Məhkəmə qərarları › İş №2-1(112)-7219/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7219/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7219/2024 30.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısına salınma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1994-xx.xx.2016-cı il tarixlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi keçmişdir. Xidmət müddəti bitdiyinə görə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Xidmət dövründə "Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Prezidentin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq Silahlı Qüvvələrdə 20 təqvim ili qüsursuz xidmət edən hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına (bundan sonra - "Mənzil Siyahısı") daxil edilmişdir. Sonrada adı Mənzil Siyahısından çıxarılmışdır. Buna səbəb xx.xx.2008-xx.xx.2011-ci illərdə 3 il müddətində məhkum olunmağıdır. Adının Mənzil Siyahısından çıxarılması qanunsuz və əsassız olduğundan Mənzil Siyahısına barəsində olan məlumatların bərpası barədə Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Hesab edir ki, dövlət vəsaiti hesabına mənzillə təmin edilməli hərbi qulluqçuların siyahısına adının daxil edilməsi öhdəliyi Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Belə ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa onun hüququnun yarandığı dövrdə, yəni ehtiyata buraxıldığı 2016-cı ildə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma mənzil hüququnun yarandığı tarixdən sonra, yəni xx.xx.2021-ci il tarixli Fərmanın 3-1-ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir. Odur ki, hüquqi vəziyyətini pisləşdirən normativ akt kimi Prezidentin xx.xx.2011-ci il tarixli, 569 nömrəli Fərmanının xx.xx.2021-ci il tarixdən sonra qüvvədə olan müddəaları geri şamil edilə və barəsində tətbiq edilə bilməz.

3. Cavabdeh Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi iddiaçının müraciətinə imtina məktubunda bildirmişdir ki, ““Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ümumi təqvim xidmət ilindən məhkumluğun ödənildiyi və ya götürüldüyü tarix çıxıldıqdan sonra 20 (iyirmi) təqvim xidmət ili qaldığı təqdirdə adınız hərbi qulluqçuların adlı siyahısına daxil edilə bilər. Sizin Azərbaycan Ordusu sıralarında ümumi xidmət təqvim iliniz (xx.xx.1994-xx.xx.2016) 22 (iyirmi iki) il, 06 (altı) ay, Bakı Hərbi Məhkəməsinin 31 iyul 2008-ci il tarixli hökmü ilə 3 (üç) il sınaq müddəti müəyyən edilməklə təyin olunmuş şərti cəzaya əsasən məhkumluğ müddəti 3 (üç) il təşkil edir. Qeyd olunan Fərmanın tələblərinə əsasən ümumi xidmət təqvim ilindən məhkumluğ müddəti çıxıldıqdan sonra 20 (iyirmi) təqvim iliniz olmadığı üçün Sizin dövlət vəsaiti hesabına mənzil təminatınız adı çəkilən Fərmanın təsiri xaricindədir.”

4. Cavabdehin iddia qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçularının siyahısına daxil edilməsi” tələbi əsasızdır. Belə ki, Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin xx.xx.2024-cü il tarixli, 22/655 nömrəli məktubunda İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət müddətinin (xx.xx.1994-xx.xx.2016) 22 (iyirmi iki) il, 06 (altı) ay, Bakı Hərbi Məhkəməsinin 31 iyul 2008-ci il tarixli 3 (üç) il sınaq müddəti müəyyən edilməklə təyin olunmuş şərti cəzaya əsasən məhkumluq müddəti 3 (üç) il təşkil edir. İddiaçının ümumi xidmət təqvim ilindən məhkumluq müddəti çıxıldıqdan sonra 20 (iyirmi) təqvim ili olmadığı üçün onun dövlət vəsaiti hesabına mənzillə təmin olunması bu Fərmanın təsirinin xaricində olunduğu qeyd edilmişdir. Odur ki, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmana əsasən: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti nəzərə alınsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etməlidir.

8. İddiaçı inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsini tələb edir.

9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır

10. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. EZ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı N nömrəli hərbi hissədə (xx.xx.1984xx.xx.1984-cü il) vəzifəsi hərbi inşaatçı, N nömrəli hərbi hissədə (xx.xx.1984-xx.xx.1986-cı il) vəzifəsi hərbi inşaatçı olmuş, daha sonra ehtiyata buraxılmış, N saylı hərbi hissədə (xx.xx.1994-xx.xx.1997-ci il) vəzifəsi mühəndis, N saylı hərbi hissədə (xx.xx.1997-xx.xx.2007ci il, xx.xx.2007-xx.xx.2014-cü il və xx.xx.2014-xx.xx.2016-cı il) vəzifəsi mühəndis dispetçer olmuşdur.

12. Məhkəmənin sorğusuna əsasən AR Müdafiə Nazirliyinin Əsaslı Tikinti İdarəsi məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ümumi təqvim xidmət ilindən məhkumluğun ödənildiyi və ya götürüldüyü tarix çıxıldıqdan sonra 20 (iyirmi) xidmət təqvim ili qaldığı təqdirdə hərbi qulluqçunun adı adlı siyahıya daxil edilə bilər. Ehtiyatda olan kapitan İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi təqvim xidmət ili (xx.xx.1994-xx.xx.2016) 22 (iyirmi iki) il 06 (altı) ay, Bakı Hərbi Məhkəməsinin 31 iyul 2008-ci il tarixli hökmü ilə 3 (üç) il sınaq müddəti müəyyən edilməklə təyin olunmuş şərti cəzaya əsasən məhkumluq müddəti 3 (üç) il təşkil edir. Adı qeyd edilən hərbi qulluqçunun ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqdan sonra 20 (iyirmi) təqvim ili olmadığı üçün onun dövlət vəsaiti hesabına mənzil təminatı adı çəkilən Fərmanın təsiri xaricindədir.

IV. Məhkəmənin mövqeyi

13. Məhkəmənin hazırki iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022ci il tarixli 2-1(102)-357/2022 nömrəli iş üzrə qərarındakı mövqeyinə uyğundur.

14. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 saylı, xx.xx.2011-ci il tarixli Fərmanda məhz 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir.

15. Cavadeh hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ümumi təqvim xidmət ilindən məhkumluğun ödənildiyi və ya götürüldüyü tarix çıxıldıqdan sonra 20 (iyirmi) xidmət təqvim ili qaldığı təqdirdə hərbi qulluqçunun adı, adlı siyahıya daxil edilə bilər. İddiaçının isə ümumi xidmət təqvim ilindən məhkumluq müddəti çıxıldıqdan sonra 20 (iyirmi) təqvim ili yoxdur.

16. Dövlət vəsaiti hesabına mənzillə təmin edilmə imtiyazının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilməsi inzibati orqanın subyektiv fikri deyildir. Belə imtiyaz Prezidentin Fərmanı ilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. İnzibati orqan həmin şəxslərin dairəsini genişləndirə bilməz və ya 20 illik hərbi xidmət dövründə cinayət törətmiş və məhkum olunmuş şəxslərin xidmətini qüsursuz saya bilməz.

17. Sual yaranır: əgər cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi də qüsur deyildirsə qüsur nədir və nəyi qüsur saymaq olar? Yaxud 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirsə normativ hüquqi aktda qüsursuz sözü nə məqsədlə işlənmişdir və hansı məna kəsb edir?

18. Məhkumluğun ödənilməsi və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət hüquqi baxımdan bu belə də qəbul olunur. Ancaq məhkumluqla bağlı bütün hüquqi nəticələrin ləğv olunması heç də imtiyaz və güzəşt yaratmır. O cümlədən, dövlət vəsaiti hesabına mənzil almaq imtiyazı yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. Bəhs olunan Fərmanla 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara belə imtiyaz verilməmişdir.

19. İnzibati orqan bu cür hallarda, o cümlədən hazırkı mübahisəyə münasibətdə qüsursuz xidmət anlayışının təfsiri zamanı obyektiv göstəriciləri, o cümlədən şəxsin hərbi xidmətə münasibəti və hərbi peşəkarlıq səviyyəsi ilə bağlı, habelə hərbi xidmət zamanı və xidmətlə əlaqədar əldə etdiyi uğurları və onun insani keyfiyyətləri ilə bağlı faktiki halları nəzərə almalı və bunların üzərindən onun hərbi xidmətini qiymətləndirməlidir. Qiymətləndirmə zamanı inzibati orqan əlahiddə bir faktdan və ya faktiki haldan çıxış etməkdə haqlı sayıla bilməz. Şəxsin xidməti həmin anlayış prizmasından dəyərləndirilərkən, onun xidmət göstəriciləri vəhdət halında götürülməli və onlara məcmu halında qiymət verilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, belə qeyri-müəyyən anlayışlar əsasında inzibati orqanlar tərəfindən qəbul olunan qərarlar inzibati məhkəmə nəzarəti qaydasında tam şəkildə yoxlanıla bilər.

20. Hazırkı mübahisəyə münasibətdə də həmin yanaşma tətbiq olunmalı, iddiaçının hərbi xidmətinin qüsursuz olub-olmadığı və bunun üzərindən onun tələbində haqlı olub-olmadığı yuxarıda qeyd olunan obyektiv göstəricilər nəzərə alınmaqla müəyyən edilməlidir.

21. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.

22. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı 1994 - 2016-cu illər ərzində 22,6 (iyirmi iki il altı ay) təqvim ili fasiləsiz olaraq Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Xidmət müddəti bitdiyinə görə Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra Silahlı Qüvvələrdə 20 təqvim ili qüsursuz xidmət edən hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilmiş, daha sonra çıxarılmışdır. İddiaçı hərbi xidmət dövründə Bakı Hərbi Məhkəməsinin 31 iyul 2008-ci il tarixli hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmuş və 3 (üç) il sınaq müddəti təyin edilməklə cəza şərti olaraq tətbiq edilmişdir. Hökm xx.xx.2008-ci il tarixdə qanuni qüvvəyə minmiş, icra olunması üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. İddiaçı təyin olunmuş sınaq müddəti 20 avqust 2011-ci il tarixdə başa çatmışdır.

23. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə görə, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddət başa çatdıqda, məhkumluq ödənilmiş sayılır.

24. Beləliklə, iddiaçı 22 illik xidmət ilinin cəmi 3 ili üzrə barəsində məhkəmə hökmü ilə cəza təyin olunmuş, lakin şərti məhkum edilməklə cəzasını çəkmədən xidmətini davam etdirmişdir.

25. Azərbaycan Respublikası Prezidentinin ““Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli Fərmanının 3-1-ci, 3-2-ci və 3-3-cü hissələrinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdə “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ordu sıralarından ehtiyata buraxılmışdır. Nəzərə almaq lazımdır ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2016-cı il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, 15 noyabr 2021-ci il tarixli Fərmanın 3-1- ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir.

26. Məhkəmə qeyd edir ki, həmin normaların hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkünlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri və qeyd edilən normaların iddiaçının hüquqi statusuna təsiri nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

27. Bu baxımdan 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz.

28. Belə olan halda, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən, sözügedən Fərman ona da şamil edilməlidir.

29. İnzibati Prosessual Məcəllənin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

30. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar