Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7827/2021 01.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “prokurorluq işçisi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, prokurorluq orqanlarında işlədiyi iş stajının güzəştli əsaslarla hesablanaraq ona dövlət qulluqçusu kimi yenidən pensiya hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq prokurorluq orqanlarında azı 25 il qulluq stajı olan prokurorluq işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda əmək pensiyası yaşına çatmış və ya pensiya yaşına çatanadək İ qrup əlil olmuş, bundan başqa həmin Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla (yəni qanunla müəyyən edilmiş pensiya yaşına (hazırda kişilər üçün 65 yaş) çatmaqla) “Əmək pensiyaları haqqında” Qanunun 20.8.1-ci, 20.8.2-ci maddələrinə əsasən prokurorluq orqanının əməkdaşı kimi əmək pensiyası prokurorluq orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Bundan sonra İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluqçusu kimi prokurorluq orqanlarında 6 il 2 ay 15 gün olan stajına görə güzəştli şərtlərlə pensiya hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Baş Prokurorun 15 aprel 1991-ci il tarixli 14 saylı əmrinə əsasən Baş Prokurorluq tərəfindən yaradılmış “X2” qrupuna müqavilə əsasında Baş Prokuror yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsinə təyin olunmuşdur. Həmin “X2” qrupu Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət heyətdən təşkil olunmuşdur. “X2” qrupu olaraq xidməti vəzifələrini yerinə yetirmək üçün müharibə zonalarına göndərilmişlər. İlk olaraq 15 aprel 1991-ci il tarixdən fevral 1992-ci il tarixədək Şuşa şəhərində, 1992-ci ilin fevral ayından 1993-cü ilin 05 aprel tarixinə kimi Ağdam şəhərinə ezam olunmuşlar. Həmin xidmət zamanı istintaq əməliyyat fəaliyyəti ilə yanaşı Xocalı, Xankəndi, Kərkicahan, Şuşa, Laçın və sair bölgələr uğrunda gedən döyüşlərdə iştirak etmişlər. 26 fevral 1992-ci il tarixdə Xocalı faciəsindən sonra Respublika Baş Prokurorluğu nəzdində yaradılmış “Xocalı İstintaq-Əməliyyat” qrupunun uzun müddət fəal üzvü olmuşdur. Qarabağdan ezamiyyətdən qayıtdıqdan sonra 05 aprel 1993-cü il tarixdən Baş Prokurorluqda müxtəlif vəzifələrdə çalışmışdır. 1994-cü ilin noyabr ayında döyüş bölgəsi olan Tovuz rayon Prokurorunun köməkçisi vəzifəsinə təyin edilmişdir. Lakin qısa müddət sonra Tovuz rayon prokurorunun qərəzli təqdimatı ilə Baş Prokurorun 356 saylı əmri ilə 11 iyul 1995-ci il tarixdə Prokurorluq oranlarından qanunsuz olaraq xaric edilmişdir. O, prokurorluq orqanlarında əməliyyat işçisi kimi 4 il 3 ay (51 ay) işləmişdir. Həmin 4 il 3 aylıq prokurorluq işçisi kimi stajından 15 aprel 1991-ci il tarixdən 05 aprel 1993-cü ilədək 2 il (24 ay) “X2” qrupunda “Dağlıq Qarabağ” zonasında, 16 noyabr 1994-cü il tarixdən 11 iyul 1995-ci il tarixədək (8 ay) isə Tovuz rayon Prokurorluğunda işlədiyi dövr müharibə dövrünə təsadüf edir ki, həmin dövr onun xidmətinin xarakterinə görə güzəştli əsas hesab edilməlidir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə onun 20 aprel 1991-ci ildən 05 aprel 1993-cü ilə kimi Qarabağ uğrunda döyüş zonalarında erməni qəsbkarları ilə döyüşlərdə iştirak etmək faktı müəyyən edilmişdir. Nizami rayon məhkəməsinin həmin qətnaməsi əsasında ona Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidməti tərəfindən MV № 01065 Qarabağ Müharibəsi veteranı vəsiqəsi verilmişdir. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından onun döyüş zonalarında iştirak etdiyi 1 il 11 ay 15 gün müddət güzəştli şərtlərlə, yəni, 3 il 11 ay təşkil etməklə prokurorluq orqanlarında ümumi stajına daxil edilməklə 6 il 2 ay 15 gün təşkil edir. O, 2016-cı ildən 2-ci qrup əlildir və 2-ci qrup əlil kimi ayda 270 manat məbləğində pensiya alır. Cavabdeh iddia ərizəsinə etirazını məhkəməyə təqdim etmiş və etirazında göstərmişdir ki, İddiaçı eyni predmet və eyni əsaslar üzrə əvvəllər inzibati məhkəməyə müraciət etmiş, onun iddiası məhkəmə tərəfindən rədd edilmiş, iddiaçı həmin qərardan apellyasiya və kasassiya şikayətləri ilə yuxarı insitansiya məhkəməsinə müraciət etsə də, yuxarı instansiya məhkəmələri də onun şikayətlərini təmin etməmişlər. Habelə, iddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, prokurorluq orqanlarında ümumi iş stajı qanunvericiliklə nəzərdə tutulmuş müddətdən azdır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili Vəkil Əhrəman oğlu iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı barəsində əlverişli inzibati aktın qəbul edilməsi məqsədilə hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir və məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. Cavabdeh etirazında iddiaçının eyni tələblə eyni cavabdehə qarşı qaldırdığı iddia ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına istinad etsə də, iş materiallarına əlavə edilmiş cavabdehin istinad etdiyi Bakı İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2- 1(112)-3666/2020 saylı qərarından görünür ki, həmin iş üzrə iddiaçı ona 2016-cı ildən prokurorluq işçisi kimi pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırda isə iddiaçı ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş edir. Buna görə də məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. İddianın əsaslılığına gəldikdə isə məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasının dublikatının surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixindən kuryer təyin edilmiş, xx.xx.1975-ci il tarixdə institutda kuryer vəzifəsindən institutun foto laboratoriyasına laborant vəzifəsinə keçirilmiş, xx.xx.1975-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1976-xx.xx.1976-cı illərdə QAMVS Sənaye müəssisəsinin trestinin TQİ-2-də 3-cü dərəcəli asfaltsalan, xx.xx.1976xx.xx.1976-cı illərdə “Azmontajspesstroy” Bakı tikinti-quraşdırma idarəsində 3-cü dərəcəli asfaltsalan işləmişdir. xx.xx.1976-xx.xx.1978-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1978-xx.xx.1979-cu illərdə 1-ci dərəcəli elektrik çilingəri, xx.xx.1979xx.xx.1979-cu illərdə 11 №-li yeməkxanada fəhlə, xx.xx.1979-xx.xx.1980-cı illərdə inzibati təsərrüfat hissəsində köməkçi fəhlə işləmişdir. xx.xx.1980-cı il tarixdə Kuban dövlət universiteti əyani təhsil formasının hüquq fakültəsinin 1-ci kursuna daxil olmuşdur. xx.xx.1983-xx.xx.1988-ci illərdə “Cənub su kanalı” trestinin Fəhlə təchizatı şöbəsində Ekspeditor, xx.xx.1989-xx.xx.1990-cı illərdə “Qazanxana” kooperativində hüquqşünas məsləhətçisi, xx.xx.1990-xx.xx.1991-ci il tarixlərində Şəki üzüm emalı zavodunda hüquq məsləhətçisi işləmişdir. xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Prokurorluğu Respublikanın Baş prokuroru yanında DQMV üzrə prokurorluğunun, DİN və DTK-nın Vahid istintaq-əməliyyat qrupuna 5 il müddətinə xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsinə müvəqqəti olaraq işə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə Respublika Bakı prokurorluğu ümumi nəzarət idarəsi həddibuluğa çatmayanlar haqqında işlərin icrasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin edilmişdir. xx.xx.1993-cü il tarixdə Respublika prokurorluğu arbitraj işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixli, 895 nömrəli əmrlə Tovuz rayon prokurorunun köməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1995-xx.xx.1998-ci il tarixlərində “Rauf” kiçik müəssisəsində hüquq məsləhətçisi işləmiş, xx.xx.1998-xx.xx.2005-ci il tarixlərində “Qarabağlı” B.K.F.T.də hüquq departamentinin müdiri, xx.xx.2013-xx.xx.2015-ci il tarixlərində "xxxx" MMC-də kompessor üzrə mütəxəssis işləmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-4140/2015 nömrəli, 27 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı 20 aprel 1991-ci ildən 05 aprel 1993-cü ilə kimi Qarabağ uğrunda döyüş zonalarında erməni qəsbkarları ilə döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 17/802 nömrəli arayışa əsasən İddiaçı aprel 1991-ci ildən aprel 1993-cü il tarixə kimi Azərbaycan Respublikası Prokurorluğu, DİN və MTN-in Qarabağ üzrə vahid istintaq-əməliyyat qrupunun xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsində işləyərkən, 150% əmək haqqı (vəzifə maaşı, xidmət ilinə görə əlavə almışdır), noyabr 1994-cü ildən 11 iyul 1995-ci il tarixə kimi Tovuz rayon prokurorunun köməkçisi vəzifəsində işləyərkən 200% əmək haqqı (vəzifə maaşı, xidmət ilinə görə əlavə almışdır), illər üzrə aşağıdakı kimi mükafatlar almışdır: 1992 - dekabr ayı 150% vəzifə maaşı həcmində; 1993 - mart ayı 150%, may ayı 75%, dekabr ayı 150% vəzifə maaşı həcmində; 1994 - may ayı 100%, dekabr ayı 100% vəzifə maaşı həcmində; 1995 - may ayı 100%, noyabr ayı 200% vəzifə maaşı həcmində. Beləliklə, işin sadalanan halları ilə iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1995-ci il tarixədək prokurorluq işçisi kimi əmək fəaliyyəti ilə məşğul olması, cəmi 4 il 2 ay 27 gün stajının olması müəyyən edilir. Məhkəmə qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinin iddiaçının hüququnun yarandığını iddia etdiyi dövrdə (xx.xx.2018-ci il tarixədək) qüvvədə olan redaksiyasına əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir. Həmçinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1.dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla. İddiaçı hazırda yuxarıda istinad olunan normaları əsas götürməklə onun 15 aprel 1991-ci il tarixdən 05 aprel 1993-cü ilədək 1 il 11 ay 21 gün “X2” qrupunda “Dağlıq Qarabağ” zonasında xidmət etdiyi müddətin güzəştli hesab olunmaqla, həmin müddətin 3 il 11 ay müəyyən edilməsini və beləliklə, onun 6 il 2 ay 15 gün hesab olunan prokurorluq orqanlarındakı iş stajı əsasında tələb olunan 5 illik şərti ödədiyindən dövlət qulluqçusu kimi pensiya təyin edilməsini xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının prokurorluq orqanlarında 5 il qulluq stajı yoxdur. Belə ki, işdən müəyyən olunur ki, onun prokurorluq orqanlarında qulluq stajı cəmi 4 il 2 ay 27 gündür. İddiaçının döyüş bölgəsində xidmət etdiyi müddətin güzəştli hesab edilməsi məsələsinə gəldikdə isə, bu hala artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qiymət verilmişdir. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1589/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, həmin qərarla məhkəmə müəyyən etmişdir ki, “..Zabit heyətinə mənsub şəxslərə,gizirlərə,miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992ci il 23 noyabr tarixli 631 nömrəli qərarına görə qərarda göstərilmiş şəxslərin pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdir. Qərardan göründüyü kimi onun müddəaları prokurorluq işçilərinə şamil edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 20 aprel 1991-ci ildən 05 aprel 1993-cü ilə kimi Qarabağ uğrunda döyüş zonalarında hərbi döyüşlərdə iştrak etməsi faktı ilə bağlı onun prokurorluq orqanlarında xidmət etdiyi ümumi 4 il 3 ay müddətinin güzəştli şərtlərlə hesablanması üçün qanuni əsaslar mövcud deyil...” Həmin qərardaddan verilmiş kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(102)-112/2021 saylı xx.xx.2021-ci il tarixli qərarla Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1589/2020 saylı xx.xx.2020-ci il tarixli qərarını qüvvədə saxlayan kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək prokurorluq orqanlarında işlədiyi müddətin güzəştli qaydada onun xidmət illərinə daxil edilməsi ilə bağlı qeyd etmişdir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 saylı Qərarının “b” yarımbəndinin 12-ci abzasında qeyd olunmuşdur ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılır. Lakin iddiaçının tələb etdiyi illər ərzində döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qərarı olmamışdır. Məhkəmə kollegiyası iddiaçının 20 aprel 1991-ci ildən 05 aprel 1993-cü ilə kimi Qarabağ uğrunda döyüş zonalarında hərbi döyüşlərdə iştirak etməsi faktı ilə bağlı onun prokurorluq orqanlarında xidmət etdiyi ümumi 4 il 3 ay müddətin güzəştli şərtlərlə hesablanması üçün əsas olmaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.” Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçının prokurorluq orqanlarında stajının cəmi 4 il 2 ay 27 gün olması və həmin müddətin güzəştli hesab edilməsi (iddiaçının müəyyən etdiyi kimi 6 il 2 ay 15 gün hesab olunması) üçün əsas olmadığı qənaətinə gəlinmişdir. Belə olan halda, iddiaçının prokurorluq orqanlarında 5 il qulluq stajının olmaması müəyyən olunur. İddiaçının prokurorluq orqanlarında işlədiyi müddətin dövlət qulluğu stajına daxil edilməsi məsələsinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir. “Dövlət qulluğu haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir. 31 may 2021-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun edilmiş dəyişikliyə əsasən Qanunun 22.7-ci maddəsinə aşağıdakı məzmunda 22.7-1-ci və 22.7-2-ci maddələr əlavə edilmişdir: “22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq edir.”. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 340-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 28 yanvar tarixli 665 nömrəli, “Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2006-cı il 27 iyul tarixli 432 nömrəli, “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2021-ci il tarixli 1398 nömrəli Fərmanının 2.1-ci bəndi ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanının icrasının təmin edilməsi haqqında xx.xx.2021-ci il tarixdə 472s saylı Sərəncam qəbul etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2ci maddəsinə uyğun olaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydası və şərtləri ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə tapşırılmışdır. Beləlikə, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməsi müəyyən edilsə də, bunun qaydası və şərtləri hələ müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməsi qaydası və şərtləri müəyyən edilməmişdir, iddiaçının isə dövlət qulluğunun xüsusi növü olan prokurorluq orqanlarında 5 il deyil, cəmi 4 il 2 ay 27 gün qulluq stajı mövcuddur, belə olan halda iddiaçının hazırkı tələbi təmin edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, əgər qəbul ediləcək yeni normativ hüquqi aktlarla dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməsinin fərqli qaydası müəyyən edilər və bu hal iddiaçının dövlət qulluqçusu kimi pensiya almaq hüququnun yaranmasına əsas olarsa, onda iddiaçı həmin normalara əsasən yenidən ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7827/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7827/2021
01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver