Məhkəmə qərarları › İş №2-1(112)-7842/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7842/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7842/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna (üçüncü şəxs Maliyyə Nazirliyi) qarşı “pulun ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə Bakı şəhər 35 saylı Notariat Kontoru tərəfindən ilkin alqı-satqı müqaviləsinə görə xx.xx.2015-ci il tarixdə "xxxx" ASC mədaxil məxaric edilməsinə dair onun adına verilmiş 35.000 manat pulun ona ödənilməsi barədə "xxxx" ASC-nin Əmanətlərin Sığortalanması Fondu tərəfindən sənədlərin məhkəməyə təqdim edilməsi və həmin məbləğin ona verilməsi gecikdiyi üçün Mərkəzi Bank tərəfindən 50.0000 manat kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 1970-ci ildə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Xəzər rayon Türkan Bağlar massivində 19 ha 429 nömrəli bağ sahəsi iddiaçının mərhum atası 1941-1945-ci illərdə X3 şəhid olduğu üçün şəhid ailəsi kimi iddiaçıya 4 nəfərdən ibarət ailə üzvlərinin adları bağ sahəsinin icarə müqaviləsinə yazılmaqla bağ sahəsi verilmişdir. X1 məhkəmədə iddia qaldıraraq iddiaçının mülkiyyətinə 93.000 manat xərc çəkdiyini iddia etmiş, halbuki bağı 7 il zəbt etmiş, onlarla ağacları məhv etmiş, bağ sahəsində heç bir yenilik etməmişdir. Sonuncu dəfə iddiaçı Bakı şəhər 35 saylı Notariat Kontoruna müraciət edərək X1 tərəfindən aldadılaraq barışıq müqaviləsi bağlamış, onun ağır stresdə olduğundan istifadə etməklə aldatma yolu ilə barışıq müqaviləsinə qol çəkildiyindən həmin müqavilənin ləğvini tələb etmiş, sonuncu isə alqı-satqı müqaviləsi bağlamışdır. xx.xx.2022-ci ildə imtina məktubu ilə müqavilənin ləğv edilməsindən imtina edərək iddiaçının məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Notariat Kontoru iddiaçının 100.000 manat dəyərində bağını 10.000 manata sənədləşdirmişdir. İddiaçı şikayət etdikdə "xxxx" ASC-də 35.000 manatın onun hesabına ödənildiyi bildirilmişdir. Əgər 35.000 manat iddiaçının adına ödənilibsə Bank tərəfindən həmin pulun mənimsənildiyi başa düşülür.

3. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.

II. İddianın mümkünlüyü

6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

7. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunundan: 60.2. Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir. Həmin Qanunun 68-ci maddəsinə əsasən Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır. 72.1.2. və 72.1.3. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. 76.1. bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.

8. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.

9. Beləliklə, mübahisənin inzibati məhkəmə aidiyyəti qanunvericiliklə, Konstitusiya Məhkəməsinin qərarında verilən şərhlə müəyyən edilmişdir.

10. İPM-in 132.1-ci maddəsinə əsasən, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılır.

11. Odur ki, ləğvetmə prosesində olan banka qarşı bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür və həmin prosedur birinci instansiya məhkəməsi qismində apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirildiyindən iddiaçı kreditor qismində müvafiq ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etməlidir.

12. Predmet aidiyyəti üzrə hazırkı mübahisəyə baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aid deyildir. Lakin İddiaçı hüquqi marağına uyğun olaraq apellyasiya instansiyası məhkəməsinə iddia ərizəsi ilə deyil, iflas proseduru çərçivəsində ərizə ilə müraciət etməli olduğundan məhkəmə İPM-in 8.2-ci maddəsinə uyğun olaraq işin aidiyyəti üzrə apellyasiya instansiya məhkəməsinə göndərilməsini mümkün hesab etmir.

13. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar