Məhkəmə qərarları › İş №2-1(112)-8146/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8146/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8146/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehin xx.xx.2025-ci il tarixli, № **********329100 nömrəli “Yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi” haqqında qərarının ləğv olunması və "xxxx" MTK ilə iddiaçı arasında 28 dekabr 2022-ci il tarixdə bağlanmış 0651 nömrəli payçı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən “AVANT Park” yaşayış kompleksinin 4-cü binasında, 4-cü blok, 9-cu mərtəbə 5 nömrəli, 2 otaqlı mənzilə görə iddiaçıya qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi (bundan sonra – üçüncü şəxs) iş üzrə di cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçı ilə üçüncü şəxs arasında № 0651 nömrəli payçı mqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən üçüncü şəxs pay qismində çıxış edən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 9-cu mərtəbə, 5 №-li, 2 otaqlı mənzili tikib və iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mənzli qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri üçüncü şəxs ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri ƏDV daxil olmaqla 128594 manat təşkil etmiş, iddiaçı ilkin ödənişi müqavilənin ümumi dəyərinin 50%-ni təşkil etməklə, müqavilə imzalandıqda dərhal 64394 manat məbləğində üçüncü şəxsə ödəmiş, qalan ödənişi isə müqavilənin 1 saylı əlavəsi üzrə müəyyən edilmiş ödəniş cədvəlinə uyğun şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı qalan bütün ödənişləri də etmiş və xx.xx.2025-ci il tarixli maliyyə srayışı təqdim edilmişdir. Həmçinin, üçüncü şəxs iddiaçıya xx.xx.2025-ci il tarixli, 030 nömrəli ƏDV məbləğinin depozit hesabına ödənilməsinə dair arayış təqdim edilmişdir. Həmin arayışa əsasən iddiaçının etdiyi ödənişlərdən 19 616,03 manat ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. İddiçı ƏDV məbləğinin gerimqaytarılması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) əsas və ƏDV məbləği ayrılmadan və ödənişin təyinatı barədə məlumatlar dəqiq göstərilmədən satıcının bank hesabına ödənilmişdir. Hazırki məhkəmə mübahisəsi ilə əlaqədar onu vurğulamaq istəyərdik ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında depozit hesaba ödəniş etmək üçün texniki imkanın olması sübuta yetir. Belə ki, cavabdeh orqanın imtina etməsinə əsas olmuş №0651 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə əldə edilmiş yaşayış sahəsinə dair ödədiyi 128 594,00 manat məbləğ olan ƏDV daxil ödənişlər satıcının bank hesabına ödənilmişdir. Təqdim edilmiş qəbzlərdən də görmək mümkündür ki, iddiaçı bütün məbləği Satıcının bank hesabına ödəməklə depozit hesaba ödəniş etməmiş, bunun nəticəsində də Qaydaların 5.1.2-ci bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Üçüncü şəxslə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 0651 saylı payçı müqaviləsinə əsasən üçüncü şəxs ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 9-cu mərtəbə, 5 №-li, 2 otaqlı mənzili tikib və iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mənzli qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri üçüncü şəxs ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən Mənzilin ümumi dəyəri ƏDV daxil olmaqla 128594 manat təşkil etmiş, iddiaçı ilkin ödənişi müqavilənin ümumi dəyərinin 50%-ni təşkil etməklə, müqavilə imzalandıqda dərhal 64394 manat məbləğində üçüncü şəxsə ödəmiş, qalan ödənişi isə müqavilənin 1 saylı əlavəsi üzrə müəyyən edilmiş ödəniş cədvəlinə uyğun şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Üçüncü şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən mənzilin tam dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Üçüncü şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəfinizdən ödənilən ƏDV daxil 128 594 manat məbləğin 19 616,03 ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinizə uyğun tərəfimizdən təkrar elektron qaimə-fakturanm doldurularaq, təsdiq edilməsi mümkün deyildir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, **********329100 nömrəli qərardan görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin ona qaytarılması barədə müvafiq ödəniş tapşırığının müvəkkil banka verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərilmişdir ki, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir (153.1.). ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir (154.1.). Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir (159.1.). Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir (165.6.). Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda göstərilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir (1.1). Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür (1.4.). Alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçıdır (2.0.2. ). Satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir (2.0.3. ). Operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir (2.0.4.). Müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklardır (2.0.6. ). Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir (4.1.). Elektron qaimə-fakturada aşağıdakı məlumatlar göstərilir: elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi; satıcının tam adı, VÖEN-i və təsərrüfat subyektinin (obyektinin) ünvanı; alıcının soyadı, adı və atasının adı; alıcının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verildiyi yer; alıcının vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin adı); obyektin tikintisinə icazə sənədinin rekvizitləri; tikinti obyektinin istismarına icazə sənədinin (olduğu halda) rekvizitləri; yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi barədə sənədin rekvizitləri; binanın təqdim edilmiş tərkib hissəsinin növü (yaşayış və qeyri-yaşayış sahəsi); tərkib hissəsi təqdim edilmiş binanın ünvanı; yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbə və mənzilin nömrəsi; binanın təqdim edilmiş tərkib hissəsinin yaşayış və qeyri-yaşayış sahələri olmasını göstərməklə, hər birinin sahəsi (kvadratmetrlə); təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin 1 (bir) kvadratmetrinin satış qiyməti, ƏDV-siz (manatla); binanın təqdim edilmiş tərkib hissəsinin dəyəri, ƏDV-siz (manatla); vergi tutulan əməliyyatlardan hesablanmış ƏDV (manatla); cəmi məbləğ (manatla); yekun; qaytarılacaq ƏDV-nin məbləği (manatla); satıcının səlahiyyətli şəxsinin imzası, adı, soyadı və vəzifəsi; alıcının imzası, adı və soyadı; satıcının bank hesabının nömrəsi (4.2.). Alıcı yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ödənişi aparan alıcının soyadı, adı və atasının adı; ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; ödənişin təyinatı (5.1.). Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur (5.4.). Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir (5.5.). Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər (5.6.). Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır (5.7.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli, 0651 saylı payçı müqaviləsinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 4-cü binasında, 4-cü blok, 9-cu mərtəbə, 5 №-li, 2 otaqlı mənzili tikib və iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mənzli qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri üçüncü şəxs ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri olan 128594 manat tam şəkildə ödənilmişdir. İddiaçı həmin ödənişlə bağlı ƏDV-nin geri qaytarılması üçün cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas isə iddiaçının üçüncü şəxsə etdiyi ödənişlərin ƏDV depozit hesabına ödənilmədiyi göstərilmişdir. Eyni zamanda iş üzrə müəyyən edilir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixində qəbul edilsə də, həmin vaxt vergi orqanı tərəfindən ƏDV-nin geri qaytarılması məqsədilə qeydiyyatdan keçmək üçün nəzərdə tutulmuş internet portalı xx.xx.2022-ci il tarixində istifadəyə verilmişdir. Yuxarıda qeyd edilən “Qaydalar”ın tələblərinə əsasən iddiaçı etdiyi ödənişlər üzrə mənzilin dəyərini üçüncü şəxsin bank hesabına, ƏDV məbləğini isə ƏDV depozit hesabına ödəməli və bu elektron qaimə ilə təsdiq edilməli idi. Lakin, ioddiaçı bütün ödənişləri üçüncü şəxsin hesabına ödəmiş, bununla da “Qaydalar”da qeyd edilmiş prosedura əməl etməmişdir. Üçüncü şəxs həmin ödənişlərdən ödənilməli ƏDV məbləğinin dövlət büdcəsinə ödənildiyini bildirsə də, qeyd edilən hal iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında üçüncü şəxsin bununla bağlı dövlət büdcəsinə hər hansı ödəniş etdiyinin, yaxud dövlət büdcəsinə etdiyi vergi ödənişlərinin məhz hazırkı halla bağlı edildiyinin müəyyən edilmədiyinə əsaslanmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması” barədə iddiası təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar