Məhkəmə qərarları › İş №2-1(112)-8377/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8377/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8377/2022 21.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndələri X3 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “arayışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “arayışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu 3 il 9 ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04 mart 1992-ci il tarixdən 06 yanvar 2016-cı il tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə 23 il 10 ay 02 gün müddətində qulluq etmiş və xx.xx.2016-cı il tarixdə prokurorluq orqanlarından xaric edilməklə qulluğuna xitam verilmişdir. Prokurorluq orqanlarına işə köçürülmə qaydasında qəbul edilməmişdən əvvəl, 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək 3 il 9 ay müddətində müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir və “Qarabağ müharibəsi” veteranıdır. Odur ki, göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu dövrün, 3 il 9 ay müddətin qanunvericiliklə müəyyən olunmuş qaydada güzəştli əmək stajı kimi ikiqat ölçüdə hesablanmaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana təqdim olunmasından ötrü xüsusi əmək (qulluq) stajına dair arayışın verilməsi məsələsinə baxılması və bununla bağlı köməklik göstərilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə müvafiq təsdiqedici sənədləri əlavə etməklə Cavabdehna müraciət etmiş, adı çəkilən orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası”na, eləcə də Baş Prokurorluğun “X6”nın 34-cü və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddələrinə istinad edilərək, Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasında prokurorluq orqanlarındakı qulluq illərinə görə yalnız xidmət keçən prokurorluq işçilərinin vəzifə maaşına əlavə haqqın verilməsi məsələlərinə baxıldığını, prokurorluq orqanlarında qulluğuna xitam verilməsi səbəbindən hazırda prokurorluq işçisi olmadığı üçün xidmət illərinin yenidən hesablanmasının qeyri-mümkün olmasını göstərməklə, bundan imtina olunması barədə ünvanına xx.xx.2022-ci il tarixli, 10/04-496 nömrəli cavab məktubu göndərilmişdir. Özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etdiyi 3 il 9 ay müddətin ikiqat ölçüdə güzəştli hesablamaqla prokurorluq orqanlarında əmək pensiyası hüququ verən qulluq (sığorta) stajına daxil edilməsindən və bu barədə aidiyyəti pensiya təyin edən orqana təqdim olunması üçün müvafiq arayışın verilməsindən imtina edilməsi hesab edir ki, mövcud qanunvericiliyin-tələblərinə zidd olmaqla yanaşı, onun prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdeh inzibati orqan müraciətinə baxarkən nəzərə almamışdır ki, o, məhz elə özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən prokurorluq orqanlarında işə köçürülmə qaydasında qəbul olunmuşdur və ərazisində döyüş əməliyyatları aparılan Laçın rayon prokurorluğunun stajor-müstəntiqi vəsifəsinə təyin edilmişdir. Bu təyinatdan əvvəl vətənin müdafiəsində iştirak etməklə qazanmış olduğu güzəşt və imtiyazlardan istifadə etmək hüquqları da saxlanılmışdır. Habelə, bundan sonra da onun əmək pensiyası hüququ verən iş stajı prokurorluq orqanlarında olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin 30 oktyabr 2018-ci il tarixli, **********6 №li və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun 25 oktyabr 2018-ci il tarixli **********1 №li məktublarından da görünür ki, prokurorluq orqanlarında iş stajının qanunvericilikdə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə hesablanması məsələsinə dair müraciətlərinə baxılmış və müəyyən edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24.0.1-ci maddəsinə əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti əmək pensiyası hüququ verən sığorta stajına ikiqat ölçüdə daxil edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı münasibətdə (etiraz) göstərilir ki, İddiaçı xx.xx.1992-ci ildə prokurorluq orqanlarına işə qəbul olunaraq, müxtəlif vəzifələrdə o cümlədən, Laçın rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor, Ucar rayon prokurorluğunun müstəntiqi, Qusar rayon prokurorunun köməkçisi, Quba rayon prokurorunun köməkçisi, böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, Ağsu rayon prokurorunun böyük köməkçisi (xx.xx.2014-cü ildən Bakı şəhəri Nizami rayon prokurorluğuna ezam edilmiş), İmişli rayon prokurorunun böyük köməkçisi (xx.xx.2014-cü ildən Bakı şəhəri Nizami rayon prokurorluğuna ezam edilmiş) vəzifələrinə təyin edilmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2016-cı il tarixli, 10/01- 11/03-k nömrəli əmri ilə əmək intizamını kobud şəkildə pozduğuna görə intizam qaydasında prokurorluq orqanından xaric edilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakına görə prokurorluğa köçürülmə qaydasında işə qəbul edildiyini bildirsə də, prokurorluqda işə qəbuluna dair əmrdə onun köçürülmə qaydasında işə qəbul edilməsi qeyd edilməmiş, habelə əmrə əsas kimi İddiaçı ərizəsi və kadrlar şöbəsinin rəyi göstərilmişdir. Müvafiq olaraq İddiaçı ərizəsi və kadrlar şöbəsinin rəyində də onun döyüşlərdə iştirak etməsi barədə hər hansı bir məlumat göstərilməmişdir. Həmçinin İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi dövrdə prokurorluq işçisi olmamış və prokurorluq orqanlarında xidmət keçməmişdir. Eyni zamanda o, prokurorluq orqanlarında işlədiyi müddətdə hərbi xidmət keçməmiş və hərbi qulluqçu statusu daşımamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətdən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 saylı Qərarında prokurorluq işçilərinin xidmət illərinin güzəştli şərtlərlə hesablanması əvvəllər nəzərdə tutulmamışdır. Bununla yanaşı, həmin qərara hərbi prokurorluq işçiləri (Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə edilmiş dəyişiklik əsasında əlavə edilmişdir. Prokurorluq orqanlarında qulluq keçmə müddətinin hesablanması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası" ilə tənzimlənir. Həmin Qaydaların 2.2.2-ci bəndlərinə əsasən prokurorluqda əlavə haqq almaq hüququ verən iş stajına həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən prokurorluq orqanlarına qeyd edilən vəzifələrə təyin edilmiş işçilərin həqiqi hərbi xidmətdə olduqları müddət daxil edilir. İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etdiyi dövrün prokurorluq orqanlarındakı iş stajına daxil edilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndələri X4 və X2 ayrı-ayrılıqda yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdeh inzibati orqanın nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki iddiaçının iddiа tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçıya məxsus: - AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1960-cı ildə Zəngilan rayonunda doğulmuş İddiaçı, ünvan 1 ünvanında qeydiyyatdadır. - İT-İ seriyalı, ******* №-li əmək kitabçasında (surəti) olan məlumatlardan müəyyən olunur ki, İddiaçı xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul edilmiş və Laçın rayon prokurorluğuna müstəntiq vəzifəsi üzrə stajor təyin edilmişdir; xx.xx.1993-cü ildə Ucar rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin olunmuşdur; xx.xx.1993-cü ildə İmişli rayon prokurorluğunun müstəntiqi vəzifəsinə təyin edilmişdir; xx.xx.1994-cu ildə Qusar rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunmuşdur; xx.xx.2001-ci ildə tutduğu vəzifədən azad olunub Quba rayon prokurorunun köməkçisi vəzifəsinə təyin edilmişdir; xx.xx.2003-cü ildə tutduğu vəzifədən azad olunub Quba rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunmuşdur; xx.xx.2005-ci ildə tutduğu vəzifədən azad edilib və Baş Prokurorluğa Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin (Quba və Qusar rayonları üzrə) vəzifəsinin icrası həvalə olunmuşdur; xx.xx.2005-ci ildə icrası həvalə olunmuş vəzifəyə təyin edilmişdir; xx.xx.2007-ci ildə aparılmış struktur dəyişiklikləri ilə əlaqədar tutuduğu vəzifədən azad edilib; xx.xx.2007-ci ildə Ağsu rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunmuşdur; xx.xx.2014cü ildə tutduğu vəzifədən azad olunub İmişli rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunmuşdur; xx.xx.2016-cı ildə prokurorluq orqanlarından xaric edilmişdir. - xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nəsimi rayon hərbi komissarlığı tərəfindən verilmiş M/V seriyalı 079610 №-li vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının “Qarabağ müharibəsi” veteranı statusu verilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 11/1351 №-li arayışda göstərilmişdir ki, İddiaçı 04 mart 1992-ci il tarixdən 06 yanvar 2016-cı il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş prokurorunun 06 yanvar 2016-cı 10/01-11/03-k №-li əmrinə əsasən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1, 26.1.7-ci maddələrinə müvafiq olaraq əmək intizamını kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric olunmuşdur. Azərbaycan Respublikası Baş prokurorunun 28 dekabr 2005-ci il tarixli 10/441 -k №-li əmri ilə İddiaçı kiçik ədliyyə müşaviri xüsusi rütbəsi verilmiş və prokurorluqdan xaric edilərkən o, həmin rütbədən məhrum edilməmişdir. İddiaçı prokurorluq orqanlarında iş stajı 23 il 10 ay 02 gün təşkil edir və həmin stajın 04 mart 1992-ci il tarixdən 24 may 1993-cü il tarixədək 01 il 02 ay 20 günü Laçın rayon prokurorluğunda xidmət etdiyi müddət olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsi tərəfindən verlmiş xx.xx.2022-ci il tarixli 51 №li arayışda (surəti) qeyd olunmuşdur ki, 1960-cı il təvəllüdlü istefada olan baş çavuş İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət etmişdir. İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə könüllü özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir və xx.xx.2009-cu ildən Azərbaycan Respublikasının “Qarabağ müharibəsi” veteranıdır. İddiaçı Qarabağ müharibəsi veteranları üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçı hazırki tələblə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna ərizə ilə müraciət etmiş, müraciətinə xx.xx.2022-ci il tarixli 10/04-496 №li məktubla cavab olaraq bildirilmişdir ki, onun 1988-1991-ci illərdə müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etdiyi dövrün qanunverciliklə müəyyən edilmiş qaydada hesablanmaqla prokurorluq orqanlarındakı sığorta stajına ikiqat ölçüdə daxil edilməsi və prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün aidiyyəti orqana xüsusi əmək stajı barədə arayış təqdim edilməsinə dair xx.xx.2022-ci il tarixli müraciətinə Baş Prokurorluqda baxılmışdır. O, xx.xx.1992-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında müxtəlif vəzifələrdə xidmət keçmişdir. Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2016-cı il tarixli, 10/01-11/03-k nömrəli əmrinə əsasən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1, 26.1.7-ci maddələrinə müvafiq olaraq əmək intizamını kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi qaydası” prokurorluq işçilərinin xidmət illərinin hesablanmasını tənzimləyir. Baş Prokurorluğun “X6”nın 34-cü maddəsinə əsasən Əmək Məsələləri Komissiyasında prokurorluq orqanlarındakı qulluq illərinə görə prokurorluq işçilərinin vəzifə maaşına əlavə haqqın verilməsinə dair məsələlərə baxılır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən prokurorluq işçisi prokurorluqdan xaric edildiyi andan qulluq keçməyə xitam verilir. Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasında prokurorluq orqanlarındakı qulluq illərinə görə yalnız xidmət keçən prokurorluq işçilərinin vəzifə maaşına əlavə haqqın verilməsinə dair məsələlərə baxılması nəzərdə tutulmuşdur. Bu səbəbdən hazırda prokurorluq işçisi olmadığı üçün xidmət illərinin yenidən hesablanması qeyri-mümkündür. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. 2001-ci il 29 iyun tarixdə qəbul edilmiş və 2001-ci il 31 iyul tarixdə dərc olunmuş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra – "prokurorluqda qulluq keçmə" adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən prokurorluq işçisi prokurorluqdan xaric edildiyi andan qulluq keçməyə xitam verilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı 04 mart 1992-ci il tarixdən 06 yanvar 2016-cı il tarixədək (23 il 10 ay 02 gün) Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq keçmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (burada və bundan sonra mətndə - Qanunun 2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyası nəzərdə tutulur) 9.4-cü maddəsinə əsasən (2009-cu il 20 oktyabr tarixli, 895-İİİDQ №-li Qanunla edilmiş əlavə və dəyişikliklərlə. Əvvəlki redaksiyada deyilirdi: 9.4. Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır.), prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən DSMF məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.14-cü bəndinə əsasən əmək pensiyalarının və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində göstərilən digər sosial sığorta ödəmələrinin maliyyələşdirilməsini və ödənişini təmin etmək, 3.1.20-ci bəndinə görə əmək pensiyalarını, sosial müavinətləri, təqaüdləri, kompensasiyaları, ünvanlı sosial yardımları və digər sosial ödənişləri bu sahədə normatov hüquqi aktlara uyğun olaraq təyin etmək, əhalinin ayrı-ayrı kateqoriyalarına sosial-məişət xidməti üzrə kompleks tədbirləri aidiyyəti qurumlarla birlikdə həyata keçirmək DSMF-nin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən, Azərbaycan Respublikasının prokurorluğunun işçilərinə pensiya təyin edilməsi 2007-ci il 01 yanvar tarixdən Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq iddiaçı prokurorluq oraqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunmasını və bu zaman döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüşlərdə olduğu 3 il 9 ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsini cavabdeh inzibati orqandan xahiş etmişdir. Cavabdeh orqan iddiaçının müraciətindən imtinanın əsası kimi prokurorluq orqanlarında qulluq keçmə müddətinin hesablanması qaydasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası" ilə tənzimləndiyini və Baş Prokurorluğun Əmək Məsələləri Komissiyasında prokurorluq orqanlarındakı qulluq illərinə görə yalnız xidmət keçən prokurorluq işçilərinin vəzifə maaşına əlavə haqqın verilməsinə dair məsələlərə baxılmasının nəzərdə tutulduğunu qeyd etmişdir. Qeyd olunan Qaydaların 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununa və "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli, 1054 nömrəli Sərəncamının icrası olaraq hazırlanmışdır və prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın (bundan sonra - əlavə haqq) ödənilməsi şərtlərini müəyyən edir. 1.2-ci bəndində göstərilmişdir ki, prokurorluq işçilərinə qulluğun altıncı ilindən başlayaraq əlavə haqq verilir və həmin haqq hər beş ildən bir artırılır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının prokurorluq orqanlarında 23 il 10 ay 02 gün qulluq etməsi işin mübahisələndirilməyən halı olmaqla, adı çəkilən Qaydaların tələblərinə əsasən göstərilən iş stajına uyğun olaraq qulluğun altıncı ilindən başlayaraq əlavə haqq verilib-verilməməsi hazırki iddianın predmeti deyildir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminat haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı qüvvəyə minənədək prokurorluq işçilərinin maddi sosial təminat hüquqları “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları ilə tənzimlənmişdir. Belə ki, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun ilkin redaksiyasında (xx.xx.1997-ci il tarixdə qəbul edilmiş) göstərimişdir ki, prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir (maddə 38). Göründüyü kimi prokurorluq işçilərinə münasibətdə pensiya hüququnun tənzimlənməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminat haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı qüvvəyə minənədək, məhz “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilirdi ki, onların sosial müdafiəsinin hakimlər üçün nəzərdə tutulmuş qaydalar ilə tənzimlənməsi nəzərdə tutulmuşdu. Nəzərə alınmalıdır ki, həmin dövrdə də hakimlərin sosial təminat hüququ həm “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, həm də, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanun ilə tənzimlənirdi ki, bu halda hazırki mübahisə üzrə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya da tətbiq edilməsi mümkündür. Mübahisənin predmetini təşkil edən, iddiaçının ikiqat ölçüdə güzəştli hesablanmasını tələb etdiyi döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etdiyi 3 il 9 ay müddətin (1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək) onun prokurorluq orqanlarına xidmətə daxil olduğu (04 mart 1992-ci il) zaman, yəni 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu və prokurorluq orqanlarında qulluq keçmə müddətinin hesablanması qaydasını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası" qüvvəyə minənədək prokurorluq orqanları işçilərinin də pensiya təminat hüququ bu qanunla tənzimlənmişdir) 2-ci maddəsinə əsasən bu Qanunla vətəndaşlara digər pensiyalarla yanaşı xidmət illərinə görə pensiyanın təyin edilməsi də nəzərdə tutulmuşdur. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Həmin Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasında (1 sentyabr 2005-ci il tarixdək, yəni iddiaçının güzəştli illər kimi hesablanmasını tələb etdiyi dövrlərdə qüvvədə olmuş redaksiyada) göstərilmişdir ki, pensiya almaq hüququ verən iş stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - üçqat ölçüdə güzəştli şərtlə daxil edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 1988-ci ilin fevral ayından 1991ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyi 3 (üç) il 9 (doqquz) ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, onun prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilib-edilməməsi məsələsi, 2001-ci il 29 iyun tarixdə qəbul edilmiş və 2001-ci il 31 iyul tarixdə dərc olunmuş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu və prokurorluq orqanlarında qulluq keçmə müddətinin hesablanması qaydasını müəyyən edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası" ilə deyil, məhz iddiaçının prokurorluq orqanlarına xidmətə daxil olduğu (04 mart 1992-ci il) zaman qüvvədə olmuş redaksiyada xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənməlidir. Qanunvericilikdə məhz qeyd olunan mübahisəli müddətin üç qat hesablanması nəzərdə tutulsa da, iddiaçının inzibati orqana müraciəti və hazırki iddia ərizəsindəki tələbini, həmçinin göstərilən halda iddiaçının sosial təminatının (keçmiş prokurorluq işçisi kimi pensiya alması) tam təmin olunacağının nəzərə alınmaqla, məhkəmə müvafiq müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, onun prokurorluq orqanlarında əmək pensiyası hüququ verən qulluq (sığorta) stajına daxil edilməsini məqsədəmüvafiq hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qüvvədə olan qanunvericiliyin tələblərini işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, iddiaçının müraciətindən imtina olunarkən onun xeyrinə olan halların araşdırılması tam həyata keçirilməmişdir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu şəkildə qiymət verərək hesab edir ki iddia tələbi təmin edilməli, iddiaçı xx xxx 1960-cı il təvəllüdlü İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyi 3 (üç) il 9 (doqquz) ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, onun prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx xxx 1960-cı il təvəllüdlü İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək döyüş əməliyyatları dövründə özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyi 3 (üç) il 9 (doqquz) ay müddətin ikiqat ölçüdə güzəştli hesablanmaqla, onun prokurorluq orqanlarında əmək pensiyası hüququ verən 23 il 10 ay 02 gün qulluq (sığorta) stajına daxil edilməsi və xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi üçün aidiyyəti pensiya təyin edən orqana (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) xüsusi əmək stajı barədə müvafiq arayışın təqdim olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar