Məhkəmə qərarları › İş №2-1(112)-7900/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7900/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7900/2023 02.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 noyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, maddi və mənəvi zərərə görə kompensasiyanın ödənilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, növbəti hərbi rütbə almaqdan məhrum edilməsi nəticəsində ona dəymiş 35000 (otuz beş min) manat məbləğində, ona və ailə üzvlərinə dəymiş 15000 (on beş min) manat məbləğində mənəvi zərərin əvəzi, ümumilikdə 50000 (əlli min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2-ci dərəcəli kapitan rütbəsində ehtiyatda olan zabitdir. Müdafiə nazirinin 29 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə müvafiq olaraq (xəstəliyə görə), həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin komandirinin qanunsuz hərəkətləri nəticəsində “1-ci dərəcəli kapitan” hərbi rütbəsini ala bilməmişdir. Bunun nəticəsində də əlavə yaşayış sahəsi almaq hüququndan məhrum olunmuşdur. Cavabdehin etirazı: Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddiaçı iddia ərizəsində növbəti hərbi rütbə almaqdan məhrum edilməsi nəticəsində ona dəymiş 35000 (otuz beş min) manat məbləğində, o və ailə üzvlərinə dəymiş 15000 (on beş min) manat məbləğində mənəvi zərərin əvəzi, ümümilikdə 50000 (əlli min) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, iddiaçı öz ərizəsində iddia tələbinin hüquqi əsaslandırması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələri rəhbər tutmuşdur. Bundan əlavə, zərərin əvəzinin ödənilməsi qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi ilə tənzimlənir. Göründüyü kimi, hazırkı mübahisə ümumi (publik) hüquq münasibətlərindən irəli gəlmədiyindən bu mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçı 1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 2001-ci ildə həmin təhsil müəssisəsini “Suüstü gəmilərin radiotexniki və rabitə vasitələri” ixtisası üzrə bitirmişdir. O, 2001-2002-ci illərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissənin Hidroqrafiya gəmiləri divizonunun rabitə və radiotexniki vasitələr üzrə mütəxəssisi, 2002- 2006-cı illərdə həmin hərbi hissənin Müşahidə rayonu komandirinin texnika üzrə müavini, 2006-2007-ci illərdə N saylı hərbi hissənin Sex rəisinin müavini, 2007-2014-cü illərdə hərbi hissənin “X4”nin zabiti (hidroakustika üzrə), 2014-cü ilin fevral ayından iyul ayınadək həmin şöbənin rəisinin hidroakustika üzrə baş köməkçisi, 2014-cü ilin iyul ayından adıçəkilən şöbənin rəisi vəzifələrində xidmət etmişdir. İkinci dərəcəli kapitan rütbəsi daşıyır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə müvafiq olaraq iddiaçının işgüzar keyfiyyətləri nəzərə alınaraq onun iş həcmi az olan vəzifəyə keçirilməsi barədə 15 avqust 2020-ci il tarixli 0625 nömrəli əmr vermişdir. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin 15 avqust 2020-ci il tarixli 0625 nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 19 avqust 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 19 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Müdafiə nazirinin 29 dekabr 2020-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156cı maddəsinin “v” bəndinə müvafiq olaraq (xəstəliyə görə), həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda iddiaçı növbəti hərbi rütbə almaqdan məhrum edilməsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasanamə:

43. Hərbi qulluqçular hərbi rütbə verilməsinə bu Əsasnaməyə müvafiq olaraq təqdim edilirlər. Növbəti hərbi rütbələrin verilməsi hərbi xidmətə stimul yaradılması, bölmələrdə, hissələrdə və gəmilərdə hərbi qulluqçuların döyüş hazırlığının, döyüş və ictimai-siyasi hazırlıq keyfiyyətinin artırılması, intizamın möhkəmləndirilməsi, yüksək məsuliyyət hissinin, hərbi rütbəyə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mənsubiyyətə görə qürur hissinin tərbiyə edilməsi üçün tam şəkildə istifadə edilməlidir. Müvafiq ştat vəzifələri tutan və müsbət attestasiya olunan hərbi qulluqçulara növbəti hərbi rütbələrin vaxtında verilməsi məqsədilə, təqdimatlar qabaqcadan elə hesabla (qoşunların dislokasiyasının uçotu ilə) göndərilir ki, hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddəti, müvafiq hərbi rütbəni vermək hüququna malik olan rəisin təqdimata baxdığı gün tamam olsun.

44. İntizam cəzası alan, xidməti vəzifələrinin yerinə yetirilməsində ciddi nöqsanları olan hərbi qulluqçular növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versələr də, onların növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam cəzası götürülənədək təxirə salınır. Növbəti hərbi rütbə verilməsinə təqdimatın təxirə salınması haqqında qərarı əlahiddə tabor komandiri, ona bərabər və ondan yuxarı səlahiyyətə malik birbaşa rəis qəbul edir və bu qərarın qəbul edilməsinə əsas olan səbəbi hərbi qulluqçu ilə şəxsi söhbət zamanı ona elan edir. Şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair təqdimatın təxirə salınmasına əsas olan səbəb hərbi qulluqçuya söhbət vərəqəsində imza etdirməklə elan edilir və növbəti hərbi rütbə verilənədək şəxsi işə tikilib saxlanılır. Müvafiq quruma qəbul edilmiş qərar və aparılmış söhbət haqqında məlumat verilir. ...

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İddiaçı növbəti hərbi rütbə almaqdan məhrum edilməsi nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. İddiaçının tələbinin əsaslılığının yoxlanılması üçün məhkəmə tərəfindən ləğv edilən, iddiaçının iş həcmi az olan vəzifəyə keçirilməsi barədə 15 avqust 2020-ci il tarixli 0625 nömrəli əmrin mövcud olmadığı halda onun növbəti hərbi rütbə almaq hüququnun mövcud olub-olmamasına qiymət verilməlidir. İddiaçıya “2-ci dərəcəli kapitan” hərbi rütbəsi Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2014-cü il tarixli müvafiq əmri ilə vaxtından əvvəl verilmişdir. Həmin hərbi rütbədə müəyyən edilmiş xidmət müddəti 6 ildir. “Hərbi xidmətkeçmə haqqında” Əsasanamənin tələblərinə əsasən, hərbi qulluqçulara növbəti hərbi rütbələr ardıcıllıq qaydasında, onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsi hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddəti bitdikdə xidmət etdikləri hərbi hissələrdən təqdim edilmiş təqdimatlar əsasında verilir. İntizam cəzası alan, xidməti vəzifələrinin yerinə yetirilməsində ciddi nöqsanları olan hərbi qulluqçular növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versələr də, onların növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam cəzası götürülənədək təxirə salınır. İddiaçının barəsində qüvvədə olan “töhmət” və “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam cəzaları olduğunu nəzərə alsaq, hətta məhkəmə tərəfindən ləğv edilən əmr olmasaydı belə, yəni iddiaçı növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versə də, növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam cəzası götürülənədək təxirə salınacaqdı. Göstərilən intizam cəzalarına Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə hüquqi qiymət verildiyinə dair iddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, həmin intizam cəzaları ləğv edilməmiş, “vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq” intizam cəzasının qanunsuzluğu həmin qərarda şərh olunsa da, “töhmət” verilməsi barədə əmrin qanunsuzluğu ilə bağlı hər hansı hüquqi qiymət verilməmişdir. Bundan əlavə həmin qərarda iddiaçının özünün bildirdiklərinə əsasən 14 avqust 2020-ci ildə töhmət verilməsi barədə əmrdən məlumatlı olması göstərilmişdir. Göründüyü kimi, iddiaçı 02 iyun 2020-ci il tarixli “töhmət” verilməsi barədə əmrdən məlumatlı olsa da mübahisələndirməmişdir. Qeyd edilənləri ümumiləşdirərək, məhkəmə bildirir ki, iddiaçının iş həcmi az olan vəzifəyə keçirilməsi barədə 15 avqust 2020-ci il tarixli 0625 nömrəli əmri özlüyündə iddiaçının növbəti hərbi rütbə almaqdan məhrum etməmişdir. Belə ki, iddiaçının “2-ci dərəcəli kapitan” hərbi rütbəsində müəyyən edilmiş xidmət müddəti başa çatdığı vaxt ləğv edilməmiş (iddiaçı tərəfindən məlumatlı olduğu vaxt belə mübahisələndirilməmiş) “töhmət” intizam cəzası olduğundan iddiaçı növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versə də, növbəti hərbi rütbə verilməsinə təqdim olunmaması “Hərbi xidmətkeçmə haqqında” Əsasanamənin tələblərinə uyğun olmuşdur. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, vurulmuş ziyanla bağlı sadalanmış qaydada cavabdehin təqsirli hərəkətlərinin mövcudluğu müəyyən edilmədiyindən, iddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddiаçı “İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı “İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar