Məhkəmə qərarları › İş №2-1(112)-8360/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8360/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8360/2021 22.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi X2 (Ünvanı: Bakı şəhəri, Zabrat qəsəbəsi, Şirvani küçəsi, ev 22, mənzil 2), cavabdehin nümayəndəsi X1 (ünvanı: ünvan 2şünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, hüquqşünas) iştirakları ilə iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin ******* N-li, 06.05.2021-ci il tarixli və ******* N-li, 06.05.2021-ci il tarixli qərarlarının ləğv edilməsi və AR DMX-nin üzərinə iddiaçının 52103/m nömrəli, 16.04.2021-ci il tarixli və 52116/m nömrəli, 16.04.2021-ci il tarixli müraciətlərinin təmin edilməsi öhdəliyinin qoyulması haqqında məhkəmə qərarının qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 20.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 22.12.2021-ci il tarixə təyin olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı Rusiya Federasiyasının Mahaçqala şəhərində doğulmuşdur. X4 Rusiya Federasiyasının vətəndaşıdır, atası Nazir Mustafayev Azərbaycan Respublikasının vətəndaşıdır. 2003-cü ildə Bakı şəhəri 81 N-li məktəbin direktoru onu doğum haqqında rusiya şəhadətnaməsi ilə birinci sinifə qəbul etməkdən imtina edərək qəti şəkildə onun adına olan AR-nin şəxsiyyət vəsiqəsinin təqdim edilməsini tələb etmişdir. Atası onun anasının (qanuni nümayəndəsinin) razılığı olmadan onun adına AR-nin şəxsiyyət vəsiqəsini almışdır (bu barədə anasına yalnız 2012-ci ildə məlum olmuşdur) 2012-ci ildə onun valideynlərinin yazılı razılığı ilə və iddiaçının könüllü iradə ifadəsinə əsasən RF-də güzəştli ali təhsil almaq məqsədilə o, rusiya vətəndaşlığını rəsmiləşdirdi. 08.11.2012-ci ildə ona RF vətəndaşının seriya 51 № ******* pasportu verildi. Sənədləşdirmə 19.09.2012-ci ildə RF-nin AR-dəki səfirliyi tərəfindən aparılmışdır. 2014-cü ildə Bakı şəhərində orta məktəbi bitirdikdə buraxılış imtahanlarının verilməsi üçün iddiaçı AR Dövlət İmtahan Komissiyasına rusiya pasportunu təqdim etdi, sonuncu isə ondan ARdə müvəqqəti yaşamaq icazəsini tələb etdi. AR DMX özünün u/M-1709 nömrəli, 23.05.2014-ci il tarixli məktubunda onun azərbaycan vətəndaşı olmasına istinad edərək, “AR vətəndaşlığı haqqında” AR Qanununa əsaslanaraq, lakin bu qanunun konkret normalarına istinad etməyərək müvəqqəti yaşamaq icazəsi verməkdən imtina etdi. 11.07.2014-cü ildə elektron poçt vasitəsilə AR DMX-nə ona müvəqqəti yaşamaq icazəsi verilməsindən imtinanın qanunsuz və əsassız olması barədə məktub göndərilsə də həmin məktuba elə də cavab verilmədi. AR DMX-nin icazəsi olmadan o, rusiya pasportu ilə imtahanların verilməsinə buraxılmırdı. Nəticədə - orta təhsil haqqında attestatın verilməsindən imtina, nəticədə - Kazan aviasiya universitetinin onu həmin ATM-nə tələbə kimi qəbul etməkdən imtina etməsi kimi real risklər yarandı. Bu hərəkətləri ilə AR DMX faktiki olaraq qüvvədə olan rusiya pasportu olduğu halda imtahanlara buraxılması üçün onun valideynlərini tezliklə AR-nin şəxsiyyət vəsiqəsini almağa məcbur etdi. İmtahanların başlanmasına az vaxt qalırdı, AR DMX-nin qərarından şikayət verilməsi isə müəyyən müddətlər, ehtimal edilir ki, həm də məhkəmə araşdırması tələb edirdi. Belliklə, 2012-ci ildən başlayaraq və bu vaxta qədər AR-ə girişi/çıxışı, burada yaşaması RF pasportları əsasında həyata keçirilirdi. İddiaçı tərəfindən AR-nin miqrasiya qanunvericiliyinin bütün tələblərinə, o cümlədən müəyyən edilmiş qaydada dövrü olaraq müvəqqəti olduğu yer üzrə qeydiyyatdan keçmə, müvəqqəti yaşama icazəsinin alınması, 2019-2020 və 2020- 2021-ci illərdə əmək fəaliyyətinə icazə alınması ilə bağlı tələblərə dəqiq əməl edilmişdir. 9 il ərzində onun əcnəbi vətəndaş statusu AR DMX tərəfindən mübahisələndirilmirdi ki, bu da hüquqi əhəmiyyətli faktdır. 2021-2022-ci illər üçün müvəqqəti yaşamaq icazəsi verilməsindən imtina və əmək fəaliyyətinə icazə verilməsindən imtina ilə “AR vətəndaşlığı” haqqında Qanunun 18-ci maddəsinin 1-ci yarımbəndinin, həmçinin AR-nin üzv olduğu 30 avqust 1961-ci il tarixli “Vətəndaşsızlıq ixtisar edilməsi haqqında” Konvensiyadan irəli gələn müddəaların tələbləri pozulur. Həmin müddəalara əsasən bir ölkənin vətəndaşlığını könüllü əldə etmək əvvəlki vətəndaşlığın itirilməsi üçün əsasdır. “Könüllülük” anlayışı onu göstərir ki, vətəndaşlıq avtomatik əldə edilmir, şəxsin azad iradə ifadəsinin nəticəsində bu baş verir ki, o, 2012-ci ildə RF vətəndaşlığını seçməklə öz iradəsini ifadə etmişdir. 10 dekabr 1948-ci ildə BMT Baş Assambleyasının qəbul etdiyi “İnsan hüquqları haqqında ümumi bəyannamə” vətəndaşlığı insanın öhdəliyi kimi deyil, hüququ kimi müəyyən etmişdir. Bəyannamədə (maddə 13) deyilir ki, hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək, həmçinin istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir. “AR vətəndaşlığı haqqında” Qanunun 16-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində nəzərdə tutulmuşdur ki, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş əsaslar olduqda vətəndaşlığa xitam verilir. “AR vətəndaşlığı haqqında” Qanunun 26-cı maddəsi ziddiyyət yarandıqda beynəlxalq müqavilənin normalarının milli qanunvericilikdən üstün olduğunu təsdiq edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 16.04.2021 -ci il tarixdə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş və onun əsasında ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması üçün DMX-yə müraciət etmiş, müraciətin icrası zamanı şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və şəxsin 30.09.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Nəticədə şəxsin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş və onun əsasında ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunmuşdur. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla ilk dəfə 21.08.2003-cü ildə 10017867 nömrəli köhnə nəsil Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və hazırda 03.06.2014-cü il tarixdə şəxsə verilmiş 14870504 nömrəli “aktiv” statuslu şəxsiyyət vəsiqəsi mövcuddur. Miqrasiya Məcəlləsinin 3.0.1-ci (əcnəbi - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs) və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə (Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır) uyğun olaraq xarici dövlətin vətəndaşlığına mənsubiyyətləri tanınmır. Belə olan halda, Miqrasiya Məcəlləsinin 44 və 50-ci maddələrindən görünür ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə yalnız Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı 05.02 1997-ci il tarixdə Rusiya Federasiyasının Maxaçkala şəhərində anadan olmuşdur. Ona 21.08.2003-cü il tarixdə Azərbaycan Respublikasına məxsus FİN nömrəsi: 1N4Z66Aolan 10017867 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Bununla yanaşı, şəxs anadan olduğu vaxtda onun atası X3 Azərbaycan Respublikasının vətəndaşı olmuş və ona Azərbaycan Respublikasına məxsus FİN nömrəsi: 2L3JWUH olan 09630606 və 02689784 nömrəli şəxsiyyət vəsiqələri, həmçinin XP0578533 nömrəli köhnə və C01671518 nömrəli yeni nəsil ümumvətəndaş, S0223708 və S0138262 nömrəli xidməti pasportları mövcud olmuşdur. Bununla da, İddiaçı Azərbaycan Respublikasının vətəndaşına məxsus şəxsiyyətini təsdiq edən sənədə malik olması və atası X2 Azərbaycan Respublikasının vətəndaşı olması səbəbindən İddiaçı də AR qanunvericiliyinə əsasən Ölkə vətəndaşı sayıldığı tərəfimizdən müəyyən edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 4.1.5-ci bəndi) müddəalarına əsasən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuşdursa şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, İddiaçı 16.04.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş və onun əsasında ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması üçün DMX-yə müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında” ******* nömrəli 06.05.2021-ci il tarixli qərar qəbul etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “İş icazəsinin müddətinin uzadılmasından imtina olunması haqqında” ******* nömrəli 06.05.2021-ci il tarixli qərar qəbul etmişdir. İş materiallarından görünür ki, mübahisələndirilən qərarlar onunla əsaslandırılmışdır ki, müraciətin icrası zamanı şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və şəxsin 30.09.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Nəticədə şəxsin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş və onun əsasında ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunmuşdur. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla ilk dəfə 21.08.2003-cü ildə 10017867 nömrəli köhnə nəsil Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və hazırda 03.06.2014-cü il tarixdə şəxsə verilmiş 14870504 nömrəli “aktiv” statuslu şəxsiyyət vəsiqəsi mövcuddur. İş materiallarından görünür ki, İddiaçı 21.08.2003-cü il tarixdə Azərbaycan Respublikasına məxsus FİN nömrəsi: 1N4Z66A olan 10017867 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İş materiallarından görünür ki, İddiaçı anadan olduğu vaxtda onun atası X3 Azərbaycan Respublikasının vətəndaşı olmuş və ona Azərbaycan Respublikasına məxsus FİN nömrəsi: 2L3JWUH olan 09630606 və 02689784 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.1-ci maddəsinə əsasən əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir. Həmin Məcəllənin 3.0.13-cü maddəsinə əsasən iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazədir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə yalnız Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən miqrasiya və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və qanunsuz sayıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin ******* N-li, 06.05.2021-ci il tarixli və ******* N-li, 06.05.2021-ci il tarixli qərarlarının ləğv edilməsi və AR DMX-nin üzərinə iddiaçının 52103/m nömrəli, 16.04.2021-ci il tarixli və 52116/m nömrəli, 16.04.2021-ci il tarixli müraciətlərinin təmin edilməsi öhdəliyinin qoyulması haqqında məhkəmə qərarının qəbul edilməsi barədə iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar