Məhkəmə qərarları › İş №2-1(112)-7302/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7302/2023

22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7302/2023 22.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları

1. Cavabdeh xx.xx.2023-cü il tarixli 07 saylı qərarı ilə vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməsi, ümumilikdə hesablanmış 1115,41 manat, maliyyə sanksiyası üzrə 40 manat, ümumilikdə 1155,41 manat borc məbləğinin həmin şəxsdən tutulub Əhmədli Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi qərara alınmışdır.

2. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2023-cü il tarixdə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli 07 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Tərəflərin əsaslandırması

3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdehin 03 fevral 2023-cü il tarixli 07 nömrəli qərarı ilə onun tərəfindən Bələdiyyənin hesabına 1155.41 manat pul ödənilməsi qərara alınmışdır. Əhmədli Bələdiyyəsi heç bi qanuna əsaslanmayan qanunsuz bir qərar qəbul etmişdir. İddiaçı həmin ünvanda yaşasa da, mülkiyyətini təsdiq edən heç bir sənədi mövcud deyildir. Bundan əlavə, o, 2-ci qrup əlildir. Bələdiyyə orqanı bunların heç birinə məhəl qoymayaraq qanunsuz qərar qəbul etmişdir.

4. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) lll. Məhkəmənin mövqeyi

6. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

7. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2023-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2023-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1).

8. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan İddiaçı 2023-cü il üçün yerli verilər üzrə şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2019xx.xx.2023-cü illər üzrə ümumilikdə 1049,73 manat vergi borcu vardır. Həmin vərəqəyə əlavə edilmiş əlavədən görünür ki, əmlakın ünvanı ünvan 1an əmlakdır.

9. İşdə olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış evinin 600 kv.m əmlak sahəsinin 2022-ci ilin 15 avqust tarixinə qədər 1 (bir) illik əmlak vergisi 193.8 manat, torpaq vergisi isə təşkil edir. 2020-ci ildən qalan əmlak vergisi borcu 688.8 manat, Vergi məcəlləsinin 59.1-ci maddəsinə əsasən gecikdirilmiş hər bir gün üçün 0.1% faiz məbləği 232.81 faiz manat, 688.8 manat + 232.81 faiz manat + cari ilin əmlak vergi borcu 193.8 manat + cari ilin torpaq vergi borcu 3 manat - cəmi 1020.01 manat borcu vardır. Əmlak vergisini vaxtında ödəmədiyi üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən yerli (bələdiyyə) vergiləri müəyyən olunmuş müdddətdə ödənilməməsinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödəyiciyə ödənilməmiş vergi məbləğinin 0.1% həcmində faiz hesablanmışdır. Bələdiyyənin vergi Xidməti orqanının xəbərdarlığının nəzərə alınması, əmlak vergisinin ödənilməsi tövsiyə edilmişdir.

10. 25.01.2023-cü il tarixli **********4608 nömrəli tədiyə bildirişindən görünür ki, İddiaçı Ş.Səmədov, 1 ünvanında yerləşən daşınmaz əmlaka görə 2023-cü il üçün 193.8 manat əmlak vergisi, 3 manat torpaq vergisi, ötən dövrlər üzrə 787.2 manat, faiz üzrə 247.77 manat olmaqla, ümumilikdə 1231.77 manat vergi borcu hesablanmışdır.

11. Bakı şəhəri Cavabdeh 03 fevral 2023-cü il tarixli 07 saylı qərarından görünür ki, həmin qərarla vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməsi, ümumilikdə hesablanmış 1115,41 manat, maliyyə sanksiyası üzrə 40 manat, ümumilikdə 1155,41 manat borc məbləğinin ondan tutulub Əhmədli Bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi qərara alınmışdır. Qərar bununla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı (FİN xxxxxxx) mülkiyyətində olan yaşayış sahəsinə görə vergi borcunun ödənilməsi üçün tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli ev 1 ünvanında yerləşən 600 kv.m yaşayış sahəsinə görə 193.8 (yüz doxsan üç manat, 80 qəpik) manat, ötən dövrdən qalan borc 688.8 (altı yüz səksən səkkiz manat, 80 qəpik) manat, o cümlədən faiz üzrə 232.81 (iki yüz otuz iki manat, 81 qəpik) manat, ümumilikdə isə 1115.41 (min yüz on beş manat, 41 qəpik) manat borcunu ödəməmişdir.

12. İddiaçı hazırda bu qərarı mübahisələndirir.

13. Məhkəmə qeyd edir ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. - 3.2-ci maddəsinə görə yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. - 5.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. - 5.2-ci maddəsinə əsasən vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir. - 8.0-ci maddəsinə əsasən yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi; 8.0.4. bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi.

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: - 196-cı maddəsinə əsasən həmin Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. 197.1-ci maddəsinə görə aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri. - 198.1-ci maddəsinə görə fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Bakı - 0,4 (manatla).

15. İstinad olunan normalardan görünür ki, əmlak vergisi yerli vergilərə aid olmaqla bələdiyyələrə ödənilir. Qanunvericiliyə əsasən əmlak vergisi xüsusi mülkiyyətində olan tikililərə görə hər kvadratmetrinə münasibətdə ödənilir.

16. İşdən görünür ki, cavabdeh iddiaçıya əmlak vergisi hesablayarkən əmlakın ünvanı kimi tədiyyə bildirişində Xətai rayonu, Ş.Səmədov, 1-i göstərsə də, mübahisələndirilən qərarda əmlakın yerləşdiyi ünvan kimi Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli ev 1 ünvanını göstərmişdir.

17. Həmin ünvanda yerləşən əmlakın sahibinin müəyən edilməsi məqsədilə məhkəmə tərəfindən aidiyyəti dövlət orqanına müvafiq sorğu verilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 12E saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ş.Səmədov küçəsi, 1 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsi, 1 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

18. Göründüyü kimi, qanunverici yalnız fiziki şəxsin xüsusi mülkiyyətində olan əmlakı əmlak vergisinin vergitutma obyekti kimi nəzərdə tutduğu halda, cavabdeh tərəfindən iddiaçıya vergi hesablanan əmlakın onun mülkiyyətində olması müəyyən olunmur.

19. Bundan başqa, işdən görünür ki, cavabdeh iddiaçıya əmlak vergisi hesablayarkən hər dəfə fərqli ünvan və fərqli ölçüdə əmlakı qeyd etmişdir.

20. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.

21. Beləliklə, işin yuxarıda istinad olunan hallarından müəyyən olunur ki, cavabdeh mübahisəli qərarı qəbul edərkən işin hallarını tam və hərtərəfli araşdırmamış, mübahisəli əmlakın iddiaçının mülkiyyətində olub olmamasını, onun hansı ölçüdə olmasını müəyyən etməmiş, nəticədə qanunsuz əlverişsiz inzibati akt qəbul etməklə iddiaçının hüquqlarının pozulmasına yol vermişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin ediməli və cavabdehin xx.xx.2023-cü il tarixli 07 saylı qərarı ləğv edilməlidir.

22. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Cavabdeh xx.xx.2023-cü il tarixli 07 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar