Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7511/2025 11.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “sadələşdirilmiş gömrük ödənişlərinin hesablanması blankında düzəlişlərin edilməsi və gömrük rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı tərəfindən verilən sadələşdirilmiş bəyannamənin gömrük ödənişlərinin hesablanması blankında (GÖH blankın № **********058) (SB-nin qeydiyyat № **********058) düzəlişlərin edilməsi, gömrük rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, şəxsi istifadə üçün 2024-cü il 23 dekabr tarixində X1 1171 ABŞ dollarına aldığı İphone 16 Pro Max (256 GB, İMEl/ MEİD **********89875/ **********14364) markalı mobil telefon gətirərək Gömrük orqanında bəyan etmişdir. Lakin gömrük əməkdaşları telefonun dəyərini əks etdirən rəsmi qəbzi sistemin qəbul etməməsi səbəbindən qəbul etməkdən imtina edərək telefonu Azərbaycandakı bazar qiyməti ilə 2040 ABŞ dolları dəyərində qiymətləndirib 800 ABŞ dollarını çıxdıqdan sonra 483.86 ABŞ dolları gömrük ödənişinin hesablanması barədə blankı ona təqdim etdilər. Aşağıdakı qeyd olunan maddələrə əsaslanaraq 07 yanvar 2025-ci il tarixində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edib bəyannamədə düzəliş edilməsini xahiş etmişdir. AR NK-nin 2024-cü il 24 iyun tarixli 312 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair Qaydalar”ın 1.3.1 yarımbəndinə görə, həmin malın gömrük dəyəri sövdələşmə qiymətilə müəyyən edilir. Onun aldığı telefonun qiyməti isə 1171 ABŞ dolları (1992 AZN/4300 AED) təşkil edir. AR Gömrük Məcəlləsi: Fəsil 40.Malların gömrük dəyəri maddə 220.Malların gömrük rəsmiləşdirilməsi üçün dəyərləndirilməsi. maddə 220.1 Malların gömrük dəyəri bəyan etməni həyata keçirən şəxs tərəfindən bu məcəllə və “Gömrük tarifi haqqında” AR Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. maddə 302.1 Malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər. Gömrük dəyərinin müəyyən edlməsi üsullarının tətbiqinə dair qaydaları 1.3 bəndinə əsasən “Gömrük tarifi haqqında” qanunun 12.1 maddəsinə uyğun olaraq gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir. Malların sövdələşmə qiymətilə; 1.8 Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri Qanunun 13-cü maddəsində təsbit olunan şərtlərə riayət olunan bütün hallarda bu Qaydaların 1.3.1-ci yarımbəndində nəzərdə tutulan üsula uyğun olaraq müəyyən edilməlidir. Malların sövdələşmə qiyməti üsulunun tətbiqinə dair qaydalar - Faktiki ödənilmiş və ya ödənilməli olan qiymət alıcının idxal olunan malın satışının şərti kimi satıcıya və ya satıcının hər hansı bir öhdəliyini yerinə yetirmək üçün üçüncü şəxsə etdiyi və ya edəcəyi bütün ödənişləri əhatə edir. AR NK-nin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilməsi Qaydaları”nın 1.5-ci bəndinə görə, fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlak məqsədləri üçün 2 ədəd eyni və ya eynicinsli malı bu qaydaların 2.1.2 yarımbəndi ilə müəyyən edilmiş hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Qaydaların 2.1.2-ci yarımbəndi isə Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan malları nəzərdə tutur, yəni istənilən fiziki şəxs ümumi dəyəri 800 ABŞ dolları məbləğində olan malı hər ay Azərbaycana gömrük ödənişi vermədən gətirə bilər. Yuxarıda yazılanları nəzərə alaraq bildirmişdir ki, onun X1 gətirdiyi rəsmi qəbzlər qəbul edilməli və malın gömrük dəyəri həmin qəbz əsasında müəyyən edilməlidir. Ərizəsinin əsaslı olduğunu nəzərə almağı, mümkün qədər qısa müddətdə baxılmasını, bəyannaməyə müvafiq düzəliş edilməsini, gömrük rəsmiləşdirilməsinin aparılmasını və ona müvafiq məlumat verilməsini cavabdehdən xahiş etmişdir. Lakin, cavabdeh gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmədiyini cavab məktubu ilə ona bildirmişdir. Cavabdehin qeyd etdiyi kimi, o malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün onun əldə olunmasını təsdiq edən çeki və digər sənədləri təqdim etmişdir. Lakin, cavabdeh mobil telefonun məlumatları ilə təqdim olunmuş invoysdakı məlumatları eyniləşdirə bilmədiyini əsas gətirərək kataloqlardan istifadə edib malın gömrük dəyərini müəyyən etdiyini bildirmişdir. Buna baxmayaraq imtina məktubunda heç bir katoloqa və ya sərəncamında olan digər mənbələrə istinad edilməmişdir. Cavabdeh imtina məktubunda bildirmişdir ki, GM-nin 153.2.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir. Lakin, GM-nin 153.2.2-ci maddəsinə əsasən, gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə icazə verilmir. Cavabdeh isə məlumatların düzgün olmadığını heç bir sübutla təsdiq etməmişdir. Ona görə də, qanunun (GM-nin) bu normasına əsasən bəyannamədə müvafiq düzəliş edilməsini məqsədəuyğun hesab edir. Hesab edir ki, bu iddia inzibati mühakimənin predmeti olduğundan mümkün sayılmalı, inzibati məhkəmədə baxılmalı və cavabdehin imtinaedici qərarı mahiyyəti üzrə mənim hüquqlarını pozduğuna görə iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırki iddia İnzibati prosessual məcəllənin (İPM) 2.2.2 və 33-cü maddəsinə uyğun olaraq məcburetmə tələbinə dair iddiadır və buna uyğun olaraq məcburetmə tələbinə dair iddianın aşağıdakı mümkünlük şərtləri ona tətbiq olunur. İPM-nin 35.1-ci maddəsinə əsasən mənim hüququm pozulub. Belə ki, cavabdeh əsassız olaraq əlavə gömrük ödənişi hesablayaraq bəyannamədə düzəliş etməkdən imtina edir. Nəticə etibarı ilə, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yaranıb. İPM-nin 38.2-ci maddəsinə əsasən iddiaçı qərardan ona rəsmi qaydada təqdim edildiyi tarixdən 30 gün müddətində məhkəmədə iddia qaldıra bilər. Beləliklə Gömrük orqanı sözügedən mobil telefonun həqiqi dəyərini (1171 ABŞ dolları) qəbul etməli, bəyannamədə 800 ABŞ dollarından artıq olan 371 ABŞ dollarından tutulacaq gömrük rüsumunu qeyd etməklə müvafiq düzəliş etməlidir. İddiaçı iddiadan imtina barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, AR İnzibati prosessual Məcəlləsinin 55.1-ci maddəsinə uyğun olaraq Hava Nəqliyyatı Baş Gömrük İdarəsinə qarşı qaldırdığı iddiadan imtina etmişdir. Qeyd olunanların nəzərə alınaraq icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsindən: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.3. Məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddiadan imtina edildiyi üçün icraata xitam verilməli və iddiadan imtina edilməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etməsi iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55, 81.1 və 83.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-7511/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7511/2025
11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver