Məhkəmə qərarları › İş №2-1(112)-7979/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7979/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7979/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə qarşı “qərarda düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə qarşı “qərarda düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Bələdiyyəsinin 07 saylı 15 yanvar 2006cı il tarixli qərarının və torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 04 saylı, 15 yanvar 2006-cı il tarixli müqavilənin tarix hissəsinə düzəliş edilərək, 15 yanvar 2007-ci il kimi yazılması öhdəliyinin cavabdeh Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdə ərizə ilə Bələdiyyəyə müraciət edərək, Bakı şəhəri, Z.Bünyadov prospekti, 7 A saylı binanın yanında yerləşən 20 kv. metr torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Bununla bağlı olaraq xx.xx.2007-ci il tarixdə bələdiyyənin hesabına 100 manat məbləğində pul köçürmüşdür. Binəqədi Bələdiyyəsinin 07 saylı, 15 yanvar 2006-cı il tarixli qərarı ilə Bakı şəhəri, Z.Bünyadov prospekti, 7 A saylı binanın yanında yerləşən 20 kv. metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün onun mülkiyyətinə verilmişdir. Bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətə verilməsi haqqında 04 saylı, 15 yanvar 2006-cı il tarixli müqavilə bağlanmışdır. Həmçinin torpaq sahəsinin situasiya planı işlənib hazırlanmışdır. Qeyd olunmalıdır ki, qərarda və müqavilədə 15 yanvar 2006-cı il yazılmışdır, halbuki bu tarix 15 yanvar 2007-ci il olmalıdır, təqdim edilən sənədlərin surətlərindən görünür ki, o, 2006-cı ilin dekabr ayının 18-də bələdiyyəyə müraciət etmiş, köçürmə qəbzi isə 09 yanvar 2007-ci il tarixdədir. Qərarın və müqavilənin tarixi səhv yazılmışdır, 2007-ci il yazılmalı olduğu halda 2006-cı il yazılmışdır. Məlumatların səhv olması torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciət etdikdə onlara məlum olmuşdur. Dövlət Arxivinin Bakı filialına müraciət etmiş, verilmiş cavabda Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə 07 saylı qərarının xx.xx.2006-cı il tarixli deyil , xx.xx.2006-cı il tarixli olmaqla Dövlət Arxivinin Bakı Filialında mövcud olması və İddiaçı barədə heç bir məlumat olmadığı göstərilmişdir. Göründüyü kimi qərar və müqavilədə tarixin səhv yazılması sənədlərdə uyğunsuzluq yaratmışdır, arxiv məlumatlarının əldə edilməsi mümkün deyildir, həmçinin torpaq sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranmışdır. Qərar və müqaviləyə düzəliş edilməsi ilə bağlı Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir. 04 mart 2024-cü il tarixli cavabda Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verlmiş sənədlərə düzəliş edilməsinin mümkün olmadığı göstərimişdir. Cavabdeh formal əsaslarla ərizənin icrasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 05 aprel 2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin yazılı mülahizəsi (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında, iddiaçının “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki şəxs olduğunu, qərarın və müqavilənin tarixlərində texniki səhv olaraq 2006-cı il göstərildiyini bildirərək, mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş AJV seriyalı 034503 №li kassa mədaxil qəbzinin surətindən müəyyən olunur ki, İddiaçı Fəxrədin qızı tərəfindən 09 yanvar 2007-ci il tarixdə 20 kv. metr torpaq sahəsinin alqı-satqısı üçün Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə 100 (bir yüz) manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı Fəxrədin qızına (nümayəndəsi X3) ünvanlanmış 11 avqust 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə 07 saylı qərarı xx.xx.2006-cı l tarixli deyil, xx.xx.2006-cı il tarixli olmaqla Dövlət Arxivinin Bakı Filialında mövcudur. Lakin həmin qərarda vət. İddiaçı Fəxrədin qızı barəsində heç bir məlumat yoxdur. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən İddiaçı Fəxrədin qızına ünvanlanmış 04 mart 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Bələdiyyənin 2000-2010cu illərə aid sənədləri idarə daxili mühafizə müddəti bitdiyi üçün qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verilən sənədlərə düzəlişlər etmək tərəflərindən mümkün deyildir. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: - Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 22 aprel 2024-cü il və 15 iyul 2024-cü il tarixli cavab məktublarında göstərilmişdir ki, Bələdiyyənin 2000-2010-cu illərə aid sənədləri (sorğuda qeyd olunan xx.xx.2006-cı il tarixli 07 saylı qərarı və onun verilməsinə əsas olan sənədlərin surətləri və yanvar 2007-ci il üzrə qeydiyyat kitablarından İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı qeydlərdən çıxarışlar) idarə daxili mühafizə müddəti bitdiyi üçün qanunvericilikdə nəzərdə tutulan qaydada Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 aprel 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə 07 saylı qərarı xx.xx.2006-cı l tarixli deyil, xx.xx.2006-cı il tarixli olmaqla Dövlət Arxivinin Bakı Filialında mövcudur. Lakin həmin qərarda vət. İddiaçı Fəxrədin qızı barəsində heç bir məlumat yoxdur. Məktuba əlavə olunmuş Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 07 saylı qərarı xx.xx.2006-cı l tarixli qərarından görünür ki, qeyd olunan qərar digər bir fiziki şəxsin istifadə etdiyi qarajın altındakı torpaq sahəsinin onun icarəsinə verilməsi haqqında olmuşdur. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 18 iyul 2024-cü il tarixli məktubu ilə İddiaçı barəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli 07 saylı qərarı və ona əlavə edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Məktubda göstərilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə qeydiyyat kitabları Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Məktuba əlavə olunmuş: - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 07 saylı 15 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixli ərizə ilə Bələdiyyəyə müraciət edərək, Z.Bünyadov pr. 7a saylı binanın yanında 20 kv. metr torpaq sahəsinin sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün onun mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçı ərizəsində göstərilənlər bələdiyyənin müvafiq qurumları tərəfindən araşdırılarkən müəyyən olunmuşdur ki, Z.Bünyadov pr. 7 a saylı binanın yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün 20 kv. metr torpaq sahəsinin onun mülkiyyətinə verilməsi mümkündür. Binəqədi Bələdiyyəsinin Sosial Məsələlər üzrə işçi qrupunun xx.xx.2006-cı il tarixli və bələdiyyənin xx.xx.2006-cı il tarixli iclaslarında məsələyə baxılaraq İddiaçı Z.Bünyadov pros. 7 a saylı binanın yanında 20 kv. metr torpaq sahəsinin onun mülkiyyətinə verilməsi məqsədə uyğun hesab edilmşdir. Qeyd olunan qərarla Z.Bünyadov pros. 7 a saylı binanın yanında 20 kv. metr torpaq sahəsinin sahibkarlıq fəalyyətilə məşğul olmaq üçün əlavə edilmiş cizgiyə uyğun olararaq İddiaçı mülkiyyətinə (hər kv. metri üçün YAN ilə 5 manat ödəmək şərti ilə) verilməsi qərara alınmışdır. - Binəqədi rayonu Binəqədi Bələdiyyəsi (“Satıcı”) ilə İddiaçı (“Alıcı”) arasında bağlanmış Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin Mülkiyyətində olan Torpaq sahəsinin (Z.Bünyadov pros. 7 a saylı binanın yanında 20 kv. metr) alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilədən görünür ki, qeyd olunan müqavilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının 25 dekabr 2006-cı il tarixli Pr № 13 qərarına əsasən bağlanmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bu Əsasnamə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarını müəyyən edir. 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2- 4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... Maddə 57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Maddə 59. Yazılı inzibati aktın rekvizitləri 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. ... Maddə 63. İnzibati aktda olan aşkar səhvlərin düzəldilməsi 63.1. İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. 63.2. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. 63.3. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. 63.4. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. İnzibati-Prosessual Məcəllə: 58.Sübutların araşdırılması qaydası. ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...

68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının hüquqi marağı cavabdeh bələdiyyə tərəfindən ona torpaq sahəsinin ayrılması haqqında 07 saylı 15 yanvar 2006-cı il tarixli qərarda və torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətinə verilməsi haqqında tərəflər arasında bağlanmış 04 saylı, 15 yanvar 2006-cı il tarixli müqavilədə yol verilmiş yanlışlığın aradan qaldırılaraq qərarın və müqavilənin tarixinin 15 yanvar 2007-ci il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyumasından ibarətdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı mübahisəli torpaq sahəsinin ona ayrılması üçün cavabdeh bələdiyyəyə xx.xx.2006-cı il tarixdə müraciət etmiş, müraciətə Binəqədi Bələdiyyəsinin müvafiq işçi qrupunun xx.xx.2006-cı il tarixli və bələdiyyənin xx.xx.2006-cı il tarixli iclaslarında baxılaraq müraciətdə göstərilən məsələ məqsədə uyğun hesab edilmş, İddiaçı Fəxrədin qızı tərəfindən torpaq sahəsinin alqısatqısı üçün müəyyən edilmiş məbləğ bələdiyyənin hesabına 09 yanvar 2007-ci il tarixdə ödənilmişdir. Beləliklə iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş bələdiyyə torpağının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması ilə bağlı hərəkətlərin 18-25 dekabr 2006-cı il tarixləri arasında, torpaq sahəsinin alqı-satqısı üçün ödənişin isə 09 yanvar 2007-ci il tarixdə həyata keçirildiyinə baxmayaraq, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş İddiaçı sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 07 saylı qərarının və “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 04 saylı müqavilənin tarixləri yanlışlıqla 15 yanvar 2007-ci əvəzinə il 15 yanvar 2006-cı il kimi qeyd olunmuşdur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə (İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı səhvlərini düzəldə bilər) əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh bələdiyyə tərəfindən qərarda və müqavilədə düzəlişlərin edilməsini tələb etməkdə haqlı olmuşdur. Bu zaman cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “Vətəndaş İddiaçı sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 07 saylı 15 yanvar 2006-cı il tarixli qərarının və “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 04 saylı 15 yanvar 2006-cı il tarixli müqavilənin tarix hissələrinə düzəliş edilərək, 15 yanvar 2007-ci il kimi yazılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar