Məhkəmə qərarları › İş №2-1(112)-7272/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7272/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7272/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti və qeyrilərinə qarşı qərarın dəyişdirilməsi və s tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabineti və qeyrilərinə qarşı qərarın dəyişdirilməsi və s barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 26.05.2021-ci il tarixli 151 saylı Qərarından görünür ki, dini ibadət yeri hesab edilən məscidlərdə eyni zamanda 50 nəfərdən artıq şəxsin ibadət etməsi qadağan edilmişdir. Metro, təyyarə, avtobus, iri ticarət mərkəzləri, bu kimi məkanlarda 50 nəfərlik məhdudiyyət olmadığı halda, məscidlərə bu formada məhdudiyyət qoyulması ayrıseçkilik və konstitusion və beynəlxalq hüquqların pozuntusudur. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Adıçəkilən Məcəllənin:

37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, bundan əlavə bir-neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsinin mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, eyni zamanda, birbiri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsi mümkün hesab edilir. X1:

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. Eyni zamanda, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iş üzrə mümkünlük şərtlərinin ödənilib-ödənilməməsinin müəyyən edilməsi üçün önəmlidir. İddia tələbindən də göründüyü kimi yuxarıda adları çəkilən prosessual qanunvericilik normalarının tələblərinə zidd olaraq iddia tələbində iddiaya mahiyyəti üzrə qiymət verilməsinə mane olan mümkünlük şərtlərinə riayət edilməmiş, cavabdehlərdən biri qismində inzibati orqan olmayan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” adı qeyd edilməyən Məscid, Cavabdeh4 qeyd edilmiş, inzibati hüquq münasibətləri ilə bağlı olmayan tələblər irəli sürülmüş, bir cavabdehə yönəlməyən bir neçə iddia tələbi eyni iddia ərizəsində qeyd edilmişdir. Məhkəmə, əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarın inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndilə bilən olubolmaması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 114. Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusu İ. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır. İİ. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır. Maddə 120. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları İ. Ümumi qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Maddə 148. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar İ. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi inzibati məhkəmələr inzibati aktın qəbulu və ya inzibati orqanların faktiki xarakterli hərəkət və hərəkətsizliyindən yaranan inzibati məhkəmə mübahisələri üzrə səlahiyyətli məhkəmə hesab edilir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qərar formasında qəbul edilən ümumi qaydalar müəyyən edən normativ hüquqi akt isə inzibati akt hesab edilmədiyindən, məhkəmə hesab edir ki, həmin aktın birinci instansiya məhkəməsində inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi yol verilməzdir. Belə ki, normativ hüquqi akt üçün ən əsas xarakterik xüsusiyyət qanunvericilik sisteminin tərkib hissəsi olmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı da məhz bu sistemin mühüm tərkib hissəsi qismində çıxış edir. Məhkəmə isə normativ hüquqi aktların işin faktiki hallarının qiymətləndirilməsi baxımından düzgün tətbiqini həyata keçirən qurum kimi ədalət mühakiməsini həyata keçirir. Məhkəmə həmçinin əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun, indiki halda icra hakimiyyətinin səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Bu səbəbdən də hazırkı iş üzrə həm normativ hüquqi aktın dəyişdirilməsi məsələsinə, o cümlədən digər qurum və ya şəxslərin normativ hüquqi aktın hazırkı redaksiyada müəyyən edilmiş müddəalarına əməl etməməsi qismində məsələyə də münasibət bildirilməsi iddianın mümkünlüyü baxımından yol verilməzdir. İddia tələbindən də göründüyü kimi iddiaçı qərarın dəyişdirilməsi ilə yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına ümumiyyətlə İdarə, Məscid və qurum tərəfindən müddəalarına əməl edilməməsini tələb edir ki, qüvvədə olan həmin qurum və ya üst qurum tərəfindən ləğv edilməmiş normativ hüquqi aktların tələblərinə riayət edilməməsini tələb etmək inzibati məhkəmə mübahisəsi kimi qiymətləndirilə bilməz və inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı isə hazırkı tələbini müdafiə etdiyini, iddia ərizəsi üzrə işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin göstərilən fomrada təmin edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim:Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar