Məhkəmə qərarları › İş №2-1(112)-8351/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8351/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8351/2022 13.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 31 yanvar 2022-ci il tarixli 5297 saylı qərarının ləğv olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsi əsasında əmək pensiyası hüququ olmayan, işsiz, gözdən əlillik, əmək qabiliyyəti olmayan şəxs olaraq, ona xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək sosial müavinət təyin olunmuşdur. DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialı ona xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək verilməsi təyin edilmiş sosial müavinatın geri qaytarılması və artıq ödənilmiş 3.198.00 manat məbləğində sosial müavinatın tələbkar Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülməsi barədə 31 yanvar 2022-ci il tarixli 5297 saylı qərar qəbul etmişdir. DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialı 31 yanvar 2022-ci il tarixli 5297 saylı qərarını 11 mart 2022-ci il tarixdə Nərimanov rayon Asan Dost Xidmət vasitəsi ilə almışdır. Həmin qərarın ləğvi ilə bağlı inzibati qaydada DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi şikayətə baxılmış, 04 aprel 2022-ci il tarixli **********32 saylı cavab məktubu ilə imtina verilmişdir. Qəbul olunmuş qərarda və məktubda, təyin olunmuş və ödənilmiş sosial müavinatın geri qaytaılmasının səbəbi kimi sosial müavinatın təyin edildiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı aktiv vergi ödəyicisi olmasının aşkar olunması və Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinatlar haqqında” AR Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün sözügedən müavinat növü üzrə təyinatın xx.xx.2020-ci il tarixindən etibarən qanunvericiliklə nəzərdə tutulmadığı göstərilir. Sözügedən dəyişiklik xx.xx.2020-ci il tarixdən sonra yaranan münasibətlərə aid olduğu üçün, şikayətçi İddiaçı sosial müavinat xx.xx.2019-cu il tarixdə təyin edildiyi üçün qanunda olan bu dəyişiklik 29 noyabr 2019-cu il tarixdən sonrakı dövrdə sosial müavinatlar barədə müraciət edənlərə şamil edilə bilər. O, əmək pensiyası hüququ olmayan və heç yerdə işləməyən fiziki şəxsdir. Bundan əlavə, o gözdən birinci dərəcə əlillik səviyyəsində əmək qabiliyyəti olmayan şəxsdir. Adına VÖEN olması onun hər hansı aktiv fəaliyyətlə məşğul olmasını ifadə etmir. Sadəcə olaraq, xx.xx.2015-ci il tarixdən vergi uçotuna alınmış, xx.xx.2016-cı il tarixdə vergi uçotu ləğv edilmiş, xx.xx.2018-ci il tarixdə fəaliyyətini bərpa edərək, cəmi bircə ay "xxxx" MMC-də qabyuyan işləmiş, lakin səhhəti imkan vermədiyindən işləyə bilməmiş, vergi uçotunun ləğv edilməsi haqqında müraciət etmişdir. Lakin, onun müraciətinin icra olunmamasından məlumatı olmamışdır. Vergi uçotunun ləğv edilməsi haqqında müraciət qeydə alındığı halda, səlahiyyətli orqan tərəfindən icra edilməməsinin məsuliyyəti həmin dövlət orqanının üzərinə düşür. Bu əhəmiyyətli hüquqi hal DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən nəzərə alınmamışdır. Onun fəaliyyətinin olmamasını xx.xx.2022-ci il tarixli Bakı şəhər X4 üzrə Vergi Xidmətinin Baş İdarəsi tərəfindən verilmiş arayışla da təsdiq olunur. DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialın 04 aprel 2022-ci il tarixli **********32 saylı cavab məktubunda “Sosial müavinatlar haqqında” AR qanunvericiliyində dəyişiklik edildiyi üçün, xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinat növü üzrə təyinatın nəzərdə tutulmadığı göstərilir. Onun sosial vəziyyətinə görə sosial müavinat təyin edilərkən, “Sosial müavinatlar haqqında” AR Qanununun 1.0.2. və 7.0.2. maddələri sosial müavinatın təyin edilməsini şərtləndirirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın **********7 №-li 09 sentyabr 2022-ci il tarixli iddia tələbinə dair yazılı münasibətində (etirazda) göstərilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək aktiv vergi ödəyicisi olduğu halda (VÖEN **********) inzibati orqan tərəfindən ona sosial müavinət təyin edilərək ödəniş həyata keçirilmişdir. Bu səbəbdən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilmiş 3.198.00 manat sosial müavinət artıq ödənilmiş məbləğ hesab edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq- ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə İPMnin 62.3-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Nərimanov RPİ tərəfindən xx.xx.2013-cü ildə verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya aid 606567 №li müavinət işinin materiallarından müəyyən olunur ki; - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixli 1220 №-li qərarla yaşa görə xx.xx.2019-cu il tarixdən xx.xx.2027-ci il tarixədək birdəfəlik 130 manat məbləğində sosial müavinət təyin olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********657700 №-li, xx.xx.2022-ci il tarixli məktubda, uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən vergi orqanında uçota alındığı, xx.xx.2016-cı il tarixdə vergi uçotunun ləğv edilməsi, xx.xx.2018-ci il tarixdən fəaliyyətinin bərpa edildiyi, xx.xx.2022-ci il tarixdən xx.xx.2072-ci il tarixədək fəaliyyətinin dayandırıldığı barədə məlumat müəyyən edildiyi, hazırda fəaliyyətinin dayandırıldığı vəziyyətdə olduğu qeyd olunmuşdur. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında” xx.xx.2022-ci il tarixli 5297 №-li qərarından görünür ki, İddiaçı 3 uşağa görə 57 yaşdan müavinət təyin olunmuş, “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il dövr üzrə vətəndaşın aktiv VÖEN-i olduğu üçün artıqvermə müəyyən edilmişdir. Artıq vermə məbləği 3198,00 manat müəyyən olunmuşdur. DSMF Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuş 31 yanvar 2022-ci il tarixli 5297 №-li “Artıq ödənilmiş sosial müavinətin məbləğinin geri qaytarılması haqqında” qərardan görünür ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın direktoru İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 3.198.00 manat məbləğində sosial müavinətin artıq ödənilməsinə dair sənədləri nəzərdən keçirərək, xx.xx.1962-ci il tarixində ünvan 2 ünvanında yaşayan borclu İddiaçı xx.xx.2019cu il tarixindən xx.xx.2021-ci il tarixinədək artıq ödənilmiş 3198.00 manatın tələb olunaraq Dövlət Sosial Müdafiə Fondunun hesabına ödənilməsini qərara almışdır. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********1 №-li 04 mart 2022-ci il tarixli “Artıq ödənilmiş sosial müavinətin məbləğinin geri qaytarılması haqqında” məktubda göstərilmişdir ki, xidməti yoxlama zamanı xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək adına aktiv VÖEN (**********) olduğu halda Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq, ona yaşa görə sosial müavinətin təyin edildiyi aşkar edilmişdir. Bu səbəbdən sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Nəticədə sözügedən dövrlər üzrə (xx.xx.2019cu il tarixindən xx.xx.2021-ci il tarixinədək) 3198.00 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsindən vergi uçotunun dondurulması haqqında rəsmi arayış təqdim etməyinə baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixindən 62 yaş 6 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçının müraciətinə cavab olaraq inzibati orqan tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qadınların pensiya yaş həddi 62 yaş 6 ay müəyyən edilib. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Xidməti yoxlama zamanı xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək adına aktiv VÖEN (**********) olduğu halda Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq, ona xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinətin təyin edildiyi aşkar edilmişdir. Bu səbəbdən sosial müavinətin ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır (21.01,2022-ci il tarixli **********657700 nömrəli məktuba əsasən). Nəticədə sözügedən dövrlər üzrə (xx.xx.2019cu il tarixindən xx.xx.2021 -ci il tarixinədək) 3198.00 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar" sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsindən vergi uçotunun dondurulması haqqında rəsmi arayış təqdim etməyinə baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixindən 62 yaş 6 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. Təqdim etdiyi sənədlərə əsasən Mərkəzi Filial tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 5297 saylı Qərarın ləğv edilməsi qanunvericiliyin tələbləri baxımından imkan xaricindədir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci bəndində əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər, bu Qanunun 4.0.1.1-ci maddəsində nəzərdə tutulan müavinət istisna olmaqla, bu Qanunla Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər (3.2). Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. (10.1-1) Müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur (10.3); Müavinət təyinatı barədə qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən müraciət edilən gündən 10 gün müddətində çıxarılır (10.4); Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır (11.1); dövlət qulluqçularına ömürlük müavinət - dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə (11.1.1); yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda (11.1.2); 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə (16 yaşınadək əlil uşaqlar daxil olmaqla) müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda (11.1.3); sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda (11.1.4); müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda (11.1.5); yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdən qayıtdıqda (11.1.6); müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət – müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə (11.1.6.1); valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq (himayəçilik) ləğv edildikdə (11.1.7); övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət – övladlığa götürülən uşaq vəfat etdikdə, habelə övladlığa götürülən uşağın ölmüş elan edilməsi və ya itkin düşmüş hesab edilməsi, eləcə də müavinəti alan şəxs tərəfindən uşağı övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda (11.1.8). Müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və bu Qanunun 11.1.1 - 11.1.6-cı maddələrində göstərilən hallarda.... müavinətlərin ödənişi qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə növbəti ayın 1-dən dayandırılır (11.2). Artıq ödənilmiş müavinətin qaytarılması “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il qərarında qeyd olunmuşdur: “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri)”. Baxılan iş üzrə iddiaçı etimadının qorunması hüququna malikdir. Belə ki, iş üzrə “İnzibati İcraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilmiş halların mövcul olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən inzibati orqan tərəfindən qanunverinilik normalarının tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır. Sonda artıq ödənişin geri qaytarılması barədə qərar qəbul edilmişdir. İddiaçı qanunla etimadının qorunması hüququna malik olduğundan, habelə ona artıq ödənişlərin olunması başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığından, eyni zamanda ona verilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı üçün hazırki halda cavabdehin mübahisələndirilən qərarı, iddiaçı tərəfindən mübahisələndirilən hissədə ləğv edilməlidir İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Artıq ödənilmiş müavinətin məbləğinin geri qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli, 5297 nömrəli qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Artıq ödənilmiş müavinətin məbləğinin geri qaytarılması haqqında” xx.xx.2022-ci il tarixli, 5297 nömrəli qərarı ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar