Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7195/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi – X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasının A130/23 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının A130/23 saylı, xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, iddia nömrəsi 2023 01253 olan “Günaydın” söz işarəsindən ibarət olan əmtəə nişanı barəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin 2023-cü il 11 iyul tarixli 22 №li Protokolla təsdiq edilmiş “Əmtəə nişanını qeydiyyata almaqdan imtina edilməsi haqqında Qərarı”nda göstərilən qeydiyyat nömrəsi 2017 0188 olan əmtəə nişanı ƏXBT-nin bütün digər sinifləri ilə yanaşı, 29-cu sinfindəki bu əmtəələr üzrə də (“Ət, balıq, quş və ov quşu əti; və ət ekstraktları; Konservləşdirilmiş qurudulmuş və istilik emalına uğradılmış tərəvəzlər və meyvələr, jele, mürəbbə, kompotlar yumurta, süd və süd məhsulları və qida yağları və piyləri") qeydiyyata alınmasına baxmayaraq, həmin əmtəə nişanının sahibi uzun müddətdir ki, 29-cu sinfindəki əmtəələrdən istifadə etmir. Sözü gedən məhsulların istifadəsi onun tərəfindən həyata keçirilir. Belə ki, qeydiyyat nömrəsi 2017 0188 olan əmtəə nişanının hüquq sahibi həmin əmtəə nişanından ƏXBT-nin 29-cu sinfindəki bu əmtəələr ("ət, balıq, quş və ov quşu əti; və Ət ekstraktları; Konservləşdirilmiş, qurudulmuş və istilik emalına uğradılmış tərəvəzlər və meyvələr, jele, mürəbbə, kompotlar, yumurta, süd və süd məhsulları; və qida yağları və piyləri") üçün istifadə etmir və müvafiq sahə üzrə kommersiya fəaliyyəti göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, “Səhliyalı” kiçik müəssisəsi inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin müvafiq sərəncamı ilə cavabdeh inzibati orqanlara və üçüncü şəxsə təqdim edilmiş, cavabdehlərə və üçüncü şəxslərə iddia ilə bağlı yazılı münasibəti (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanların və üçüncü şəxsin iddiaya dair etirazları məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi – X3 izahatında iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, hazırda iddiaçı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasının A130/23 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv olunmasını xahiş edir ki, qeyd olunan iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Qərarın “giriş” hissəsində göstərilmişdir ki, Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanovun 03 noyabr 2023-cü il tarixli dərkənarı ilə təsdiq edilmişdir. Qərarın nəticə hissəsində qeyd olunmuşdur ki, Apellyasiya Şurasının qərarından alındığı tarixdən 3 (üç) ay ərzində İPM ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər. İş materiallarına əlavə olunmuş “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”nin surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasının A130/23 saylı, xx.xx.2023-cü il tarixli qərarı İddiaçı xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim olunmuşdur. Belə olan halda həmin qərardan şikayət verilməsinin son müddəti (İddiaçı münasibətdə) xx.xx.2024-cü il (17-xx.xx.2024-cü il tarixləri şənbə və bazar günləri olduğundan) tarixidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İddia ərizəsinə əlavə olunmuş ərizənin məhkəməyə göndərildiyi sürətli poçt xidmətinin 128248 №li qaiməsində olan qeydlərə əsasən iddia ərizəsi məhkəməyə göndərilməsi üçün xx.xx.2024-cü il tarixdə (Əqli Mülkiyyət Agentliyinin sədrinin dərkənarı ilə qərarın təsdiq olunduğu 03 noyabr 2023-cü il tarixdən 3 ay ərzində) həmin xidmətə təqdim olunmuş və sonuncu tərəfindən həmin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə, yəni onlara təqdim olunduğu gündən 24 gün sonra məhkəməyə çatdırılmışdır. Halbuki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş sənədlər, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra təqdim olunmuş sayılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət olunması üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə müvafiq olaraq iddia müddətini ötürdüyündən və məhkəmə qaydasında mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmayan qərarı mübahisələndirdiyindən iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində Mübahisələrə baxan Apellyasiya Şurasına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev