Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-825/2021 14.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçıların nümayəndəsi, vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır; ixtisası: hüquqşünas, Bakı şəhəri 14 saylı Vəkil bürosunda işləyir), cavabdehin nümayəndəsi X5 (Bakı şəhərində qeydiyyatdadır; ixtisası: hüquqşünas, Hüquq, apellyasiya və daxili nəzarət şöbəsində müdir müavini-sektor müdiri vəzifəsində işləyir) iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Ağentliyinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində işə cəlb olunmaqla “Azərbaycan Respublikasının Əqli Mülkiyyət X4nın 17 dekabr 2019-cu il tarixli, A51-7 saylı qərarı tamamilə ləğv olunması və “Белоснежка” əmtəə nişanının qeydiyyata alınmasına dair 20161347 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Ağentliyinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində işə cəlb olunmaqla Azərbaycan Respublikasının Əqli Mülkiyyət X4nın 17 dekabr 2019-cu il tarixli, A51-7 saylı qərarı tamamilə ləğv olunması və “Белоснежка” əmtəə nişanının qeydiyyata alınmasına dair 20161347 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdehin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək “Белоснежка» adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1347 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət X4 17 dekabr 2019-cu il tarixli, A51-7 saylı qərarı ilə verilmiş etirazı əsasız hesab etmiş və iddianı təmin etməmişdir. 17 dekabr 2019-cu il tarixli, A51-7 saylı qərarı iddiaçı tərəfindən 15 yanvar 2020-ci il tarixində almışdır. Ukrayna Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Konstantinovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İddiaçı2 (bundan sonra “Konti İB”) tərəfindən Ukrayna Respublikasında “Снежок” adlı təsviri əmtəə nişanının qeydiyyata alınmasına dair 12 noyabr 2012-ci il tarixində iddia ərizəsi verilmiş və 10 dekabr 2013-cü il tarixində “Снежок” adlı əmtəə nişanı 179357 nömrəsi ilə Ukrayna Respublikasında əmtəə nişanı kimi qeydiyyata alınmışdır. Sözügedən əmtəə nişanı (179357 nömrəsi ilə Ukrayna Respublikasında qeydiyyat) qeydiyyatına aid olan və bu etiraz ərizəsinə əlavə olunan çıxarışdan görünür ki, 10 dekabr 2013-cü il tarixindən etibarən “Снежок” adlı əmtəə nişanı üzrə hüquqların sahibi Ukrayna Respublikasının Donetsk rayonu, Konstantinovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən “Konti İB”-dir. Eyni zamanda "xxxx" MMC tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 17 avqust 2016-cı il tarixində 2016 00605 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və “Белоснежка” adlı əmtəə nişanı 2016 1347 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçılar hesab edirlər ki, "xxxx" MMC “Белоснежка” adlı əmtəə nişanını qeydiyyata alaraq, X1 müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, “Konti İB” ilə X3 arasında imzalanmış “Снежок” adlı əmtəə nişanının təsvirinin yaradılması haqqında aktda göstərilmişdir ki, “Снежок” adlı təsvirin müəllifi X2. Belə ki, bu etiraz ərizəsinə əlavə olunan “Снежок” adlı əmtəə nişanının təsvirinin şəhadətnaməsində göstərilib ki, “Снежок” adlı təsvirin müəllifi X2. “Ədəbi və X6 haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndində “Ədəbi və Bədii Əsərlər” terminin açıqlanması verilmişdir. Həmin açıqlanmaya əsasən, əmtəə nişanlarının təsviq hissələri (qrafika, şəkillər) də qeyd edilmişdir. Sözügedən Konvensiyanın 2-ci maddəsinin 6-cı bəndində qeyd edilmişdir ki, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. Həm Azərbaycan Respublikası, həm Rusiya Federasiyası, həm də Ukrayna Respublikası bu İttifaqın üzv ölkələridir. Beləliklə, İttifaqın üzv ölkəsində yaradılmış təsvir hissəsi həmçinin Azərbaycan Respublikasında qorunur. Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna əsasən, “Снежок” adlı əmtəə təsviri müəlliflik obyekti sayılır. Əmtəə nişanların təsviri hissələrindən görünür ki, müqayisə edilən əmtəə nişanları təsviri hissədən, rənglərin quraşmasından və sözlərdən ibarət yaradılmış əmtəə nişanlarıdır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılan nişanlarındakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, iddiaçılar hesab edir ki, “Снежок” adlı əmtəə nişanı və “Белоснежка” adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1347 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. "xxxx" MMC-nin “Konti İB” ilə bilavasitə əlaqəsi var idi. Belə ki, “Konti İB” və "xxxx" MMC arasında qənnadi məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, "xxxx" MMC “Konti” şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. “Konti” şirkəti "xxxx" MMC-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin “Снежок” adlı məhsul da mövcud idi. “Konti İB”-yə məxsus olan “Снежок” adlı məhsullar Azərbaycan Respublikasına "xxxx" MMC-yə məxsus “Белоснежка” adlı əmtəə nişanın qeydiyyata alınmasından əvvəl idxal olunurdu. Nəzərə alsaq ki, "xxxx" MMC “Konti”nin distribyutoru olub, onun mallarını Azərbaycan Respublikasında təchiz edib və onun məhsulları ilə yaxından tanış idi. "xxxx" MMC “Белоснежка” adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir. Göründüyü kimi, "xxxx" MMC “Konti İB”-yə məxsus olan və əvvəlcədən qeydiyyata alınmış “Снежок” adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan “Белоснежка” adlı əmtəə nişanın qeydiyyata alınmasına dair iddia ərizə vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmişdir. "xxxx" MMC “Белоснежка” adı altında məhsulları Azərbaycan Respublikasında sataraq istehlakçılar və istehsalçılar arasında yanlış təəssürat yaratmışdır və bununla da “Konti” şirkətinin nüfuzuna zərər vurmuşdur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət X4 iddiaçılar tərəfindən təqdim olunmuş hesab-fakturaları və spesifikasiyaları araşdırmamışdır, halbuki həmin sənədlər əsasında “Снежок” adlı məhsulun iddiaçı tərəfindən göndərildiyi, yəni "xxxx" MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən etmək mümkündür. Apellyasiya şurası öz qərarında “Снежок” adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsini yaratmış müəllifi X1 və onun işəgötürəni Ukrayna Respublikasının “Konti İB”-nin müəlliflik hüquqları məsələsinə ümumiyyətlə toxunmamışdır. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin iddiaya dair etirazında qeyd edilmişdir ki, 3də "xxxx" MMC-nin adına Azərbaycan Respublikasında 2016 1347 nömrə ilə qeydiyyata alınmışdır. “Konti İB” tərəfindən “Снiжок” təsviri əmtəə nişanı Ukrayna Respublikasında 10 dekabr 2013-cü il tarixində 179357 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı1 SC tərəfindən təsviri nişanın Azərbaycan Respublikasında 30-cu sinifin əmtəələri üzrə (karamellər (konfetlər), konfetlər) qeydiyyata alınmasına dair 29 sentyabr 2017-ci il tarixində iddia sənədi verilmişdir. Patent və X8 tərəfindən verilmiş əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında 01.05.2018-ci il tarixli bildirişdə "xxxx" MMC-yə məxsus 2016 1347 qeydiyyat nömrəli oxşar “Белоснежка” əmtəə nişanının aşkar olunduğu qeyd edilmişdir. İş materiallarından göründüyü kimi “Konti” SC-yə məxsus “Снежок” kombinasiya edilmiş əmtəə nişanı nə yerli, nə də beynəlxalq sistem üzrə Azərbaycan Respublikasının ərazisində əmtəə nişanı kimi qeydə alınmamışdır. Buna görə, "xxxx" MMC-yə məxsus “Белоснежка” əmtəə nişanı iddia olunan zaman qeydiyyat üçün maneə olmamışdır. Bununla belə, qanunvericilikdə qeydiyyatın etibarsız hesab edilməsi üçün əsaslar mövcuddur. İddiaçı1 QSC və "xxxx" MMC arasında qənnadı məmulatlarının təchizatı üzrə 30 dekabr 2010-cu il tarixdə 893 nömrəli müqavilə imzalanmışdır. Sonradan əlavə razılaşmalara müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixədək uzadılmışdır. Bu müqavilələr yalnız "xxxx" MMC ilə “Konti” şirkətləri arasında əlaqənin mövcud olduğunu sübut edir ki, bu isə işin mübahisəsiz halıdır. Lakin, “Снежок” adı altında məhsulların Azərbaycan Respublikasına "xxxx" MMC-yə məxsus əmtəə nişanının ilkinliyindən əvvəl idxal edilməsi barədə mötəbər sübutlar ərizəçilər tərəfindən təqdim edilməmişdir. Apellyasiya şurasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 22 avqust 2019-cu il tarixli məktuba əsasən 2010-2016-cı illərdə “Снежок” adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatları "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikasına ixrac olunmamış və "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmişdir. Bundan əlavə, İddiaçı1 SC-yə məxsus “Снежок” və təsviri əmtəə nişanları mənşə ölkəsi olan Rusiya Federasiyasında qeydiyyata alınmamışdır. Mənşə ölkəsində qeydiyyata alınan nişan təsviri nişanıdır. Bu o deməkfdir ki, ərizəçi “Konti” şirkəti “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinə istinadən o zaman nişanın etibarsızlığını tələb edə bilər ki, mənşə ölkəsində lazımi qaydada qeydiyyata alınmış olsun. Təsvirə dair müəlliflik hüquqlarının yaradılmasına münasibətdə isə Apellyasiya şurası qeyd edir ki, həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsinin b) bəndinə əsasən, müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentlərini təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır. Yəni yalnız qeyd edilən halda əmtəə nişanının qeydiyyatı üçün müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı tələb olunur. Qeyd edilən əsas ilə Rusiya Federasiyasının Mülki Məcəlləsinin 1483-cü maddəsinin 9-cu maddəsindəki əsas bir element fərqli ilə üst-üstə düşür və qeyd edilən maddədə “известный” sözü təqdim edilən kontekstdə “məşhur” kimi deyil, “məlum, açıqlanmış” kimi nəzərdən keçirilir. Odur ki, yaradılmış əsər müəlliflik hüququ obyekti kimi əmtəə nişanına qarşı qoyulan zaman “Ədəbi və X6 haqqında” Bern Konvensiyasının müddəaları məhz bu kontekstdə nəzərdən keçirilməlidir. Şərh edilənlərə əsasən “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsini nəzərə alaraq, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 29-cu maddələrini rəhbər tutaraq, Apellyasiya şurası iddiaçılar tərəfindən verilən etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçıların tələbi "xxxx"MMC-yə məxsus 20161347 qeydiyyat nömrəli “Белоснежка” təsviri əmtəə nişanının 30-ci və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə qeydiyyatının etibarsız hesab edilməsinə dair etiraz ərizəsinin təmin edilməməsi barədə cavabdehin A51-7 nömrəli, 17 dekabr 2019-cu il tarixli qərarın ləğv edilməsi, “Белоснежка” təsviri əmtəə nişanının qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız hesab edilməsindən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1.-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar. “İnzibati icraat haqqında ” Azərbaycan Respublikasının Qanununun 2.0.2. –ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 67.1. –ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2. –ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi, vəkili Vəkil iddiada göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Əlizadə iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçılarının nümayəndəsi, vəkilinin və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İddiaçılar məhkəməyə sübut qismində 17.12.2019-cu il tarixli cavabdehin imtina məktubunun surətini, “Patent və X8” X10 tərəfindən verilmiş 01.05.2018-ci il tarixli bildirişi, müqayisəli şəkildə olan “Konti” şirkətinin “Снежок” və "xxxx" MMC-nin “Белоснежка” əmtəə nişanlarının təsvirləri, Azərbaycan Respublikası Dövlət Gömrük Komitisənin 11.01.2019-cu il tarixli məktubunun surəti və ona əlavə edilmiş Gömrük Bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında məlumatları, Ukrayna Əqli mülkiyyət dövlət xidməti tərəfindən verilmiş 179357 nömrəli Əmtəə və xidmətlər üçün nişanlara dair Şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətini, həmçinin Ali Məhkəmənin oxşar xarakterli işlər üzrə qəbul olunmuş qərarları təqdim etmişdirlər. Cavabdeh məhkəmənin sorğusu əsasında İddiaçı1, İddiaçı2, "xxxx" MMC-nin etiraz ərizələrinə Apellyasiya Şurasında baxılması ilə bağlı inzibati işi məhkəməyə təqdim etmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı “Konti” İstehsalat Birliyi” QSC-yə məxsus «Снежок» adlı əmtəə nişanı Ukrayna əqli mülkiyyət dövlət xidməti tərəfindən 10.12.2013-cü il tarixində qeydiyyata alınmış (mühafizə olunan rəngin və ya rəng çalarlarının qeyd olunması göy, tünd göy, açıq göy, mavi, ağ, yaşıl), iddiaçılar «Снежок» təsviri müvafiq əmtəə nişanının Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınması üçün iddia sənədi şəklində cavabdehə 29.09.2017-ci il tarixdə göndərilmiş, cavabdehin 01.05.2018-ci il tarixli bildirişə əsasən ekspertiza zamanı ƏXBTnin 30-cu sinfi üzrə Azərbaycan Respublikasında öncə qeydiyyatdan keçmiş (əmtəə nişanının ilkinlik tarixi - 17.08.2016) oxşar əmtəə nişanı aşkar edildiyinə görə iddiaçıların əmtəə nişanının qeydiyyata alınması rədd edilmiş, iddiaçılar cavabdehin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək “Белоснежка” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1347 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişdirlər, lakin Azərbaycan Respublikasının Əqli mülkiyyət X4 17 dekabr 2019-cu il tarixli, A51-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. İddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin eyni tərəflər üzrə oxşar xarakterli tələblərə dair işlər üzrə qəbul olunmuş (İnzibati-İqtisadi Kollegiyasının 14.08.2019-cu il tarixli 2-1(102)-2324/2019 nömrəli, 15.10.2019-cu il tarixli 2-1(102)- 2684/2019 nömrəli, 04.09.2019-cu il tarixli 2-1(102)-2251/2019 nömrəli, 19.08.2020-ci il tarixli 2-1(102)-948/2020 nömrəli, İnzibati Kollegiyasının 11.11.2020-ci il tarixli 2-1(102)- 2043/2020 nömrəli, 26.08.2020-ci il tarixli 2-1(102)-1016/2020 nömrəli) qərarları nəzərdən keçirərək müəyyən etdi ki, üçüncü şəxs "xxxx" MMC iddiaçı olan müəssisələrlə 2010-cu ildən etibarən bir neçə alqı-satqı müqaviləsi bağlamış, müxtəlif qida məhsullarını, xüsusilə qənnadı məhsullarını almış, distribütor kimi iddiaçılara məxsus qənnadı məmulatlarının Azərbaycan Respublikasında satışını təşkil etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq o nəticəyə gəlir ki, mübahisələndirilən qərarda hər iki məhsulun adlarının yanında olan foto ilə əks olunmuş təsvirlərə görə əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. “Konti” şirkətinin “«Снежок»” və "xxxx" MMC-nin “Белоснежка» əmtəə nişanlarının təsvirlərindən görünür ki, hər iki əmtəə nişanı müxtəlif yerlərində cürbəcür formalarda olan qar dənəcikləri, nişanların ortasında buz parçaları, nişanların sağ və sol künclərində müxtəlif rəngdə olan dalğalı zolaqlardan ibarətdir. Əmtəə nişanlarının təsvirində istifadə edilən sözlərin eyni köklü olması, ümumi görünüşlü (müşahidə) təəssüraatı,şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış(məsələn, cap və ya əllə yazılmış hərflər) üst-üstə düşür. Həmçinin, hər iki əmtəə nişanında mavi, göy və ağ rənglərdən istifadə olunmuşdur. Hər iki əmtəə nişanında sözlər kiril alifbası ilə rus dilində yazılıblar. Əmtəə nişanlarının xarici forması, eyni simmetriyasının mövcud olması və xüsusiyyətləri oxşarlıq yaradır və onların ilkin baxışda bir-birindən fərqləndirilməsi mümkün deyildir. Məhkəmə iddiaçılarının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanununun 5-ci maddəsinə əsasən aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris Konvensiyası” adlandırılacaqdır) 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. Həmin Qanununun 6-cı maddəsinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Həmin Qanunun 25-ci maddəsinə əsasən əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Həmin Qanunun 29-cu maddəsinə əsasən əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. Həmin Qanunun 31-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar; şəhadətnamə sahibi qeydiyyatdan imtina etdikdə; bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; bu Qanunun 30-cu maddəsinə uyğun qəbul olunmuş qərara əsasən; coğrafi göstərici qüvvədən düşdükdə; hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda; coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə. Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.10.1999-cu il tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 5-ci bəndinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar (işarələr) əmtəə nişanı kimi qeydə alınmır (Qanunun 6-cı maddəsinə uyğun olaraq): ...b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;... ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları... Həmin Qaydaların 29.4-cü bəndinə görə eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: eyni və oxşar nişanların məlumat axtarışı aparılır; məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. Həmin Qaydaların 29.9.1-ci bəndinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. Həmin Qaydaların 29.9.2-ci bəndinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. 14 sentyabr 1995-ci ildə Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6-cı maddəsinin 3-cü bəndində qeyd edilir ki, İttifaqın hər hansı ölkəsində lazımi şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərdə tutulur. Həmin Konvensiyanın 6 bis maddəsinin 1-ci bəndinə əsasən İttifaq ölkələri məlum ölkənin qanunvericiliyi imkan verirsə, ya müdiriyyətin təşəbbüsü ilə, ya da marağı olan şəxsin ərizəsi əsasında əmtəə nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan edə bilər. Bu o halda mümkündür ki, əmtəə nişanı başqa nişanın təzələnməsi, təqlidi, yaxud tərcüməsi olmuş olsun və qeydiyyat ölkəsinin yaxud tətbiq olunan ölkənin səlahiyyətli orqanının müəyyən etdiyinə görə artıq bu konvensiyanın üstünlüyündən istifadə edən şəxsin məlum olan və eyni, yaxud oxşar işarəsi ilə qarışıq düşmək imkanı yaratmış olsun. Bu vəziyyət o halda mümkündür ki, işarənin əhəmiyyətli tərkib hissəsi elə məlum işarənin təzələnməsi, yaxud təqlidi olsun ki, nəticədə bu onunla qarışıq düşmək imkanı yaratmış olsun. Həmin Konvensiyanın 6-septies maddəsində qeyd edilir: (l) Əgər agent, yaxud İttifaq ölkələrindən birində olan işarə sahibinin nümayəndəsi sahibin icazəsi olmadan şəxsən öz adından bir və ya bir neçə belə ölkədə bu işarənin qeydiyyata mane olan, yaxud onun ləğv olunması hüququna malikdir, ya da bu ölkənin qanunvericiliyi icazə verirsə və agent yaxud nümayəndə özlərinin hərəkətini doğruldan sübutlar təqdim edə bilmirlərsə qeydiyyatı öz xeyrinə çevirib rəsmiləşdirə bilər. (2) İşarə sahibi (1) bəndi ilə nəzərdə tutulmuş şərtlər daxilində agent, yaxud nümayəndə tərəfindən işarənin istifadə olunmasına, əgər o bu istifadə üçün razılıq verməmişsə, mane olmaq hüququna malikdir. (3) İşarə sahibinin bu maddədə nəzərdə tutulmuş hüquqlardan istifadə etməsi üçün milli qanunvericilik tərəfindən ədalətli müddət təyin oluna bilər. Həmin Konvensiyanın 10 bis maddəsinin 1-ci bəndinə görə, sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyətiylə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur. 27 noyabr 1998-ci ildə Azərbaycan Respublikasının qoşulduğu “Ədəbi və X6 haqqında” Bern Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində “Ədəbi və bədii əsərlər” termininin anlayışı verilmişdir. Həmin anlayışa görə, “Ədəbi və bədii əsərlər” termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Eyni maddənin 6-cı bəndinə əsasən, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. Məhkəmə hesab edir ki, cavabdeh 17 dekabr 2019-cu il tarixli, A51-7 saylı qərarı qəbul edərkən iddiaçıların etiraz ərizələrində göstərilmiş əsaslı dəlillərini nəzərə almamış, yuxarıda sadalanan qanunvericiliyin müddəalarını düzgün tətbiq etməmişdir; "xxxx" MMCyə məxsus “Белоснежка” əmtəə nişanının qeydiyyata alınmasına dair 20161347 nömrəli şəhadətnamə etibarlı sayıla bilməz. Odur ki, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Azərbaycan Respublikasının Əqli Mülkiyyət X4nın 17 dekabr 2019-cu il tarixli, A51-7 saylı qərar tamamilə ləğv olunmalı və “Белоснежка” əmtəə nişanının qeydiyyata alınmasına dair 20161347 nömrəli şəhadətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 32, 34, 52, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Əqli Mülkiyyət X4nın 17 dekabr 2019-cu il tarixli, A51-7 saylı qərarı ləğv edilsin. "xxxx"MMC-yə məxsus “Белоснежка” əmtəə nişanının qeydiyyata alınmasına dair 20161347 nömrəli şəhadətnamə etibarsız hesab edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-825/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-825/2021
14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver