Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7152/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Üçüncü şəxs X5 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (üçüncü şəxslər X8 və X5 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı) qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı 31.03.2021-ci il tarixdə cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X5 7 saylı Ərazi X4rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, işsiz kimi 2020-ci ilin yanvar ayından qeydiyyatda olduğu müəyyən edilməklə işsiz kimi qeydiyyatda olan şəxslər üçün xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində ödəmənin aylar üzrə hesablanması və cəmi 1170 manat məbləğin xeyrinə ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı tərəfindən “xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi” barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və onun tabeliyində olan aidiyyəti qurumlara müraciətlər olunmuşdur. Müvafiq müraciətlər həm ərizə ilə, həm çağrı mərkəzi vasitəsi ilə, eyni zamanda vətəndaş qəbulu vasitəsi ilə edilmişdir. İddiaçı tərəfindən edilmiş sonuncu 08.01.2021-ci il tarixli müraciətə dair cavabdeh tərəfindən heç bir araşdırılma aparılmadan formal olaraq 09.02.2021-ci il tarixli, **********0 saylı məktubla birdəfəlik ödənişlərin aparılmasının mümkünsüzlüyü (imtinası) X1 X2 işsiz kimi qeydiyyatın 19.06.2020-ci il tarixindən aparılması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli, 327 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən, MAS-da işaxtaran kimi qeydiyyata alınmış, işi və qazancı olmayan əmək qabiliyyətli şəxsə Mərkəz tərəfindən 5 iş günü müddətində münasib iş təklif edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiya qəbulundan imtina edldiyi halda, habelə bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq təqdim edilmiş göndərişə münasibətdə işəgötürənin hərəkətsizliyi halında həmin şəxsin işsiz kimi qeydiyyata alınması barədə qərar qəbul olunur və bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq tərtib edilnmiş fərdi məşğulluq vərəqində müvafiq qeydlər aparılmaqla, onun şəxsi kabinetinə yerləşdirilir. Lakin iddiaçı tərəfindən “X12”ndə işaxtaran kimi anketin 07.01.2020-ci il tarixində yaradılmasına və buna dair işaxtaran kimi qeydiyyat tarixi 07.01.2020-ci il olmaqla ona **********224_xxxxxxx işaxtaran qeydiyyat nömrəsi verilməsinə baxmayaraq, cavabdeh tərəfindən müvafiq qərar qanunla nəzərdə tutulan müddət ərzində deyil, yalnız 6 ay sonra qəbul edilmişdir. Cavabdeh cavab məktubunda iddiaçıya “X12”nin Vakansiyalar bölməsindən aylıq əmək haqqı 250-550 AZN olmaqla "xxxx" MMMC, "xxxx" MMC-də münasib iş kimi fəhlə işlərinin təklif olunduğunu və bu barədə məlumatların iddiaçının şəxsi kabinetində yerləşdirildiyini bildirmişdir. Müvafiq təkliflər barədə məlumatlar şəxsi kabinetə 2021-ci ilin 4 fevral tarixlərində yerləşdirilmişdir. Həmçinin iddiaçı ali təhsilli olmaqla müvafiq peşə sahibidir. İddiaçının nümayəndəsinin (vəkilinin) ərizəsi əsasında Sumqayıt İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli qərardadı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdeh qismində iş üzrə icraata cəlb edilmiş, iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsinin (vəkilinin) 23.07.2021-ci il tarixli ərizəsi əsasında Bakı İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli qərardadı ilə X8 və X5 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının iş üzrə cavabdeh kimi iştiraklarına xitam verilmiş, onlar üçüncü şəxs kimi inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin iclasında iştirak edən İddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı ona birdəfəlik ödəmə verilməsini xahiş edir ki, belə bir iddia öhdəliyin icrası haqqında iddiaya aiddir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsi). Bu iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ mövcuddur və iddiaçı müvafiq tələblə məhkəməyə qədər cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 saylı Sərəncamının 1-ci hissəsinə əsasən 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılmışdır. Sərəncamın 2-ci hissəsi ilə pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılmış, İşçi Qrupa pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 135s saylı 04.04.2020-ci il tarixli Sərəncamı ilə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilmiş, həmin Tədbirlər Planına əsasən 2020-ci ilin aprel və may ayları üçün 2 aylıq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuş, tədbirin icraçısı kimi cavabdeh orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilmişdir. Həmin Tədbirlər planının İİ hissəsinin 4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci il 7 aprel tarixdə 127 nömrəli Qərar qəbul etmiş, və həmin Qərarın 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Qərarın 25.04.2020-ci il tarixdə qüvvəyə minmiş 2-1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə qüvvədə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. Həmin Qərarla təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na (bundan sonra – Qayda) əsasən: - Bənd 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. - Bənd 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. - Bənd 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: - 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; - 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. - Bənd 3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. - Bənd 3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. - Bənd 3.3. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. - Bənd 3.4. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. - Bənd 3.5. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. - Bənd 3.7. Birdəfəlik ödəmə pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir. Göründüyü kimi, qanunverici birdəfəlik ödəmənin 2020-ci ilin aprel və may ayları üçün ödənildiyini təsbit etmiş, bu zaman ödənişin işsiz şəxslərə verilməsini müəyyənləşdirmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin “X10”ndən çıxarışlardan görünür ki, iddiaçı 07.01.2020-ci il tarixdə işaxtaran kimi qeydiyyatdan keçmiş, ona 19.06.2020-ci il tarixdə işsizlik statusu verilmişdir. Deməli, iddiaçının işsiz statusu 01.04.2020-ci il tarixinə və ödəmənin verildiyi 2020-ci ilin aprel və may aylarında mövcud olmamışdır. Buna görə də iddiaçıya Qaydanın 3.1-ci bəndi, habelə Qaydanın 3.3-cü bəndi tətbiq edilməmişdir. İddiaçı ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli, 327 nömrəli Qərarına istinad edərək Mərkəz tərəfindən 5 iş günü müddətində münasib iş təklif edilmədiyi və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiya qəbulundan imtina edildiyi halda, onun işsiz kimi qeydiyyata alınmalı olmasını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5.13-cü maddəsinə əsasən işsiz kimi qeydiyyata alınmayan və ya bu Qanunun 5.11.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatı ləğv olunan şəxs, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir. İşdən görünür ki, iddiaçı işsiz kimi qeydiyyata alınmasa da, istinad olunan Qanuna müvafiq olaraq bunun üçün cavadehə müraciət etməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. İşdə olan Sosial Arayışdan isə görünür ki, iddiaçı 2020-ci ilin aprel və may aylarında deyil, 26.01.2021, 23.07.2020, 19.07.2019-cu il tarixlərdə ərizə, 23.07.2020, 09.07.2020, 29.06.2020-ci il tarixlərdə çağrı mərkəzi, 01.12.2020-ci il tarixdə vətəndaş qəbulu şəklində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Məhkəmə bu zaman xüsusi olaraq qeyd edir ki, koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə bütün dünyada olduğu kimi Azərbaycanda da ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir. Bu zaman insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldıması məqsədilə bir çox iş və xidmət sahələri üzrə fəaliyyət müəyyən müddətə qadağan edilmişdir. Bu müddət ərzində tətbiq edilən 190 manat birdəfəlik ödəmə isə məhz həmin dövrə qədər çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə tətbiq edilmişdir. Təsadüfi deyildir ki, həmin ödəmənin də məhz 2020-ci il 1 aprel tarixinə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə verilməsi təsbit olunmuşdur. İddiaçı isə həmin kateqoriya şəxslərə aid olmadığından məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci madəsinə əsasn inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7152/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7152/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver