Məhkəmə qərarları › İş №2-1(112)-7761/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7761/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7761/2025 19.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı X5 (bundan sonra – iddiaçı) xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, AZ seriyalı 630160 nömrəli orta təhsil haqqında attestatı imzalayan məktəb direktorunun adı və soyadını, müvafiq attestatın dövlət sənədi olduğunu və ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə təhsili davam etdirmək üçün əsas hesab olunmasını təsdiq edən arayışın təqdim edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək xx.xx.2025-ci il tarixli məktub ilə bildirmişdir ki, arxiv sənədlərinə keçirilən baxış zamanı Qaradağ rayonu 184 nömrəli orta ümumtəhsil məktəbin (Qaradağ rayonu 184 nömrəli tam orta məktəb) 1973cü il üzrə arxiv məlumatlarını aşkarlamaq mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona AZ seriyalı 630160 nömrəli orta təhsil haqqında attestatı imzalayan direktorun adı və soyadını, müvafiq attestatın dövlət sənədi olduğunu və ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə təhsili davam etdirmək üçün əsas hesab olunmasını təsdiq edən arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Bakı şəhəri Qaradağ rayonu 184 saylı tam orta məktəbin 1ci sinfinə daxil olmuş və 1973-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Həmin məktəbin 11-ci sinfini bitirən zaman iddiaçıya AZ seriyalı 630160 nömrəli attestat verilmişdir. Həmin attestatın əsli iddiaçıda mövcuddur. İddiaçı Azərbaycan Respublikasının hüdudlarından kənar yaşamaq və işləmək üçün getmək istədiyindən ona, orta təhsil haqqında attestatın təsdiq edilməsi barədə arayışın alınması zərurəti yaranmışdır. İddiaçı attestatın əslini təqdim edərək, cavabdehə müraciət etmiş, müvafiq arayışın təqdim edilməsini xahiş etmişdir. Cavabdeh isə bildirmişdir ki, müvafiq olaraq arxiv sənədlərinə baxış keçirilən zamanı Qaradağ rayonu 184 nömrəli orta ümumtəhsil məktəbin (Qaradağ rayonu 184 nömrəli tam orta məktəb) 1973-cü il üzrə arxiv məlumatlarını aşkarlamaq mümkün olmamışdır. Cavabdeh iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə öhdəliyin icrası haqqında hazırkı iddia tələbi ilə bağlı iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, işdə olan АЗ №630160 nöməli xx.xx.1973-cü il tarixli orta təhsil haqqında attestatdan görünür ki, X3 1973-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsindəki 184 nömrəli orta ümumtəhsil məktəbin tam kursunu kafi davranış və qiymətlərlə bitirmişdir. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X3 xx.xx.1984-cü ildə nikah bağlamış, nikahdan sonra arvada Həsənova soyadı verilmişdir. 014428 nömrəli diplomun surətindən görünür ki, X3 1975-ci ildə Bakı rabitə elektrotexnikomuna daxil olmuş və 1977-ci ildə poçt rabitəsi ixtisası üzrə tam kursu bitirmiş, ona poçt rabitəsi texniki ixtisası verilmişdir. İddiaçı hazırda ona orta təhsili ilə bağlı arayış verilməsini xahiş edir. Cavabeh isə Qaradağ rayonu 184 nömrəli orta ümumtəhsil məktəbin (Qaradağ rayonu 184 nömrəli tam orta məktəb) 1973-cü il üzrə arxiv məlumatlarını aşkarlamaq mümkün olmadığından iddiaçının tələbini təmin etməkdən imtina edir. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli 479 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”na əsasən: -bənd 2.1. Ümumi təhsil müəssisələrini ümumi təhsil pilləsinin ümumi orta və tam orta səviyyələri üzrə bitirən şəxslərə bu Qaydaya əsasən təhsil haqqında dövlət sənədləri verilir. Ümumi təhsil haqqında dövlət sənədləri növbəti pillədə və ya səviyyədə təhsili davam etdirmək, yaxud əmək fəaliyyətinə başlamaq üçün əsas hesab olunur. - bənd 2.2. Ümumi təhsil pilləsində təhsil haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir: 2.2.1. ümumi orta təhsil haqqında attestat (adi və fərqlənmə); 2.2.2. tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və xüsusi nümunəli). - bənd 2.3. Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi attestat verilir. - bənd 4.3. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın uçotu Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ümumi təhsil müəssisələrində aparılır və onlar ciddi hesabat sənədləri kimi saxlanılır. - bənd 4.4. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ümumi təhsil müəssisəsinin direktoru məsuliyyət daşıyır. - bənd 4.6. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın alınması və istifadəsi barədə məlumatlar ümumi təhsil müəssisəsində saxlanılan xüsusi qeydiyyat kitabında aparılır. Qeydiyyat kitabı səhifələnir, qaytanlanır, surğuclanır və ümumi təhsil müəssisəsinin direktoru tərəfindən təsdiq edilir. Qeydiyyat kitabında il ərzində alınmış, istifadə olunmuş və təqvim ilinin əvvəlindən qalan ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında attestatların qeydiyyatı aparılır. - bənd 4.7. Ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat kalliqrafik xətlə qara mürəkkəbli qələmlə yazılır. Ümumi orta təhsil haqqında attestatda və tam orta təhsil haqqında attestatda doldurulmamış qrafalara (-) yazılır. Ümumi orta təhsil haqqında attestatda və tam orta təhsil haqqında attestatda düzəlişə və qaralamalara yol verilmir. Ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın möhür üçün ayrılmış yerində ümumi təhsil müəssisəsinin möhürü vurulur. Möhürün yazıları aydın oxunmalıdır. İşdən görünür ki, iddiaçı 1973-cü ildə Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsindəki 184 nömrəli orta ümumtəhsil məktəbin tam kursunu bitirmiş və bu barədə ona АЗ №630160 nöməli xx.xx.1973-cü il tarixli orta təhsil haqqında attestat verilmişdir. İddiaçı həmin attestata əsasən təhsilini davam etdirmiş və 1975-ci ildə Bakı rabitə elektrotexnikomuna daxil olmuşdur. Beləliklə, istinad olunanlardan göründüyü kimi, iddiaçı orta ümumtəhsil məktəbini bitirmiş və bu barədə iddiaçıya müvafiq sənəd verilmişdir. Cavabdeh də bu halı qəbul etmiş, lakin iddiaçının orta ümumtəhsil məktəbini bitirməsi barədə arayış verilməsindən Qaradağ rayonu 184 nömrəli orta ümumtəhsil məktəbin (Qaradağ rayonu 184 nömrəli tam orta məktəb) 1973-cü il üzrə arxiv məlumatlarını aşkarlamaq mümkün olmaması səbəbindən imtina etmişdir. Lakin məktəb üzrə məlumatların olmaması iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas ola bilməz. Çünki iddiaçı məktəbin arxiv sənədlərinin saxlanılması üzrə məsul şəxs deyil və sənədlərin saxlanmaq üçün verilməməsinin yükü onun üzərinə qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin 2.10-cu bəndinə əsasən İdarə, təşkilat və müəssisələrin fəaliyyəti nəticəsində yaranan və Milli arxiv fonduna daxil olan arxiv sənədləri “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən müddətlər başa çatdıqdan sonra daimi mühafizə üçün müvafiq dövlət arxivlərinə təhvil verilir. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsasız və qüvvədə olan normalara uyğun olmamış, nəticədə iddiaçının hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı X4 A3 seriyalı 630160 nömrəli orta təhsil haqqında attestatı imzalayan səalhiyyətli şəxsin adı və soyadı, attestatın dövlət sənədi olması və növbəti təhsil pilləsi üzrə təhsili davam etdirmək üçün əsas hesab olunması barədə arayış verilməsi öhdəliyi cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar