Məhkəmə qərarları › İş №2-1(112)-8215/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8215/2024

05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8215/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Bülbülə bələdiyyəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iddiaları üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Bülbülə bələdiyyəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair iddiasına dair inzibati işə 5 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Bülbülə bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 04 mart 2024-cü il tarixli 25 №-li məktubunda qeyd edilmişdir ki, “Sizin ünvan 2 ünvanında yerləşən mülkünüzə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və “Bələdiyyənin maliyyəsinin əsasları haqqında” Qanunun müvafiq maddələrinə əsasən yaşayış eviniz Yerli (bələdiyyə) vergi ödəyicisi kimi uçota götürülmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 101 nömrəli qərarına əsasən Sizin Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 77 D ünvanında yerləşən yaşayış eviniz 9-cu zonaya daxil edilmiş və 0,85 əmsalı tətbiq edilməklə əmlak vergisi hesablanmışdır. Aparılmış hesablamaya görə Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 77 D ünvanında yerləşən yaşayış evinizə görə köhnə illərə görə 237,34 manat (iki yüz otuz yeddi manat, 34 qəpik) borcu təşkil edir. 2024-cü il üçün 91,08 (doxsan bir manat, 08 qəpik) manat illik vergi hesablanmışdır. Köhnə illər üçün vergi borcu -237,34; 2024-cü il üçün illik vergi 91,08. Toplam ödənilməli olan məbləğ -328,42 manat. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 200,5 maddəsinə əsasən cari il üçün verginin məbləği bərabər hissələrlə-həmin il avqustun 15dək və noyabrın 15-dək ödənilir. Bununla əlaqədar olaraq nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53-cü maddəsinə əsasən Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri vergi qanunvericiliyinə görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının digər Qanunları ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 % məbləğində faiz tutulur. Vergi Məcəlləsinin 57.2-ci maddəsinə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Nəzərinizə çatdırırıq ki, göstərilən borcları Vergi Məcəlləsinin 65.1 maddəsinə əsasən 5 gün müddətində bələdiyyənin büdcəsinə ödəməsəniz “Bələdiyyələrin vergi xidməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 487-İİ Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti haqqında Əsasnamə”nin 5.11-ci bəndinə əsasən barənizdə məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün məhkəməyə müraciət ediləcək”. Bülbülə bələdiyyəsinin 13 mart 2024-cü il tarixli 04/24 №-li İnzibati aktına əsasən ünvan 3 ünvanında fərdi yaşayış evi xx.xx.1962-ci il təvəllüdlü, (şəxsiyyət vəsiqəsinin seriyası AZE 0*******; FİN xxxxxxx) X3 mülkiyyətindədir. Ona məxsus 289,40 ümumi sahəsi, 289,40 kv.metr torpaq sahəsi vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 200.1 maddələrinə əsasən yerli əmlak və torpaq vergisinə cəlb edilməsi ilə bağlı həmin əmlak və torpaq sahələrinə ümumilikdə 328.10 manat (üç yüz iyirmi səkkiz manat, 10 qəpik) məbləğində hesablanmış xx.xx.2015-ci il tarixli akt, xx.xx.2015-ci il tarixli tələbnamə, **********7740 nömrəli, **********9102 nömrəli, xx.xx.2023-cü il tarixli, **********9102 nömrəli, xx.xx.2023-cü il tarixli tədiyyə bildirişi, **********7464 nömrəli, xx.xx.2024-cü il tarixli tədiyyə bildirişi, 04 mart 2024-cü il tarixli 25 nömrəli məktub və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ötən illərə və cari ilə olan əmlak və torpaq borcunu Bələdiyyənin yerli büdcəsinə ödəməkdən yayınır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 30 (otuz) gün müddətində fiziki şəxs əmlak və torpaq vergisini bələdiyyənin yerli büdcəsinə ödəmədiyi təqdirdə, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 487 İİQ nömrəli Qanunu ilə təsdiqlənmiş “Bələdiyyələrin vergi xidməti haqqında” Əsasnamənin 5.11-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq sanksiya tətbiq edilsin. “Yerli (bələdiyyə) vergi və ödənişlərin ödəyicisinə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiq üçün “İnzibati icraa haqqında” Qanunun 2, 7, 81.1, 81.5, 82.2, 83 və 87-ci maddələrinə əsasən İcra və Probasiya şöbəsinə müraciət edilməsi barədə xx.xx.2024-cü il tarixli 04/24 №-li Qərarına əsasən fərdi yaşayış evinin sahəsinə və ya mənzilə (yaşayış) görə əmlak və torpaq üzrə 89,94 manat, ötən dövrlər üzrə vergi borcu üzrə 179,78 manat, torpaq (icarə) üzrə manat 0 qəpik, faiz üzrə 60,20 manat Vergi Məcəlləsinin 57.2 maddəsi üzrə (maliyyə sanksiyası) 100,00 manat, cəmi 429,92 manat borc tutularaq “İnzibati icraat haqqında” Qanuna əsasən Yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin görülməsi üçün X3 istifadəsində olan ünvan 4 ünvanında fərdi yaşayış sahəsinin əmlak və torpaq sahəsinə olan əmlak və torpaq vergisinin tətbiq edilmiş maliyyə sanksiyasının, müvafiq faiz məbləğinin məcburi qaydada tutularaq Bülbülə bələdiyyəsinin bank hesabına ödənilməsi qərara alınmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə bələdiyyəsinin qəbul etdiyi İnzibati akta dair 13 mart 2024-cü il tarixli 04/24 nömrəli həmin inzibati akt “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57-61-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Bakı şəhəri Suraxanı rayonu Bülbülə bələdiyyəsi qeyd olunan qanunun tələblərinə əməl etməmişdir. Bülbülə bələdiyyəsi ondan tələb etdiyi torpaq və əmlak vergisini düzgün hesablamamış və ötən illər dedikdə hansı illəri nəzərdə tutduğunu aydın yazmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarların ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı mübahisələndirilən qərarlardan icra mərhələsində xəbər tutduğunu bildirmiş, cavadeh isə bu halın əksini təsdiq edən sənədləri, yəni mübahisələndirilən qərarın hansı tarixdə iddiaçıya təqdim edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının və ailə üzvlərinin paylı mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 77 saylı fərdi yaşayış evinin 4/40 hissəsi İddiaçı, 4/40 hissədən bir hissəsi X4, 4/40 hissədən bir hissəsi X6, 4/40 hissədən bir hissəsi X7, 4/40 hissəsi X1, 24/40 hissəsi X5 və 4/40 hissəsi X2 mülkiyyətindədir. Cavabdeh tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən qərarla iddiaçıya 429.92 manat bələdiyyə vergisi hesablanmışdır. İddiaçı həmin qərarla razı deyil və hesab edir ki, cavabdeh tərəfindən akt tərtib edilərkən qanunvericliyin tələblərinə əməl edilməmiş, qərarda qeyd edilən əvvəlki dövlər üzrə borc dedikdə əvvəlki dövrlərin hansı dövr olması göstərilməmiş, eyni zamanda borc düzgün hesablanmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). "Yerli (bələdiyyə) vergilər və Ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir (3.1, 3.2). Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatın mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fıziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafıq bələdiyyə vergilərinin vergitutma obyektidir. Vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fıziki və hüquqi şəxslərdir (5.1, 5.2). Vergilər bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında, bələdiyyələrin vergi xidməti orqanlarının hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi üzrə vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) tutulur (6.0.3.) Yerli vergilərə aşağıdakılar aiddir: fıziki şəxslərdən torpaq vergisi; fıziki şəxslərdən əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi (8.0). "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə müvafıq olaraq Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 8.1.2-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə (bələdiyyə vergilərinə) aid edilmişdir. 200.6-cı maddəsinə əsasən fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir, həmçinin 208.6-cı maddəyə əsasən fıziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. 205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Məhkəmə tərəfindən Suraxanı rayon Bülbülə bələdiyyəsi tərəfindən qəbul edilmiş 04/24 №-li, xx.xx.2024-cü il tarixli qərarın (inzibati aktın) təsdiq edilmiş surətinin, həmçinin qərarın qəbul edilməsinə əsas olan sənədlərin (inzibati-icraat materiallarının; tərəfə göndərmiş tədiyyə bildirişinin xəbərdarlıq məktubunun; bildirişin və qərarın iddiaçıya təqdim edilməsi barədə sənədlərin təsdiq edilmiş surətinin) məhkəməyə təqdim olunması ilə bağlı cavabdeh inzibati orqana sorğu vermişdir. Sorğuya cavab olaraq cavabdeh tərəfindən qərar və tədiyyə bildirişi təqdim olunmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən vergi borcu ödənilmədiyi halda onun barəsində müvafiq sanksiya tədbirlərin görülməsi bələdiyyə tərəfindən məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdarlıq edilməsi barədə tədiyyə bildirişi tərtib edilmişdir. İddiaçı həmin tədiyyə bildirişlərinin ona çatdırılmasını mübahisələndirmir. Belə ki, həımin tədiyyə bildirişlərinin əslini iddiaçı özü məhkəməyə təqdim etmişdir. İddiaçının cavabdeh tərəfindən qəbul edilmiş aktın düzgün tərtib edilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu halı ümumi sözlərlə bildirmiş, aktın tərtibi zamanı qanunvericiliyin hansı tələblərinin pozulmasını əsaslandırmamışdır. Cavabeh tərəfindən tərtib edilmiş 13 mart 2024-cü il tarixli 04/24 №-li “İnzibati akt” adlana sənəddən müəyyən edilir ki. ünvan 3 ünvanında fərdi yaşayış evi xx.xx.1962-ci il təvəllüdlü, (şəxsiyyət vəsiqəsinin seriyası AZE 0*******; FİN xxxxxxx) X3 mülkiyyətindədir. Ona məxsus 289,40 ümumi sahəsi, 289,40 kv.metr torpaq sahəsi vardır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 200.1 maddələrinə əsasən yerli əmlak və torpaq vergisinə cəlb edilməsi ilə bağlı həmin əmlak və torpaq sahələrinə ümumilikdə 328.10 manat (üç yüz iyirmi səkkiz manat, 10 qəpik) məbləğində hesablanmış xx.xx.2015ci il tarixli akt, xx.xx.2015-ci il tarixli tələbnamə, **********7740 nömrəli, **********9102 nömrəli, xx.xx.2023-cü il tarixli, **********9102 nömrəli, xx.xx.2023-cü il tarixli tədiyyə bildirişi, **********7464 nömrəli, xx.xx.2024-cü il tarixli tədiyyə bildirişi, 04 mart 2024-cü il tarixli 25 nömrəli məktub və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ötən illərə və cari ilə olan əmlak və torpaq borcunu Bələdiyyənin yerli büdcəsinə ödəməkdən yayınır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 30 (otuz) gün müddətində fiziki şəxs əmlak və torpaq vergisini bələdiyyənin yerli büdcəsinə ödəmədiyi təqdirdə, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 487 İİQ nömrəli Qanunu ilə təsdiqlənmiş “Bələdiyyələrin vergi xidməti haqqında” Əsasnamənin 5.11-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq sanksiya tətbiq edilsin. Həmin akt bələdiyyənin əməkdaşları tərəfindən imzalanmış və akta onun tərtib edilməsinin məqsədləri qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, həmin aktın tərtibi zamanı “inzibati akt” adlandırılması onun cavabdh barədə hüquq və vəzifələr yaradan inzibati akt hesab edilməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, cavabdeh həmin aktdan sonra xx.xx.2024-cü il tarixli qərar qəbul etmiş və inzibati akt hesab edilən həmin qərar nəticəsində iddiaçıdan vergi borcunun tutulması müəyyən edilmişdir. Məhkəmə borcun düzgün hesablanmaması barədə iddiaçının dəlilərini də əsassız hesab edir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə 27 manat əmlak vergisi, 3 manat torpaq vergisi ödəmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı tərəfindən 27 manat əmlak vergisi və 3 manat torpaq vergisi üzrə artıq ödəmə qeydə alınmışdır. Həmçinin xx.xx.2018-ci ildə iddiaçı tərəfindən əmlak vergisi üzrə 13,57 manat, torpaq vergisi üzrə 1,56 manat artıq ödəmə qeydə alınmışdır. Bundan sonra hər il üzrə iddiaçıya hesablanmış əmlak və torpaq vergisi üzrə borclar ödənilməmiş və müvafiq olaraq ödənilməyən borclara faiz hesablanmışdır. xx.xx.2023-cü il tarixə iddiaçının əmlak vergisi üzrə 113,72 manat əsas borcu və 36,42 manat faiz borcu yaranmış, iddiaçı tərəfindən online qaydada 30 manat əmlak vergisi ödənilmişdir. Sonrakı aylarda ödəmə qeydə alınmamış və əmlak və torpaq vergisi üzrə şəxsi hesab vərəqinin tərtib edildiyi xx.xx.2024-cü il tarixə ümumilikdə 343,9 manat (faiz borcu da daxil olmaqla) borc hesablanmışdır. Cavabdeh tərəfindən qərar qəbul edilən dövrə isə (xx.xx.2024-cü il tarixə 329,92 manat borc hesablanmış, eyni zamanda həmin tarixdə borc ödənilmədiyinə görə, 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Təqdim edilən edilən şəxsi hesab vərqində hansı dövlər üzrə hansı məbləğlərdə əmlak və torpaq vergisinin hesablanması, eyni zamanda vergi borcu ödəönilmədiyinə görə tədbiq ediləb faiz dərəcələri göstərildiyindən iddiaçının borcundüzgün hesablanmaması barədə dəlilli əsassızdır. Məhəkəmə bununla bağlı qeyd edir ki, iddiaçı ümumiyyətlə borcun əslində nə qədər olmasını əsaslandırmamış, ümumi şəkildə borcun artıq hesablandığını bildirmişdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla, mülkiyyətində olan daşınmaz əmlak və həmin əmlakın yerləşdiyi ərazidə istifadəsində olan torpaq sahəsi ilə bağlı yerli vergilər (bələdiyyə vergiləri) qanunla müəyyən olunmuş müddətdə ödənilmədiyi üçün cavabdeh tərəfindən müəyyən edilmiş inzibati icraatın məcburi prosedur qaydalarına riayət edilmiş, iddiaçıya məlumat verilmiş və qeyd olunan qərar qəbul edilməklə, icra olunması üçün müvafiq İcra və probasiya şöbəsinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar