Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7168/2025 22.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra mətndə Əmlak Məsələləri Dövlət Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2014-cü il tarixli 203 saylı sərəncamı ilə Bakı şəhəri İstehlak Bazarı və xidmət departamentinin 4 nömrəli bazarını investisiya müsabiqəsi yolu ilə "xxxx" ASC-nin adına özəlləşdirilməsinə dair hüquqverici sənədlərin surətinin verilmə verilməsi vəzifəsinin (öhdəliyi) Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 220 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 4 saylı bazar “Ticarət Mərkəzi 4” ATSC-yə çevrilmiş və xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Bundan sonra tərəflərindən məhkəməyə müraciət olunaraq, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 220 saylı sərəncamının və onun hüquqi nəticələrinin tam şəkildə etibarsız hesab edilərək, ləğv edilməsi, müəssisənin həmin sərəncama qədər olan vəziyyətə qaytarılması, müəssisənin yenidən özəlləşdirilməsinin təşkil edilməsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinə tapşırılması, Emissiya prospektinin hazırlanaraq səhmlərin satışı və səhmdarların İ ümumi yığıncağı keçirilənədək müəssisənin rəhbəri vəzifəsinə həmin müəssisənin əvvəllər rəhbəri və özəlləşmə komissiyasının sərdi olmuş X2 təyin edilməsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinə tapşırılması, iddiaçılara dəymiş zərərin alınaraq onlara verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmiş və iddianın qismən təmin olunmasına dair Bakı şəhər Xətai rayon Məhkəməsinin 2-214/2008 saylı, xx.xx.2008 saylı qətnaməsi qəbul edilmişdir. Qətnamədən apelliyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1322/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi ilə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2-214/2008 saylı, xx.xx.2008 saylı qətnaməsi qismən emissiya prospektinin hazırlanaraq səhmlərin satışı və səhimdarların İ ümumi yığıncağı keçirilənədək müəssisənin rəhbəri vəzifəsinə həmin müəssisənin əvvəllər rəhbəri və özəlləşmə komissiyasının sərdi olmuş X2 təyin edilməsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinə tapşırılması hissəsində ləğv edilməsi qət edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi uzun müddət bu işlə əlaqədar olaraq, danışıqlar və sənədləşmələr aparılmasını əsas gətirərək, iş prosesini davam etdiyini deyirdi. Sonradan ona məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 4 saylı bazar "xxxx" ASC-yə çevrilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli 88 saylı sərəncamla alınmış səhmlər üzrərində mülkiyyət hüququ alıcıya verilmişdir. Bununla əlaqədar olaraq tərəflərindən xx.xx.2024-cü il tarixli sorğu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunaraq, "xxxx" ASC-nin mülkiyyətə verilməsinə dair hüquqverici sənədlərinin surətinin təqdim olunmasını xahiş etmişlər. Əmlak Məsələləri Dövlət Xidməti verdikləri sorğuya xx.xx.2025-ci il tarixli, 3-21-3/2-R-0704-3 5/2024 saylı məktubla cavab verərək bildirmişdir ki, "xxxx" ASC-nin səhmləri 2021-ci ildə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş və müvafiq səhmlər üzərində mülkiyyət hüququ alıcıya keçmişdir. Həmin dövrdən cəmiyyət özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərməkdədir və əmlaklar üzərində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa malikdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-21-3/2-4315/2025 №-li iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Əmlak Məsələləri Dövlət Xidmətinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı qeyd olunan sənədlərin verilməsi ilə bağlı müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-R-07xx-xx/2024 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu ilə cavab verilmişdir. Belə ki, "xxxx" ASC-nin səhmləri 2021-ci ildə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş və müvafiq səhmlər üzərində mülkiyyət hüququ alıcıya keçmişdir. Həmin dövrdən cəmiyyət özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərməkdədir və əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 15.6-cı maddəsinə əsasən yazılı sorğu fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Eyni zamanda, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, informasiyalar əldə olunma növünə görə açıq və alınması məhdudlaşdırılan informasiyalara, alınması məhdudlaşdırılan informasiyalar isə hüquqi rejiminə görə məxfi və konfidensiala bölünür. Vətəndaşların, habelə mülkiyyət növündən asılı olmayaraq idarə, müəssisə, təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirləri konfidensial xarakter daşıyır. İddiaçı tərəfindən qeyd olunan və əldə etmək istədiyiniz məlumatlar konfidensial xarakter daşıdığı üçün onların iddiaçıya açıqlanmasına qanunvericiliklə yol verilmir. Bundan əlavə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, şəxsin yalnız üzərində hüquqlara malik olduğu əmlak barəsində məlumatın alınması üçün müraciət etmək hüququ nəzərdə tutulduğu halda, iddiaçı cavabdeh qurumla üçüncü şəxslərlə bağlanmış özəlləşdirməyə dair sənədlərin təqdim olunmasını xahiş edir ki, qanunvericiliyə əsasən qeyd olunan sənədlər yalnız onların bilavasitə aid olduğu şəxslərə təqdim oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericilikdə daşınmaz əmlak üzərində qeydə alınmış hüquqlara dair məlumat verilməli olan şəxslərin siyahısı konkret olaraq göstərilmişdir və "xxxx" ASC-yə dair iddiaçının adına hər hansı hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Xidmət tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbini təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş edi. TƏTBİQ EDİLƏN HÜQUQ “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun ... Maddə 2. İnformasiya əldə etmək azadlığı 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3. İnformasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4. Fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. ... Maddə 4. Qanunun tənzimləmə sahəsi 4.1. Bu Qanunla aşağıdakılar müəyyənləşdirilir: 4.1.1. informasiyanın əldə olunmasının şərtləri, qaydaları və formaları, habelə informasiya sahibinin bu cür informasiyanı təqdim etməkdən imtinasının əsasları; 4.1.2. ictimai informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətlər və həmin informasiyanın digər qanunlarla tənzimlənməyən hissəsinin açıqlanma və təqdim edilmə qaydaları; ... 6.1.6. informasiyanın əldə edilməsinin bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmaması; ... 21.2. İnformasiya sahibi aşağıdakı hallarda sorğunun icrasından imtina edə bilər: .... 21.2.2. bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində nəzərdə tutulan hüquqi və fiziki şəxslərdən sorğulanan informasiya bu Qanunun 9.1.2-ci və 9.3-cü maddələrində göstərilən vəzifələrin yerinə yetirilməsinə aid deyilsə; Maddə 29. İnformasiya sahibinin informasiyanı açıqlamaq vəzifəsi 29.1. İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş aşağıdakı informasiyaları açıqlamalıdır: 29.1.1. ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası; 29.1.2. büdcə proqnozları; 29.1.3. dövlət orqanlarının struktur bölmələri haqqında əsasnamələr; 29.1.4. dövlət orqanlarının və bələdiyyələrin fəaliyyətləri ilə bağlı hazırlanmış təlimatlar; 29.1.5. dövlət orqanlarının və bələdiyyələrin ştat cədvəlləri, həmin idarələrdə çalışan vəzifəli şəxslərin adları, soyadları, telefon nömrələri, elektron poçt ünvanları, həmçinin onların təhsili və ixtisasları barədə məlumatlar; 29.1.6. dövlət orqanlarının və bələdiyyələrin fəaliyyəti barədə hesabatlar; 29.1.7. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) rəhbər orqanlarında çalışanların adları və soyadları, elektron poçt ünvanları; 29.1.8. dövlət və bələdiyyə satınalmalarının şərtləri, nəticəsi, eləcə də dövlət və bələdiyyə əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar; 29.1.9. bu Qanunun 9.1-ci maddəsi ilə müəyyənləşdirilən informasiya sahiblərinin aldıqları kreditlər, qrantlar onların şərtləri və istifadəsi haqqında məlumatlar; 29.1.10. normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan; 29.1.11. normativ hüquqi aktlar qüvvəyə mindiyi gündən; 29.1.12. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin) fəaliyyətinə dair hesabatlar, onların gəlirləri və xərcləri barədə məlumatlar; 29.1.13. dövlət büdcəsinin və icmal büdcənin icrası barədə hesabatlar; 29.1.14. ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına, təhlükəli ekoloji təsirlərə və ətraf mühitə təsirin qiymətləndirilməsinə dair məlumatlar; 29.1.15. dövlət orqanlarının və bələdiyyələrin əmr, sərəncam və qərarları - əmr, sərəncam və qərarlar qüvvəyə mindiyi gündən; 29.1.16. dövlətin ictimai əhəmiyyətli konsepsiyalarının, inkişaf planlarının və proqramlarının layihələri təsdiq olunmağa təqdim edilənədək; 29.1.17. dövlət orqanlarının və bələdiyyələrin vakansiyaları haqqında məlumatlar; 29.1.18. dövlət orqanlarının və bələdiyyələrin mal və xidmətlərinə dair məlumatlar; 29.1.19. dövlət orqanları və bələdiyyələr tərəfindən təsis edilmiş və ya onların iştirakı ilə fəaliyyət göstərən özəl hüquqi şəxslərə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə dair məlumatlar; 29.1.20. kütləvi tədbirlərin proqramları; 29.1.21. dövlət orqanlarının və bələdiyyələrin göstərdikləri xidmətlə bağlı dəyişikliklərə dair məlumatlar - bu dəyişikliyin edilməsinə ən geci on gün qalanadək; 29.1.22. dövlət və bələdiyyə orqanları rəhbərlərinin qəbul saatları barədə məlumatlar; 29.1.23. dövlət və bələdiyyə müəssisələrində qüvvədə olan əmək haqqı dərəcələri, əməyin ödənilməsinə dair təlimatlar, habelə əlavə haqların ödənilməsi qaydaları və xüsusi güzəştlər barədə məlumatlar; 29.1.24. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslərin (o cümlədən publik hüquqi şəxslərin), həmçinin, normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi və fiziki şəxslərin bu funksiyaların yerinə yetirilməsi ilə bağlı malik olduqları informasiyalar; 29.1.25. təbii inhisar subyektləri – istehsalını (satışını) həyata keçirdikləri məhsulların siyahısı, məhsullar üzrə qiymətlərin siyahısı (tənzimlənən və tənzimlənməyən qiymətləri fərqləndirməklə), müştərilər tərəfindən məhsulların əldə edilməsi (qoşulması, istifadə edilməsi) üçün tələb olunan şərtlər, müqavilənin forması və bağlanılması qaydası, müştərilər tərəfindən şikayətlərin edilməsi qaydasına aid informasiyalar 29.1.26. tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyrikommersiya təşkilatlarına, büdcədənkənar fondlara, həmçinin dövlətin üzv olduğu və ya iştirak etdiyi kommersiya birliklərinə dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar; 29.1.27. əhaliyə göstərilən ictimai xidmətlər haqqında, habelə xidmət göstərilməsi zamanı onların qiymətlərində edilən dəyişikliklər barədə məlumatlar - bu dəyişikliklər edilənədək; 29.1.28. məhkəmə aktları; 29.1.29. qanunla nəzərdə tutulduğu həddə dövlət reyestrləri haqqında məlumatlar; 29.1.30. informasiya sahiblərinin reyestri; 29.1.31. ictimai rəy sorğusunun nəticələri; 29.1.32. informasiya sahibinin mülkiyyəti və mülkiyyət öhdəliyi haqqında məlumatlar; 29.1.33. dövlət sirri təşkil edən məlumatların siyahısı; 29.1.34. açıqlanması xüsusi qanunla, beynəlxalq müqavilələrlə və ya onların əsasında qəbul edilən normativ aktlarla müəyyənləşdirilən informasiyalar, yaxud informasiya sahibinin açıqlanmasını zəruri saydığı digər məlumatlar. 29.2. Bu Qanunun 29.1-ci maddəsində göstərilən ictimai informasiyalar bu Qanunun 22.4-cü maddəsində nəzərdə tutulan hallardan başqa, informasiya sorğusunun predmeti ola bilməz. ... Maddə 34. İnformasiyanın təsnifatı 34.1. Əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. 34.2. Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. 34.3. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur. 34.4. Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, konfidensial xarakter daşıyır. Fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 5. Dövlət reyestrinin açıqlığı 5.1. Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.
İDDİANİN NÖVÜ VƏ MÜMKÜNLÜYÜ VƏ BUNA DAİR MƏHKƏMƏNİN MÖVQEYİ
İlk olaraq, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün prosessual məcəllələrdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, məhkəmə icraatında prosessual qaydaları tənzim edir. Prosessual məcəllələr məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir. Prosessual qanunun normaları məhkəmə icraatının gedişatını, həmçinin prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı) Məhkəmə qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyrimüəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran amillər nəzərdə tutulmuşdur. Bu qəbil məhdudlaşdırıcı tədbirlərdən biri də iddianın məhkəmə tərəfindən mümkün sayılmasıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. İddia qaldırmaq səlahiyyətinin mövcudluğundan o vaxt bəhs oluna bilər ki, inzibati akt və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulma imkanı olsun. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Beləliklə, inzibati prosessual qanunvericilik məhkəmələrdən tələb edir ki, onlar ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlasınlar. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bunun əksinə olaraq, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Məhz bu kontekstdə iddia ərizəsinə münasibətdə qeyd edilməlidir ki, iddia ərizəsinin dəlilləri əsassızdır. Belə ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi və yaxud təsdiq edilməsi məqsədi ilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi ilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2014-cü il tarixli 203 saylı sərəncamı ilə Bakı şəhəri İstehlak Bazarı və xidmət departamentinin 4 nömrəli bazarını investisiya müsabiqəsi yolu ilə "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsinə dair hüquqverici sənədlərin təqdim edilməsinə nail olmaq niyyətindədir. İddia tələbinə münasibətdə ilkin olaraq qeyd edilməlidir ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.1, 2.2 və 2.3.2.-ci maddələrinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. İnformasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Həmin Qanunun 3.0.1, 3.0.5 və 3.0.6-cı maddələrində isə təsbit edilmişdir ki, informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır; informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir; informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Həmin Qanunun 21.3-cü maddəsində isə təsbit edilmişdir ki, informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. İşin hallarından görünür ki, cavabdeh informasiya sorğusunu icra etməkdən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə istinadla imtina etmişdir. Həmin Qanunun 34-cü maddəsində təsbit edilmişdir ki, əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur. Həmin Qanunun 34.4-cü maddəsində dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, konfidensial xarakter daşıyır. Məhkəmə bu konteksdə qeyd edir ki, iddiaçının cavabdehə müraciətinin mahiyyətcə informasiya sorğusu qaydasında sənədlərin əldə edilməsinə yönəldiyi barədə iddiası əsassız sayılmalıdır. Belə ki, "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsinə dair hüquqvericisənədlərin sənədlər “İnformasiya əldə etmək haqqında” Qanun anlamında məlumat sayıla bilməz. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə, informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır, 3.0.3-cü maddəsinə görə ictimai informasiya - qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, məlumatlardır. Beynəlxalq standartlarda informasiyaya verilən anlayış predmetlər, faktlar, ideyalar və sair barədə konkret kontekstə münasibətdə insanların bölüşə biləcəyi bilgiləri ehtiva edir (İSO/İEC 10746-2:1996). Və yaxud yenə də beynəlxalq standartlarda informasiyaya verilən anlayış müəyyən kontekstə münasibətdə konkret məna daşıyan faktlar, hadisələr, əşyalar, ideya və anlayışlar barədə məlumatları ifadə edir (İSO/İEC 2382:2015). İstinad edilən həmin sənədlərə görə informasiyanın qeyd edilən bölüşmə, mübadilə predmeti keyfiyyəti əldə etməsi üçün hər şeydən əvvəl informasiyanın məlumata çevrilməsi tələb olunur. Bu mənada informasiya şifahi, yazılı və ya hər hansı digər üsulla ötürülən məlumatlar anlamında qəbul edilməlidir. Məhkəmə informasiya anlayışının hətta beynəlxalq səviyyəli sənədlərdə diskussiya predmeti olduğunu nəzərə alaraq qeyd edir ki, hipotetik olaraq iddiaçı tərəfindən ona verilməsi tələb olunan sənədlərin informasiya anlayışı ilə əhatə olunduğu qəbul edilsə belə, onun verilməsi qanunla məhdudlaşdırılmışdır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-1-ci maddəsinə görə, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, .....digər şəxslərin hüquq və azadlıqlarının.... qorunması məqsədlərinə zidd olmasın. Məhkəmə bu konteksdə qeyd edir ki, “İnformasiya əldə etmək haqqında” Qanun informasiyanın əldə edilməsinin iki müxtəlif üsulunu fərqləndirir – informasiyanın sorğu əsasında əldə edilməsi və informasiyanın açıqlanması. Qanunun 29-cu maddəsində sadalanmış informasiyaları açıqlamaq informasiya sahibinin vəzifəsidir və bunun üçün informasiya sorğusu tələb olunmur. İddiaçının tələb etdiyi informasiya isə həmin maddədə sadalanmış informasiyaların sırasına daxil deyil və təbiəti etibarilə daxil ola da bilməz. Çünki həmin maddədə yalnız ümumi ictimai əhəmiyyət kəsb məlumatların dairəsinə daxil olan informasiyalardan bəhs edilir və cəmiyyət maraqları naminə onların sorğusuz açıqlanmalı olduğu imperativ qaydada müəyyən edilir. İddiaçı isə fərdi xarakterli məlumatın verilməsini tələb etdiyi üçün onun müraciəti informasiyanın sorğu əsasında əldə edilməsi halına aiddir. Belə olan halda, tələb olunan məlumat Qanunun 29-cu maddəsində sadalanan informasiyalar dairəsinə aid deyildir. Eyni zamanda məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Qanunun 34-cü maddəsində təsbit edilmişdir ki, fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. Mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, konfidensial xarakter daşıyır. Belə ki, iddiaçının ona verilməsini tələb etdiyi sənədlər hipotetik olaraq informasiya sayılsa belə, hazırki halda "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsinə dair hüquqvericisənədlərin sənədlərin hazırkı halda ASC-nin mülkiyyət hüquqları qanunla qorunduğundan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qeydiyyatına alınmış hüquqlar barədə məlumat hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verildiyini nəzərə alaraq, onların razılığı olmadan "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsinə dair hüquqvericisənədlərin hər hansı vətəndaşa verilə bilməz. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsinə dair hüquqvericisənədlərin sənədləri cavabdehdən tələb etməkdə haqlı sayıla bilməz. İstinad olunan normalar baxımından "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsinə dair hüquqvericisənədlərin sənədlərin “İnformasiya əldə etmək haqqında” qanunun 34.4cü maddəsinə əsasən konfidensial xarakter daşıdığından cavabdehin iddiaçı qarşısında həmin sənədlərin iddiaçıya təqdim etmək öhdəliyi və bu öhdəliyi yaradan maddi-hüquqi əsas mövcud deyildir. Məhkəmənin qənaətinə görə bu halların mövcudluğu iddiaçının İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından hazırkı iddianı qaldırmağa dair subyektiv hüququnun olmadığını təsdiq edir. Belə olduqda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin adına özəlləşdirmişdirilməsi bağlı hər hansı subyektiv hüquqlarının pozulmasını əsaslandıra bilməmişdir. Məhkəmə bu məqamda qeyd edir ki, iddiaçının hazır ki iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olması halının müəyyən edilməsi mümkün olmamışdır, başqa sözlə desək bu iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ mövcud deyildir. Eyni zamanda məhkəmə subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçının subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı) Subyektiv hüquq və ya başqa sözlə “subyektin hüququ” - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, o mümkün iddia kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev