Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7649/2021 20.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “şəhadətnamə-dublikatın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-yə “Muğanbank”ın “Qərb” filialında hesablaşma hesabının açılması üçün şəhadətnamə-dublikatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesablaşma hesabı “Muğanbank”ın “Sənaye” filialında olmuşdur. Hazırda həmin Bankın “Sənaye” filialının “Qərb” filialına birləşməsi ilə əlaqədar hesablaşma hesabının “Qərb” filialına dəyişdirilməsi zərurəti yaranmışdır. Bunun üçün Vergi orqanından şəhadətnamədublikatın alınması vacibdir. Lakin bir neçə dəfə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə hesabın açılması üçün şəhadətnamə-dublikatın verilməsi barədə yazılı müraciət edilmişdir. Lakin vergi orqanı tamamilə əsasız olaraq həmin sənədin verilməsindən müəssisənin vergi borcunun olmasına görə imtina edir, Bu isə müəssisənin fəaliyyət göstərməsinə, həm dövlət büdcəsinə olan digər borclarının, əmək xəsarətinə görə müəssisədən müavinət alan şəxslərə olan borclarının, həmçinin də işçilərin əmək haqlarının ödənilməsinə mane olur. Hesab açılacağı anda həmin hesaba bir neçə mənbədən pul məbləği daxil olacaq və həmin məbləğdən dövlət büdcəsinə olan borc ödəniləcəkdir. Müəssisənin bank hesabı olmadığı üçün görülmüş işlərinin dəyəri, icarə haqları şirkətin hesabına köçürülə bilmir. Həmçinin, Dövlət Sosial Müdafiə Fondunun hesabında İddiaçı ASC-yə məxsus bölünməmiş 101.000 manatdan çox pul vəsaiti var. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi 28.07.2021-ci il tarixli iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı ASC tərəfindən bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün dəfələrlə eyni məzmunlu müraciətlər edilmiş, lakin ödənilməmiş vergi borcunun olması səbəbindən ASC-yə bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın verilməsindən imtina edilməsi barədə məlumat verilmişdir. Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda bu maddədə müəyyən edilmiş müddətdə verilir. Şəhadətnamə-dublikatın alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin və şəhadətnamə-dublikatın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Şəhadətnamə-dublikatın bildiriş hissəsi bank idarəsi tərəfindən 10 gün müddətində qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini vergi ödəyicisi və müvafiq bank idarəsi ilə dəqiqləşdirməlidir. Şəhadətnamə-dublikat 10 gün ərzində istifadə olunmadıqda, vergi ödəyicisinə verilmiş şəhadətnamə-dublikat geri alınır və hesabın açılmaması barədə bankdan alınmış rəsmi məlumata əsasən onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər edilir. 06.03.2013-cü il tarixli **********206300 nömrəli Əmrlə təsdiq olunmuş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”ın 7-ci bəndinin tələblərinə əsasən büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmayan vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi ərizəyə əsasən ona 2 iş günündən gec olmayaraq bank hesabları (cari, cari subhesab, depozit, ssuda və sair) açmaq üçün şəhadətnamə-dublikat verilir. Vergi əməkdaşı ərizə verilən tarixə müraciət edən vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olub-olmadığını dəqiqləşdirir. Şəhadətnamə-dublikat almaq üçün müraciət etmiş vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduğu müəyyən edildikdə, vergi əməkdaşı bu cür ərizələr üzrə forması Qaydaların 13 №-li əlavəsində verilmiş “Şəhadətnamə- dublikat verilməsindən imtina edilməsi barədə bildiriş”i çap edir. Bildirişdə büdcəyə olan vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcunu tam ödədikdən sonra şəhadətnamə-dublikat verilməsi üçün vergi orqanına yenidən müraciət etməli olduğu göstərilir. Göründüyü kimi, şəhadətnamə-dublikat açılarkən əsas tələb vergi ödəyicisinin vergi orqanına müraciət etdiyi ana dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə hər hansı borcunun olmamasıdır. İddiaçının vergi orqanına müraciət etdiyi tarixlərdə dövlət büdcəsinə borcu olmuş və bu səbəbdən vergi orqanı tərəfindən qanunvericiliyin tələbləri əsas götürülməklə şəhadətnamə-dublikatın verilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamədublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda bu maddədə müəyyən edilmiş müddətdə verilir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə göndərilmiş sorğuya 26 iyul 2021-ci il tarixli **********026200 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin (VÖEN:**********) 28.07.2021-ci il tarixə vergilər üzrə əsas borc 17 878,84 manat, faiz borcu 5 132,51 manat, ümumilikdə 23 011,35 manat borcu mövcuddur. Dövlət rüsumu üzrə şəxsi hesab vərəqəsinə əsasən 13,0 manat borcu mövcuddur. Sosial sığorta və işsizlikdən sığorta haqların şəxsi hesab vərəqəsinə əsasən muzdla işləyənləri işə götürən sığortaedənlər (MDSS) üzrə əsas borc 10 718,16 manat, faiz borcu 3 507,97 manat, işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə əsas borc 12 110,46 manat, faiz borcu 1 811,50 manat, muzdla işləyənləri işə götürən sığortaedənlər (İşsizlik) üzrə 111,0 manat, faiz borcu 20,17 manat, ümumilikdə 28 279,26 manat borcu mövcuddur. İcbari tibbi sığorta üzrə şəxsi hesab vərəqəsinə əsasən əsas borc 73,0 manat və faiz borcu 5,72 manat, ümumilikdə 78,72 manat borcu mövcuddur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamədublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda bu maddədə müəyyən edilmiş müddətdə verilir. Şəhadətnamə-dublikatın alınması üçün vergi ödəyicisi tərəfindən verilən ərizənin və şəhadətnamə-dublikatın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Vergi orqanı bu maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada məlumatı elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir. Azərbaycan Respublikası vergilər nazirinin 06.03.2013-cü il tarixli **********206300 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”ın: 1.2.8-ci bəndinə əsasən, şəhadətnamə-dublikat- hesab açmaq məqsədilə banka təqdim olunmaq üçün kommersiya hüquqi şəxsin ilkin qeydiyyatı zamanı dövlət qeydiyyatını aparan vergi orqanı tərəfindən, digər hallarda isə vergi ödəyicisinə uçotda olduğu vergi orqanı tərəfindən verilən və özündə hesab açılacaq bankın (bank filialının) adını, hesabın növünü və valyutasının adını əks etdirən sənəddir (Şəhadətnamədublikatın forması Qaydaların 3 №-li əlavəsində verilir). Vergilər Nazirliyi ilə müvafiq kommersiya bankı arasında elektron sənəd mübadiləsinin aparılması nəzərdə tutulduğu hallarda, şəhadətnamə-dublikat bilavasitə vergi ödəyicisinə təqdim olunmadan elektron şəkildə müvafiq bank idarəsinə ötürülür; 7.1-ci bənidnə əsasən, büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmayan vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi ərizəyə əsasən ona 2 iş günündən gec olmayaraq bank hesabları (cari, cari subhesab, depozit, ssuda və sair) açmaq üçün şəhadətnamə-dublikat verilir; 7.2-ci bəndinə əsasən, şəhadətnamə-dublikatın alınması üçün “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə” forması Qeydiyyat bölməsinə təqdim edilir və ya elektron qaydada vergi orqanına göndərilir; 7.4-cü bəndinə əsasən, vergi əməkdaşı ərizə verilən tarixə müraciət edən vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olub-olmadığını dəqiqləşdirir. Borcu olmayan vergi ödəyicilərinin ərizəsinə əsasən hazırlanmış şəhadətnamə-dublikat çap edilərək Qeydiyyat bölməsinin rəhbərinə verilir. Şəhadətnamədublikat imzalanmaq və təsdiq edilmək üçün vergi orqanının rəhbərinə (onun müavininə) təqdim olunur; 7.6-cı bəndinə əsasən, şəhadətnamə-dublikat almaq üçün müraciət etmiş vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduğu müəyyən edildikdə, vergi əməkdaşı bu cür ərizələr üzrə forması Qaydaların 13 №- li əlavəsində verilmiş “Şəhadətnamə-dublikat verilməsindən imtina edilməsi barədə bildiriş”i çap edir. Bildirişdə büdcəyə olan vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcunu tam ödədikdən sonra şəhadətnamə-dublikat verilməsi üçün vergi orqanına yenidən müraciət etməli olduğu göstərilir. İddiaçının cavabdeh inzibati orqana müraciəti üzrə aparılmış inzibati icraatla bağlı məhkəmənin qənaəti belədir ki, cavabdeh orqanın imtinası əsaslı və qanunidir. Belə ki, cavabdehin imtina məktubunda göstərildiyi kimi iddiaçının dövlət büdcəsinə vergi borcu olduğundan ona şəhadətnamə-dublikatın verilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “şəhadətnamə-dublikatın verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “şəhadətnamə-dublikatın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-7649/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7649/2021
20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver