Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-721/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi X3 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qulluq stajına görə əmək pensiyasına əlavələr də nəzərə alınmaqla iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixində yaşa görə əmək pensiyasına çıxmışdır. 1978-ci ildən başlayaraq 2021-ci ilədək müxtəlif dövlət orqanları və publik hüquqi şəxslərdə əmək fəaliyyəti ilə məşğul olmuş və ümumilikdə 43 ilə yaxın sığorta stajı mövcuddur. Qeyd etdiyi əmək fəaliyyəti dövrünün xx.xx.2002-ci ildən xx.xx.2017-ci ilədək olan hissəsini Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində (daha sonra isə onun əsasında yaradılmış Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində) dövlət qulluqçusu statusu ilə müxtəlif dövlət qulluğu vəzifələrində çalışmışdır. Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 1234 №-li Fərmanının 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edən bir ay müddətində “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin yaradılması həvalə edilmiş, həmin Fərmanın 5-ci bəndinə əsasən həmin Fərmanın 3.1-3.4-cü bəndlərində nəzərdə tutulan publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin, Dövlət Metrologiya Xidmətinin və Dövlət Akkreditasiya Xidmətinin ləğv edildiyi müəyyən olunmuşdur. Məhz “Azərbaycan Metrologiya İnstitutu" publik hüquqi şəxsinin yaradılması və müvafiq dövlət qurumlarının ləğv edilməsi səbəbilə xx.xx.2017-ci il tarixdə dövlət qulluğuna xitam verilərək Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxsinə baş direktor müavini vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğu vəzifəsinə xitam verildiyi xx.xx.2017-ci il tarixdə iddiaçı artıq 14 ildən artıq müddətdir ki, (xx.xx.2002-ci ildən başlayaraq) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qulluğu vəzifəsində qulluq stajına malik idi. Qanunun 4-cü maddəsindən göründüyü kimi dövlət qulluğuna xitam verildiyi xx.xx.2017-ci il tarixdə iddiaçının 61 yaşı olmuş və həmin tarixdə əmək pensiyası yaşı kişilər üçün 63 yaş olaraq müəyyən edilmişdir. Beləliklə, həmin tarixdə əmək pensiyası yaşına çatmağına 2 ildən daha az müddət qaldıgından bu vəziyyətdə 20.11-1-ci maddənin bütün tələbləri ödənilir. Digər tərəfdən iddiaçı 1980-1982ci illərdə Marksizm-Leninizm Universitetində təhsil almışdır. Həmin Universitetdə təhsil aldığı dövr də siyasi partiyada fəaliyyətə bərabər tutulurdu. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «M» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin ğ) bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Təhsil aldığı Universitetdəki dövrün siyasi partiyada fəaliyyətə bərabər tutulduğunu nəzərə alaraq həmin dövrün də dövlət qulluğu vəzifəsində qulluq stajı olaraq nəzərə alınmalı olduğunu hesab edir. O cümlədən, hərbi biletindən də göründüyü kimi 1977-ci ildə hərbi xidmətdə olmuşdur. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Hüquq münasibətinə verilməli olan qiymət onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Yuxarıda qeyd olunan hallar Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara uyğun olaraq iddiaçıya dövlət qulluğu vəzifəsində qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ verir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, İddiaçı 15 noyabr 2021-ci il tarixli ərizəsi ilə cavabdeh orqana müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 20.11-1-ci maddəsinə əsasən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən vətəndaşa ünvanlanmış 08 dekabr 2021-ci il tarixli məktuba müvafiq olaraq vətəndaşın publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluğuna xitam verilməsini təsdiq edən sənədin təqdim edilməsi əsası ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd edir ki, iddiaçı 22 iyun 2017-ci il tarixdə yeni publik hüquqi şəxsin yaradılması səbəbi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qulluğuna xitam verildiyini və həmin vaxt 14 ildən artıq dövlət qulluqçusu kimi stajı olması səbəbindən sözügedən Qanunun 20.11-1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququnun mövcud olduğunu iddia edir. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İddiaçının işdən azad olduğu tarixdə (xx.xx.2017) qanunda qeyd edilən yaş həddinə çatması hazırki məhkəmə mübahisəsinin mübahisələndirilməyən halıdır. Lakin iddiaçının cavabdeh orqana təqdim etdiyi əmək kitabçasında xx.xx.2017-ci il tarixdə dövlət qulluğuna xitam verilməsinin əsası olaraq həmin Qanunun 33.1.1-ci maddəsinə istinad edilmişdir. Qeyd olunanları nəzərə alaraq, 08 dekabr 2021-ci il tarixli məktuba müvafiq olaraq İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi məsələsinə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar iddiaçının dövlət qulluquna xitam verilməsinə dair müvafiq arayışı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. Lakin iddiaçı tələb olunan müvafiq arayışı Mərkəzi Filiala təqdim etməmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli müraciətindən görünür ki, o hazırki iddia tələbi ilə cavabdehə müaciət edərək, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. - GJE seriyalı 105658 saylı poçt qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə cavabdehə müaciəti xx.xx.2021-ci il tarixdə cavabdeh orqana daxil olmuşdur. - İddiaçıya məxsus 320 saylı 7 iyun 1982-ci il tarixli diplomdan görünür ki, iddiaçı 1980-1982-ci illərdə Azərbaycan KPMK-nin Marksizm-Leninizm Universitetinin Sumqayıt Filialında təhsil almışdır. - İddiaçıya məxsus 769350 saylı xx.xx.1978-ci il tarixli diplomdan görünür ki, iddiaçı 1973-1978-ci illərdə M.Əzizbəyov adına X11 Ordenli Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almışdır. - İddiaçıya məxsus xx.xx.1978-ci il tarixdə tərtib edilmiş ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən Neftximavtmak ETLİ-də 6-5 laboratoriyasında mühəndis (əmr №47-k, xx.xx.1978), xx.xx.1980-ci il tarixdən 10-1 laboratoriyasında mühəndis (əmr №1-1, 2.01.1980), xx.xx.1982-ci il tarixdən kiçik elmi işçi (əmr № 60/k, xx.xx.1982), xx.xx.1985-ci il tarixdən ETO-13-də eyni vəzifədə (əmr №43-k, xx.xx.1985-ci il), xx.xx.1986-cı il tarixdən elmi əməkdaş (əmr №91k, xx.xx.1986), xx.xx.1990-cı il tarixdən 10-3 ETQ-də müdir (əmr №165-k, xx.xx.1990), xx.xx.1993-cü il tarixdən ixtisaslaşdırılmış inklinometrik və ultrsəs çevirici və kontinental şelf obyektləri üçün sistemlər laboratoriyasında müdir (əmr №55k, xx.xx.1993), xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək 8 saylı elmi tədqiqat bölməsində müdir (əmr №38, xx.xx.1998), xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə X2 İdarəsinin rəisi (əmr №006, xx.xx.2002), xx.xx.2003-cü il tarixdən metrologiya şöbəsinin rəisi (əmr № 229-k,xx.xx.2003), xx.xx.2006-ci il tarixdən Mərkəzi Aparatın metrologiya şöbəsinin müdiri vəzifəsində işləmiş (əmr №022, xx.xx.2006), xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmış, xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Mərkəzi Aparatın metrologiya şöbəsinin müdiri (əmr № 117-k,01.09.09), xx.xx.2010-cu il tarixdən Komitənin 4 saylı ərazi Dövlət Nəzarəti İdarəsinin rəisi (əmr №003-k,xx.xx.2010), xx.xx.2010-cu il tarixdən Komitənin 4 saylı ərazi Sınaq Sertifikatlaşdırma İdarəsinin rəisi (əmr № 012-k, xx.xx.2010), xx.xx.2010-cu il tarixdən X7 İdarəsinin rəisi (əmr № 101, xx.xx.2010), xx.xx.2012-ci il tarixdən Şəki İdarəsinin rəisi (əmr №079, xx.xx.2012), xx.xx.2013-cü il tarixdən Komitənin Aparatının metrologiya şöbəsində müdir (əmr №067, xx.xx.2013), xx.xx.2017-ci il tarixdən (əmr №036-k, xx.xx.2017) xx.xx.2017-ci il tarixədək Aparatın metroloji təminat şöbəsinin texnoloji proseslərin metroloji təminat sektorunun müdiri, həmin tarixdə vəzifəsinə xitam verilmiş, xx.xx.2017-ci il tarixdən Azərbaycan Metrologiya İnstitutu X12 baş direktor müavini vəzifəsinə təyin edilmiş (əmr №082-k, xx.xx.2017), xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək direktor vəzifəsinin icraçısı (əmr №126-k,xx.xx.2017), xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Aparatın metroloji təminat şöbəsinin texnoloji proseslərin metroloji təminat sektorunun müdiri (əmr № 012-k,xx.xx.2012), xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Metrologiya İnstitutu Publik Hüquqi şəxsin Rəhbərlikdə baş direktorun müşaviri (əmr №097, xx.xx.2018), xx.xx.2020-ci il tarixdən Azərbaycan Metrologiya İnsititutu Publik Hüquqi şəxsin Biznesin İnkişafı Departamentinin Direktoru (əmr №033, xx.xx.2020), xx.xx.2020-ci il tarixdən X4 Departamentinin direktorunun müşaviri (əmr № 046-k, xx.xx.2020) vəzifələrində işləmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavab verilməmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hüquqlarını pozur.
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanun: Maddə 2.1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşlarının bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası almaq hüququ vardır. Maddə 12.1. Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə 2.5 Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Maddə 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə 22.1. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. Maddə 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Maddə 22.7. Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Maddə 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Maddə 33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə;... Maddə 34. Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ...20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarına əsasən:
1. Bu Qaydalar "Dövlət qulluqçularının pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.
2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.-3.1.-ci bədlərinə əsasən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə bir ay müddətində dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edən “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin yaradılması tapşırılmışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də, onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin dəlillərinə görə publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluğuna xitam verilməsini təsdiq edən sənədin təqdim edilməməsi əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki iddiaçının əmək kitabşasından göründüyü kimi o, xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə X2 İdarəsinin rəisi, xx.xx.2003-cü il tarixdən metrologiya şöbəsinin rəisi, xx.xx.2006-ci il tarixdən Mərkəzi Aparatın metrologiya şöbəsinin müdiri, xx.xx.2009-cu il tarixdən (xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır) Mərkəzi Aparatın metrologiya şöbəsinin müdiri, xx.xx.2010-cu il tarixdən 4 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin rəisi, xx.xx.2010-cu il tarixən Komitənin 4 saylı Ərazi Sınaq Sertifikatlaşdırma İdarəsinin rəisi, xx.xx.2010-cu il tarixdən Dövlət Nəzarət İdarəsinin rəisi, xx.xx.2012-ci il tarixdən Şəki İdarəsinin rəisi, xx.xx.2013-cü il tarixdən Aparatın metrologiya şöbəsinin müdiri, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Aparatın metroloji təminat şöbəsinin texnoloji proseslərin metroloji təminat sektorunun müdiri vəzifələrində işləyərək ümumilikdə 14 il 7 ay 21 gün dövlət qulluğunda xidmət etmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-1.-ci maddəsinə görə dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Həmin normanın məzmunu xx.xx.2017-ci il tarixdən qüvvəyə minən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.2-1.-ci maddəsində də təkrarlanaraq dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusuna dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda əmək pensiyasına əlavə almaq hüququnu verir. Bununla da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-1.-ci maddəsinin iddiaçıya şamil edilməsi üçün 2 əsas senzin ödənilməsi tələb olunur: əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalması və dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajının olması. Hazırki işin hallarından göründüyü kimi iddiaçının dövlət qulluğuna xitam verildiyi xx.xx.2017-ci il tarixdə 61 yaşı tamam oldugundan həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən əmək pensiyası yaşı kişilər üçün 63 yaş oldugundan onun nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmasına dair yaş senzi ona münasibətdə ödənilir. Belə ki, cavabdeh də bu şərti mübahisələndirmir. İkinci senzlə baglı isə qeyd edilməlidir ki, Qanunda göstərilmiş “publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə” cümləsinin isə cavabdehin dəlillərinə görə məhz “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.2-ci maddəsində nəzərdə tutulmuş dövlət orqanının ləğv edildiyi şərti ilə deyil, həm də 33.1.1-ci maddəsində nəzərdə tutulmuş dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi şərti ilə də baş verə biləcəyini, yəni qanunverici burda əsas şərtindövlət qulluğundan azad edilmənin baş verməsini və bu şərtlərdən ən azı birinin mövcud olduqda tətbiq oluna biləcəyi nəzərdə tutur. Odur ki, məhkəmənin mövqeyinə görə iddiaçının təqdim etdiyi əmək kitabçasında xx.xx.2017-ci il tarixdə onun dövlət qulluğuna xitam verilməsinin əsası olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə istinad edildiyinə görə 14 il 7 ay 21 gün dövlət qulluğunda xidmət etmiş şəxsə münasibətdə ona dövlət qulluqçusu kimi pensiya təyinatından inzibati orqanın imtina etməsi formal yanaşma kimi qiymətləndirilməlidir. Cavabdeh orqan onu da nəzərə almamışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 1234 №-li Fərmanının 3.1-ci bəndinə əsasən “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin yaradılması və həmin Fərmanın 5-ci bəndinə əsasən həmin Fərmanın 3.1-3.4-cü bəndlərində nəzərdə tutulan müvafiq dövlət qurumlarının ləğv edilməsi səbəbilə iddiaçının da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət qulluğuna xitam verildiyi 22 iyun 2017-ci il tarixə onun 14 ildən artıq dövlət qulluqçusu kimi stajının topladıgına baxmayaraq “Dövlət qulluğu haqqında” Qanunun 33.1.2.-ci maddəsi əvəzinə, həmin Qanunun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verilməsinin rəsmiləşdirilməsi, daha sonra isə helə həmin tarixdə onun Azərbaycan Metrologiya İnstitutu X12 baş direktor müavini vəzifəsinə təyin edilməsi məhz inzibati orqanın iddiaçının vəziyyətində formal rəsmiləşdirmənin düzgün aparılmamasına dəlalət edir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Ləgv edilmiş orqanın hərəkətləri nəticəsində baş vermiş yuxarıda qeyd olunmuş və cavabdehin dəlillərinin əsasını təşkil edən bu hala məhkəmə formal tələb kimi yanaşaraq iddiaçının fərdi situasiyası nəzərə alınmaqla bu halda “qazanılmış hüquq” və “ağlabatan mütənasiblik əlaqəsi” prinsiplərini tətbiq etməyi zəruri bilir. Çünki Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə iddiaçıya münasibətdə fərqli rəftarın X10 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçının fərdi situasiyası nəzərə alınmaqla “ağlabatan mütənasiblik əlaqəsi” mövcud olmuş olmalıdır. Avropa Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X5rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər. Göründüyü ki, cavabdeh inzibati orqanın iddiaçıya qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia əsaslıdır və iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-1-ci maddəsi tətbiq edilərək qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı qulluq stajına görə əmək pensiyasına əlavələr nəzərə alınmaqla dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva