Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7703/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər “YouTube” və partnyoru “BAKU CMS MEDİA”ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı MMC cavabdehlər “YouTube” və partnyoru “BAKU CMS MEDİA”ya qarşı ərizə ilə məhkəməyə müraciət edərək, “YouTube”un və onun Bakıdakı partnyoru “BAKU CMS MEDİA”nın "xxxx" MMC-yə vurduğu maddi və mənəvi ziyana görə tərəflərin 250.000 ABŞ dolları təzminat ödəməsi, “YouTube”un platformasında internetə SƏS TV-nin tamaşıçılarından üzrxahlıq mətninin yayması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycanın müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliklərindən biri - “Səs” Media Qrupuna daxil olan X2 (SƏS TV) 11 yanvar 2011-ci ildə yaradılmışdır. Fasiləsiz olaraq Azərbaycan (gələcəkdə ingilis və rus) dilində tamaşaçılarla görüşə gələn SƏS TV ölkəmizin bütün bölgələrində, eyni zamanda Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Şərqi Avropa ölkələri, Qazaxıstan və Orta Asiya ölkələrindəki büroları vasitəsilə “online” xəbər xidməti göstərir və ictimai-siyasi və YouTube üzərindən iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ görüntülər yayır. Regionun etimad qazanmış media şirkətləri sırasında olan SƏS TV-nin peşəkar jurnalistlərdən və mütəxəssislərdən ibarət yaradıcı qrupu verilişlər, reportajlar hazırlayır, monitorinqlər keçirir. SƏS TV ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Multimedia və videoxəbər xidməti SƏS TV müxtəlif layihələr hazırlayır. SƏS TV xarici ölkələrin media qurumları ilə əməkdaşlıq edir, informasiya mübadilələri aparır. Müxtəlif tədbirlərin təşkilatçısı və informasiya dəstəkçisi rolunda çıxış edən SƏS TV Azərbaycan mediasının yeni qolu sayılan internet medianın inkişafında xüsusi rol oynayır. Hal-hazırda SƏS TV-nin 172 minə yaxın abunəçisi var. Hər gün 2-3 saatdan bir SƏS TV YouTube üzərindən canlı efirlər təşkil. Verilişləri canlı izləyən tamaşıçılar öz istəklərini, rəy və təkliflərini, şullarını verlişin rəy bölməsinə yazırlar. Həmin suallar verlişin qonaqları və ya TV-nin əməkdaşları tərəfindən cavablandırılır. Təbii ki, SƏS TV-nin auditoriyasının geniş olması “YoTube”un və onun Bakıdakı partnyoru BAKU CMS MEDİA maddi maraqlarına cavab verir. Çünki SƏS TV-nin yayımlanmasından “YouTube”un Bakıda olan partniyoru “BAKU CMS MEDİA” maddi qazanc əldə edir. Bununla bağlı SƏS TV ilə “YouTube”un Bakıdakı partnyoru BAKU CMS MEDİA arasında rəsmi olaraq xx.xx.2021-ci ildə “Baku CMS Media xidmət şəbəkəsinə qoşulma müqaviləsi” imzalanımışdır. Müqavilənin şərtlərinə görə, Baku CMS Media fasiləsiz və keyfiyyətli xidmət qarşılığında SƏS TV-də yayımlanan reklamlardan əldə olunan gəlirin 70 faizinə sahib olacaq. Bu baxımdan ötən müddət ərzində “Baku CMS Media” SƏS TV vasitəsilə böyük məbləğdə maliyyə vəsaiti qazanmışdır. SƏS TV də sahibkarlıq subyekti olaraq YouTube üzərindən yayımlanmaqla müəyyən məbləğlərdə maliyyə qazancı əldə etmişdir. Lakin xx.xx.2023-cü ildən etibarən SƏS TV-nin fəaliyyəti dayandırılmışdır. Bununla da YouTube və onun Bakıdakı partnyoru “BAKU CMS MEDİA” üzərilərinə götürdükləri öhdəlikləri pozmuşlar. SƏS TV bu müddətdə 172 min tamaşaçısını itirməklə yanaşı, həm də işgüzar nüfuzuna zərbə vurulmuş, eyni zamanda maddi və mənəvi ziyana məruz qalmışdır. Hər ay Səs TV ilə müxtəlif hüquqi və fiziki şəxslər arasında 3-5 müqavilə imzalanırdı. TV-nin bağlanmasından sonra müqavilələrdən məhrum olunmuşdur. Eyni zamanda əvvəlki dövrlərdə bağladığı müqavilələri itirmişdir. Bu isə hər ay əldə olunan 20- 23 min manatdan məhrum olunmaq deməkdir. Məhz “YouTube”un SƏS TV-nin internetdə yayımını bağlamasından sonra redaksiya əməkdaşlarının aylıq maaşlarının ödənilməsində problemlər yaranmışdır. SƏS TV-nin əməkdaşları “YouTube”un Bakıdakı partnyorunun əməkdaşları ilə yazışmalarında TV-nin nəyə görə bağlanmasına dair suala dəqiq cavab ala bilməmişlər. Əgər Səs TV-nin yayımında hansısa qanun pozuntusu olsaydı, bu zaman ən azı redaksiyaya xəbərdarlıq edilməli idi.
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
9. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda YouTube və partnyoru BAKU CMS MEDİA inzibati orqan sırasına daxil edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. Buna görə də inzibati orqan olmayan cavabdehlə iddiaçı arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisə də mövcud deyildir. Göstərilənlərə əsasən hazırkı iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.
11. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
12. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
13. Məhkəmə tərəfindən müəyyən edildi ki, hazırkı iş üzrə tələb mülki xarakterlidir. Odur ki, iddiaçıya müvafiq tələblə ümumi məhkəməyə, fərdi sahibkar olduğu təqdirdə Bakı Kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunsun.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ləman Musayeva