Məhkəmə qərarları › İş №2-1(112)-7390/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7390/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7390/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “məhkum olunmuş şəxsin cəzasının qalan hissəsinin çəkilməsi üçün gətirilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edərək, oğlu X3 cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına gətirilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti müraicəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, İddiaçı cəzasının qalan hissəsini çəkmək üçün ölkəyə qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir.

3. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 cəzasının qalan hissəsini çəkmək üçün Rusiya Federasiyasının Altay vilayətindən ölkəyə gətirilməsinin (ekstradisiya) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətini göstərməklə, X3 məhkum olunmuş şəxs kimi cəzasının qalan hissəsini çəkməsi üçün Rusiya Federasiyasının Altay vilayətindən gətirilməsinin (ekstradisiya) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi əsl cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əvəz edilmişdir. İİ. Tərəflərin əsaslandırması:

5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228.1 maddəsinin 4 hissəsinin “a”, “q” bəndləri (AR CM-nin 234.4.1 maddəsi) və Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 228.1 maddəsinin 3 hissəsinin 30-cu maddəsinin “a”, “q” bəndləri ilə (AR CM-nin 234.4.2 maddəsi) “23” avqust 2021-ci il tarixdə Altay vilayəti, Barnaul şəhəri Mərkəzi rayon Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilmiş, həmin hökm “26” noyabr 2021-ci il tarixdə Apellyasiya Məhkəməsinin və “09” iyun 2022-ci il tarixdə Ali Məhkəmənin qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hal-hazırda o, 4 ilə yaxındır ki, Altay vilayətində cəzaçəkmə müəssisəsində cəzasını çəkir, ailə vəziyyəti ağır durumda yaşayır, ailə üzvləri ağır vəziyyətdə xəstəlikdən əziyyət çəkir və imkansızlıq ucbatından onlar məhkumla görüşə gedə bilmirlər və bununla yanaşı həmçinin məhkuma maddi dəstək göstərməkdə çətinlik çəkirlər, bu da ona dəlalət edir ki, onun Azərbaycan Respublikasına ekstradisiya edilməsi labüddür.

6. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazda göstərilmişdir ki, xx.xx.1994-cü ildə Xaçmaz rayonunda anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış İddiaçı Rusiya Federasiyası Altay diyarının Barnaul şəhərinin Sentralnıy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1 və 30-cu maddəsinə əsasən (narkotik vasitələrin qanunsuz dövriyyəsi) 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırda İddiaçı cəzasını Altay diyarında yerləşən 10 saylı islah müəssisəsində çəkir. Məhkəmə hökmündən göründüyü kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən məhkum İddiaçı üzərindən 1,3049 qram narkotik vasitə olan fentalin aşkar edilərək götürülmüşdür. Məhkum İddiaçı barəsində təqdim olunmuş xasiyyətnamədə sonuncu mənfi xarakterizə edilmiş, müəssisənin rejim qaydalarını qərəzli pozan şəxs kimi özünü tanıtmış, ciddi saxlama şəraitinə keçirilmişdir. Cəza çəkdiyi müddətdə barəsində 61 dəfə tənbeh tədbirləri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş "Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 3.3-cü bəndinə əsasən məhkum İddiaçı Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müvafiq sorğular göndərilmiş və digər zəruri tədbirlər görülmüşdür. Müraciətə baxılaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum edilmiş X3 Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi (müsbət və ya mənfi rəyin verilməsi) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətin diskresion səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə uyğun olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi

9. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.

10. Belə ki, iddiaçının hazırkı tələbi oğlu Əmrəli Ağabəyovun cəzasının qalan hissəsini çəkməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlıdır.

11. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasının (“Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə 2000-ci il 12 dekabr tarixli Qanun) 2-ci maddəsinə əsasən bir Tərəfin ərazisində cəza çəkən şəxs, ona verilmiş cəzanı çəkmək üçün bu Konvensiyanın müddəalarına uyğun olaraq başqa bir Tərəfin ərazisinə köçürülə bilər. Bu məqsədlə, o, hökm çıxaran dövlətə və ya idarə edən dövlətə bu Konvensiyaya əsasən köçürülməsində maraqlı olduğunu bildirə bilər. Konvensiyanın 3-cü maddəsinə əsasən məhkum edilmiş şəxs bu Konvensiyaya əsasən yalnız aşağıdakılara əsasən köçürülə bilər: “f” bəndi - hökm çıxaran və icra edən Dövlətlər köçürməyə razı olduqda. Konvensiyanın 5-ci maddəsinə əsasən köçürmə tələbləri və cavablar yazılı şəkildə həyata keçirilir. Tələblər sorğu edən Dövlətin Ədliyyə Nazirliyi tərəfindən X8 Nazirliyinə göndərilir. Cavablar eyni kanallar vasitəsilə çatdırılır. Hər hansı bir Tərəf, Avropa Şurasının Baş Katibinə ünvanlanan bəyannamə ilə, digər rabitə kanallarından istifadə edəcəyini göstərir. Sorğu alan Dövlət dərhal tələb olunan köçürməni qəbul edib-etməməsi barədə sorğu edən Dövlətə məlumat verəcəkdir.

12. “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 06 mart tarixli Moskva Konvensiyasının 4-cü maddəsinə görə bir məhkumun köçürülməsi üçün tələb həm hökm çıxaran dövlətdən, həm də idarə edən Dövlətdən gələ bilər. Məhkumun özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili məhkumun köçürülməsi tələbi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarına müraciət edə bilər. Konvensiyanın 5-ci maddəsinə görə məhkumun köçürülməsi aşağıdakı şərtlər daxilində həyata keçirilə bilər: -şəxsin həbs cəzasına məhkum edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə minmiş olduqda; -bu Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində göstərilən şəxslər tərəfindən köçürmə müraciəti olduqda; -məhkumun yazılı razılığı varsa və ya məhkum yaşına, fiziki və ya mənəvi vəziyyətinə görə iradəsini sərbəst ifadə edə bilmirsə, bu halda qanuni nümayəndəsinin razılığı varsa; -şəxs qəbul və ötürülməni həyata keçirən Razılığa gələn tərəflərin qanunlarına görə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətlərə görə məhkum edilmişdirsə; -köçürmə tələbinin qəbulu zamanı çəkilməmiş həbs müddəti ən azı altı aydırsa; -hökm çıxaran dövlətlə idarə edən dövlət arasında məhkumun köçürülməsi və qəbulu barədə razılaşma mövcuddursa.

13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın: -1.1-ci bəndinə görə bu Qaydalar azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərin qəbulunu və bununla bağlı həyata keçirilən sənədləşmə prosedurlarını müəyyən edir. -1.2-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyasına və bir sıra dövlətlərlə bağlanmış ikitərəfli müqavilələrə (bundan sonra – beynəlxalq müqavilələr) əsasən həyata keçirilir. -2.1-ci bəndinə əsasən beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. -2.5-ci bəndinə görə məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müraciət Azərbaycan Respublikası ərazisində məhkumun yaxın qohumu, qanuni nümayəndəsi və ya vəkili tərəfindən edildikdə Penitensiar xidmətə, hökmü çıxaran dövlət tərəfindən edildikdə isə Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinə (bundan sonra – İdarə) ünvanlanır. -3.1-ci bəndinə əsasən müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. -3.3-cü bəndinə görə penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. -3.4-cü bəndinə görə İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar Xidmətə göndərir. -3.5-ci bəndinə görə müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. -3.6-cı bəndinə əsasən rəy Penitensiar xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və Nazir müavini - Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir. -3.7-ci bəndinə görə məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. -3.9-cu bəndinə əsasən İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir. -3.10-cu bəndinə əsasən hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir. -4.1-ci bəndinə əsasən məhkum olunmuş şəxslər cəzanın qalan hissəsinin çəkilməsi üçün qəbul edildikdən sonra Penitensiar xidmət hökmün icrası haqqında qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edir. Məhkəmə çıxarılmış hökmdən çıxış edərək onun icrası haqqında qərar qəbul edir.

14. Göstərilən normalardan görünür ki, xarici ölkədə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin vətəndaşı olduğu ölkəyə gətirilməsi ilə bağlı edilmiş müraciət əsasında Pensitensiar Xidmətdə inzibati icraat başlanır. Xidmət Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsilə məhkumun cəza çəkdiyi ölkənin müvafiq qurumuna müraciət edərək məhkumun istənilməsi zamanı zəruri olan beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədləri sorğu ilə əldə edir. Bundan sonra Xidmət məhkumun ölkə ərazisinə gətirilməsi ilə bağlı məsələyə münasibət bildirilməsi üçün müvafiq dövlət qurumlarına sorğu göndərir, cavab məktubları daxil olduqdan sonra Xidmət şəxsin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy tərtib edir. Rəy müsbət olduğu təqdirdə İdarə tərəfindən tərtib olunmuş və Xidmət tərəfindən imzalanmış zəmanət məktubu hökmü çıxaran dövlətin səlahiyyətli orqanına təqdim edilir. Yalnız məhkum olunmuş şəxs sorğu edilən xarici ölkə tərəfindən cəzanı çəkmək üçün təqdim edildikdən sonra Xidmət hökmün icrası ilə bağlı müvafiq tədbirləri görür.

15. İş materiallarından görünür ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, oğlu Əmrəli Ağabəyovun cəzasının qalan hissəsini çəkməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsini xahiş etmiş, iddiaçının bu ərizəsi əsasında cavabdeh tərəfindən yuxarıda qeyd olunan normalara uyğun icraat aparılmış, Əmrəli Ağabəyovun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müaciət etmişdir.

16. İşdə olan Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışından görünür ki, 06 oktyabr 1994-cü il təvəllüdlü X5 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 01 may 2023-cü il tarixli 135426/m daxil olma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinə baxılaraq, onun "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir.

17. Cavabdehin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü X1 rayonu, Qoçaqlı kəndində qeydiyyatda olmuşdur.

18. İşdən görünür ki, cavabdeh müvafiq icraat apardıqdan sonra Rusiya Federasiyasında cəza çəkən məhkum X3 cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına verilməsi barədə arayış tərtib etmiş və həmin arayışda göstərmişdir ki, “xx.xx.1994-cü il tarixdə Xaşmaz rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış X5 qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitələrin dövriyyəsi məqsədilə yaradılmış mütəşəkkil dəstənin tərkibində 2020-ci ilin yanvar-fevral aylarında xüsulilə külli miqdarda (1,3049 qram) narkotik vasitə olan fentalin əldə edib saxlamış, xx.xx.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan zaman qeyd olunan miqdarda narkotik vasitə aşkar edilərək götürülmüş, buna görə də o, narkotik vasitələrin satışına yönəlmiş niyyətini başa çatdıra bilməmişdir. İddiaçı Rusiya Federasiyası Altay vilayəti Barnaul şəhər Mərkəzi (Sentralnıy) rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, (cəzasının əvvəli xx.xx.2020-ci il, sonu xx.xx.2031-ci il). Məhklumun və müdafiəçisinin apellyasiya şikayətləri təmin edilməmişdir. Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Altay vilayəti üzrə 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən mıəhkum İddiaçı rejim qaydalarını dəfələrlə qərəzli pozan məhkum kimi mənfi xarakterizə olunmuşdur. Məhkum İddiaçı Azərbaycan Respublikasına gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə, habelə dövlət suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Xarici Kəşfiyyat Xidmətinə edilmiş müraciətlərə Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri tərəfindən müsbət rəy bildirilmiş, Daxili İşlər Nazirliyi tərəfindən isə onun törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsi nəzərə alınaraq ölkəyə gətirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Göstərilənləri, həmçinin İddiaçı törətdiyi cinayətin xarakteri və ağırlıq dərəcəsi nəzərə alınaraq, onun cəzasının qalan hissəsini çəkmək üçün ölkəyə gətirilməsi məqsədəmüvafiq hesab olunmamışdır.”

19. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli “21-N” nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti haqqında Əsasnamənin 2.1-ci bəndinə görə Penitensiar Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: -2.1.1. müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə cəzalarının icrasını həyata keçirir; -2.1.2. müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumların (bundan sonra - məhkumlar) islahı işini həyata keçirir; -2.1.3. həbs edilmiş şəxslərin və məhkumların mühafizəsini, onların müşayiətini həyata keçirir; -2.1.4. barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin saxlanılmasını təmin edir; -2.1.5. əməliyyat-axtarış fəaliyyətini həyata keçirir; -2.1.6. penitensiar müəssisələrdə cəza çəkən şəxslərin reabilitasiyasına və sosial adaptasiyasına köməklik göstərir; -2.1.7. Penitensiar xidmətdə səlahiyyətləri daxilində mülki müdafiə, yanğın təhlükəsizliyi və səfərbərlik işini təşkil edir; -2.1.8. hüquqi maarifləndirmə işində iştirak edir; -2.1.9. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Həmin Əsasnamənin 3.1.10-cu bəndinə əsasən bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi, Azərbaycan Respublikasında cəza çəkən əcnəbi vətəndaşların mənsub olduqları ölkələrə verilməsi ilə bağlı tədbirlər görmək Xidmətin vəzifələrindəndir.

20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 1.4-cü bəndinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinə dair işlər ilə əlaqədar vətəndaşların qəbulu nazirlik üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq Nazirliyin Penitensiar xidməti tərəfindən həyata keçirilir.

21. Məhkəmə hesab edir ki, nə qədər ki qanunverici cəza icra sahəsində dövlət idarəetməsini, tənzimləməsini və eyni zamanda xarici ölkədə cəza çəkən şəxsin verilməsi ilə bağlı müraciətlərə baxılması ilə əlaqədar icraatı Penitensiar Xidmətə həvalə etmişdir, bu nəticəyə gəlmək mümkündür ki, şəxsin cəzasının qalan hissəsinin çəkilməsi üçün qəbul edilməsi ilə bağlı müvafiq rəyin verilməsi inzibati orqanın diskresion səlahiyyəti kimi qəbul edilə bilər. Başqa sözlə, qanunverici Pensitensiar Xidmətə şəxsin cəzasının qalan hissəsinin çəkilməsi üçün qəbul edilməsi ilə bağlı müvafiq zəruri hərəkətlər etmək səlahiyyəti vermiş, eyni zamanda yekunda ona “məqsədəuyğunluq” barədə rəyə gəlmək kimi - rəy müsbət və ya mənfi ola bilər - seçim verməklə bilavasitə hərəkət növü seçmək imkanı tanımışdır.

22. Eyni zamanda qanunvericilik Xidmətin müvafiq dövlətin səlahiyyətli qurumundan şəxsin istənilməsi ilə bağlı sənədləri, o cümlədən onu xarakterizə edən materialları, şəxsi işini əldə etmək, müvafiq qurumların münasibətlərini öyrənmək kimi işin hallarının araşdırılması azadlığını da tanımışdır. Qeyd edilən araşdırmanın yekununda Penitensiar Xidmət “məqsədəuyğunluq” barədə rəyi digər sorğu verdiyi qurumlarla komissiya halında imzalanmış “vahid” rəy şəklində deyil, işin hallarının bilavasitə özünün araşdırması və qiymətləndirməsi nəticəsi olaraq “müstəqil” rəy şəklində qəbul edir. Başqa sözlə, şəxsin cəza çəkməsi üçün verilməsi ilə bağlı müraciətə baxılmasında inzibati orqan işin hallarını qiymətləndirmək (qiymətləndirmə azadlığı), eyni zamanda diskresion səlahiyyətlərdən istifadə etmək imkanına sahibdir.

23. Aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir.

24. “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətini düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

25. Beləliklə, müəyyən olunur ki, hazırki iş üzrə inzibati orqanın diskresion və işin hallarını qiymətləndirmə azadlığını nəzərdə tutan qarışıq tərkibdə səlahiyyəti vardır. Aydınlaşdırılmalı olan məsələ ondan ibarətdir ki, cavabdeh inzibati orqan şəxsin cəzasını çəkməsi üçün respublikaya qəbul edilməsi ilə bağlı özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi?

26. İşin hallarından müəyyən olunur ki, Penitensiar Xidmət iddiaçının müraciətinə baxılması ilə bağlı icraatın gedişində Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum Əmrəli Ağabəyov barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərmiş, məhkumu xarakterizə edən şəxsi iş materiallarını əldə etmiş, onun Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə müraciət etmiş, Daxili İşlər Nazirliyi tərəfindən onun törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsi nəzərə alınaraq ölkəyə gətirilməsi məqsədəmüvafiq hesab edilməmiş, yekunda Penitensiar Xidmət özü də azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş İddiaçı cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəmüvafiq hesab edilməməsi barədə rəy vermişdir.

27. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, işin faktiki halları nəzərə alındıqda cavabdeh tərəfindən hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. İnzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət edilməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir.

28. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

29. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

31. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar