Məhkəmə qərarları › İş №2-1(112)-7550/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7550/2024

09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7550/2024 09.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “pul vəsaitinin geri qaytarılması və sair” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2024-cü il tarixli, 3-21-3/2-D- 0075/03-8/2023 nömrəli və 01 fevral 2024-cü il tarixli, 3-21-3/2-D-0010/02-8/2024 nömrəli imtinanın əsassız hesab edilməsi, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə 09 aprel 2018-ci il tarixli 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi üzrə tərəfindən ödənilmiş 30000 (otuz min) manat məbləğində pul vəsaitinin geri qaytarılması (bank uçot dərəcəsi, hüquqi xidmətə görə ödəniş də daxil olmaqla) öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona pul vəsaitinin geri qaytarılması öhdəliyinin 75%-nin cavabdeh qismində çıxış edən Maliyyə Nazirliyinin, yerdə qalan 25%-nin isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cavabdeh qismində cəlb edilməklə, iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbi bununla əsaslandırmışdır ki, onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında 09 aprel 2018-ci il tarixində 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən sahəsi 132,5 kv.m. olan qeyri-yaşayış sahəsi 30000 manata ona satılmışdır. Müqavilə əsasında tərəfindən Komitənin hesabına 30000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 09 aprel 2018-ci il tarixli 6889 nömrəli müqavilə ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən sahəsi 132,5 kv.m olan qeyri-yaşayış sahəsi onun adına keçirilməli olduğu halda, həmin öhdəlik indiyədək Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yerinə yetirilməmişdir. Belə ki, tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə məktub ilə müraciət olunaraq 09 aprel 2018-ci il tarixli 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi və Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən sahəsi 132,5 kv.m olan qeyri-yaşayış sahəsinin 20 gün ərzində onun adına rəsmiləşdirilməsi və onun istifadəsinə verilməsini təmin edilməsi və ya ödədiyi pul vəsatinin ona geri qaytarılması xahiş olunmuşdur. Lakin, həmin orqan tərəfindən 15 yanvar 2024-cü il tarixli, 3-21-3/2-D-0075/03-8/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, müraciətdə qeyd olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi bina sökülərək yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir və buna görə də qeyri-yaşayış sahəsinin adına rəsmiləşdirilməsi mümkün olmamışdır. 01 fevral 2024-cü il tarixli, 3-21- 3/2-D-0010/02-8/2024 nömrəli məktub ilə də eyni məzmunlu cavab verilmişdir. Halbuki məlum olduğu kimi həmin ərazidə qeyri-yaşayış sahəsinin inşa edilməsi Əmlak Məsələləri Dövlət Xidmətini müqavilə üzrə öhdəliklərin icrasından azad etmir. 09 aprel 2018-ci il tarixində 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsindən əvvəl cavabdehlə aralarında dövlət əmlakının icarəyə verilməsi haqqında 29 mart 2018-ci il tarixli, 10177 nömrəli müqavilə bağlanmışdır. Lakin daha sonra "xxxx" MMC tərəfindən həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət olunmuşdur və Xətai Rayon Məhkəməsinin 2(011)-229/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin müqavilə etibarsız hesab edilmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8120/2019 saylı, 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 26 dekabr 2019-cu il tarixli, 2(102)-8167/2019 nömrəli qərarı ilə cavabdehlər tərəfindən verilən kassasiya şikayətləri təmin edilməmişdir. Lakin 09 aprel 2018-ci il tarixində 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi hələ də qüvvədədir və göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti müqavilə üzrə öhdəliklərini indiyədək yerinə yetirməmişdir. Hazırda Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən sahə "xxxx" MMC şirkətinin faktiki istifadəsindədir. Buna görə də, hazırda 09 aprel 2018-ci il tarixində 6889 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsi üzrə ödədiyi pul vəsatinin ona geri qaytarılması barədə qərarın qəbul olunması zərurəti vardır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazda iddia tələbinin rədd edilməsini xahiş etmiş və göstərmişdir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanununun 11.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Qeyd edilən vəsait dövlət büdcəsindən ödənildiyindən, Əmlak Məsələləri Dövlət Xidməti dövlət büdcəsinə ödənilmiş vəsaitin iddiaçıya qaytarılması səlahiyyətinə və imkanına malik deyildir. Qeyd edilən səbəbdən, iddiaçı tərəfindən yuxarıda qeyd edilən əmlakın özəlləşdirilməsinə görə dövlət büdcəsinə ödənilmiş 30000 (otuz min) manat vəsait qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanı tərəfindən dövlət büdcəsindən iddiaçıya qaytarıla bilər. Cavabdeh Maliyyə Nazirliyi məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçı D.Pakizə və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi arasında ünvan 1 ünvanında yerləşən sahəsi 132.5 kv.m olan qeyri-yaşayış sahəsinin satın alınması barədə xx.xx.2018 ci il tarixdə 6889 nömrəli “İcarəyə verilmiş əmlakın alqısatqısı” Müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi, tərəflər arasında müqavilə imzalanarkən yəni sözügedən məsələ ilə bağlı iddiaçı və cavabdeh arasında hüquq və vəzifələr müəyyənləşdirilərkən bu hüquq münasibətlərində Maliyyə Nazirliyi tərəf kimi çıxış etməmiş və müqavilədə nəzərdə tutulan məsələlərlə bağlı hər hansı öhdəlik götürməmişdir. Bu səbəbdən Maliyyə Nazirliyinin bu prossesə cavabdeh kimi cəlb olunması və üzərinə hər hansı öhdəliyin qoyulması tələbi əsassızdır. Həmçinin Maliyyə Nazirliyinin 1-193 saylı Əmri ilə təsdiq edilmiş “Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması haqqında Təlimat”ın 4-cü hissəsinə əsasən köhnə borclar üzrə yeni öhdəliklər qəbul edilə bilməz. Yəni xəzinədarlıq qaydalarına görə köhnə illərin borclarına görə öhdəlik götürülmür. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 13- cü bəndinə istinad edərək qeyd edir ki, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur və bu vəsaitdən 25 %-i Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hesabına ayrılır. Lakin sözügedən Fərmanda qeyd olunan müddəa hər hansı bir orqanın səhv hərəkəti nəticəsində dövlət büdcəsinə tutulmanın yönəldilməli olduğu anlamına gəlməməlidir, iş materiallarından tam aydın olaraq görünür ki, inzibati orqan olaraq Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri olmadığından və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya hər hansı ziyan vurulmadığından iddia tələbinin və bununla bağlı hər hansı öhdəliyin Maliyyə Nazirliyinə və dövlət büdcəsinə qarşı yönəldilməsi yolverilməzdir və əsassız hesab edilməlidir. Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.”. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş əsasnaməsinin 1.1-ci yarımbəndində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra - Xidmət) dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra - müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) strukturuna daxil olan qurum olması qeyd olunur. Dövlət büdcəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatı üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: - 10177 nömrəli, xx.xx.2018-ci il tarixli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 87 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 (registr №***- *******7-001) ünvanında yerləşən, ümumi sahəsi 132.5 m2 təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə icarəçi İddiaçı müddətli istifadəsinə verilmiş, icarə müqaviləsinin müddəi xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci ilə kimi müəyyən edilmişdir. - İcarəyə verilmiş əmlakın alqı-satqısına dair 6889 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, satıcı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən 132,5 kv.m. qeyri-yaşayış sahəsini tam dəyərlə 30000.00 - otuz min manata alıcı İddiaçı satmışdır. - xx.xx.2018-ci il tarixli özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin hesab vərəqindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən 132,5 kv.m qeyri-yaşayış sahəsi 6889 nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 30000 manat ödənilməklə İddiaçı adına özəlləşdirilmişdir. - Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli, 294 nömrəli arayışından görünür ki, İddiaçı ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanda yerləşən qeyri yaşayış sahəsi üçün xx.xx.2018 il tarixdə bağlanmış «10177» saylı icarə müqaviləsi üzrə 06 aprel 2018-cı il tarixə kimi mövcud olan borc tam ödənilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinə icarə haqqı borcu yoxdur. - xx.xx.2018-ci il tarixli 11 nömrəli qəbzdən görünür ki, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinə 29.000 manat məbləğində, xx.xx.2018-ci il tarixli 09 saylı qəbzə əsasən isə 1000 manat məbləğində ödəniş etmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-229/2019 saylı,xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və İddiaçı qarşı “icarə müqavilələrinin etibarsız hesab edilməsi və mənəvi zərər tələbinə dair” ilk, İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı “sökülmüş qeyri-yaşayış sahəsinin bərpa edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair" qarşılıqlı iddia ərizələri üzrə mülki işə baxılmış, ilk iddia təmin edilmiş, ilk iddia üzrə cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2018-ci il tarixli, 13137 saylı icarə müqaviləsi bağlandığı andan etibarsız hesab edilmiş, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi əsasında özünə məxsus olmuş ünvan 3 ünvandakı binanın zirzəmisində yerləşən sahəsi 146,8 kv.m. olan qeyri-yaşayış sahəsinin qanunsuz və özbaşına sökdüyü üçün tam bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və ya qiymətləndirərək dəyərinin ödənilməsi, zirzəmidən götürülmüş dəyəri 11143 manat olan əşyaların dəyərinin cavabdehdən xeyrinə tutulması, verdiyi əzab, əsəb və iztirablara görə, eləcə də bütün bu müddətdə yerdən istifadə etmək imkanından məhrum olduğu üçün 15000 manat təzminat ödəməsi barədə qarşılıqlı iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8120/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(011 )-229/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı və ilk iddia üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxılmış, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı və ilk iddia üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8167/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxılmış, kassasiya şikayətləri təmin edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, müraciətdə qeyd edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi bina sökülərək yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Bu səbəbdən həmin qeyri-yaşayış sahəsinin onun adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İddiaçı hazırda ünvan 3 ünvandakı binanın zirzəmisində yerləşən dövlət əmlakının özəlləşdirilməsi çərçivəsində cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə 30000 manat məbləğində pu ödədiyini, lakin özəlləşdirmə ilə bağlanmış alqı-satqı müqaviləsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edildiyindən cavabdehə ödədiyi məbləğin geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunu: Maddə 1.0.1. Dövlət əmlakının özəlləşdirilməsi-dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Maddə 11.1. Dövlət əmlakının özəlləşdirilməsində əldə olunan pul vəsaiti dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydaları”: Bənd 1. Bu Qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirmədən əldə olunan vəsaitin Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilməsi və ondan istifadə olunması qaydalarını müəyyən edir.

2. Özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və onların səhmlərinin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunan pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil edilir.

4. Ödəmə məbləği alıcı tərəfindən özəlləşdirilən obyektin satış şərtlərinə uyğun olaraq dövlət büdcəsinə köçürülür.

8. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitinin uçotunun aparılmasını və onun dövlət büdcəsinə köçürülməsinin təmin edilməsini, habelə mühasibat uçotunu aparmaqla maliyyə və statistik hesabatların tərtib olunmasını Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”: -bənd 13.1. Özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. 13.2. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur. Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, sahibkarlığa dövlət köməyinin, o cümlədən özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi-texniki bazasının möhkəmləndirilməsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Dövlət Xidmətinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”: - Bənd 2.0. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.5. dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək; Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə: Bənd 8.22. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə artıq ödənilmiş vergilərin və qeyri-vergi ödənişlərinin dövlət büdcəsindən qaytarılmasını həyata keçirmək cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vəzifələrinə aiddir. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, iddiaçı qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi nəticəsində dövlət büdcəsinə 30.000 manat ödəniş etmiş, əmlakın özəlləşdirilməsi nəticəsində iddiaçının ödədiyi pul vəsaitinin 75%-i cavabdeh Maliyyə Nazirliyinə, 25%-i Xidmətə ödənilmişdir. Lakin özəlləşmə məhkəmə qaydasında etibarsız hesab edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən görünür ki, özəlləşmənin etibarsız sayılması iddiaçının təqsirli hərəkəti nəticəsində baş verməmişdir. Bu səbəbdən tərəflərin əvvəlki vəziyyətinin bərpa olunması üçün iddiaçının ödədiyi məbləğ ona geri qaytarılmalıdır. Cavabdeh Maliyyə Nazirliyi haqqında Əsasnamənin tələbinə görə dövlət büdcəsindən belə ödənişlərin qaytarılmasını təmin etmək Maliyyə Nazirliyinin vəzifəsidir. Buna görə də Maliyyə Nazirliyi iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş məbləği, Xidmət isə onun hesabına ödənilmiş məbləği iddiaçıya qaytarmalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin olunsun. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 63 ünvanında yerləşən qeyriyaşayış sahəsi üçün ödənilən 30.000 (otuz min) manat pul vəsaitinin İddiaçı qaytarılması öhdəliyi cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (məbləğin 25% hissəsində) və dövlət büdcəsi hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin (məbləğin 75% hissəsində) üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar