Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8233/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona ünvanlı sosial yardımı almasının bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 30 dekabr 2018-ci il tarixdən X8 ilə rəsmi nigahdadır. Həmin nigahdan bir qız övladı vardır və ailəsi üç nəfərdən ibarətdir. Əvvəllər bir il müddətində aztəminatlı qismində ünvanlı dövlət sosial yardım alırdılar. Lakin bir ildən sonra həmin yardıma xitam verildi ki, ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən MDSS ödənişləri olmadığına görə dayandırılmışdı. Hal-hazırda onun həyat yoldaşı X1 yanında satıcı işləyir. Onun aylıq əmək haqqı 173,00 manat təşkil edir. Həmin məbləğdən başqa ailəsinin heç yerdən gəliri yoxdur. Ailəsi yoxsul vəziyyətdə yaşayır. İddiaçı evdar qadındır. Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının 1039-İQ saylı Qanunun 3-cü maddəsinə əsasən, ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
3. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu xx.xx.2023-cü il tarixdə X7 və X10 (VEMTAS) vasitəsilə müraciət edərək ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir. Ərizə-bəyənnamədə qeyd olnumuş məlumatlara əsasən ailəyə xx.xx.2023-cü il tarixdən 385,24 manat olmaqla ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Ərizə-bəyənnamədə İddiaçı 8 yaşına çatmamış uşağa qulluq edən şəxs kimi qeyd olunmuş, ailənin əmək qabiliyyətli üzvü X3 işəgötürəni olaraq "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MTK (VÖEN: **********), X4 (VÖEN: **********) qeyd olunmuşdur. Lakin ünvanlı dövlət sosial yardımının təyinatı müddətində onun muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmadığı aşkar edilmiş və beləliklə, sosial yardım ödənişləri xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005- ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Beləliklə, iddiaçıya ünvanlı yardım təyin edilib ödənildikdən sonra VEMTAS tərəfindən aşağıda qeyd edilən səbəbdən imtina verilmişdir: ailə üzvünün muzdlu işlə əlaqədar gəlirlərini təsdiq edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması. Ərizə-bəyənnamədə ailənin əmək qabiliyyətli üzvü X8 məşğul şəxs kimi qeyd olunsa da, onun əmək fəaliyyəti mövcud olmamış, gəlirlərini təsdiq edən edən məcburi dövlət sosial sığorta ödənişlərinin olmaması aşkar edilmişdir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər siyahısına aid edilmişdir. Bunun bağlı Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialından daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-43263/2024 nömrəli xidməti məktuba əsasən qeyd edirik ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən MElS-ə inteqrasiya edilmiş "xxxx" MMC-nin (SUN: **********5) 2023-cü ilin l-İV rüblərinə dair məcburi dövlət sosial sığortası üzrə hesabatlarında V.Əliyevə dair məlumatlar qeyd edilməmiş və sözügedən rüblər üzrə "xxxx" MMC (SUN: **********8) tərəfindən DVX-yə “Arayış” tipli (fəaliyyətin olmaması barədə) məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilmişdir. Qeyd etmək istəyir ki, MEİS-in “Sığorta” (Hesabat) altsistemində "xxxx" MTK (SUN: **********4) və X2 (SUN: **********2) 2023-cü ilin l-İV rüblərinə dair məcburi dövlət sosial sığortası üzrə hesabat məlumatları aşkar edilməmişdir. Xidməti məktubda qeyd olunanlardan bir daha aydın olur ki, ərizə-bəyənnamədə ailə üzvü X3 məşğul şəxs olaraq qeyd olunması formal xarakter tapmış, bu əmək fəaliyyəti və gəlirlər öz təsdiqini tapmamışdır. Odur ki, Qanunda qeyd olunanların əksinə ailənin orta aylıq gəliri ondan asılı səbəblərdən sıfıra bərabər olmuşdur. “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan: ailə üzvlərinin əmək qabiliyyətsiz olması; ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması; vəfat etməsi; məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; azadlıqdan məhrum edilməsi; ailə üzvünün olduğu yerin məlum olmaması və s. səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qeyd olunan maddələrin məzmunundan belə nəticəyə gəlmək mümkündür ki, ünvanlı dövlət sosial yardım almaq hüququ olan ailələrin dairəsi Qanunla məhdudlaşdırılır. Bu isə, o deməkdir ki, ailənin orta aylıq gəlirinin hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olması səbəbi “Ünvanlı dövlət sosial yardımı haqqında" Qanununun 3-cü maddəsində qeyd edilən heç bir səbəblə uyğunluq təşkil etmədiyindən, həmin ailə sosial yardım almaq hüququna malik olan ailələrin sırasına daxil edilə bilməz.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın geri götürülmüş sayılmasına etiraz etmədiyini bildirdi.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın geri götürülmüş sayılması
6. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
7. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
8. İş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri və sms xəbərdarlıq göndərilmiş, iddiaçı yalnız ilkin məhkəmə iclasında iştirak etsə də, növbəti təyin edilmiş məhkəmə iclaslarında iştirakını təmin etməmişdir.
9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
10. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarının: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X6 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
11. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
12. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
13. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
14. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
15. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
16. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddiaçı münasibətdə iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva