Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7307/2024 14.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1rşı “işlə təmin olunma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək İddiaçı işlə təmin edilməsi vəzifəsinin cavabdeh ƏƏSMN tabeliyində X2 üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1984-cü il təvəllüdlüdür. xx.xx.2007-ci ildə Bakı Slavyan Universitetinin filologiya fakültəsindən məzun olmuşdur. İxtisası rus dili və ədəbiyyatıdır. Dövlət Miqrasiya Xidmətində 1 il məsləhətçi vəzifəsində çalışmışdır. İşə düzəlmək məqsədilə cavabdeh orqana müraciət etmişdir. xx.xx.2019-cu ildə işsiz kimi qeydiyyata alınmışdır. X5 tərəfindən xx.xx.2023-cü ildə keçirilmiş test imtahanında iştirak etmişdir. 23 bal toplamışdır və işə qəbul prosesinin növbəti mərhələsinə keçirilmişdir. Cavabeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubu təqdim edilmişdir. Məktubda qeyd edilmişdir ki, işə qəbul prosesi 3 mərhələdən ibarətdir. Namizədin işə qəbul edilməsi üçün bütün mərhələlərdən uğurla keçməsi mütləqdir. Agentlikdə mövcud olan vakant vəzifələrə uyğunluğun müəyyən edilməsi məqsədilə iddiaçının bilik səviyyəsi peşə hazırlığı, şəxsi keyfiyyət və bacarıqları, ümumi dünyagörüşü meyarları üzrə qiymətləndirilmişdir. Test mərhələsini uğurla keçmişdir. Lakin, müsahibə mərhələsində nəticə mövcud vakansiya tələbləri ilə müqayisədə yetərli olmamışdır. Həmçinin qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sistemində formalaşdırılmış vakansiya bankında münasib iş yeri yaranacağı təqdirdə işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı müsahibə mərhələsində iştirak edərkən sualları müvafiq olaraq cavablandırmışdır. Həmçinin, imtina məktubunda da müsahibə mərhələsinə dair nəticələrin hansı əsasla yetərli hesab edilməməsi əsaslandırılmamışdır. Bu fakt da imtinanın əsassız olduğu göstərir. 2019-cu ildən artıq 5 ildir ki, işə düzəlmək üçün müraciət etmişdir. 5 ildə münasib işin olmaması mümkünsüzdür. Sadəcə olaraq, cavabdeh orqan öhdəliklərini lazımi səviyyədə yerinə yetirmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Odur ki, iddiaçılar məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız hesab olunmaqla iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxs münasib iş üçün müraciət edə, həmin şəxsə münasioətdə münasib iş (işaxtaran üçün onun təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi, səhhəti, təklif edilən iş yerinə ictimai nəqliyyatla gedib-gəlməsi mümkünlüyü nəzərə alınan iş) təklif edilə bilər. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”na uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) 13 may 2019-cu il tarixdən işsiz kimi qeydiyyata alınmışdır. Hazırda MEİS-də formalaşdırılmış vakansiya bankında “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə uyğun olaraq münasib iş yeri olmadığına görə Filialın əməkdaşı tərəfindən iddiaçının məşğulluğunun təmin edilməsi üçün digər məşğulluq tədbirləri barədə məlumat verilmiş, lakin işləmək istədiyi bildirərək digər məşğulluq tədbirlərinə cəlb olunmaqdan imtina etmişdir. Qeyd edilmişdir ki, MEİS-də formalaşdırılmış vakansiya bankında münasib iş yeri yaranacağı təqdirdə iddiaçının işlə təmin olunmağı istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. Əlavə olaraq bildirilmişdir ki, Agentliyə işə qəbul prosesi 3 mərhələdən ibarətdir və namizədin işə qəbul edilməsi üçün bütün mərhələlərdən uğurlu nəticə əldə etməsi mütləqdir. İddiaçı Agentlikdə mövcud olan vakant vəzifələrə uyğunluğun müəyyən edilməsi məqsədilə bilik səviyyəsi, peşə hazırlığı, şəxsi keyfiyyət və bacarıqları, eləcə də ümumi dünyagörüşü meyarları üzrə qiymətləndirilmiş və test mərhələsini uğurla keçməyinə baxmayaraq, müsahibə mərhələsində nəticəsi vakansiyanın tələbləri ilə müqayisədə yetərli olmamışdır.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan yazılı etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə əsasən Agentlik aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik öz fəaliyyət istiqamətləri çərçivəsində işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, habelə onların yenidən əmək bazarına qayıtmasının təmin edilməsi üzrə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müxtəlif tədbirlər icra edir. Agentliyin Nizamnaməsinin 3.1.8-ci bəndinə əsasən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasını, onlara münasib iş seçimində kömək göstərilməsini və onların məşğulluğunun təmin edilməsini təşkil etmək Agentliyin vəzifələrinə daxildir. Habelə, işsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması məqsədilə fərdi məşğulluq proqramını tərtib etmək, həmin proqramın icrasına nəzarət etmək və bu məqsədlə işsiz şəxsin onun icrası ilə bağlı elektron hesabatını qəbul etmək, əmək bazarında tələb və təklif, habelə daxil olan sifarişlər əsasında əhalinin müvəqqəti məşğulluğunun təmin olunmasını əmək birjaları vasitəsilə həyata keçirmək, işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi məqsədilə əmək yarmarkaları təşkil etmək, məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədilə şəxsləri əlavə təhsilə cəlb etmək, pulsuz peşəyönümü məsləhətləri vermək, işsiz kimi qeydiyyata alınmış şəxsləri ödənişsiz əsaslarla peşə hazırlığına cəlb etmək, işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili ilə bağlı tədbirlər görmək, işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə onların haqqı ödənilən ictimai işlərə cəlb olunması ilə bağlı tədbirlər görmək, bu sahədə aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, həmçinin “Məşğulluq haqqında” Qanunun 8.0.16-cı maddəsinə əsasən məşğulluq sahəsində elektron xidmətlərin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi Agentliyin vəzifələrinə aiddir. Agentlik öz fəaliyyətində müasir korporativ standartları əsas götürərək məhz kadr siyasətini də müvafiq standartlara uyğun qurmaqdadır. Belə ki, işçilərin Agentlikdaxili vəzifəyə təyin və vəzifədən azad edilməsi aidiyyəti üzrə Nazirliklə razılaşdırılmaqla həyata keçirilməkdədir. Agentliyin Nizamnaməsinin 4.11.10-cu yarımbəndinə əsasən həmin Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. X6 11 dekabr 2023-cü il tarixli 3-17-2/3-3-639/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş Agentlik üzrə “İşə qəbul və təcrübə proqramlarının həyata keçirilməsi prosesi”nin 30.26-30.36-cı bəndlərinə əsasən test mərhələsini uğurlu keçən namizədlər Agentliyin İnsan resursları departamentinin (İRD) əməkdaşları tərəfindən müsahibəyə dəvət olunurlar. Müsahibələr keçirilir və müsahibə nəticələri müvafiq blankda qeyd olunur. Daha sonra müsahibə nəticələri müvafiq "excel" faylında insan resursları departamentinin İşə qəbul və planlaşdırma şöbəsinin (İQPŞ) müdirinə təqdim edilir. Müsahibə nəticəsi uğurlu olduqda İQPŞ tərəfindən uyğun namizədin aidiyyəti struktur bölmə rəhbəri ilə müsahibəsi təşkil olunur. Bildiririk ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Agentliyə işə qəbul üzrə test imtahanında iştirak etmiş, lakin 22 bal topladığı üçün (keçid balı 24 bal olmuşdur) növbəti mərhələdə iştirak etmək hüququ əldə etməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə yenidən test imtahanında iştirak etmiş və 23 bal toplayaraq (keçid balı 20 bal olmuşdur) bu mərhələni uğurla keçərək müsahibə mərhələsinə dəvət olunmuşdur. Lakin müsahibə mərhələsində İddiaçı nəticələri vakansiyanın tələbləri ilə müqayisədə yetərli olmamışdır. Bundan sonra İddiaçı dəfələrlə Agentliyə ərizə ilə müraciət etmişdir. Müraciətlərə cavab olaraq Agentlik tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023- cü il tarixli 3-17-2/2-X-68274/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-2/2-X-70548/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-2/2-X-4845/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3- 17-2/2-X-10637/2024 nömrəli məktublarda ona Agentliyə işə qəbul prosesinin test mərhələsindən uğurla keçdiyinə baxmayaraq müsahibə mərhələsində nəticələrinin vakansiyanın tələbləri ilə müqayisədə yetərli olmadığı barədə məlumat verilmişdir. Eyni zamanda Agentlik tərəfindən İddiaçı məşğulluğunun təmin edilməsi istiqamətində məşğulluq sahəsində göstərilən xidmətlərdən yararlanmaq və Agentlik tərəfindən icra olunan məşğulluq tədbirlərinə cəlb olunması məqsədilə Agentliyin regional məşğulluq filiallarına və ya Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST Mərkəzlərinə müraciət etməsi tövsiyə olunmuşdur. Eyni zamanda müraciətləri ilə əlaqədar Agentliyin Bakı Regional Məşğulluq filialı əməkdaşları tərəfindən də İddiaçı ilə telefon əlaqəsi (***-***-**-**) saxlanılmış, lakin iddiaçı yalnız Agentliyin daxili strukturunda münasib işlə təmin olunmaq istədiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyul 2019-cu il tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”na əsasən “Məşğulluq haqqında” Qanunun 5.5-ci maddəsinə uyğun olaraq şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 5 (beş) iş günü müddətində Mərkəz (Agentliyin yerli qurumları və ya DOST Mərkəzləri) vakansiya bankından münasib iş təklifini seçərək, işaxtaranın şəxsi kabinetində yerləşdirir. İşaxtaran münasib iş təklifini qəbul edib-etmədiyi barədə məlumatı “Məşğulluq” altsisteminə (MAS) daxil edərək təsdiqləməlidir. İşaxtaran tərəfindən qəbul edilmiş münasib iş təklifi əsasında Mərkəzin səlahiyyətli şəxsi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş vakansiyaya göndəriş və işaxtaranın fərdi məşğulluq vərəqindən çıxarış MAS tərəfindən elektron qaydada işəgötürənə göndərilir və işaxtaranın şəxsi kabinetində yerləşdirilir. Göndəriş təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində işəgötürən boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarını qəbul edərək, bu barədə məlumatı MAS-a daxil etməlidir. İşəgötürən Mərkəzin bu Qaydanın 4.3cü bəndinə uyğun olaraq təqdim etdiyi göndərişə əsasən işaxtaranın vakansiya üzrə işə qəbulundan imtina etməsi və ya vakansiyaya uyğun işlə təmin etməsi ilə bağlı qərarı barədə göndərişdə müvafiq qeydlər aparır və bu barədə məlumatı MAS-a daxil edərək, gücləndirilmiş elektron imzası ilə təsdiqləyir. 3. Göründüyü kimi, Agentlik işə qəbul mərhələsinin 2-ci turundan uğurla keçə bilməyən İddiaçı məşğulluğunun təmin edilməsi istiqamətində müəyyən addımlar atmış, onun dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədi ilə məşğulluq sahəsində göstərilən xidmətlərdən yararlanmaq üçün Agentliyin regional məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə müraciət etməsini tövsiyə etmişdir. İddia ərizəsinin sadə təhlilindən müəyyən olunmaqdadır ki, iddiaçı işəgötürəni işçi ilə əlaqədar əmək münasibətlərinə daxil olmaqda sərbəst qərar verdiyi münasibətlər çərçivəsində müvafiq vəzifəyə uyğunsuzluğa görə işə götürülməməsində Agentliyin nə kimi bir hüquq pozuntusuna yol verdiyini qeyd etməyərək əsassız ittihamlar irəli sürmüşdür. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM- də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM- in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh X1rşı “işlə təmin edilmə öhdəliyinin qoyulması” tələbinə dair iddiasının mümkün hesab edilməməsi ilə bağlı qərardad qəbul edilməsi xahiş edilmişdir.
5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Agentlik öz fəaliyyətində müasir korporativ standartları əsas götürərək kadr siyasətini müvafiq standartlara uyğun qurmaqdadır. Belə ki, işçilərin Agentlikdaxili vəzifəyə təyin və vəzifədən azad edilməsi aidiyyəti üzrə Nazirliklə razılaşdırılmaqla həyata keçirilməkdədir. Agentliyin Nizamnaməsinin 4.11.10-cu yarımbəndinə əsasən həmin Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Agentlikdə işə qəbul prosesi X6 11 dekabr 2023-cü il tarixli 3- 17-2/3-3-639/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş Agentlik üzrə “İşə qəbul və təcrübə proqramlarının həyata keçirilməsi prosesi”nə uyğun həyata keçirilir.
6. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat vermişdir.
II. İddianın mümkünlüyü
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: 4.İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
10. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
11. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə əsasən Agentlik aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı:
18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.
13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Əmək münasibətlərindən irəli gələn tələblər;
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən, Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarına əsasən: 4.İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
16. Məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə ehtimal olunan işəgötürəni arasındakı işə qəbul tələbindən irəli gəlir. Belə ki, mübahisə dövlət qulluğuna qəbulla bağlı deyil və ya xidməti hüquq münasibətlərindən irəli gəlmir. X5 inzibati orqan hesab olunsa belə, dövlət orqanı deyil və nəticə etibarilə işə qəbul proseduru “Dövlət qulluğu haqqında” qanunla tənzimlənmir.
17. Odur ki, iddia mümkün sayılmamalıdır.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva