəzifəsində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və yaralanmışdır. Həmin məlumatın düzgünlüyü N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2020-ci il tarixli əmri və işdəki digər sənədlərlə (xəstəlik haqqında şəhadətnamə, hərbi bilet və s.) də, təsdiq edilmişdir. Həmçinin, həmin hallar və iddiaçının yerinə yetirdiyi vəzifənin kəşfiyyat fəaliyyətinin icra edilməsi ilə əlaqədar olması cavabdehin nümayəndəsinin məhkəmə iclasında məhkəməyə təqdim etdiyi və məhkəmə baxışında tədqiq edilərək geri qaytarılmış məxfi sənədlərlə də, sübuta yetirilmişdir.

21. Göründüyü kimi, iddiaçının xidmət etdiyi hərbi hissənin tərkibində “Vətən müharibəsi”də kəşfiyyat fəaliyyətini icra etməklə kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekti olması və yaralanması işin halları ilə təsdiq edilir.

22. Beləliklə, iddiaçı yuxarıda qeyd edilən “Kəşfiyyat və əks kəşfiyyət fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinin ona münasibətdə tətbiq edilməsini tələb etməkdə haqlı olmuş və həmin Qanunun norması ona şamil edilməlidir.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 24.Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

25. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

26. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. “N günlük Vətən Müharibəsi”də yaralandığına görə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsində nəzərdə tutulan kompensasiya məbləğinin İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar