Məhkəmə qərarları › İş №2-1(112)-7891/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7891/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7891/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “sertifikasiya imtahanına buraxılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun ftiziyatriya ixtisası üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən keçirilən sertifikasiyada iştirakının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1989-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1995-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetini Tibbi-profilaktika işi ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının xx.xx.1995-ci il tarixli qərarı ilə ona həkim ixtisası verilmişdir. xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilə kimi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində internatura keçmiş və bundan sonra ona qida-gigienası üzrə ixtisas verilmişdir. İddiaçı qeyd edir ki, uzun müddət ərzində fərqli yerlərdə həkim kimi fəaliyyət göstərmişdir. Belə ki, xx.xx.1997-ci ildə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 3 saylı İslah-əmək müəssisəsinə həkim-ftiziatr vəzifəsinə təyin edilmiş, daha sonra xx.xx.2000-ci ildə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 17 saylı İslah-əmək müəssisəsinə həkim-ftiziatr vəzifəsinə təyin edilmişdir. Bundan başqa 1999-cu ildə xx.xx.2004-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək və xx.xx.2010-cu il tarixindən xx.xx.2010-cu il tarixinədək, ümumilikdə 4 dəfə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təkmilləşmə kursu keçmişdir. İddiaçı qeyd edir ki, xx.xx.2023-cü ildə əmək müqaviləsinə xitam veriləndən sonra ftiziatriya ixtisası üzrə sertifikasiyadan keçmək üçün ərizə ilə AR Səhiyyə Nazirliyinə müraciət etmiş, sonuncu cavab məktubunda bildirmişdir ki, o, aldığı təhsilə uyğun olaraq gigiena ixtisası üzrə təkmilləşdirmə kursu və sertifikasiyadan keçə bilər. Bu cavabnan razı olmadığına görə cavabdeh orqana təkrar müraciət etmiş və xx.xx.2023-cü il tarixli cavab məktubunda cavabdeh orqan bildirmişdir ki, guya onun diplomdan sonra təhsili və davamlı fəaliyyəti olmamış və buna görə sertifikasiyadan keçməsi qeyri-mümkündür. İddiaçı bu cavabla razılaşmır və təqdim etdiyi sənədlərdə, həmçinin əmək kitabçasına əsasən həkim-ftiziatr kimi fəaliyyət göstərdiyini, habelə, işlədiyi dövrdə dəfələrlə təlimlərdə və kurslarda iştirak etdiyini qeyd edir. İiddia ərizəsinə əlavə edilən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təkmilləşmə kursunun şəhadətnaməsindən görünür ki, 1999-cu ildə və 2004-cü il tarixində həkim ftiziatr ixtisası üzrə sertifikasiyadan keçmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı iddia tələbi tamamilə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinə kimi Respublika Gigiyena və Epidemologiya Mərkəzində internatura keçmiş və bundan sonra ona qida-gigiyenası üzrə ixtisas verilmişdir. Sonuncu xx.xx.2023-cü il tarixli ərizə ilə AR Səhiyyə Nazirliyinə müraciət etərək ftiziatriya ixtisası üzrə təkmilləşdirmə kursu və sertifikasiyadan keçmək üçün icazə verilməsini xahiş etmişdir. AR Səhiyyə Nazirliyi ərizəyə cavab olaraq iddiaçıya göndərdiyi məktubunda tibb işçisinin ixtisasının internaturada, rezidenturada keçdiyi hazırlığa uyğun müəyyənləşdiyini, müraciət edənin (iddiaçının) aldığı təhsilə uyğun olaraq yalnız gigiyena ixtisası üzrə sertifikasiyadan keçməsinin mümkün olması barədə məlumat qeyd olunmuşdur. Bundan sonra iddiaçı eyni məzmunlu ərizə ilə yenidən müraciət etmiş və eyni məzmunlu cavab məktubu ona göndərilmişdir. Aşağıda qeyd olunan normaların təhlili AR Səhiyyə Nazirliyi tərəfindən iddiaçıya göndərilmiş cavab məktubunun qanuni və əsaslı, sonuncunun iddia tələbinin isə qanunsuz və əsassız olduğunu təsdiq edir. Qanunvericiliyə əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), "Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanununun 49-1-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Həmin maddədə həmçinin qeyd olunmuşdur ki, sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Yuxarıda qeyd olunan normaların təhlili, tibb işçisinin praktiki tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasivadan keçməli olduğunu, bu zaman ixtisasına uyğun sertifikasiyadan keçmənin mümkünlüyünü təsdiq edir. Normaların işin faktiki hallarına tətbiqi zamanı isə, iddiaçının əldə etdiyi ixtisasın iddia tələbində göstərdiyi kimi ftiziyatriya ixtisası üzrə sertifikasiyadan keçməsinə imkan vermədiyini, yalnız ixtisasını dəyişdirəcəyi təqdirdə yeni ixtisası təsdiq edən sənədin surətini təqdim etməklə sertifikasiyadan keçməsinin mümkün olacağını göstərir. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişfdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək, tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Azərbaycan Respublikasının Səhiyyə tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universiteti tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 41 qeydiyyat nömrəli, AB-İ № 020352 nömrəli diploma əsasən Dövlət İmtahan Komissiyasının 12 iyun 1995-ci il tarixli qərarı ilə İddiaçı Abasqulu oğlu “Tibbi-profilaktika” ixtisası üzrə tam kursu bitirmişdir. -N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universiteti tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, 001019 nömrəli vəsiqədən görünür ki, İddiaçı Abasqulu oğlu 1995-ci ildə N.Nərimanov adına Tibb Universitetini bitirmiş, 01 avqust 1995-ci ildən 30 iyun 1996-cı ilə kimi Respublika KEM ixtisası üzrə internatura keçərək “qida-gigiyenası” ixtisası əldə etmişdir. -İddiaçıya məxsus ИТ-İ №1680005 nömrəli əmək kitabçasına əsasən o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Qobustan həbsxanasında həkim-terapevti vəzifəsinə təyin edilmiş, xx.xx.1997-ci il tarixdə həkim ftiziatrı vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, 15 saylı İslah Əmək müəssisəsində həkim-terapevt vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, 17 saylı islah-əmək müəssisəndə həkim-ftiziatrı vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, 7 saylı cəzaçəkmə müəssisəndə həkimpsixiatrı vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci ildə ƏN-nin Tibb baş idarəsinin yeni strukturunun və ştat bölgüsünün təsdiq olunması ilə əlaqədar tutduğu vəzifədən azad edilmiş, xx.xx.2007-ci ildə 15 saylı cəzaçəkmə müəəssisəndə Tibbi-sanitar hissənin rəisihəkim həkim vəzifəsinin icrasını həyata keçirmiş, xx.xx.2008-ci ildə həmin vəzifəyə təyin edilmiş, xx.xx.2011-ci ildə qanunla müəyyən edilmiş əsas vəzifələrini yrtinə yetirmədiyinə görə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2011-ci ildə 8 saylı cəzaçəkmə müəssisəndə həkim-psixiatr-narkoloqu vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci ildə pensiyaya çıxması ilə əlaqədar öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2018-ci ildə "xxxx" MMC-də kəkim vəzifəsinə təyin olunmuş, xx.xx.2022-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2022-ci ildə "xxxx" MMC-də kəkim vəzifəsinə təyin olunmuş, xx.xx.2023-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən verilmiş: -Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun xx.xx.2004-cü il tarixli 214/a nömrəliu Əmrinə əsasən iddiaçı xx.xx.2004-xx.xx.2004-cü il tarixlərdə Ftiziatriya kafedrasında “Ftiziopulmonologiya” kursu üzrə həkim-dinləyici olaraq tematik təkmilləşmə kursunu keçdiyindən ona bu barədə müvafiq şəhadətnamə verilmişdir. -Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnsan resursları, elm və təhsil şöbəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı Abasqulu oğlu 01 aprel - 1999-cu il tarixindən - 31 may 1999-cu il tarixinə kimi (Əmr № 65, xx.xx.1999) ftiziatriya kafedrasında 2 (iki) aylıq "uşaqlar və yeniyetmələr üçün ftiziatriya", 01 noyabr 2004-cü il tarixindən - 30 noyabr 2004-cü il tarixinə kimi (Əmr № 214/a xx.xx.2004) ftiziatriya kafedrasında 1 (bir) aylıq “ftiziopulmonologiya” üzrə tematik təkmilləşmə (Səyyari-Ədliyyə Nazirliyinin Səhiyyə idarəsi) kursları keçib. Beləliklə işin faktiki hallarından görünür ki, İddiaçı N.Nərimanov adına Tibb Universitetini bitirmiş, xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinə kimi Respublika Gigiyena və Epidemologiya Mərkəzində internatura keçərək “qida-gigiyenası” üzrə ixtisas əldə etmişdir. İddiaçı müvafiq ərizə ilə cavabdehə müraciət edərək ftiziatriya ixtisası üzrə təkmilləşdirmə kursu və sertifikasiyadan keçmək üçün icazə verilməsini xahiş etmiş, sonuncu tərəfindən ftiziatriya ixtisası üzrə diplomdan sonra təhsilinin olmadığı əsası ilə imtina etmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdehin imtinasını mübahisələndirr. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin (Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyası) tələblərinə əsasən: -1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. -2. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. -3. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. -4. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş, “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən: -1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən hazırlanmışdır və rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri müəyyən edir, rezidentlərin attestasiya şərtlərini müəyyən etməklə, həkimmütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması ilə Azərbaycan Respublikasının ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır. -1.4. Rezidenturada təhsil dövlət təhsil standartı və proqramlarına uyğun olaraq hazırlanmış tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nda qeyd olunan həkimmütəxəssis ixtisasları üzrə aparılır. -3.2. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla, bu Qaydaların əlavəsi ilə müəyyən edilir. ("Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na əlavə: Ftiziatriya -2 il) -5.12. Rezidentlər təhsil aldıqları dövrdə əsas (baza ali) tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işləyə bilərlər. Qanunvericiliyin tələbinə əsasən “Ftiziatriya” ixtisası üzrə həkim ali peşə- ixtisas dərəcəsi almış şəxslər bir illik internatura kursunu, 2011-ci ildən başlayaraq isə “Ftiziatriya” ixtisası üzrə rezidentura səviyyəsini bitirdikdən sonra həmin ixtisas üzrə sertifikasiyadan keçə bilərlər. Başqa sözlə, şəxsin “Ftiziatriya” ixtisası üzrə sertifikasiyadan keçməsi üçün həmin ixtisas üzrə həkim-mütəxəssis ali peşə-ixtisas dərəcəsi olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 2010-cu il tarixli 108 nömrəli “Praktiki tibb və ya əzcazçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarı ilə təsdiq edilmiş Praktiki tibb və ya əzcazçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydasına əsasən: -1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. -1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. -1.4. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. -2.10.3. Tibb təsdiqi ilə sertifikatsiyadan keçmək üçün Nazirliyə ali və ya orta tibb təhsili haqqında sənəd (diplom) və onun surəti rəsmi qaydada təqdim edilir. 3.11. İmtahan sual klinik tapşırıq sertifikatsiyaya aid tibb mütəxəssisinin yardımı, onun praktiki bilik səviyyəsini və peşə vərdişlərinə sahib olan 5 (beş) klinika tapşırıqlarından asılıdır. Klinik tapşırıqlar üzrə sualların test imtahanında verilən sualların dərslərindən daxil edilməlidir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun: -48-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tibb mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsinin təşkili üçün məsuliyyət daşıyırlar. Dövlət səhiyyə sistemi mütəxəssislərinin ixtisasartırma xərcləri dövlət büdcəsi, qeyri-dövlət səhiyyə sisteminin mütəxəssisləri üçün öz vəsaitləri hesabına ödənilir. Tibb mütəxəssislərinin peşə, bilik və bacarıqlarının dövlət standartları, tibb və əczaçılıq ixtisaslarının nomenklaturasına uyğun fəaliyyət üçün vacib olan diaqnostika, müalicə, profilaktika və sağlamlığı möhkəmləndirmə metodlarının məcmusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ali və orta ixtisas tibb təhsilinə malik tibb mütəxəssisləri dövri olaraq beş ildə ən azı bir dəfə ixtisaslarının artırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədrisə cəlb edilirlər. Tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra yol verilir. -49.1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı N.Nərimanov adına Tibb Universitetini bitirmiş və “qida-gigiyenası” üzrə ixtisas əldə etmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı ftiziatriya ixtisası üzrə cavabdeh tərəfindən keçirilən sertifikasiyada iştirakının təmin edilməsini xahiş edir. Qeyd olunan iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyə əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin müvafiq bəndinə əsasən dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Göründüyü kimi qanunvericiliyin tələbi tibb işçisinin praktiki tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiyadan keçməli olduğunu, bu zaman ixtisasına uyğun sertifikasiyadan keçmənin mümkünlüyü yönündədir. Hazırkı işin hallarına görə isə iddiaçı müxtəlif idarələrdə həkimterapevt, həkim-psixiatr, həkim-psixiatr-narkoloq, həmçinin həkim ftiziatr olaraq fəaliyyət göstərmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi ftiziatr işi üzrə ixtisaslaşma kursu keçməsinə və buna dair ona müvafiq şəhadətnamənin verilməsinə istinad edərək hazırki iddiasının əsaslı olması barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının bu dəlilini məhkəmə qərarında istinad olunmuş, qanunvericiliyin sadalanan normaları bütünlükdə təkzib etdiyini qeyd edir. Məhkəmə o cümlədən qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə ixtisasının dəyişdirilməsi məqsədilə rezidentura təhsilinin başa vurmasına dair müvafiq Attestasiya Sisteminin mövcud vəziyyəti ixtisas üzrə "həkim-mütəxəssis" ali peşə-ixtisas və zəruri dövlət nümunəli diplomu təqdim etməmişdir. Halbuki, rezidenturada təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli qərarı ilə təsdiq edilmiş həkim-mütəxəssis ixtisasları üzrə aparılır ki, onlardan biri də “Ftiziatriya”dır və təhsil müddəti 2 ildir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının təhsili əsas (baza ali) tibb təhsilidir və onun ixtisas dərəcəsi “qida-gigiyena” ali peşə ixtisas dərəcəsi olmuşdur. Göründüyü kimi, hazırki halda iddiaçının keçdiyi “Ftiziopulmonologiya” kursu üzrə həkim-dinləyici olaraq tematik təkmilləşmə kursu əsasında ftiziatriya ixtisası üzrə sertifikasiyaya cəlb olunması qanunvericiliyin tələblərinə uyğun deyildir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilməməli, iddia əsassız olduğundan təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar