Məhkəmə qərarları › İş №2-1(112)-8414/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8414/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8414/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının X10 publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X5rşı “test tapşırıqlarının cavablarının düzgün cavab kimi qəbul edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək 12 fevral 2023-cü il tarixində dövlət qulluğunun BA kateqoriyası üzrə X10 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında A variantı üzrə 51-ci və 63-cü test tapşırıqlarının cavablarının düzgün cavab kimi qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, 12 fevral 2023-cü il tarixində dövlət qulluğunun В kateqoriyası üzrə X10 (bundan sonra DİM) tərəfindən keçirilən imtahanda iştirak etmişəm. İmtahanda təqdim olunmuş suallar arasında A variantı üzrə 51-ci və 63-cü sualların cavabı DİM tərəfindən səhv yoxlanılmışdır. Bu hal isə mənim və digər tələbələrin imtahan nəticəsinə əsaslı təsir göstərmişdir. Belə ki, suallar düzgün tərtib ediləcəyi və düzgün qiymətləndiriləcəyi təqdirdə imtahanda məqbul balı toplayacaq namizədlər, məhz DİM-in səhvi nəticəsində yetərli balı toplaya bilməmişlər. Bu barədə tərəfimdən DİM-ə rəsmi qaydada müraciət edilmiş və mənə xx.xx.2023-cü il tarixli cavab məktubu göndərilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi metodiki qüsurlar aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Belə ki, Qanunvericilik üzrə imtahanda istifadə olunmuş açıq tipli test tapşırığında 51-ci sualda Azərbaycan Respublikası Konstitusiyasına əsasən yerli icra hakimiyyətləri ilə bağlı yanlış olanları seçmək tələb olunmuş, cavab variantları arasında Naxçıvan MR- da yerli icra hakimiyyətinin başçılarını NMR Ali Məclisinin sədrinin təqdimatı əsasında AR Prezidenti vəzifədən azad etməsi qeyd olunmuş və DİM bu variantı yanlış variant kimi qəbul etmişdir.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının təsdiq edilməsi haqqında Konstitusiya qanununun 5-ci maddəsində qeyd olunub: NMR Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir. Konstitusiya qanunları Konstitusiyanın ayrılmaz tərkib hissəsidir Doğrudur, imtahanda istifadə olunmuş tapşırıqlarda heç bir qüsur yoxdur, lakin DİM tərəfindən doğru cavab kimi götürülən cavablarda yanlışlıq var. İmtahana salınmış ifadə isə “Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti azad edir” formasında olub və bu cavab variantını səhv hesab ediblər, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Konstitusiya Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır, Naxçıvan Muxtar Respublikasının X3 Respublikasının Ali Məclisi tərəfindən qəbul edilir və Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmamalıdır habelə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiya qanunu ilə təsdiq edilir, eyni zamanda Konstitusiyanın 151-ci maddəsinə əsasən Konstitusiya qanunları Konstitusiyanın ayrılmaz hissəsidir, Konstitusiya qanunlarında qeyd olunan normalar Konstitusiyanın müvafiq normalarını tamamlayır. Qeyd olunan Konstitusiya qanununda Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Prezident təyin edir ifadəsi əks olunub və bu Konstitusiyanın əsas mətninə hər hansı bir formada ziddiyyət yaratmır və imtahanda qeyd olunduğu kimi yanlış ifadə hesab oluna bilməz. Hər iki halda yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair NMR Ali Məclisinin sədri Prezidentə təqdimat verir və X7 Respublikasında icra başçılarını vəzifədən azad edərkən Konstitusiyanın 141-ci maddəsinə istinad edir. Prezidentin sərəncamından sitat: “Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram: X6 Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”. (Qeyd olunan sərəncamların və imtahana düşmüş sualın surətləri ərizəyə əlavə olunur). Bundan başqa İnformatika üzrə imtahanda istifadə olunmuş açıq tipli test 63-cü sualda iyerarxik model verilənlər bazasında əlaqələr çoxluğuna aid əlaqə cütü olmayan variantı tapmaq tələb olunmuş, DİM tərəfindən yalnız 4 (“çoxun-çoxa”) düzgün cavab kimi götürülmüşdür. Cavab variantları arasında yalnız 3 (“çoxun-birə”) cavabı da var. Belə ki, DİM-in sonuncu buraxılışı - 2022-ci il buraxılışı olan, V.B.Müslümov, Ə.Ə.Əliyev, S.B.Həbibullayev və Y.B.Sərdarovun həmmüəllifliyi ilə hazırlanmış kitabda iyerarxik model verilənlər bazasında əlaqələr çoxluğuna aid olan əlaqə cütü kimi “birinbirə”, “birin-çoxa” və “çoxun-çoxa” qeyd edilmişdir. Göründüyü kimi, DİM öz buraxılışı olan kitabda da qeyd olunmuş formada düzgün cavab kimi “çoxun-birə” götürmək əvəzinə, digər mənbələrə istinad etmişdir. Qeyd olunan kitab DİM tərəfindən dövlət qulluğunun В kateqoriyası üzrə hazırlaşmaq üçün mənbə kimi 1-ci sırada qeyd edilmişdir. Hesab edir ki, qeyd olunan suallarda namizədlərin düzgün götürdüyü cavab variantları əsassız olaraq DİM tərəfindən səhv cavab kimi hesablanmışdır. Bundan əlavə, ümumilikdə imtahana salınmış suallar "söz oyunu" vasitəsilə süni olaraq çətinləşdirilmişdir ki, bunun da nəticəsində sualların anlaşılmaması imtahan üçün ayrılmış vaxtın sualların cavablanması üçün kifayət etməməsinə səbəb olmuşdur. Təəssüflə qeyd etməliyəm ki, yaranmış vəziyyət uzun illər ərzində ölkədə ali məktəbə qəbul kimi əhəmiyyətli bir məsələdə hər zaman şəffaflığı təmin edən DİM-in nüfuzuna xələl gətirir. Bu səbəbdən də hazırda Bakı İnzibati Məhkəməsinə müraciət edilir.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Mərkəz tərəfindən xx.xx.2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin В növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün kağız daşıyıcılar vasitəsilə test imtahanı keçirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində BA vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.2-ci bəndinə əsasən dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən müəyyən edilir. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. Hazırlanan qapalı tipli test tapşırığının cavab verməli olduğu tələblər qeyd edilən Qaydaların 2.6-cı bəndində müəyyən edilmişdir. Açıq və esse tipli test tapşırıqları isə Mərkəz tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir. Ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Bildirilir ki, qanunvericiliyin tələbinə uyğun olaraq yalnız təsdiq edilmiş və test bankına daxil olunmuş test tapşırıqları imtahanda istifadə edilir. Belə ki, test tapşırıqları ekspertizadan keçirilərkən qapalı tipli test tapşırıqları adıçəkilən Qaydada nəzərdə tutulmuş, açıq tipli test tapşırıqları isə Mərkəz tərəfindən müəyyən edilən tələblərə cavab vermədikdə onlar Mərkəz tərəfindən təsdiqlənmir və test imtahanlarında istifadə edilmir. Yuxarıda adıçəkilən Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə müəyyən olunur. İddiaçı sözügedən test imtahanında BA2 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (80%) çox nəticə - 84.16% (101 bal) nəticə göstərdiyi üçün BA2 sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə BA1 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən- 85% (102 bal) aşağı olduğu üçün BA1 sertifikatını əldə etməmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair qəbul edilmiş qərardan namizəd məhkəməyə şikayət verə bilər. İddiaçı xx.xx.2023-cü il tarixində BA vəzifə qrupu A variantı üzrə müsabiqənin test imtahanı mərhələsində istifadə edilən 51 və 63 saylı test tapşırıqlarının nəticəsi ilə razılaşmamış və bununla əlaqədar olaraq, xx.xx.2023-cü il tarixində apellyasiya komissiyasına şikayət vermişdir. İddiaçının apellyasiya şikayəti komissiya tərəfindən araşdırılmış və araşdırmanın nəticəsi barədə iddiaçıya xx.xx.2023-cü il tarixində saat 11:50-də telefon vasitəsilə məlumat verilmişdir. Eyni zamanda iddiaçı xx.xx.2023-cü il tarixində Mərkəzə eyniməzmunlu ərizə ilə müraciət etmişdir. Mərkəzin 01 03.2023-cü il tarixli 9-3/2-M-79-42-151/2023 nömrəli məktubu ilə iddiaçıya izah edilmişdir ki, apellyasiya şikayəti ilə əlaqədar olaraq test imtahanının nəticəsinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, o cümlədən onun ərizəsində qeyd etdiyi BA vəzifə qrupu A variantı üzrə test imtahanında istifadə olunan 51 və 63 saylı test tapşırıqları ekspertlər tərəfindən yenidən ekspertizadan keçirilmişdir. Ekspert qrupunun rəyinə əsasən, qanunvericilik proqramına aid olan 51 saylı test tapşırığında, informatika proqramına aid olan 63 saylı test tapşırığında elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Buna görə də iddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq, 51 saylı test tapşırığının şərtinin dəqiq, aydın və birmənalı olmaması, test tapşırıqlarının cavablarının Mərkəz tərəfindən düzgün qiymətləndirilməməsi ilə bağlı iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir. Apellyasiya Komissiyasının qərarına əsasən namizədin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək hal aşkar olunmadığından apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır.

4. Dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahanı mərhələsi ilə bağlı iddiaçının cavabdeh X8 ünvanladığı apellyasiya ərizəsinə cavab olaraq bildirilmişdir ki, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Müraciətinə əsasən səhv cavablandırdığı 51 və 63 saylı tapşırıqlar (A variantı üzrə) və onların doğru cavabları ilə bağlı Sizə ekspertlər tərəfindən müvafiq izahat verilmişdir. İmtahan nəticəsinin dəyişdirilməsinə səbəb ola biləcək bir hal aşkar olunmadığından müraciəti təmin olunmamışdır.

5. Qanunvericiliklə bağlı sualara dair cavabdeh tərəfindən rəyçi hüquq üzrə fəldəfə doktoru, rəyçi Zaur Əzimov tərəfindən təqdim edilmiş rəydə qeyd edilir ki, 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Konstitusiyasının yerlərdə icra hakimiyyətinin təşkili və fəaliyyətinin əsaslarını tənzimləyən 124-cü maddənin İİ hissəsinə əsasən unitar ərazi quruluşu formasına uyğun olaraq yerli icra hakimiyyəti başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Azərbaycan dövlətinin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının əsaslarına dair müəyyən fərqlər nəzərə alınmaqla eyni əsaslar qüvvədədir. X1 Muxtar Respublikasında yerli icra hakimiyyəti adlanan 141-ci maddəsinə görə Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. Göründüyü kimi ali iradənin ifadə forması olan X11 Muxtar Respublikasında yerli icra hakimiyyəti başçılarının vəzifəyə təyin edilməsi üçün fərqli qayda nəzərdə tutulmuşdur. Bu fərqlilik yalnız onların təyin edilməsi qaydasına aid edilir. NMR-da yerli icra hakimiyyətinin başçılarının vəzifəyə təyin edilməsi qaydası fərqli olsa da, həmin vəzifəli şəxsin vəzifədən azad edilmə qaydası fərqli norma təsbit etmədiyi üçün burada ümumi qayda qüvvədə olur. Yəni NMR-da yerli icra başçılarının vəzifədən azad edilməsi onun vəzifəyə təyin edilməsi qaydası ilə eyni deyildir, Əsas Qanunun 124-cü maddəsinin İİ hissəsindəki kimi tənzimlənir. Belə bir hüquqi tənzimləmə mexanizmi Azərbaycan dövlətinin unitar idarəetmə quruluşuna da uyğundur. Belə ki, yerli icra hakimiyyətini səlahiyyətli Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən icra hakimiyyəti başçıları həyata keçirdiyi üçün onları vəzifədən azad edilməsi barədə qərar qəbul etməsi üçün NMR-nin Ali Məclisinin sədrinin bu barədə təqdimatı olması tələbinin imperativ formada nəzərdə tutulması məntiqsizlik olardı. Eyni zamanda göstərmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən NMRnin Ali Məclisinin sədrinin NMR-da yerli icra hakimiyyəti başçılarının vəzifədən azad edilməsi barədə dövlət başçısına təqdimat vermək səlahiyyəti təsbit edilmişdir. İlkin baxışdan bu normaların bir-birinin məntiqi ardı olduğu qənaəti yaranmış olsa da, bu normalar ayrı-ayrılıqda eyni sistemin tərkib hissəsi kimi nəzərdən keçirilə bilməz. Bunun təsdiqi kimi göstərmək olar ki, belə bir təqdimatın verilməsi barədə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı cinayət təqibi orqanı da qəbul edə bilər. Heç şübhəsiz ki, bu əsasda dövlət başçısı həmin vəzifəli şəxsi vəzifədən azad edə bilər, etməyə də bilər. Belə bir müddəa Konstitusiyanın əsas və ya əlavə mətnində təsbit edilmədiyi üçün onu Əsas Qanunun məzmunu kimi nəzərdən keçirilməsi düzgün olmazdı. Göstərilənlər əsasında yekun olaraq hesab edilmişdir ki, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad edilməsi üçün NMRnin Ali Məclisinin sədrinin təqdimatı zəruri şərt deyildir, ölkə başçısı belə təqdimat olmadan həmin vəzifəli şəxsi vəzifədən azad etmək səlahiyyətinə malikdir. Məhz bu səbəbdən də göstərilən test tapşırığında qanunvericilik baxımından səhv yoxdur və qüvvədə olan qanunvericiliyin tələbləri baxımından düzgündür.

6. İnformatika fənnindən olan test tapşırığına dair cavabdeh rəyçi Azərbaycan Republikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi, r.e.d, dos. A.B.Rəhimov tərəfindən təqdim edilmiş rəyə əsasən iyerarxik modelli verilənlər bazasında birin-birə (1:1), birin-çoca (1:M) və çoxun birə (M:1) əlaqələri mümkündür, çoxun-çoxa (M:N) əlaqəsi isə mümkün deyil. Ona görə 63-cü testin doğru cavabı çoxun çoxa (M:N) əlaqəsidir. Verilənlər bazasına aid müxtəlif ədəbiyyatlardan (1, s.325; 2, s. 223; 3, s. 134) məlumdur. Ədəbiyyat: 1. Kərimov S.Q., Həbibullayev S.B., İbrahimzadə T.İ, İnformatika. Ali məktəblər üçün dərslik. Bakı: ADNA, 2011. 2. Xəlilov M.S., Həsənova N.Ə. İnformatika. Bakı: BDU, 2015, 3. Kərimov S.Q. İnformatika sistemləri. Bakı: Elm, 2008, 676

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

10. “Dövlət qulluğu haqqında” Qanunun 1.1.27-ci bəndinə əsasən müsabiqə – inzibati vəzifələrin tutulması məqsədilə namizədlərin vakant vəzifələrə uyğunluğunu qiymətləndirmək üçün keçirilən test imtahanından və müsahibədən ibarət prosesdir. 28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.

11. X10 publik hüquqi şəxsin Nizamnaməsindən: Azərbaycan Respublikasının X10 dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 2.1.Mərkəzin əsas vəzifələri aşağıdakılardır: 2.1.1-1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir.

12. İddiaçı sözügedən test imtahanında BA2 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (80%) çox nəticə - 84.16% (101 bal) nəticə göstərdiyi üçün BA2 sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə BA1 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən- 85% (102 bal) aşağı olduğu üçün BA1 sertifikatını əldə etməmişdir.

13. Odur ki, hazırdı iddia uğurlu olduğu təqdirdə iddiaçı üçün hüquqi nəticə yaradır, belə ki, o, BA1 sertifikatını əldə edə bilər. Bu isə onun daha yüksək kateqoriyalı dövlət orqanlarında müsahibədə iştirak imkanı yaradacaqdır.

14. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”ndan: 2.2. Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X4 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. 2.3. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. 2.4. Test tapşırıqlarının aşağıdakı növləri var: 2.4.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; 2.4.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; 2.4.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. 2.5. Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir. 2.6. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: 2.6.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 2.6.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 2.6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 2.6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.

16. Odur ki, məhkəmənin vəzifəsi test tapşırıqlarının qeyd edilən tələblərə uyğunluğunun yoxlanmasıdır.

17. Mübahisə BA kateqoriyası üzrə X10 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında A variantı üzrə qanunvericilik proqramına aid olan 51 saylı test tapşırığı və informatika proqramına aid olan 63 saylı test tapşırığı ilə bağlıdır.

18. BA növü üzrə A variantının 51-ci sualı: Azərbaycan Respublikası Konstitusiyasına əsasən yerli icra hakimiyyəti ilə bağlı yanlış olanları müəyyən edin. 1.Yerli icra hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir. 2.Yerlərdə icra hakimiyyətini həyata keçirən yerli icra hakimiyyətinin başçılarını Azərbaycan Respublikası Prezidenti vəzifədən azad edir. 3.Naxçıvan MR-da yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikası Prezidenti vəzifədən azad edir. 4.Yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən,öz səlahiyyətlərindən kənara çıxmayan normativ hüquqi aktlar qəbul edə bilərlər. 5.Yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası dövlət büdcəsində icra hakimiyyəti üçün nəzədə tutulmuş xərclər çərçivəsində yaradılır.

19. BA növü üzrə A variantının 63-cü sualı: İyerarxik modelli verilənlər bazasında əlaqələr çoxluğuna aid əlaqə cütü deyil: (Access2019) 1.Birin-birə 2.Birin-çoxa 3.Çoxun-birə 4.Çoxun-çoxa A) 1,2 B) yalnız 3 C) yalnız 4 D) 2,3 C) 1,4

20. Qanunvericiliklə bağlı 51-ci test tapşırığına dair məhkəmə aşağıdakıları qeyd edir:

21. Azərbaycan Respublikasının Konstitusiyasından: Maddə 141. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir. Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası V. Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.

22. Naxçıvan Muxtar Respublikasının X3 Respublikasının Konstitusiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edilmişdir.

23. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından: Maddə 5. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi İ. Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir. İİ. Bu Konstitusiya ilə müəyyən olunan hallarda və qaydada Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi həm qanunvericilik, həm icra hakimiyyəti sahələrində aşağıdakı səlahiyyətləri həyata keçirir: 11) Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin və vəzifədən azad edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir.

24. Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad edilməsi üçün NMR-nin Ali Məclisinin sədrinin təqdimatı zəruri şərt deyildir, ölkə başçısı belə təqdimat olmadan həmin vəzifəli şəxsi vəzifədən azad etmək səlahiyyətinə malikdir. NMR-nin Ali Məclisinin sədrinin təqdimatı zəruri şərt olmasa da, NMR-nin Ali Məclisinin sədrinin müvafiq təqdimatı əsasında ölkə başçısı Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad edə bilər və NMR-nin Ali Məclisinin sədrinin müvafiq təqdimatı vermək səlahiyyəti Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında nəzərdə tutulmuşdur. Yəni həmin şərt imperativ deyildir, lakin NMR-nin Ali Məclisinin sədrinin müvafiq təqdimatı əsasında ölkə başçısının Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad etməsi yanlış hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası (Konstitusiya Qanunu oluğu üçün) Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir, sualın şərti isə həmin şərtin imperativliyi ilə bağlı deyildir, yanlış olması ilə bağlıdır. Təsadüfi deyildir ki, iddiaçı tərəfindən də bildirildiyi kimi, ölkə başçısı tərəfindən Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətinin başçılarının vəzifədən azad etməsinə dair bir sıra sərəncamlarında Konstitusiyasının 141-ci maddəsinə istinad edilmişdir (yəni NMR-nin Ali Məclisinin sədrinin təqdimatına).

25. Odur ki, sualın şərti qeyd edilən şəkildə qoyulduğu təqdirdə həmin cavabın yanlış qiymətləndirilməsi yuxarıda qeyd edilən qaydaların 2.6.5-ci bəndinə əsasən test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olması tələbinə uyğun deyildir.

26. İnformatika fənnindən olan 63-cü test tapşırığı ilə bağlı cavabın mahiyyətinə toxunmadan (doğru və yanlış) məhkəmə aşağıdakıları qeyd edir.

27. İddiaçı tərəfindən məhkəməyə informatika fənnindən dövlət qulluğunun test imtahanı mərhələsinə hazırlaşanlar üçün tövsiyə olunan ədəbiyyat sıyahısı təqdim edilmiş və qeyd edilən fənn üzrə həmin siyahıda ilk sırada olan “Müslümov V.B., Əliyev Ə.Ə., Həbibullayev S.B., Sərdarov Y.B., “İnformatika” vəsaiti. Yenilənmiş nəşr. Bakı: DİM, 2022” ədəbiyyatı üzrə hazırlaşdığını bildirmişdir. Həmin ədəbiyyatın 594-cü səhifəsində 6-cı abzasda qeyd edilir: “Verilənlər bazasının modelindən asılı olaraq verilənlər arasında funksional əlaqələr də müxtəlif olur. Belə ki, iyerarxik və reylasiya modelli VB-də verilənlər arasında 3 (üç) əlaqə forması – “one to one” (birin-birə)”; “one to many (birin-çoxa); “”many to many” (çoxun-çoxa) olduğu halda, şəbəkə modelində həm də “many to one” (çoxun-birə) forması əlavə olunur.

28. Göründüyü ki, iddiaçı test tapşırığını X10 tərəfindən tövsiyə olunmuş ədəbiyyat üzrə cavablandırmış, lakin ekspert tərəfindən digər ədəbiyyata istinad olunmaqla həmin cavabın yanlışlığı əsaslandırılmışdır.

29. Odur ki, test tapşırığına verilən cavab tövsiyə olunan ədəbiyyata uyğun qiymətləndiriməyibsə və ya tövsiyə olunan digər ədəbiyyatlarda fərqli cavablar əsaslandırılmışdırsa, həmin tapşırıq yuxarıda qeyd edilən Qaydaların 2.6.3-cü və 2.6.5-ci bəndlərinə uyğun hesab edilə bilməz.

30. Odur ki, iddiaçı hər iki test tapşırığı üzrə cavablarını əsaslandırdığından iddia tələbinin təmini üçün zəruri faktiki şərtləri sübut etmişdir.

31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. 12 fevral 2023-cü il tarixində dövlət qulluğunun BA kateqoriyası üzrə X10 tərəfindən keçirilən imtahanda arasında A variantı üzrə 51-ci və 63-cü test tapşırıqlarının İddiaçı tərəfindən qeyd edilmiş cavabların iddiaçının xeyrinə nəzərə alınması öhdəliyi cavabdeh X8 həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar