Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8476/2021 12.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 07 iyun 2021-ci il tarixli **********2285 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin vergi müşavirləri tərəfindən 27 may 2021-ci ildə operativ vergi nəzarəti keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin nəticəsi olaraq, vergi xidməti müşavirləri tərəfindən tərtib olunan 27 may 2021ci il tarixli DVX seriyalı 006017 nömrəli aktda müştəriyə xidmət göstərildikdən sonra xidmətə görə ödənişin ödənilməsi ilə bağlı çekin dərhal verilmədiyi, daha sonra onlar tərəfindən NKA-ya bərpa edildiyi göstərilmişdir. Bu qərar qeyri-obyektiv, əsassız və qərəzli şəkildə tərtib olunmuşdur. Təsərrüfat subyektində quraşdırılan və qeydiyyatdan keçirilən nəzarət-kassa aparatları müştərilərə xidmət göstərilən zaman daima işlək vəziyyətdə olaraq, istifadə olunur. Vergi xidməti müşavirləri tərtib etdikləri aktda qeyd etmişlər ki, müştəri tərəfindən göstərilən xidmətə görə ödənilən məbləğ NKA-da qeydə alınmadı və çek verilmədi. Ola bilər ki, işçinin dərhal bu hərəkətləri etmək nəzərindən yayına bilər, amma bu o demək deyil qısa müddət ərzində həmin ödənilən məbləğ NKA-da qeyd edilməyəcək. Həmçinin Vergi xidməti müşavirləri aktda yalnız bir müştəri tərəfindən ödənilən məbləğin NKA-da qeyd edilmədiyini göstərmişlər. Əgər qanunvericiliklə üzərilərinə düşən öhdəlikdən yayınmağa çalışsaydılar, bu cür haldan bir neçəsi aşkarlanardı. Aktda yalnız bir halın qeyd olunması açıq-aşkar qanunla nəzərdə tutulan heç bir vəzifədən yayınmadıqlarının, üzərilərinə düşən öhdəlikdən boyun qaçırmadıqları və işçinin bir anlıq fikir dağınıqlığının təzahürüdür. Cavabdeh orqanın nümayəndəsi iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və etirazda göstərmişdir ki, vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunur. Vergi ödəyicisinin göstərilən xidmət müqabilində qəbul etdiyi məbləği kassaya mədaxil etməməsi bu kimi halların gün ərzində təkrarlanmasına əsaslı şübhələr yaratdığından vergi orqanı tərəfindən OVN tədbiri həyata keçirilmiş və kassa çekinin təqdim olunmadığı aşkar edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Qanunu bilməmək məsuliyyətdən azad etmir və gün ərzində hər bir vergi ödəyicisi tərəfindən belə hallara yol verilməsi dövlət büdcəsinə ödəniləcək xeyli miqdarda vergilərin yayındırılmasına səbəb olur. Həmçinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 noyabr 2018-ci il tarixli, 1356-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsində müəyyən olunmuş maliyyə sanksiyaları 2019-cu il yanvarın 1-dən bir il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən rəsmi (yazılı) xəbərdarlıq edildikdən sonra həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tətbiq edilir. Qeyd olunan halda isə operativ vergi nəzarəti 2021-ci ildə həyata keçirildiyindən xəbərdarlıq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, operativ vergi nəzarəti tədbiri hər hansı prosessual pozuntuya yol vermədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada həyata keçirilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı yazılı izahatında iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə almış (cavabdehin etirazda göstərdiklərinə əsasən), həmin qərarın mübahisələndirilməsi ilə bağlı iddianı xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə məhkəməyə təqdim etmişdir ki, bununla da iddiaçı qanunvericiliklə müəyyən olunan 30 günlük prosessual müddəti çərçivəsində məhkəməyə müraciət etmişdir (İPM, maddə 38). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********1102 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı (VÖEN **********) məxsus ünvan 1 ünvanında yerləşən “Face studio”da nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -xx.xx.2021-ci il tarixli, KY211582233 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, yuxarıda qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi barədə məlumat xx.xx.2021-ci il tarixdə reyestrə daxil edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********1129 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamədən görünür ki, həmin tələbnamə ilə operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələri əsas tutularaq əmək müqavilələri, əmək müqavilələrinin elektron qeydiyyatdan keçməsi barədə bildirişlərin surəti, obyekti və təsərrüfat subyektləri barədə sənədlər, vergi ödəyicisinin fəaliyyəti ilə bağlı elektron fayllar, əmək haqqı cədvəllərinin tədqim etməsi tələb edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixdə həmin tələbnamə qəbul edərək imzası ilə təsdiq etmişdir. - “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı 001017 nömrəli protokoldan görünür ki, İddiaçı tərəfindən heç bir sənəd cavabdehə təqdim edilməmiş, İddiaçı protokol xx.xx.2021-ci tarixdə imzası ilə təsdiq etmişdir. - xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” DVX seriyalı, 006017 nömrəli aktdan görünür ki, Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən “Face studio”da fərdi sahibkar İddiaçı iştirakı ilə operativ vergi nəzarəti həyata keçirilərkən müəyyən olunmuşdur ki, quraşdırılmış ******************** zavod nömrəli AzSmart Bank markalı nəzarət-kassa aparatı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixdə saat 14:30-da müştəriyə göstərilmiş xidmətə görə 20 manat pul ödənilmiş, lakin NKA-ya çek vurulmamış və çek təqdim olunmamışdır. Vergi əməkdaşları tərəfindən “X” hesabatı alınmış və məbləğ saat 14:36-da 2 saylı çeklə NKA-nın fiskal yaddaşına bərpa edilmiş, “X” hesabatı və bərpa çeki akta əlavə edilmişdir, İddiaçı vergi qanunvericiliyinin tələblərinə riayət olunması tövsiyə edilmişdir. Akt vergi xidmətinin əməkdaşları və İddiaçı tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********2285 nömrəli Qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrinə əsasən operativ nəzarət tədbiri digər hallarla yanaşı aşağıdakı qeyd olunan halların aşkar edilməsi üçün həyata keçirilir: - 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; - 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; Həmin Məcəllənin: -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. -50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın: -7. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi -7.1-ci bəndinə görə bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. -7.2-ci bəndinə görə əhali ilə pul hesablaşmaları aparmaqla fəaliyyət göstərən obyektlərdə qanunvericilikdə nəzarət-kassa aparatının (bundan sonra – “NKA”) və ya ciddi hesabat blanklarının, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrin (sayğacın) quraşdırılması və ya ciddi hesabat blanklarının tətbiqinin nəzərdə tutulduğu müəyyən edilir. -7.3-cü bəndinə əsasən vergi ödəyicisinə məxsus obyektdə əhali ilə pul hesablaşmalarının aparılması zamanı nəzarət-kassa aparatından və ya ciddi hesabat blanklarından, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində taksometrdən və ya ciddi hesabat blanklarından istifadə edilib-edilməməsi müəyyənləşdirilir. -7.4-cü bəndinə əsasən NKA-nın çeklərində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X4), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolların əks etdirilməsi araşdırılır və hər hansı məlumatın NKA-nın fiskal yaddaşına daxil edilməməsi aşkar edildikdə, həmin məlumatların fiskal yaddaşa daxil edilməsinin vergi ödəyicisinə tövsiyə edilməsi barədə nəzarətin nəticələrinə dair tərtib edilən aktda qeydiyyat aparılır. -7.5-ci bəndinə görə alıcıya verilən nəzarət-kassa aparatının çekində göstərilən məbləğin ödənilmiş məbləğə uyğunluğu yoxlanılır. -7.12-ci bəndinə görə işlərə (xidmətlərə) görə ödənilmiş pulun alınmasını təsdiq edən sənədin istehlakçılara verilib-verilməməsi, istehlakçılara verilmiş sənədlərdə göstərilən məbləğlərin ödənilmiş məbləğə uyğunluğu araşdırılır. -7.15-ci bəndinə görə əhali ilə pul hesablaşmaları zamanı nəzarət-kassa aparatından istifadə olunmadığı aşkar edildikdə, nəzarət qaydasında mal alışının həyata keçirilməsi zamanı alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə nəzarətkassa aparatından operativ yaddaşın “X” (bundan sonra “X”) hesabatı alınır, nəzarətkassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilir və yenidən “X” hesabatı alınaraq, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. İşin sadalanan hallarından aydın olur ki, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə iddiaçının fəaliyyət göstərdiyi obyektdə operativ vergi nəzarətinin keçirilməsi qərar alınmış, bu barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş, yoxlama yuxarıda istinad olunan normaların tələblərinə uyğun aparılmış, operativ vergi nəzarəti zamanı aşkar edilmiş hüquqpozma aktlaşdırılmış, nəzarət-kassa aparatına mədaxil edilməmiş məbləğ bərpa edilmiş, “X” hesabatı alınaraq akta əlavə edilmiş, həmin hüquqpozmaya görə məsuliyyətə cəlb etmə barədə qərar qəbul edilmiş, vergi orqanı bu zaman vergi qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verməmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehin qəbul etdiyi inzibati aktın qanunsuz olduğunu bildirməklə onun ləğvini tələb etsə də, həmin qərarın ləğvinə əsas ola biləcək hər hansı bir dəlilə istinad etməmişdir. İddiaçı iddia ərizəsində dolayı yolla baş vermiş pozuntunu qəbul etmiş, lakin bu halı işçinin fikrinin dağınıq olması ilə izah etmişdir, hansı ki, istinad olunan bu hal qərarın ləğvi üçün əsas deyildir. Eyni zamanda iddiaçı pozuntunun aşkar edildiyi vaxt tərtib edilən və yoxlama nəticələrini əks etdirən aktı imzalayaraq şəxsən qəbul etmiş, həmin aktda göstərilən pozuntu ilə bağlı hər hansı bir təkzibedici qeydi akta əlavə etməmiş, bununla da aktda göstərilənlərlə razılaşmışdır. Vergi Məcəlləsinin: -58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, işin halları ilə iddiaçının istinad olunan hüquqpozmanı törətdiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, vergi orqanının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə istinadən iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarı əsaslı və qanuni olmuşdur, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “07 iyun 2021-ci il tarixli, **********2285 nömrəli qərarının ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8476/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8476/2021
12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver