Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8503/2025 24.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs: "xxxx" MMC) “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-də 2015-ci ildə işlədiyi 9 ayın pensiya yığımı və 2014-cü il üzrə 562 manat məbləğində ödənilməmiş vəsait nəzərə alınmaqla toplanmış məlumatlar əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfindən əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə "xxxx" MMC 3cü şəxs qismində adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də işləmişdir. "xxxx" MMC tərəfindən DSMF-yə naməlum səbəbdən 2014-ü ildə 562 manat məbləğində vəsaitin az ödənilməsi və 2015-ci il üzrə 9 ayın sosial ödənişin edilməməsinə görə onun pensiyasının yenidən hesablanması zamanı həmin işlədiyi müddətin yığımları nəzərə alınmamış və azalmaya səbəb olmuşdur. Bununla bağlı o, cavabdehə müraciət etmiş və ona "xxxx" MMC-yə müraciət etməsi bildirilmişdir. "xxxx" MMC-nin ünvanını müəyyən etmək mümkün olmamışdır. MMC-nin cavabdehə olan borcunun ödənilməsi məsələsi iddiaçının vəzifəsi deyil. Onun işə qəbul olunduğu və işdən çıxdığı müddət əmək kitabçasında qeyd edilmiş və möhürlə təsdiqlənmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, mübahisə üzrə aydınlaşdırılmalı olan ilk məsələ iddia tələbinin yönəlməli olduğu cavabdehlə bağlı məsələdir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində cavabdeh orqan kimi Mərkəzi Filial qeyd olunsa da, mübahisə üzrə cavabdeh tərəf iddiaçının fəaliyyət göstərdiyini qeyd etdiyi "xxxx" MMC olmalıdır. Qanunvericiliyin müvafiq tələblərinə əsasən sığorta edən tərəfindən sığorta ödənişlərinin icra edilməməsi zamanı yaranmış mübahisə sığorta edənlə sığorta olunan arasında mövcud olmalıdır. Odur ki, iddia tələbi əsassızdır və mümkünsüz hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə oxşar məzmunda izahat verərək bildirdi ki, cavabdeh onun qeyd edilən dövr üzrə əmək stajını pensiya hesablanması zamanı nəzərə almamışdır. Buna səbəb kimi isə qeyd edilən dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyini göstərmişdir. Həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi üçün məsuliyyət onun üzərinə qoyula bilməz. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza oxşar məzmunda izahat verərək həmçinin bildirdi ki, əmək pensiyasının yenidən hesablanması üçün hazırda müvafiq prosedurlar keçirilməlidir. Belə ki, 3-cü şəxs Fərdi Uçota pul ödəməli, sonuncu onu elektron sistemə yerləşdirməlidir. Bundan sonra avtomatik olaraq əmək pensiyası yenidən hesablanacaq. Hazırkı halda cavabdeh kimi Mərkəzi Filial çıxış etməli deyil. İddia təmin edilsə belə qərarın icrasını həyata keçirmək mümkün olmayacaqdır. İddiaçı hazırkı iş üzrə 3-cü şəxsə qarşı mülki qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin tələb edilməsi barədə iddia qaldıra bilər. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1950-cı ildə Qubadlı rayonu, Gürcülü kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, məcburi köçkün kimi Bakı şəhəri Nərimanov rayonu ərazisində məskunlaşmışdır. İddiaçının pensiya işindən görünür ki, ona xx.xx.2006-cı ildə daxili işlər orqanı əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək kitabçasından görünür ki, o xx.xx.2013-cü ildə "xxxx" MMC-yə “hüquqşünas” vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2015-ci ildə işdən azad edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən iddiaçıya hesablanmış pensiya məbləği xx.xx.2024-cü il tarixdən 1373,44 manat təşkil etmişdir. Məhkəmə sorğusu əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubu ilə üçüncü şəxsin iddiaçı barəsində 2014-cü il üzrə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat məhkəməyə göndərilmişdir. Məktubda üçüncü şəxs tərəfindən 2015-ci il üzrə hər hansı sənəd və ya məlumat təqdim edilmədiyi bildirilmişdir. Məktuba əlavə edilmiş cədvəldən görünür ki, üçüncü şəxs tərəfindən iddiaçının əmək haqqından 2014-cü ilin yanvar ayı üzrə 125 manat məcburi dövlət sosial sığorta haqqı hesablansa da, 73,46 manat, qalan aylarda 450 manat hesablansa da, 66,06 manat cavabdehə ödəniş edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, hazırkı məsələ onların səlahiyyətinə aid olmadığından məsələyə tərəfindən münasibət bildirilməsi mümkün deyildir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehdən əmək pensiyasının yenidən hesablanmasını xahiş edir. Həmin iddia öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdeh isə iddiaçının tələbindən imtina etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azəbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.2-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunda həmçinin göstərilmişdir ki, pensiya kapitalı müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir (1.0.10.). Əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir (1.0.12.). Əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir (1.0.13.) . “Əmək pensiyaları haqqında” Qanunda həmçinin göstərilmişdir ki, Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (10.2.). Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi şəxsi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (10.3. ). 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P= SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2013-cü ildə "xxxx" MMC-yə “hüquqşünas” vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2015-ci ildə işdən azad edilmişdir. Həmin dövr ərzində 2014-cü il üzrə iddiaçının əmk haqqından ümumilikdə 1362,5 manat məcburi dövlət sosial sığorta haqqı hesablansa da, cəmi 800,06 manat ödənilmişdir. 2015-ci il üzrə isə iddiaçının əmək haqqında ümumiyyətlə məcburi dövlət sosial səğorta haqqı ödənilməmişdir. İddiaçı həmin dövr üzrə ödənilməyən sosial sığorta haqlarının da nəzərə alınmaqla əmək haqqının yenidən hesablanmasını istəyir. “Sosial sığorta haqqında” Qanunda göstərilmişdir ki, sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir (1.1.6.). Sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslərdir (1.1.6.). Məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaitiddir (1.1.10.). Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar (2). Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, xx.xx.2006-cı ildən sonra vətəndaşların əmək pensiyasının hesablanması zamanı nəzərə alınan sığorta stajı ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına uyğun hesablanır. Hazırkı işin hallarından görünür ki, iddiaçı "xxxx" MMC-də işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrlərin də ona əmək pensiyası hesablanması zamanı əmək stajı kimi nəzərə alınmasını istəyir ki, bu qanunvericiliyin yuxarıda qeyd edilən normalarına uyğun deyildir. Belə ki, iddiaçının xx.xx.2006-cı ildən sonrakı dövr üzrə yalnız məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər ona əmək pensiyası təyin edilən zaman nəzərə alına bilər. Cavabdeh tərəfindən aparılmış hesablamalar isə qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilmiş və bu baxımdan hər hansı hüquqi ziddiyyət aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi həm hüquqi baxımdan əsaslı, həm də faktiki sübutlarla təsdiqlənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməli və iddiaçıya izah edilməlidir ki, qeyd edilən dövrlər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələbi ilə "xxxx" MMC-yə qarşı mülki qaydada iddia qaldıra bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-8503/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8503/2025
24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver