Məhkəmə qərarları › İş №2-1(112)-7493/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7493/2022

28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7493/2022 28.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair plan-ölçünün verilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995ci il tarixli Sərəncamı əsasında S.Əliyev adına Südçülük-Maldarlıq üzrə X3 İstehsal Müəssisəsi üzrə 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə müəssisə ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona ayrılmış 0,03 ha torpaq sahəsinə dair plan-ölçünün verilməsi öhdəliyinin Sabunçu Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli Sərəncamı əsasında S.Əliyev adına Südçülük-Maldarlıq üzrə X3 İstehsal Müəssisəsi üzrə 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə müəssisə ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona 0,03 ha torpaq sahəsi ayrılmışdır. Ona məxsus torpaq sahəsinə bitişik qonşu torpaq sahələrinə dair müvafiq çıxarış və texniki pasport verilsə də, torpaq sahəsinin plan-ölçüsü olmadığından istifadəsində və sahibliyində olan torpaq sahəsinə dair çıxarış əldə edə bilməmişdir.Hazırda qeyd edilən istehsal müəssisəsinin ərazisi Sabunçu rayonunun inzibati ərazisinə daxil edildiyindən plan ölçünü almaq məqsədi ilə cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət etsə də, cavabdeh orqan 14 mart 2022ci il tarixli A-58-091 saylı imtina məktubu ilə torpaq sahəsinin baş planı və koordinatları Sabunçu Rayon İcra Hakimiyyətində olmadığından xahişi müsbət həll edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuzdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi hazırda torpaq sahəsi Sabunçu rayon inzibati ərazisinə aid olduğundan iddiaçının qanuni istifadəsində və sahibliyində olan torpaq sahəsinə dair plan və ölçü tərtib edilərək ona verilməlidir. İddiaçı əlavə olaraq bildirir ki, torpaq sahəsi 3 metr hündürlüyü olan hasarın daxilində yerləşir və torpaq sahəsində 120 kv.m olan ona məxsus natamam formada yaşayış evi inşa etmişdir.

3. Daha sonra iddiaçı iddia tələbini Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli Sərəncamı əsasında S.Əliyev adına Südçülük-Maldarlıq üzrə X3 İstehsal Müəssisəsi üzrə 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə müəssisə ərazisində fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona ayrılmış 0,03 ha torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyinin Sabunçu Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi dəyişdirmişdir.

4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin ayrıc aktları, baş planları və koordinatları Sabunçu Rayon İcra Hakimiyyətinə təhvil verilmədiyindən iddiaçıya ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün deyil.

5. Abşeron Rayon İcra Hakimiyyətinin iddiaçının S.Əliyev adına südçülük maldarlıq sovxozunun ərazisində yerləşən ona verilmiş 0,03 ha torpaq sahəsinin yerquruluşu planının hazırlanıb verilməsi barədə müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon İcra Hakimiyyətlərinin səlahiyyətlərinə aid deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olan texniki kadastr sənədi “Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə” nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək Azərbaycan Respublikasının bütün inzibati ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planalma işlərinin nəticələri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Qeyd olunanları nəzərə alıaraq fərdi həyətyanı torpaq sahəsinin qanuni istifadəyə verilməsini təsdiq edən sənədləri təqdim etməklə aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyə olunur.

6. Məhkəmənin keçmiş S.Əliyev adına südçülük-maldarlıq sovxozunun ərazisində yerləşən İddiaçı ayrılmış 0,03 ha torpaq sahəsinin Bakı şəhərinin inzibati ərazisi daxilində yerləşibyerləşməməsi barədə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 9866 nömrəli sərəncamı əsasında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəçiliyində olan keçmiş S.Əliyev adına Damazlıq sovxozundan Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazidə Xəzər rayonu, Binə qəsəbəsinin hüdudları daxilində yerləşir. Bundan əlavə sahə bütövlükdə neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağındadır.

7. İddiaçının ərizəsi əsasında məhkəmənin 06 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti əsl olan cavabdeh Bakı şəhəri Cavabdeh ilə əvəz olunmuşdur.

8. İddia ərizəsinə əlavə olunmuş Cavabdehnə ünvanlanmış müraciətdən və poçt qəbzindən görünür ki, qeyd edilən tələblə iddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdehnə müraciət etmiş, cavabdeh qurum həmin müraciəti cavablandırmamışdır.

9. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş S.Əliyev adına südlük-maldarlıq üzrə X4 X1 17 fevral 2000-ci il tarixli 06 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 №li sərəncamına əsasən sovxozda yaşayan ehtiyacı olan əhaliyə fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı da 0,03 ha torpaq sahəsi ayrılmışdır.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

11. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı cavabdeh iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

12. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

16. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

17. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

20. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinə əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir.

21. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir.

22. Məhkəmə qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaqların üç kateqoriyası müəyyən edilib: dövlət, bəldiyyə, xüsusi.

23. Odur ki, məhkəmə hesab edir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, Sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,03 ha torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya S.Əliyev adına Südçülük-Maldarlıq üzrə X3 İstehsal Müəssisəsi üzrə 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə müəssisə ərazisində İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,03 ha torpaq sahəsinin ayrılması barədə Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamı qüvvədədir, ləğv olunmayıb. Odur ki, icra olunmalıdır. Torpaq sahəsinin S.X2 ərazisinə düşməsi onun dövlət torpağı olmasını istisna etmir.

24. Torpaq sahəsinin "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə’’nin 2-ci bəndinin tələblərinə istinadən yerquruluşu işlərinin Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmasına dair cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən Əsasnaməyə əsasən: 1.Yerquruluşu işləri-torpaq münasibətlərinin nizama salınması, torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemi olmaqla, torpaqların elmipraktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanılması, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.

2. Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır.

3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir.

4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması.

5. Ayrı-ayrı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin konkret torpaq sahələrində istehsal vasitələrindən (ilk növbədə torpaqdan) səmərəli istifadə edilməsini və ərazi təşkilini təmin etmək üçün aşağıdakı təsərrüfatdaxili yerquruluşu işləri aparılır: torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili.

6. Dövlət mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir.

7. Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər.

25. Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən: 1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

26. Beləliklə məhkəmə qeyd edilən normaların təhlilinə əsasən qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir.

27. Cizgidən fərqli olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən, həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri).

28. Torpaq sahəsi Xəzər rayonu, Binə qəsəbəsinin hüdudları daxilində yerləşir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli Sərəncamı əsasında S.Əliyev adına Südçülük- Maldarlıq üzrə X3 İstehsal Müəssisəsi üzrə 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə müəssisə ərazisində İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış 0,03 ha torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır.

29. Sahənin neft kəmərinin və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında olması ehtimalı cizginin tərtib olunmasını istisna etmir. Qeyd edildiyi kimi cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir. Belə ki, məhkəmə qeyd edir ki, torpaq sahəsinə dair cizginin verilməsi özlüyündə torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyil. Hüquqların mövcudluğunu təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

30. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli Sərəncamı əsasında S.Əliyev adına Südçülük-Maldarlıq üzrə X3 İstehsal Müəssisəsi üzrə 17 fevral 2000-ci il tarixli 06 saylı əmri ilə müəssisə ərazisində İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış 0,03 ha torpaq sahəsinə dair cizginin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar