Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7690/2023 22.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “pul məbləğinin və sərəncamların ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı pul məbləğinin və sərəncamların silinməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin İddiaçı MMC-in "xxxx" ASC-də olan AZ23TURA******************** saylı bank hesabına həbs qoyulmasına dair xx.xx.2023-cü il tarixli 66 saylı, xx.xx.2023-cü il tarixli 67 saylı və xx.xx.2023-cü il tarixli 68 saylı sərəncamlarının ləğv edilməsi və həmin sərəncamlara əsasən dövlət rüsumu olaraq 4501.18 manat, ƏDV olaraq 810.21 manat və dəbbə pulu olaraq 138.66 manat, cəmi 7.250,05 (yeddi min iki yüz əlli manat, beş qəpik) manat borcunun tutulmasına dair inzibati iş üzrə icraata xitam verilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Çin Xalq Respublikasından “Yag & Alexandrite laser instrument” adlı tibb sahəsində istifadə olunan avadanlıqlar sifariş etmişlər. Həmin avadanlıqlar "xxxx" MMC-nin (gömrük brokeki) vasitəsi ilə Azərbaycan Respublikası DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsində bəyan edilmiş və broker tərəfindən gömrük orqanına xx.xx.2019-cu il tarixli **********1685 nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Broker tərəfindən Gömrük orqanına təqdim edilmiş bəyənnaməyə əsasən, bəyan olunan mallar idxal rüsumundan azad, yəni 0 % olmaqla bəyan edilmişdir. Uzun müddət keçdikdən sonra gömrük orqanı İddiaçı MMC-nin "xxxx" ASC-də olan bank hesabına ümumilikdə 7 250 manat pul vəsaitinə həbs qoymuşdur. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixli, 66 nömrəli sərəncamda idxal rüsumu olaraq 4501.18 manat, xx.xx.2023-cü il tarixli, 67 nömrəli sərəncamda ƏDV olaraq 810.21 manat, xx.xx.2023-cü il tarixli, 68 nömrəli sərəncamda dəbbə pulu olaraq 1938.66 manat tələb göstərmiş və həmin məbəğin dondurulması barədə bank hesabına sərəncam vermişdir. Hesab edirlər ki, cavabdeh orqanın həyata keçirdiyi tədbirlər və hesablarına qoyduğu sərəncamlar əsassızdır, mövcud qanunvericiliyin tələblərinə tamamilə ziddir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixli, **********1685 nömrəli bəyannamədən də göründüyü kimi, sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altına yerləşdirilmiş mallar qanunvericiliklə tələb olunan 15 beş gün müddətində gömrük brokeri tərəfindən bəyan olunmuşdur. Məlum olduğu kimi malın gömrükdə bəyan olunması, məhz broker şirkəti olan "xxxx" MMC tərəfindən həyata keçirilmişdir və malın düzgün bəyan olunmamasına görə İddiaçı MMC heç bir məsuliyyət daşımır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.1 -ci maddəsinə əsasən, ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanlar tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Cavabdeh orqan qeyd olunan maddənin tələbini pozaraq, xx.xx.2023-cü il tarixdə bank hesablarına sərəncam qoymuşdur. Belə ki, qanunla müəyyən olunmuş 3 (üç) il müddət 2022-ci ilin fevral ayında bitsə də, cavabdeh sərəncamı ödəmək öhdəliyinin yarandığı tarixdən tam 4 (dörd) il sonra qoymuşdur. Hesab edirlər ki, cavabdehin Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.3-cü maddəsini rəhbər tutaraq, iddiaçıya məxsus bank hesablarına sərəncam qoyması, ümummillikdə Məcəllədə təsbit olunan “Gömrük borcunun hesablanması və ödənilməsi” haqqında 44-cü fəslin tələblərini kobud səkildə pozmuşdur. Digər tərəfdən, Azərbaycan Gömrük Məcəlləsinin 4.1-ci maddəsinə əsasən gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən gömrük brokeri öz fəaliyyətini Gömrük Məcəlləsinə və bu Qaydalara uyğun olaraq həyata keçirir. Həmin Məcəllənin 4.3- cü maddəsinə görə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin sahibi ilə bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər. Həmin Məcəllənin 4.4-cü maddəsinə əsasən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır. Yuxarıda göstərdikləri, dəlillərin olmamış kimi hesab etsələr belə, cavabdehin cari gündə ödənilməmiş gömrük borcları ilə bağlı malları bəyan edən gömrük brokerin deyil, məhz onların hesablara sərəncam qoyması Məcəllənin 22.3-cü maddələrinin tələblərinə ziddir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İddiaçınə tətbiq etdiyi 4501.18 manat məbləğində idxal rüsumunun, 810.21 manat məbləğində ƏDV-nin və 1938.66 manat məbləğində dəbbə pulunun (cəmi 7.250, 05 (yeddi min iki yüz əlli beş qəpik) ləğv edilməsi və İddiaçı MMC-nin "xxxx" ASC-də olan AZ23TURA******************** saylı bank hesabına qoyulmuş xx.xx.2023-cü il tarixli 66, 67 və 68 saylı sərəncamlarının, eləcə də, xx.xx.2023-cü il tarixli 123, 124 və 125 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Çin Xalq Respublikasının “X2 Laser CO., LTD” şirkətindən idxal edilən mənşə ölkəsi Çin olan 2 ədəd “Nd: Yag & Alexandrite laser instrument” ticarət nişanlı cihazı tibb sahəsində istifadə olunan cihaz kimi gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2019-cu il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə elektron formada **********1685 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********1685 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42- ci qrafasında invoys dəyəri 52000,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 90023,50 manat, 46cı qrafasında statistik dəyəri 52955,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 01 - malların sövdələşmə qiyməti üsulu seçilərək İddiaçı MMC tərəfindən bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı 200,00 manat, idxal gömrük rüsumu 0,00, əlavə dəyər vergisi 16240,23 manat, elektron gömrük xidmətinin göstərilməsinə görə 30,00 manat və elektron gömrük xidmətinin göstərilməsinə görə əlavə dəyər vergisi 5,40 manat, cəmi 16475,63 manat hesablanaraq İddiaçı MMC tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yükə gömrük baxışı keçirilərək xx.xx.2019-cu il tarixdə yükün sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Bildirirlər ki, malların buraxılışından sonra aparılan yoxlamalar nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən **********1685 sorğu nömrəli gömrük bəyannaməsi əsasında idxal olunmuş “Nd: Yag & Alexandrite laser instrument” ticarət nişanlı kosmetoloji cihaz fərdi funksiyaları olan elektrik maşınlar və aparatura kimi xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə ********** kodunda bəyan edilməli olduğu halda, tibbdə tədbiq edilən cihaz kimi ********** kodu altında düzgün bəyan olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əsas şərhetmə Qaydaları”nın tələblərinə əsasən “fərdi funksiyaları olan elektrik maşınlar və aparatura” ********** mal kodu altında sinifləşdirilməklə gömrük dəyərinin 5 faizi həcmində idxal gömrük rüsumuna cəlb olunur. Lakin, İddiaçı MMC vaxtında həmin hüququndan istifadə etməmiş, **********1685 sorğu nömrəli gömrük bəyannamələri ilə idxal etdiyi malları tibb sahəsində istifadə olunan cihaz kimi gömrük dəyərinə 0 faiz idxal rüsumu dərəcəsi tətbiq etməklə gömrük rəsmiləşdirilməsini başa çatdırmış və yüklər onun sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Həmçinin bildirilmişdir ki, malın təsnifatının müəyyənləşdirilməsi zərurəti yarandıqda, mal sahibi və ya bəyannaməçi məcburi qərar çıxarılması üçün gömrük rəsmiləşdirilməsini aparan orqana müraciət edə bilər. Belə ki, Gömrük Məcəlləsinin 50.1 -ci maddəsinə əsasən şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər. Yuxarıda qeyd olunan Gömrük Məcəlləsinin 50.1-ci maddəsinin müddəalarının mənasından bəlli olur ki, xarici iqtisadi fəaliyyət aparıldığı təqdirdə, o cümlədən malların idxalı zamanı onların təsnifatının müəyyən edilməsi zəruridir, çünki həmin təsnifata uyğun olaraq mallar bəyan edilməli və gömrük rüsumları ödənilməlidir. Bu prosedur zamanı maraqlı şəxs malları bəyan etmədən əvvəl onların gömrük dəyərinin müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanı malın təsnifatının müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. Lakin İddiaçı MMC bununla bağlı gömrük orqanına müraciət etməmiş və vaxtında bu hüququndan istifadə etməmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, digər idxalatçılar tərəfindən idxal olunan eyni mallar fərdi funksiyaları olan elektrik maşınlar və aparatura kimi xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə ********** kodunda bəyan edilmiş və gömrük dəyərinin 5 faizi həcmində idxal gömrük rüsumu tətbiq olunmaqla gömrük rəsmiləşdirilməsindən keçirilmişdir. Həmçinin analoji funksiyalara malik lazer avadanlıqları müvafiq dövr ərzində X1 İdarəsi tərəfindən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində XİF MN -ə görə kodu ********** müəyyən edilmişdir. Hesab edirlər ki, **********1685 sorğu nömrəli gömrük bəyannaməsi ilə İddiaçı MMC tərəfindən bəyan edilən “Nd: Yag & Alexandrite laser instrument” ticarət nişanlı kosmetoloji cihazın XİFMN üzrə təsnifat kodunun düzgün bəyan olunmaması ilə əlaqədar olaraq yaranan və gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il müddəti keçmədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-nin bəyannamədə göstərdiyi hüquqi ünvanına göndərilən xx.xx.2022-ci il tarixli 1900-012/0xx-xx/000630 nömrəli və təkrarən göndərilən 25.11,2022-ci il tarixli 1900-012/0xx-xx/004840 nömrəli Bildirişdə qeyd olunan ümumilikdə 7250,05 manat gömrük borcu gömrük qanunvericiliyinə uyğun olaraq düzgün hesablanmışdır. Gömrük Məcəlləsinin 249.3-cü maddəsinə əsasən vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı MMC tərəfindən gömrük borcu ödənilmədiyi üçün bank hesablarından pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması və müvafiq gömrük borcu məbləğinin borclunun bank hesabından tutularaq dövlət büdcəsinə alınması məqsədilə müvəkkil banka sərəncamlar göndərilmişdir. İddia tələbi üzrə idxalatçının gömrük borcunun gömrük orqanı tərəfindən gömrük brokerindən tələb edilməsi hissəsinə münasibətdə bildirirlər ki, gömrük brokeri dolayı gömrük təmsilçiliyini həyata keçirir, müqavilə əsasında idxalatçılara xidmət göstərir. Yuxarıda qeyd olunanlara əsasən xüsusi olaraq bildirirlər ki, **********1685 sorğu nömrəli gömrük bəyannaməsi üzrə maliyyə tənzimlənməsinə məsul şəxs kimi qeyd olunan İddiaçı MMC sözügedən bəyannamənin 33-cü qrafasında idxal etdiyi malların XİFMN kodunu düzgün göstərməmiş, 50-ci qrafasında gömrük bəyannaməsində göstərilən yanlış XİFMN kodununun düzgünlüyünü təsdiq etmiş, gömrük orqanı da həmin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğun olaraq gömrük ödənişləri tətbiq etmiş və gömrük ödənişləri ödənildikdən sonra mallar gömrük rəsmiləşdirilməsindən keçirilərək xx.xx.2019-cu il tarixdə sərbəst dövriyyəyə buraxılmışdır.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. Cavabdeh tərəfindən inzibati icraat materiallarının (gömrük bəyannaməsi, “Gömrük borcunun ödənilməsnə dair” bildirişlər (həmin bildirişlərin iddiaçı tərəfindən alınması barədə sübut müəyyən edilməmişdir), iddiaçının bank hesablarındakı pul vəsaitlərinin dondurulması barədə sərəncamlar) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
15. Məhkəmə işdə iştirak edən cavabdehin nümayənədsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları və işin halları ilə əsaslandırır.
17. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.
18. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
19. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
20. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
21. Gömrük Məcəlləsi Maddə 40.4. Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Maddə 221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Maddə 221.2. Bu Məcəllənin 221.1-ci maddəsi malların gömrük orqanlarının nəzarətində qalmasından, hesablanmış gömrük ödənişlərinin ödənilməsindən asılı olmayaraq tətbiq edilir. Maddə 221.3. Şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Maddə 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.
22. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Maddə 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Maddə 11.3. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Maddə 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Maddə 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.
23. İnzibati icraat haqqında Qanun Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
24. Hazırkı iş üzrə iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli **********1685 nömrəli gömrük bəyannaməsi ilə idxal edilmiş malların rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən malların XİF MN kodu **********, gömrük dəyəri isə malın sövdələşmə qiymətinə əsasən qeyd edilmiş və malların gömrük dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra gömrük baxışı keçirilərək xx.xx.2019-cu il tarixdə yükün sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Həmin müddət ərzində və malların rəsmiləşdirilməsi zamanı, eləcə də, rəsmiləşdirmədən sonra qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh orqan tərəfindən apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəlinərək, gömrük orqanının vəzifəli şəxsinin gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim etməsi müəyyən edilməmişdir. Özü daxili araşdırma nəticəsində analoji işlər üzrə əldə etdiyi ekspert rəyini əsas götürərək malın XİF MN kodunun ********** kodunda bəyan edilməli olması qənaətinə gələrək iddiaçıya birbaşa gömrük borcunun ödənilməsinə dair bildirişlər göndərilmiş (hansı ki, həmin bildirişlərin iddiaçıya çatdırılması iş materiallarında olan sübutlarla təsdiq edilməmişdir), həmçinin iddiaçının müvafiq banklarda olan hesablarına sərəncamlar qoyulmuşdur.
25. İddiaçının hazırkı halda malların invoys dəyəri üzərindən sövdələşmə qiyməti üsuluna əsasən gömrük ödənişlərinin həyata keçirməsi işin şübhəsiz halıdır.
26. Məhkəmə hesab edir ki, “Gömrük tarifi haqqında” Qanunun 12.2-ci maddəsində malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi müəyyən edilmişdir, əsas üsuldan istifadə etmək mümkün olmadıqda isə digər vasitələrlə (eyni malların sövdələşmə qiyməti ilə, eynicinsli malların sövdələşmə qiyməti ilə, dəyərin çıxılması üsulu ilə, dəyərin toplanması üsulu ilə, ehtiyat üsulu ilə) gömrük dəyərinin müəyyən edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Həmçinin həmin maddədə nəzərdə tutulmuşdur ki, əsas üsuldan (malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi) istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.
27. Göründüyü kimi, gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu sövdələşmə qiyməti olduğu halda, iddiaçı tərəfindən də, malın sövdələşmə qiyməti bəyan edildiyi təqdirdə, iddiaçıya sövdələşmə qiyməti ilə ödənişlərin həyata keçirilməsi ona daha əlverişli olduğu halda, iddiaçının üzərinə qanunvericiliyin tələblərinin pozulması ilə müşayiət olunan daha ağır yük qoymuşdur.
28. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın aparılması qaydaları və maddi hüquq normalarının tələbləri pozulmaqla gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verilmiş, əsassız olaraq iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini ağırlaşdıran gömrük borcu məbləğləri hesablanmışdır.
29. Məhkəmə həmçinin qeyd edir ki, Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Lakin, cavabdeh orqan tərəfindən iddiaçıdan düzgün tutulmadığını hesab etdiyi gömrük borcu məbləğləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada 3 il müddət ərzində tutulmamışdır. Belə ki, cavabdeh tərəfindən gömrük borcunun ödənilməsinə dair 22 fevral 2022-ci il tarixli və 25 noyabr 2022-ci il tarixli bildirişlər iş materiallarına əlavə edilsə də, həmin gömrük bildirişlərinin iddiaçıya çatdırılması, onun səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilməsi barədə sübutlar iş materialları ilə sübuta yetirilməmişdir.
30. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıdan düzgün tutulmadığını hesab etdiyi gömrük borcu məbləğlərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada tələb etmə müddəti də, ötürülmüşdür.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
33. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
34. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin İddiaçınə tətbiq etdiyi 4501.18 manat məbləğində idxal rüsumu, 810.21 manat məbləğində ƏDV və 1938.66 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 7.250, 05 (yeddi min iki yüz əlli beş qəpik) manat məbləğində pul məbləği və İddiaçı MMC-nin "xxxx" ASC-də olan AZ23TURA******************** saylı bank hesabına qoyulmuş xx.xx.2023-cü il tarixli 66, 67 və 68 saylı, eləcə də, xx.xx.2023-cü il tarixli 123, 124 və 125 saylı sərəncamları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva