Məhkəmə qərarları › İş №2-1(112)-8304/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8304/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8304/2021 25.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1989-cu ildə Kamışinski Ali Hərbi İnşaat Komandirlər Məktəbinə daxil olub, 1993-cü ildə həmin hərbi məktəbi bitirmişdir. 1993-cü ilin noyabr ayından 2019-cu ilin avqust ayının 26-na kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi 25 il 9 ay təqvim ili (güzəştli şərtlərlə isə 45 il) xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 avqust 2019-cu il tarixli 0625 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. Hərbi xidmətinin 9 ili döyüş bölgəsində yerləşən hərbi hissələrdə keçmişdir. Lakin, mənzillə təmin olunmaq hüququnun olunmasına baxmayaraq, hərbi xidmət dövründə yaşayış sahəsi ilə (mənzillə) təmin edilməmişdir. “Azərbaycan Respublikası Silahli Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanına görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Həmin Fərmanda dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Həmçinin Fərmana görə, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir və bunun üçün bütün əsaslar mövcuddur. Belə ki, o, 25 il 9 ay Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmət etməklə, qüsursuz xidmət etdiyinə görə 23.06.2012-ci ildə 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə, 24.06.2013-cü ildə 2-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə və 26.06.2015-ci il tarixdə 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur. Həmçinin, 29.12.2018-ci ildə “Azərbayacn Respublikası Silahlı Qüvvələrinin veteranı” medalı ilə təltif olunmuşdur. Lakin, heç vaxt yaşayış sahəsi ilə təmin edilməmişdir. Himayəsində 2 uşağı var. 2021-ci ilin aprel ayında o, cavabdehə ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” (Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə) Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə göstəriş verilməsini xahiş etmiş, lakin onun müraciətinə 05 iyun 2021-ci il tarixli 2869 nömrəli məktubla imtina cavabı verilmişdir. İmtinanın səbəbi onunla əsaslandırılmışdır ki, barəsində hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarıldığı üçün onun hərbi xidməti qüsursuz hesab edilmədiyindən dövlət vəsaiti hesabına mənzil təminatı ilə əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara onun adının əlavə edilməməsi qənaətinə gəlinmişdir. Həmin imtina tamamilə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 25 il 5 ay xidmət etdikdən sonra, Bakı Hərbi Məhkəməsinin 03.05.2019-cu il tarixli hökmü ilə məhkum olunmuş və 17 may 2020-ci il tarixdən məhkumluğu olmayan şəxs hesab olunmuşdur. Həmçinin o. 26.06.2015-ci il tarixdə 20 ildən çox qüsursuz xidmət etdiyinə görə,(Qüsursuz xidmətə görə) medalı ilə və 29.12.2018-ci ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı medalı” ilə də təltif edilmişdir. Bu medalla Silahlı Qüvvələrdə 25 il və daha çox xüsusi xidmət etmiş Azərbaycan Respublikasının hərbi qulluqçuları təltif olunurlar. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. İddiaçı Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 1ci dərəcəli medalı ilə və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-11 Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı haqqında Əsasnamənin tələblərinə görə “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrdə xidmət müddəti nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-11 Q nömrəli Qanunu ilə təsdiq edilmiş (Qüsursuz xidmətə görə) medalı haqqında Əsasnamənin tələblərinə görə. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər və “Qüsursuz xidmətə görə” medalının 3 dərəcəsi vardır: - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə -“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal; - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Qanunverici Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi üçün 2 əsas şərt müəyyən etmişdir. Bu şərtlərə hərbi qulluqçunun 20 təqvim ili və daha çox xidmət etməsi və bu xidmətin qüsursuz olması daxildir. İmtina məktubundan görünür ki, iddiaçının 20 ildən çox xidmət etməsi cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının hərbi xidmətinin qüsurlu olması dəlilinə münasibətdə isə qeyd etmək istəyir ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 25 il 5 ay xidmət etdikdən sonra məhkum olunmuş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə, azadlıqdan mərhum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə məhkumluğu olmayan şəxs hesab olunurlar. Həmin məcəllənin 83.6-cı maddəsinə görə, məhkumuğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göstərmək istəyir ki, iddiaçı barəsində məhkum olması əsası ilə hər hansı məhdudiyyət nəzərdə tutulması cinayət qanununun “ədalət” prinsipi ilə uzlaşmır və bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etməsi cavabdeh tərəfindən qüsursuz xidmətə görə 2012-ci il, 2013-cü və 2015-ci illərdə müvafiq olaraq 3-cü, 2-ci və 1-ci dərəcəli medallarla təltif olunması ilə də tam təsdiq olunur. Odur ki, onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına görə məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünü idarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, o, 25 ildən artıq xidmət etdiyindən, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.” İddiaçının xidməti isə qüsursuz sayılmadığından mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilə bilməz. Bakı Hərbi Məhkəməsnin 03.05.2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü, 32.4-cü, 312.1-ci maddələri ilə təqsirli bilinib. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 152-ci maddəsinin 4-cü hissəsinə görə “Xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da, törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmimş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır.” Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 05.06.2021-ci il tarixli, 2869 nömrəli məktubdan görünür ki, iddiaçının dövlət vəsaiti hesabına mənzil təminatı ilə bağlı ünvanladığı müraciətə Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsində baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq, Müdafiə Nazirliyində Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiytacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrilə yaradılmış komissiya tərəfindən Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddətində, eləcə də, ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən dövlət vəsaiti hesabına mənzil təminatı ilə əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara onların adlarının əlavə edilməməsi qənaətinə gəlinmişdir. Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri barədə müsbət qərar qəbul edildiyi təqdirdə ona əlavə məlumat veriləcəkdir. İşdə olan EZ seriyalı, ******* nömrəli Hərbi Biletin surətindən görünür ki, İddiaçı 1993-cü il tarixdə Kamuşinski Ali Hərbi İnşaat Komandirlər Məktəbini bitirmiş, 1993-cü ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. 31.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 14.08.2019-cu il tarixli, 0625 nömrəli əmri və “Hərbi xidmətkeçmə haqında” Əsasnamənin 156cı maddəsinin “b” bəndinə (yaşa görə) ehtiyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən verilmiş 23.06.2012-ci il tarixli, 24.06.2013-cü il tarixli və 26.06.2015-ci il tarixli vəsiqələrin surətindən görünür ki, iddiaçı müvafiq olaraq 3-cü dərəcəli, 2-ci dərəcəli və 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medallar ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışlardan görünür ki, İddiaçı və X1 adına daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan Bakı Hərbi Məhkəməsinin 1-1(093)-122/219 nömrəli, 03.05.2019-cu il tarixli Hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat miqdarında cərimə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 1000 (min) manat miqdarında cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə İddiaçı qəti olaraq 1000 (min) manat miqdarda cərimə cəzası təyin edilmiş, hökmün icra olunması İddiaçı daimi yaşayış yeri üzrə Nəsimi rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmuş, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməsi qərara alınmışdır. İşdə olan Bakı Hərbi Məhkəməsi tərəfindən verilmiş 12.03.2021-ci il tarixli, 1-1(093)-122 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinmişdir. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat miqdarında cərimə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 1000 (min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə İddiaçı qəti olaraq 1000 (min) manat miqdarda cərimə cəzası təyin edilmişdir. İddiaçı məhkəmənin hökmü ilə ona təyin edilmiş 1000 (min manat) manat cərimə cəzasını 16 may 2019-cu il tarixdə dövlət büdcəsinə tam ödəmişdir. Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğu götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab olunur. Odur ki, İddiaçı məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı” medalı haqqında Əsasnamənin 1ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə AzərbaycanRespublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri vədigər silahlı birləşmələrində xidmət müddəti də, nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarilxi, 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. İşin hallarından göründüyü kimi, cavabdehin iddiaçının müraciətindən imtina edilməsi və inzibati məhkəmə icraatı zamanı dəlili ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.Onun xidməti isə qüsursuz sayılmadığından mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilə bilməz. Belə ki, Bakı Hərbi Məhkəməsinin 03.05.2019-cu il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü, 32.4-cü, 312.1-ci maddələri ilə təqsirli bilinib. Məhkəmə cavabdehin dəlilinə münasibətdə bildirir ki, inzibati məhkəmə icraatının gedişində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Przidentinin 2011-ci 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli Fərmanı qəbul edilmişdir. Həmin Fərmana əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrli Fərmanında (Azərbaycan Respublikasının qanunvericilik Toplusu, 2011, 12, maddə 1144) aşağıdakı dəyişikliklər edilməsi qərara alınmışdır: Fərmanın 4-cü bəndinə əsasən aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilsin: “3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1.hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddətii; 3-2.2.hərbi xidmət əleyhinə olan inzibait xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3.məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz”. Sözügedən Fərmanın müddəalarının hazırki işin faktiki hallarına tətbiq edilməsi zamanı müəyyən edilmişdir ki, iddiaçı 1993-cü ilin noyabr ayından, 14.08.2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respubliaksı Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndinə əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri vədigər silahlı birləşmələrində xidmət müddəti də, nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin tələblərinə əsasən isə “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilir və “Qüsursuuz xidmətə görə” medalın üç dərəcəsi vardır: - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal, Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə - “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. İşin hallarından göründüyü kimi, iddiaçı Bakı Hərbi Məhkəməsinin 1-1(093)-122/2019 saylı, 03.05.2019-cu il tarixli hökmü ilə təqsirli bilinənədək, onun 20 təqvim ilindən çox qüsursuz xidməti olmuş, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu olmuşdur. Onun məhkumluğunun olduğu müddət qüsursuz hərbi xidmətinin olduğu müddətdə olmamışdır. Sözügedən Fərmanın müddəalarından da, göründüyü kimi, hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə məhkumluğun olduğu müddət daxil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə müvafiq olaraq inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, hazırki işdə İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin digər hissəsinin, yəni, “Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür” tətbiq edilməsinin zərurətinin ortaya çıxması barizdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, bununla da, iddiaçının tələbi əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 58, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı dövlət hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar