Məhkəmə qərarları › İş №2-1(112)-8691/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8691/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8691/2021 20.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı “əvvəlki vəzifəsinə bərpa” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı “əvvəlki vəzifəsinə bərpa” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 16 oktyabr 2019-cu il tarixdə X5 Xidmətində xidmət rəisinin köməkçisi vəzifəsindən şöbə rəisinin müavini vəzifəsinə yüksələrək yanğın təhlükəsizliyinə dövlət nəzarət sisteminə dair təcrübə və biliklərə sahib olmuşdur. Lakin ötən ilin may ayında Xidmət rəhbərliyində rəhbər dəyişikliklərdən sonra ona qarşı təzyiq kampaniyası başladılmış, vəzifələrini həyata keçirməkdə maneələrlə üzləşmişdir. Bu səbəbdən Xidmətin rəisinə təqrirlə müraciət etmiş, məzuniyyətə çıxmaq barədə xahiş etmişdir. Lakin, ona bu hüquqdan istifadə etməyə imkan yaradılmamışdır. Daha sonra yenidən təqrirlə həm Xİdmət rəisinə, həm də Fövqəladə Hallar nazirinə müraciət etmiş, məzuniyyətə çıxmaq barədə xahiş etmişdir. Eyni zamanda məzuniyyətin son günü üçün fövqəladə hallar orqanlarından xaric olunmasını xahiş etmişdir. Lakin onun məzuniyyət hüququ pozulmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 37ci maddəsinə görə Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə Fövqəladə hallar orqanlarının əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla illik əsas məzuniyyət, xəstəliyə görə məzuniyyət, qısamüddətli məzuniyyət və müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin müdavimlərinə tətil məzuniyyəti və təhsil müəssisələrini bitirməklə əlaqədar məzuniyyət kimi məzuniyyət növləri müəyyən edilmişdir. Növbəti təqrirlər də nəticəsiz qalmışdır. Bundan sonra isə, Cavabdehnə müraciət edərək bu dəfə xidmətimin Akademiyada davam etdirilməsini, oxşar olan vəzifəyə keçirilmə barədə xahiş edilmişdir. Lakin, həmin təqrir baxılmamış saxlanılmışdır. Növbəti müraciətlərdən sonra 18 iyun 2021-ci il tarixdə həmin tarixli əmrlə tanış olunması üçün Cavabdehnə dəvət edilmişdir. Həmin əmrdən məlum olmuşdur ki, tutduğu vəzifədən azad edilmiş, Akademiyanın Yanğın təhlükəsizliyi fakultəsinin kurs rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Həmin əmrin verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuş, o, əvvəlki vəzifə və rütbəyə oxşar olmayan ondan aşağı vəzifədə və rütbədə olan yerə keçirilmişdir. Cavabdeh onun başqa vəzifəyə keçirilərkən eyni vəzifəli və şəraitli işə keçirilməli olmasını nəzərə almamışdır. Bununla da sahəvi və əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələbləri və qorunmalı olan konstitusion hüquqları pozulmuşdur. Bu səbəbdən də, əmr ləğv edilməli və rəis müavini vəzifəsinə bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 7.1. Fövqəladə hallar orqanları əməkdaşının şəxsi işi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsi nəzərə alınmaqla tərtib edilir və aparılır. Fövqəladə hallar orqanları əməkdaşının şəxsi işində onun fövqəladə hallar orqanlarında xidmət keçməsi haqqında məlumatlar, şəxsi və iş keyfiyyətlərini əks etdirən sənədlər saxlanılır. 9.0. Fövqəladə hallar orqanlarının əməkdaşları aşağıdakı hüquqlara malikdirlər: 9.0.8. müvafiq orqanlarda və məhkəmədə qanuni hüquqlarını və mənafeyini müdafiə etmək; 14.1. Fövqəladə hallar orqanlarının əməkdaşı vəzifədə irəli çəkilə və ya başqa vəzifəyə keçirilə bilər. 14.2. Fövqəladə hallar orqanları əməkdaşının vəzifədə irəli çəkilməsinə və ya başqa vəzifəyə keçirilməsinə, bir qayda olaraq, onun razılığı ilə yol verilir. Fövqəladə hallar orqanlarının əməkdaşı vəzifədə irəli çəkilərkən onun təhsili, işgüzarlığı, peşəkarlıq səviyyəsi, əməyinin nəticələri, şəxsi keyfiyyətləri, bərabər vəzifəyə dəyişdirilərkən isə ailə vəziyyəti, səhhəti, yaşı, yaşayış yeri və digər hallar nəzərə alınır. 14.3. Səhhətinə görə (xüsusi-həkim ekspertiza komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda, habelə intizam tənbehi qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə fövqəladə hallar orqanları əməkdaşının aşağı vəzifəyə keçirilməsinə onun razılığı tələb olunmur. İşin faktiki hallarından, görünür ki, iddiaçı yuxarıda adıçəkilən Qanunun 14.2-ci maddəsinin tələblərinin pozulduğunu, onun aşağı vəzifəyə keçirilməsi ilə bağlı razılığının alınmadığını iddia edir. Cavabdeh isə 2 dekabr 2020-ci il tarixli təqrirlə iddiaçının müraciəti əsasında qəbul edilmiş əmrin qanuni olduğunu, iddiaçının təqrir nəzərə alınmaqla Akademiyada xidmətinin davam etdirilməsi barədə qərar qəbul edildiyini qeyd edir. Məhkəmə iclasında tətqiq edilmiş şəxsi iş materiallarında olan qeyd olunan tarixli təqrirdən də göründüyü kimi iddiaçı xidmətini həyata keçirirəkən toplamış olduğu nəzəri bilikləri və üzərində çalışdığı “X5 Xidmətinin əsas fəaliyyət sahələri” dərsliyinin tamamlanması üçün daha münasib şərait-müdavimlərlə təcrübəli pedaqoqlarla bilavasitə təmasda olmaq imkanının mövcudluğunu nəzərə alaraq xidmətinin Cavabdeh Akademiyasında davam etidirilməsini xahiş etmişdir. İş materiallarında olan əmrin surətindən də göründüyü kimi İddiaçı qeyd olunan təqririnə uyğun olaraq “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə və Azərbaycan Respublikası 394 nömrəli 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh haqqında Əsasnamə”nin 10.10.6-cı yarımbəndinə uyğun olaraq iddiaçı tutduğu vəzifədən azad edilmiş və Akademiyanın Yanğın təhlükəsizliyi fakultəsinin kurs rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən ünvanlanmış təqrirə uyğun olaraq cavabdeh tərəfindən əmr formasında inzibati akt qəbul edilmiş, həmin əmrlə iddiaçı təqrirdə qeyd olunduğu yanğın təhlükəsizliyi fakultəsi üzrə Akademiyada müvafiq vəzifəyə keçirilmişdir. İddiaçı hər nə qədər kurs rəisinin köməkçisi vəzifəsinə təyin olunmasının onun razılığının alınmadan aşağı vəzifəyə keçirilməsi kimi qiymətləndirsə də, məhkəmə cavabdehin qəbul etdiyi əmrdə də əsaslandırma kimi istinad etdiyi təqrirlə bağlı olaraq hesab edir ki, əməkdaşının vəzifədə irəli çəkilməsinə və ya başqa vəzifəyə keçirilməsinə, həmin təqririn onun razılığı kimi qiymətləndirilməsini istisna edən hallar müəyyən edilməmişdir. İddiaçı da həmin təqririn onun hazırkı vəzifədə xidməti ilə əlaqədar razılığı ilə bağlı iradə ifadəsinin olmadığını sübut edə bilməmiş, hazırkı vəzifəsinin dərslik tərtibatı ilə bağlı qeyd etdiyi kimi münasib şərait anlayışına xələl yetirdi müəyyən edilməmişdir. Bununla bağlı əlavə olaraq qeyd edilməlidir ki, əgər şəxs hər-hansı dərsliyin tərtibatı, bununla bağlı müdavimlərlə və təcrübəli pedaqoqlarla bilavasitə təmasda olmaq imkanının təmin edilməsi barədə rəhbərliyə müraciət edirsə və iddiaçıya məlum olduğu kimi və rəhbərlik tərəfindən xəbərdarlıq edildiyi kimi magistr ali ixtisas dərəcəsinə malik olmayan şəxsin müəllim ixtisası üzrə Akademiyada vəzifə tutmasının imkansız olduğunu aşkar məlumdursa iddiaçının cavabdeh tərəfindən təqrirdə də iddiaçının qeyd etdiyi “münasib şərait” anlayışına uyğun gələn vəzifənin kriteriyası müəyyən edilməlidir ki, cavabdeh qanunpozuntusu xarakteri daşımayan vəzifə müəyyən etmiş, iddiaçının “münasib şərait” anlayışın xələl gətirməyən vəzifəyə təyin edilməsi (magistr ixtisas dərəcəsinə malik olmama da nəzərə alınmaqla) barədə düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi iddiaçının təqriri cavabdeh tərəfindən vəzifə dəyişikliyi ilə bağlı əsaslı olaraq razılığı kimi qiymətləndirilərək iddiaçının vəzifəsi dəyişdirilmiş, bu zaman iddiaçının ərizəsində qeyd etdiyi kimi konstitusion hüquq və mənafelərinin pozuntusu baş verməmiş, iddiaçının Akademiyada vəzifə tutması istəyi ilə bağlı iradə ifadəsi nəzərə alınmaqla müvafiq əmr qəbul edilmişdir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə uyğun olaraq mübahisələndirilən inzibati akt, hazırkı halda cavabdehin əmrinin qəbul edilməsinin zəruri edən faktiki şərtin mövcudluğu cavabdeh tərəfindən sübut edilmişdir ki, faktiki şərtin sübut edilməsi həmin inzibati aktın məhkəmə qaydasında ləğvini istisna edən hal kimi qiymətləndirilir. Adıçəkilən maddənin tələbindən görünür ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar