Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7631/2021 08.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndələri X2 və X3, Cavabdehin nümayəndəsi K.X6 iştirakları ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “yükün buraxılması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci ilin may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq uzun müddət saxlanılmasının qanunsuz hesab edilməsi; İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci il may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfində buraxılması; cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin qanunsuz əməlləri nəicəsində İddiaçı MMC-yə vurulmuş 100.000 manat məbləğində maddi ziyanın əvəzinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən alınıb İddiaçı MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə təsis edilmiş İddiaçı MMC kosmetik və tibbi vasitələrin topdan satışı ilə məşğul olur. Həmin müxtəlif markalı kosmetik və tibbi vasitələr əsasən Cənubi Koreyadan və İspaniyadan idxal edilir. 2021-ci ilin may ayında İddiaçı MMC-nin ünvanına Böyük Britaniyanın «Yuma Medikal» LP-si tərəfindən Cənubi Koreyadan «Phillex» ticarət nişanlı kosmetik vasitələri göndərilmiş, Azərbaycan Respublikasına daxil olan kimi yükün gömrük rəsmiləşdirilməsi aparılmış, lakin mallar buraxılmamış və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən əsassız olaraq saxlanılmışdır. Məlumat üçün bildirilir ki, İddiaçı MMC ilə Böyük Britaniyanın «Yima Medikal» LP-si arasında bağlanmış 09 mart 2021-ci il tarixli, 012KOMP/2021 nömrəli müqaviləyə əsasən həmin LP MMC-yə CİP Bakı şərti ilə «Phillex» ticarət nişanlı kosmetik vasitələrini satır. "Yuma Medikal" LP-si göndərilən «Phillex» ticarət nişanına sahibdir və «Phillex» kosmetik məhsullarının istehsalçısı və qlobal distribyutorudur. Həmin məhsullar Cənubi Koreyada müasir texnoloji avadanlıqlarda istehsal olunur. Qiymət siyasətini və qiymət strategiyasını "Yuma Medikal" LP özü müəyyənləşdirir. İstehsal və göndərilmə yerindən asılı olmayaraq həmin şirkətlə "xxxx" MMC arasında «Phillex» kosmetik vasitələrinin sövdələşmə qiyməti (invoys qiyməti) «X12»-7.0 (yeddi) ABŞ dolları, «X13»-8.0 (səkkiz) ABŞ dolları və «Phillex Sub-Q Plus»- 9.0 (doqquz) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Müqaviləyə əsasən «Yuma Medikal» LP-si Cənubi Koreyada istehsal etdiyi «Phillex» kosmetik vasitələrini İddiaçı MMC-yə həm Koreyadakı, həmçinin digər ölkələrdəki anbarlarından, istənilən nəqliyyat vasitəsi ilə Bakı şəhərinə göndərə bilər və bu amillərin malların keyfiyyət və qiymətinə təsiri ola bilməz. 2019-2020-ci illər ərzində həmin məhsullar iddiaçının ünvana 8 dəfə göndərilmiş və Hava Nəqliyyatında Baş Gömrük İdarəsində heç bir problem yaratmadan gömrük rəsmiləşdirilməsi aparılmışdır. Lakin 2020-ci ilin sentyabr ayından MMC-yə qarşı gömrük əməkdaşları tərəfindən qərəzli münasibət göstərilir, daxil olan yüklər əsassız olaraq uzun müddət ərzində kənar şəxsin anbarında saxlanıldıqdan və bununla bağlı yuxarı orqanlara şikayətlər etdikdən sonra buraxılır. Məqsədyönlü şəkildə küllü miqdarda zərər vurulur, yüksək məbləğlərdə anbar pulları ödətdirilir. 2021-ci ilin 03 may tarixində YM210421-KOM nömrəli invoysla daxil olmuş «Phillex» kosmetik vasitələri dərhal GB**********8692 nömrəli bəyannamə ilə bəyan edilmiş, tələb olunan gömrük rüsum və ödənişləri dərhal tam ödənilmişdir. X4 (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin internet saytının (www.customs.gov.az) “e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X1 qəbulu” bölməsindəki gömrük orqanının müvafiq elektron bildirişlərindən də görünür ki, həmin yükə dair təqdim olunan GB**********8692 nömrəli bəyannamə 03 may 2021-ci il tarixdə saat 20:43-də növbəyə qəbul olunmuş, 04 may 2021-ci il tarixdə saat 09:06-da gömrük rəsmiləşdirilməsi başlamış və GB-dəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmışdır. Həmin tarixdə saat 09:47-də isə rəsmiləşməyə təqdim olunan sənədlərin düz olması və 5214,27 AZN məbləğin ödənilməsi tələb olunmuşdur. Göstərilən məbləğin tərəfimizdən bank vasitəsi ilə dərhal tam ödənilməsinə baxmayaraq, bu günədək mallarımız buraxılmamış və əsassız olaraq gömrük orqanı tərəfindən saxlanılmışdır. Bildiririk ki, GB**********8692 nömrəli bəyannamədə göstərilən qiymətlər müvafiq müqavilədə və invoysda göstərilən həqiqi sövdələşmə qiymətlərinə uyğundur. Həmçinin bəyannamə ilə birlikdə gömrük orqanına təqdim olunan sənədlər də düzdür. Bu gömrük orqanının müvafiq elektron bildiriş sistemindəki 04 may 2021-ci il tarixli saat 09:47-də qeydlərdə də öz əksini tapmışdır. Belə ki, həmin qeydlərə əsasən rəsmiləşdirməyə təqdim olunan sənədlər düzdür. Tələb olunan gömrük rüsumu və ödənişləri isə dərhal ödənilmişdir. Buna görə də malların buraxılmaması və gömrük orqanı tərəfindən bu günədək "xxxx" MMC-nin «GHC» filialındakı anbarda saxlanılması qərəzlidir, əsassız və qanunsuzdur. Bəyannamə təqdim edildiyindən 13 gün sonra, yəni 17 may 2021-ci il tarixdə müvafiq elektron bildiriş sistemində gömrük orqanı tərəfindən GB-dəki məlumatlar ilə təqdim olunan sənədlər uyğun olmadığı üçün geri qaytarıldığı qeyd olunmuşdur. Lakin qeyd olunan uyğunsuzluğun nədən ibarət olması həmin sistemdə göstərilməmişdir. Bununla bağlı şifahi və yazılı sorğulara da cavab verilməmişdir. 17-25 may 2021-ci il tarixləri arasında dəfələrlə rəsmi qaydada yazılı və Komitənin qaynar xəttinə telefon vasitəsi ilə edilən şikayət zənglərindən sonra Komitə əməkdaşları telefonla rastlaşdığı problemin gömrük orqanı tərəfindən aradan qaldırıldığını bildirilmiş və malların buraxılması üçün bəyannamənin yenidən təqdim edilməsi barədə göstəriş verilmişdir. Həmin bəyannamə 25 may 2021-ci il tarixdə yenidən gömrük orqanına təqdim edilmişdir. Həmin tarixdə saat 14:07-də bəyannamə gömrük orqanında növbəyə qəbul olunmuş, həmin tarixdə saat 14:25-də rəsmiləşdirməyə təqdim olunan sənədlərin düz olması və 5249,67 AZN məbləğin ödənilməsi tələb olunmuşdur. Göstərilən məbləğin tərəfimizdən bank vasitəsi ilə ödənilməsinə baxmayaraq mallarımız yenə də buraxılmamış, səbəbi nə rəsmi olaraq, nə də ki, şifahi qaydada izah edilməmiş, saat 15:18-də isə müvafiq elektron bildiriş sistemində gömrük orqanı tərəfindən GB-dəki məlumatlar ilə təqdim olunan sənədlər uyğun olmadığı üçün geri qaytarıldığı qeyd olunmuşdur. Lakin qeyd olunan uyğunsuzluğun nədən ibarət olması yenə də həmin sistemdə göstərilməmişdir 25 may 2021-ci il tarixdə gömrük bəyannaməsini yenidən gömrük orqanına təqdim etdik, həmin tarixdə saat 16:34də bəyannamə gömrük orqanında növbəyə qəbul olunmuş, həmin tarixdə saat 16:39-da elektron bildiriş sistemində rəsmiləşdirməyə təqdim olunan sənədlərin düz olması və 5285,07 AZN məbləğin ödənilməsi tələb olunmuşdur. Göstərilən məbləğin tərəfimizdən bank vasitəsi ilə ödənilməsinə baxmayaraq mallar yenə də buraxılmamış, səbəbi nə rəsmi olaraq, nə də ki, şifahi qaydada izah edilməmişdir. Qeyd olunan bəyannamə gömrük orqanı tərəfindən rəsmi olaraq bu günədək geri qaytarılmamışdır. Malların buraxılmamasının səbəbi isə bu günədək açıqlanmamışdır. Gömrük orqanının müvafiq elektron bildiriş sistemindəki 04 may 2021-ci il tarixdə mallar rəsmiləşdirilməsinin başlanılması və GB-dəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılması, rəsmiləşməyə təqdim olunan sənədlərin düz olması və 5214,27 AZN məbləğin ödənilməsinin tələb olunmasına dair qeydlər təsdiq edir ki, gömrük orqanına təqdim olunmuş sənədlərdə heç bir problem olmamış, gömrük dəyəri isə düzgün müəyyən olunmuşdur (malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğun olması təsdiq olunmuşdur). Tələb olunan gömrük rüsum və ödənişləri tərəfimizdən dərhal bank vasitəsi ilə tam ödənilmişdir. Bununla da gömrük rəsmiləşdirilməsi başa çatmışdır. Gömrük orqanı isə mallarımızın buraxılmasından qanunsuz olaraq imtina etmiş, səbəbini isə izah etməmişdir. 25 may 2021-ci il tarixdə isə gömrük orqanı özünün müvafiq elektron bildiriş sistemində bəyannamənin təqdim olunan sənədlərlə düz olmasını bir daha təsdiq etmişdir. Eyni zamanda tələb olunan gömrük rüsum və ödənişlərin də tam şəkildə ödənildiyi bir daha təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İPM- 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, **********0 nömrəli aviaqaimə ilə Koreya Respublikasından göndərilən, İddiaçı MMC-nin Böyük Britaniyanın “Yuma Medical LP” şirkəti ilə imzaladığı 09.03.2021-ci il tarixli 12KOMP/2021 saylı müqaviləyə və 21.04.2021-ci il tarixli YM210421-KOM saylı invoysa əsasən dəyəri 8300 ABŞ dolları göstərilən, mənşə ölkəsi Koreya Respublikası olan 1000 ədəd kosmetik vasitələrin (200 ədəd “X14”, 300 ədəd “X13”, 500 ədəd “Philleks Sub-Q Plus”) gömrük rəsmiləşdirilməsi üçün 03.05.2021-ci il tarixdə **********8692 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Risk təhlili nəticəsində gömrük dəyərində şübhə yarandığına görə qeyd olunan bəyannamə bəyannaməçiyə qaytarılmışdır.Həmin malların dəyərinin İddiaçı MMC tərəfindən düzgün bəyan edilib-edilməməsinin dəqiqləşdirilməsi məqsədilə ixracatçı şirkətin Koreya Respublikasının gömrük orqanlarına təqdim etdiyi gömrük bəyannaməsinin surətlərinin göndərilməsi ilə bağlı 04.06.2021-ci il tarixdə 1000- 200/002-23/009028 nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Beynəlxalq Əməkdaşlıq İdarəsindən ixracatçı ölkəyə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin 1000-160/160-25/010564 nömrəli 02.07.2021-ci il tarixli cavab məktubuna əsasən, Koreya Respublikasından alınmış sorğunun cavabında İddiaçı MMC tərəfindən **********8692 nömrəli 03.05.2021-ci il tarixli gömrük bəyannaməsində qeyd edilən malların ümumi dəyəri 8300 ABŞ dolları deyil, 15012 ABŞ dolları olduğu, göndərilmə şərtinin isə “CİP” deyil, “FOB” olduğu müəyyən edilmişdir. İddiaçı MMC-nin gömrük dəyərində müvafiq düzəlişlərin aparılması üçün deklaranta qaytarıldıqdan sonra həmin tələb yerinə yetirilməmiş və müvafiq gömrük ödənişləri ödənilmədiyinə görə yük sərbəst dövriyyə üçün buraxılmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08.10.2021-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddiası “maddi ziyanın ödənilməsi” hissəsində mümkün sayılmamışdır. Şifahi məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndələri iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsii xahiş etdilər. Şifahi məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: -“Yuma Medical” LP (Satici) ilə İddiaçı MMC arasında 09.03.2021-ci il tarixdə 12KOMP/2021 saylı müqavilə bağlanılmışdır. Müqavilənin 1-ci bəndinə əsasən satıcı invoyslarda göstərilən tibbi və kosmetik avadanlıq və vasitələri müqavilənin imzalandığı tarixdən etibarən Bakı şəhərinə tədarük edir, alıcı isə malları qəbul edir. Satıcı bu müqavilənin predmeti olan malları dünyanın istənilən ölkəsindən, istənilən istehsalçıdan, istənilən nəqliyyat vasitəsi ilə alıcıya göndərə bilər. Lakin, bu amillərin malların keyfiyyət və qiymətə təsir ola bilməz. Alıcı ünvanına daxil olan yüklərin gömrük rəsmiləşdirilməsini həyata keçirərək, bütün gömrük rüsum və yığımlarını ödəyir, malları qəbul edir. Müqavilənin 2-ci bəndinin 1-ci abzasına əsasən “Phillex” kosmetik vasitələrinin CİP Bakı sövdələşmə qiyməti dəyişdirilmədən əvvəlki müqavilələrə uyğun saxlanılsın və aşağdaki kimi bir daha təsdiq edilsin: X12-7,00 ABŞ dollar X13-8,00 ABŞ dollar Phillex Sub-Q Plus-9,00 ABŞ dolları Müqavilənin 4-cü bəndinə əsasən satıcı hava və ya digər nəqliyyat vasitəsi ilə invoysda göstərilən malları 3-cü bəndə uyğun olaraq 3 həftə ərzində Bakı şəhərinə çatdırır. Vaxtından əvvəl malların çatdırılmasına icazə verilir. Alıcı malları gömrük əməliyyatlarını həyata keçirərək öz obyektinə çatdırır. -03.05.2021-ci il tarixli **********8692 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, mal göndərən/ ixracatçı “Yuma Medical LP” Böyük Britaniya mal qəbul edən/idxalatçı İddiaçı MMC olmaqla cəmi 1000 ədəd kosmetik vasitələri (X12-200 ədəd, X13 -300 ədəd, Phillex Sub-Q Plus-500 ədəd) invoys dəyəri 8300 ABŞ dolları, gömrük dəyəri 14110.00 manat, hesablanmış gömrük ödənişi 5214.27 manat qeyd edilmişdir. -Yuma Medical LP YM210421-KOM nömrəli 21.04.2021 tarixli invoysda 1000 ədəd kosmetik vasitəyə görə 8300 ABŞ dollar ödənişin edilməsi qeyd edilmişdir. - 107OCT421158002Z nömrəli, 07.06.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Kompliment MMC tərəfindən Yuma Medical LP-nin xeyrinə 09.03.2021-ci il tarixli 12KOMP/2021 saylı müqavilə və YM210421-KOM nömrəli 21.04.2021 tarixli invoysa əsasən 8300 ABŞ dolları məbləğində köçürmə həyata keçirilmişdir. - İdxal olun malların aviaqaiməsindən görünür ki, Yuma Medical LP tərəfindən Kompliment MMC –yə göndərilən kosmetik məhsulların HS kodu:3304.99-9000 invoys nömrəsi YM210421-KOM kimi qeyd edilmişdir. - Təqdim edilmiş 04.05.2021-ci il tarixli və 25.05.2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, cəmi 5285.07 manat məbləğində gömrük rüsumu, ödənişləri və yığımları büdcəyə ödənilmişdir. 21.06.2021-ci il tarixdə ********* və ********* nömrəli mədaxil qəbzləri ilə əlavə 30 manat və 5,40 manat ödəniş həyata keçirilmişdir. İşin faktiki halllarından görünür ki, hazırki iddia tələbi ilə iddiaçı “Yuma Medical” LP arasında olan müqavilə münasibətləri zəminində müqavilə predmetini təşkil edən malları almış, həmin malların Azərbaycan Respublikasına idxalı zamanı müvafiq gömrük prosedurlarından keçmiş, zəruri olan gömrük rüsumunu ödəmiş, lakin malın gömrük orqanı tərəfindən buraxılmasına icazə verilməmişdir. Cavabdeh inzibati orqan risk təhlili nəticəsində gömrük dəyərində şübhə yarandığına görə malları ixrac edən ölkənin ixrac bəyannaməsində ödəniş məbləğinin FOB-USD 15012.00 olduğuna istinad edərək bəyannaməni qaytarmışdır. Məhkəmə cavabdeh inzibati orqanın hərəkətinin qanuni olub-olmaması istiqamətində araşdırma aparır və aşağıdakılara istinad edir: Əvvəla məhkəmə, gömrük orqanı tərəfindən Koreya Respublikasından əldə etmiş olduğu ixrac gömrük bəyannaməsinə istinad etməyinə münasibət bildirir. Belə ki, iddiaçı tərəfindən gətirilmiş malların qiymətləri ilə bağlı yaranmış şübhə nəticəsində gömrük orqanı Koreya ixrac bəyannaməsini əldə etmək məqsədi ilə Koreya gömrük orqanı ilə yazışmalar aparmışdır. Məhkəmə icraatı zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanlanmış sorğu əsasında Dövlət Gömrük Komitəsi ilə Koreya Gömrük Xidməti arasında aparılan yazışmaların surətləri təqdim olunmuşdur. Sənədlər toplusunda Koreya gömrük xidməti tərəfindən təsdiqlənmiş, 15012.00 ABŞ dolları məbləğində mallara dair ixrac bəyannaməsi mövcud olmamışdır. Sənədlər toplusunda mövcud olan Koreya Gömrük Xidmətinin RP-AZ-2021-002-1 nömrəli, 29 iyun 2021-ci il tarixli xidməti məktubun tərcümə olunmuş nüsxəsində aşağıdakılar göstərilmişdir: “Sizin göndərdiyiniz AWB nömrələrindən istifadə etməklə Koreya Gömrük Xidmətinin kompyuter sistemində qeydə alınmış ixrac bəyannamələrindəki məlumatları nəzərdən keçirdik. Qiymətlə bağlı məlumatlarda biz Azərbaycanda təqdim edilən idxal bəyannaməsindəki dəyərin Koreyada ixrac bəyannaməsindəki dəyərdən yuxarı/aşağı olmağını müəyyən etdik. Bu yoxlamanın nəticəsini qoşmada Sizə göndəririk” Məhkəmə qeyd edir ki, cavabdeh təqdim olunmuş xidməti məktubu və həmin məktuba əlavə olunmuş olan cədvəli əsas götürərək iddiaçı tərəfindən gətirilən malların dəyərinin 8.300 dollardan yuxarı olduğuna istinad etmişdir. Halbuki, cavabdeh Koreya Gömrük Xidmətindən əldə etmiş olduğu məlumata istinad edərək bu nəticəyə gəlməsi tamamilə qanunsuzdur. Bu halın əsassız olmasına dəlalət edən bir neçə əsas var. İlkin olaraq nəzərə alınmalıdır ki, Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş Koreya Gömrük Xidmətinin RP-AZ-2021-002-1 nömrəli, 29 iyun 2021-ci il tarixli məktubunun tərcüməsi natamam olmuş və yaranmış mübahisəyə təsir və əhəmiyyət kəsb edən ifadə göstərilməmişdir. Məhkəmə bu nəticəyə gələrkən sözügedən məktubun notarial qaydada təsdiq və tərcümə olunmuş nüsxəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən məhkəmə sorğusu əsasında təqdim olunmuş məktubun ilkin versiyasına istinad etmişdir. Hər iki məktubun təhlili onu göstərir ki, həm notarial qaydada tərcümə və təsdiq olunmuş, həmçinin də xarici dildə olan məktubun məzmununda qeyd olunmuşdur ki, “This information is provided for your intelligence only. İt shell not be disclosed to the third party or used as evidence in court - Bu məlumat yalnız məlumat üçün sizə verilir.Üçüncü tərəfə açıqlanmamalı və məhkəmədə sübut kimi istifadə edilməməlidir” Göründüyü kimi, Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmə sorğusu əsasında, həmçinin cavabdeh tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş məktubun tərcümə olunmuş nüsxəsində zəruri olan məlumat göstərilməmiş, məktubun sübut qismində məhkəmədə istifadə olunması nəzərdə tutulmadığı halda, həmin məktub əsas gətirilərək iddiaçı tərəfindən gətirilən malların dəyərinin gömrük bəyannaməsində göstərilən dəyərdən yüksək olduğu bildirilmişdir. Göstərilən bu hal ona dəlalət edir ki, cavabdeh iddiaçı tərəfindən bəyan edilmiş məlumatları təhrif etmiş, lakin bunun əsaslı olmasını təsdiq edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hətta Koreya Gömrük Xidmətinin RP-AZ-2021-002-1 nömrəli, 29 iyun 2021-ci il tarixli məktubunun tərcümə olunmuş nüsxəsində bütün məlumlar əks olunsa idi belə, bu məktubun sübut qismində sayılması və cavabdeh inzibati orqanın xeyrinə təsir göstərməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 102.1 Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2.Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. 121.1-ci Mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir 146.1.Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 146.2. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun: 7.2. Gömrük tarifinin tətbiqi məqdəsi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanuna müəyyən edilir. 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. 18.2.3. Bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti əsasında müəyyən edilə bilməz. Qanunvericiliyin tələbindən də göründüyü kimi malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu hesab edilir. Yalnız həmin üsuldan istifadə etmək mümkün olmadıqda digər üsullardan hər biri ardıcıl olaraq tətbiq edilə bilər. Bir sonrakı üsulun gömrük dəyərinin təyin edilməsi zamanı tətbiqi yalnız o halda mümkün olur ki, digər üsulla gömrük dəyərinin müəyyənləşdirilməsi mümkün olmasın. Hazırkı iş üzrə cavabdeh tərəfindən isə iddiaçı tərəfindən idxal olunan məhsullara münasibətdə gömrük dəyərinin müəyyənləşdirilməsi zamanı qanunvericiliyin qeyd olunan müddəalarına əməl edilməmişdir. Belə ki, yuxarıda qeyd olunan müddəaların hazırkı iş üzrə tətbiqi zəruriliyi baxımından məhkəmə işin faktiki halları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə müəyyən edildiyi kimi iddiaçı əslində mala çəkilən xərcin 8.300 ABŞ olduğunu, gömrük orqanına təqdim edilən invoysun nəzərə alınmalı olduğunu iddia edir. Göründüyü kimi iddiaçı gömrük dəyərinin müəyyən edilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi sövdələşmə qiymətinin əsas götürülməsində iddialıdır. Yuxarıda adıçəkilən Qanunun “Malların sövdələşmə qiyməti üsulu” adlanan 13-cü maddəsindən də göründüyü kimi gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla), satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın, alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə, bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar, alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Cavabdeh qismində çıxış edən gömrük orqanı öz növbəliyində invoysda göstərilən sövdələşmə qiymətini nəzərə almamış, Koreya ixrac gömrük bəyannaməsi adı ilə əldə etmiş olduğu məlumata istinad edərək, qanunvericilikdə səciyyələnmiş mallarının gömrük dəyərinin müəyyən edilməsi üsullarından istifadə etməmişdir. Diqqətəlayiq hal odur ki, “Gömrük tarifi haqqında” Qanunda göstərilən gömrük dəyərinin müəyyən edilməsi üsullarının heç birində gömrük dəyərini müəyyən etmək üçün xarici malların istehsal və göndərildiyi ölkədə rəsmiləşdirilmiş ixrac gömrük bəyannaməsindən istifadə edilməsi nəzərdə tutulmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən ünvanlanmış sorğuya cavab məktubunda Azərbaycan Respublikası Milli X5 Qanunvericilik Şöbəsi bildirmişdir ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi (Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət) gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Malların gömrük dəyərini sövdələşmə qiyməti (dəyərləndirilən mallara eyni və ya təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eyni malların sövdələşmə qiyməti), bunlar da mümkün olmadıqda eynicinsli malların sövdələşmə qiymət (dəyərləndirilən mallarla eyni və təqribən eyni vaxtda Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan eynicinsli malların sövdələşmə qiyməti) tətbiq olunur. Yuxarıda qeyd olunan dəyərləndirmə üsullarının tətbiqi mümkün olmadıqda isə malların gömrük dəyəri çıxılmış dəyər üsulu ilə müəyyənləşdirilir. Göründüyü kimi həm qanunvericilik, həmçinin də Azərbaycan Respublikası Milli X5 Qanunvericilik Şöbəsinin məktubu idxal olunmuş malların dəyərləndirilməsi mexanizmini təsvir etmişdir ki, həmin dəyərləndirilmənin aparılmasının əsaslardan biri sövdələşmə üsulu ilə həyata keçirilir. Lakin, cavabdeh inzibati orqan qanunvericiliyin və normativ hüquqi akların tələbləri çərçivəsində hərəkət etməmiş, bununla da iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə cavabdehin malların buraxılmaması istiqamətində edilən hərəkətlərin əsassız olmasını təsdiq edən digər bir məsələyə toxunur. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın: -2.1-ci bəndinə əsasən müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir. -2.2-ci bəndinə əsasən malların digər gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir: 2.2.1. sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar; 2.2.2. sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar; 2.2.3. barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar. 2.3. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir. -7.1-ci bəndinə əsasən mallar gömrük anbarı xüsusi gömrük proseduru altında 3 (üç) il müddətində saxlanıla bilər. -7.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Qaydaların 7.1-ci bəndi ilə müəyyən edilən müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2013-cü il tarixli 73 saylı Qərarı ilə təsdiq olunmu “Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələblər”inin: -1.1-ci bəndinə əsasən bu Tələblər Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 180.3-cü və 181.5-ci maddələrinə əsasən hazırlanmışdır və müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə və anbar sahibinə dair tələbləri müəyyən edir. -3.1-ci bəndinə əsasən müvəqqəti saxlanc və gömrük anbarları açıq tipli və ya müəyyən malların saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər. -3.2-ci bəndinə əsasən açıq tipli anbarlardan istənilən şəxs istifadə edə bilər. -3.3-cü bəndinə əsasən anbarlar üçün yerüstü bağlı tikililərdən və açıq meydançalardan istifadə edilir. -3.4-cü bəndinə əsasən anbarların quruluşu aşağıdakıları təmin etməlidir: 3.4.1. malların mühafizəsinin həyata keçirilməsini; 3.4.2. kənar şəxslərin (anbarın işçiləri, mallar barəsində səlahiyyəti olan şəxslər və onların nümayəndələri, habelə gömrük orqanlarının vəzifəli şəxsləri istisna olmaqla) mallara buraxılışının istisna edilməsini; 3.4.3. gömrük nəzarətinin həyata keçirilməsi imkanının olmasını; 3.4.4. anbarlara gömrük nəzarətindən kənar malların daxil olmasının və oradan çıxarılmasının istisna edilməsini; 3.4.5. malların anbara gətirilməsi və oradan aparılması üçün müvafiq yolların olmasını; 3.4.6. malları daşıyan nəqliyyat vasitələrinin saxlanılması üçün mühafizə olunan və ödənişsiz xidmət göstərən dayanacağın olmasını; 3.4.7. anbarın ərazisinin hasarlanması (anbarın yeri və quruluşu bunu mümkün etdikdə) və qanunvericilikdə gömrük nəzarəti zonaları üçün nəzərdə tutulmuş qaydada nişanlanmasını; 3.4.8. malların anbarın ərazisinə gətirilməsinə və oradan aparılmasına nəzarət etmək məqsədi ilə nəzarət-buraxılış məntəqələrinin yaradılması və digər nəzarət vasitələrinin quraşdırılmasını; 3.4.9. anbarın ərazisində malların boşaldılması və yüklənilməsi üçün meydançaların olmasını. -3.5-ci bəndinə əsasən qapalı tipli anbarlar bu Tələblərin 3.4.1-3.4.4-cü yarımbəndlərində göstərilən tələblərə cavab verdikdə, həmin anbarlara münasibətdə 3.4-cü bəndində nəzərdə tutulan digər tələblərin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin razılığı ilə tətbiq edilməməsinə yol verilir. -5.1-ci bəndinə əsasən anbar sahibi anbarda yerləşdirilmiş malların uçotunu aparmalı və bu Tələblərin 5.2-ci bəndinə uyğun olaraq, mallar üzrə hesabatı kağız üzərində yazılı və ya elektron formada gömrük nəzarətini həyata keçirən gömrük orqanına təqdim etməlidir. -7.3-cü bəndinə əsasən malları anbara yerləşdirən şəxslə anbar sahibinin münasibətləri mülkihüquqi müqavilə əsasında qurulur. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların birgə təhlilindən məlum olur ki, gömrük münasibətlərini tənzimləyən hüquqi aktlarda saxlanc anlayışı geniş olaraq təsvir olunmuşdur. Saxlanc dedikdə, hər hansı bir malın saxlanılması başa düşülür. Gömrük münasibətləri saxlancın 2 növdə həyata keçirilməsini şərtləndirmişdir: 1) müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi; 2) müvəqqəti saxlanc anbarına yerləşdirilməsi. Qanunvericilik hər iki halda saxlancın mexanizmini müəyyən etmişdir ki, bu zaman müvafiq olaraq mühüm olan elementlərə nəzərə yetirilməlidir. Birinci halda, gömrük ərazisinə gətirilən malların mal sahibi tərəfindən gömrük orqanına təqdim edilərək bəyan edildiyi zaman mallar saxlanc xüsusi gömrük prosesuduru altında yerləşdirilə bilər. İkinci halda isə, yəni müvəqqəti saxlanc anbarına yerləşdirilməsi üçün mütləq qaydada mülki-hüquq münasibətləri, yəni mal sahibi və gömrük orqanı arasında müqavilə bağlanılmalıdır. Nəzərə alınmalıdır ki, hər iki halda cavabdeh tərəfindən mübahisə predmetini təşkil edən malların saxlancının həyata keçirilməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçı mal sahibi kimi daxil olan xarici malları müvəqqəti saxlanca verilməsini bəyan etməmiş, əksinə həmin malları ümumi dövriyyə buraxılmasını bəyan etmiş, o cümlədən də həmin malların müvəqqəti saxlanc anbarına yerləşdirilməsi üçün gömrük orqanı ilə hər hansı mülki-hüquqi müqavilə bağlamamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş İddiaçı MMC-yə məxsus malların buraxılmaması, anbarda yerləşdirilməsi bir mənalı qanunvericiliyin tələblərinin pozulmsına səbəb olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, gömrük orqanı tərəfindən malların anbarda saxlanılmasının qanunsuz olmasının digər əsası odur ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.19-cu maddəsinə görə, gömrük rəsmiləşdirilməsi dedikdə bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər başa düşülür. Həmin Məcəllənin gömrük rəsmiləşdirilməsinin başlanmasını və başa çatmasını tənzimləyən 104-cü maddəsində müəyyən edilmişdir ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Gömrük Məcəlləsinin 146.1 və 146.2-ci maddələrinə əsasən, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Gömrük Məcəlləsinin 89-cu (Gömrük nəzarətinin minimum müddətdə həyata keçirilməsi tələbinə riayət olunması) maddəsinə əsasən, gömrük orqanları, bəyannaməçi və mallar barədə səlahiyyəti olan digər şəxslər gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri olan minimum müddətə riayət etməyə borcludurlar. Həmin Məcəllənin 90-cı (Gömrük nəzarəti həyata keçirilərkən qanunsuz zərər vurulmasına yol verilməməsi) maddəsinə əsasən, (90.1) Gömrük nəzarəti həyata keçirilərkən şəxslərə, onlara məxsus olan mallara və nəqliyyat vasitələrinə qanunsuz zərər vurulmasına yol verilmir; (90.2) Qanunsuz zərər vurmuş gömrük orqanları və onların vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Gömrük bəyannaməsinin geri qaytarılması isə Gömrük Məcəlləsinin 151-ci (Gömrük bəyannaməsinin müəyyən olunmuş şərtlərə uyğunluğunun yoxlanılması) maddəsinin tələblərinə əsasən tənzimlənir. Belə ki, həmin maddəyə əsasən, (151.1) Gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır: 151.1.1. malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını; 151.1.2. gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu; 151.1.3. gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını; 151.1.4. gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu; 151.1.5. gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini. 151.2. Gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun təsdiq edilməməsinin səbəbləri göstərilməklə, müvafiq qeyd aparılır. 151.3. Təsdiq edilməmiş gömrük bəyannaməsi və onunla birlikdə təqdim edilmiş sənədlər təqdim edildiyi tarixdən 1 (bir) gündən gec olmayaraq bəyannaməçiyə qaytarılır. Gömrük Məcəlləsinin 152-ci (Gömrük bəyannaməsinin təsdiqi) maddəsinə əsasən, 152.1 Gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. 152.2. Gömrük bəyannaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə gömrük orqanının iş vaxtında təqdim olunur və təsdiq edilir. 152.3. Təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. 152.4. Gömrük orqanları gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina edə bilməzlər. Gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina ilə əlaqədar mallar barəsində səlahiyyəti olan şəxsə dəymiş ziyan bəyannamənin təsdiqindən əsassız olaraq imtina etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. 152.5. Gömrük bəyannaməsi malların təqdim olunduğu gömrük orqanından fərqli gömrük orqanında təqdim olunarsa, malların təqdim olunduğu gömrük orqanı bu mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsinin mümkünlüyünü təsdiq etdikdə həmin bəyannamə təsdiq edilir. 152.6. Gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunur. Gömrük Məcəlləsinin 157-ci (Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması) maddəsinə əsasən, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Gömrük Məcəlləsinin 160-cı (Gömrük bəyannaməsində göstərilən məlumatların, müvafiq sənədlərin və malların yoxlanılma müddətləri) maddəsinə əsasən, 160.1. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. 160.2. Gömrük qanunvericiliyində sənədlərin və malların yoxlanılması üçün daha qısa müddət müəyyənləşdirilə bilər. 160.3. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır. 160.4. Yoxlamanın nəticələri malların yerləşdirildiyi müvafiq gömrük prosedurunun tətbiqi üçün istifadə edilir. Gömrük Məcəlləsinin 162-ci (Malların buraxılışı) maddəsinə əsasən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə isə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir Şərh olunan qanunvericiliyi müddəalarının hazırki iddia tələbinə tətbiqi zamanı müəyyən olunur ki, İddiaçı MMC-in gömrük orqanına təqdim etdiyi bəyannamə və sənədlər gömrük orqanı tərəfindən yoxlanılmış və onların düz olması müəyyən olunmuşdur. Əks halda, yəni gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə cavabdeh gömrük orqanı rəsmi olaraq İddiaçı MMC-dən müvafiq düzəlişlərin aparılmasını tələb edərək, həmin tələbi həmçinin məhkəməyə sübut qismində təqdim edərdi. Gördüyü kimi, gömrük dəyərinin şübhə altına alınması bəyannamənin geri qaytarılmasına əsas deyil, həmçinin gömrük orqanı məhkəməyə bəyannamənin iddiaçıya geri qaytarılmasını və ya bəyannamədəki məlumatların düzgün olmadığına görə düzəlişlərin aparılması tələblərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, YM210421-KOM nömrəli invoysla daxil olmuş «Phillex» kosmetik vasitələri dərhal iddiaçı tərəfindən GB**********8692 nömrəli bəyannamə ilə bəyan edilmiş, tələb olunan gömrük rüsum və ödənişləri ödənilmişdir. X4 (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin internet saytının (www.customs.gov.az) “e-Gömrük xidmətləri” bölmələrində yerləşdirilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə X1 qəbulu” bölməsindəki gömrük orqanının müvafiq elektron bildirişlərindən də görünür ki, həmin yükə dair təqdim olunan GB**********8692 nömrəli bəyannamə 03 may 2021-ci il tarixdə saat 20:43-də növbəyə qəbul olunmuş, 04 may 2021-ci il tarixdə saat 09:06-da gömrük rəsmiləşdirilməsi başlamış və GB-dəki məlumatlar təqdim olunan sənədlər əsasında gömrük orqanında yoxlanılmışdır. Həmin tarixdə saat 09:47-də isə rəsmiləşməyə təqdim olunan sənədlərin düz olması və 5214,27 AZN məbləğin ödənilməsi tələb olunmuşdur. Daha sonra gb-dəki məlumatlar ilə təqdim olunan sənədlər uyğun olmadığı üçün geri qaytarılmış, hətta iş üzrə məhkəmə icraatı zamanı da 21.06.2021-ci il tarixdə saat 10:20-də iddiaçı tərəfindən təqdim edilmiş GB növbəyə qəbul edildiyi, 09.08.2021-ci il tarixdə saat 15:59-da rəsmiləşdirməyə təqdim olunan sənədlərin düzgün olduğu ödəniləcək məbləğin 5320,47 manat olduğu, ödənişin həyata keçirilməli olduğu qeyd edilmişdir. İddiaçı şirkət tərəfindən həmin məbləğ tam şəkildə ödənilmişdir. Göründüyü kimi gömrük orqanı tərəfindən ilk olaraq Gb qəbul olunmuş, hətta gömrük ödənişlərinin həyata keçirilməsi tələb olunmuş, lakin sonradan əsassız səbəbə görə malin buraxılmasına icazə verilməmişdir. Bundan başqa məhkəmə bildirir ki, iddiaçının gömrük orqanı ilə arasında əvvəlki münasibətləri də olmuş, həmin münasibətlər zəminində iddiaçı «Phillex» kosmetik vasitələrini Azərbaycan Respublikasına idxal edərək müvafiq qaydada sövdələşmə qiymətinə müvafiq olaraq gömrük rüsumlarını ödəmiş və tərəflər arasında bununla bağlı mübahisə olmamışdır. Beləliklə, işin araşdırılmış halları ilə müəyyən olunur ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunvericilik tələblərinə uyğun olmamışdır. Belə olan halda İddiaçı MMC tərəfindən 2021-ci ilin may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq uzun müddət saxlanılması qanunsuz hesab edilməli, yük cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən buraxılmalıdır. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci ilin may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yükün cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən əsassız olaraq uzun müddət saxlanılması qanunsuz hesab edilsin. İddiaçı MMC-nin ünvanına daxil olan və İddiaçı MMC tərəfindən 2021-ci il may ayında GB **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, gömrük rüsum və ödənişləri dərhal tam ödənilmiş yük cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən buraxılsın. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov küç, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-7631/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7631/2021
08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver