Məhkəmə qərarları › İş №2-1(112)-8712/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8712/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8712/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı "rəyin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz və əsassız qəbul edilmiş rəyin ləğv edilməsi barədə qəra qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 55 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsinin həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında cavabdeh "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. İstinad olunan Sərəncamın əsası cavabdeh inzibati orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi tərəfindən verilmiş "Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında" xx.xx.2020-ci il tarixli rəy olmuşdur. Qeyd olunan rəy əsas götürülərək yuxarıda qeyd olunan Sərəncam qəbul edilmiş və həmin Sərəncamın icrasına başlanılmışdır. Cavabdeh orqanın qəbul etdiyi rəy birbaşa iddiaçının mülkiyyət hüququna toxunmasına baxmayaraq, həmin rəy ona təqdim edilməmiş və onunla bağlı lazımi qaydada məlumat verilməmişdir. Nəticə etibarı ilə istinad edilən rəy hazırda iddiaçının mülkiyyət hüququnun pozulmasına əsas yaradır. Belə ki, cavabdeh orqan rəyində qeyd etmişdir ki, binada vizual texniki baxış keçirilmişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən yaşayış binaların ümumi istifadə üçün nəzərdə tutulan sahəsi həmin yaşayış binaların mülkiyyətçilərinin ümumi mülkiyyət anlayışına daxildir və həmin hissənin idarə edilməsi mülkiyyətçilərin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmişdir. Cavabdeh orqan binaya baxış keçirən zaman heç bir məlumat verməmiş və yekunda qəbul etmiş olduğu rəyi mülkiyyətçilərə təqdim etməmişdir. Bununla yanaşı, rəyin 12 saylı bina ilə bağlı hissəsində cavabdeh orqan qeyd etmişdir ki, "seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir." Göründüyü kimi, rəy 2020-ci ildən verilib və rəydə seysmik baxımdan binanın vəziyyətinin yolvelirməz olduğu qeyd olunmuşdur. Lakin, 2023cü ildə ölkə ərazisində zəlzələ baş vermişdir, həmin təbii fəlakət baş verən zaman bina zərər görməmişdir. Qeyd olunan faktın mövcud olması cavabdeh orqanın verdiyi rəyi şübhə altına alır və hazırkı rəyin verilməsi əsasən şəhərin və ərazinin ümumi görüşünə xələl gətirən köhnə tipli tikililərin söküntüsünə yönəldiyi fikri yaradır. Cavabdehlər iddiaya yazılı etirazında göstərmişdir ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyi tərəfindən cəlb edilmiş mütəxəssislərin tərtib etdiyi 20 mart 2020-ci il tarixli Akt mütəxəssislər tərəfindən aparılan texniki müayinənin nəticələrini özündə əks etdirir və öz özlüyündə heç bir məsələni nizama salmaq və ya həll etmək məqsədi daşımadığı ilə yanaşı müayinə aktı olaraq heç bir hüquqi nəticə yaratmır. Bununla da, iddiaçının bu predmet üzrə (əsaslarla) inzibati aktın mübahisələndirilməsinə dair qaldırıldığı iddia inzibati hüquq münasibətləri ilə bağlı mübahisə deyil və inzibati icraatda, yəni İnzibati Prosessual Məcəlləyə uyğun baxıla bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil iddiaçının mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş “Bakı şəhəri, N.Nərimanov rayonu, Tabriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında” xx.xx.2020-ci il tarixli rəydən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X5 şöbəsinin qrup rəhbəri Abbas Rzayev, şöbənin mühəndisi Ədalət Nəcəfov və Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Güləmmədovla birlikdə Tikintidə X6 Agentliyinin 03 03. 2020-ci il tarixli 34/02300 nömrəli tapşırığına əsasən Bakı səhəri, N Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarına vizual texniki baxış keçirmiş və Həsənoğlu küçəsi, bina 12 ünvanına münasibətdə müəyyən etmişdir ki, “Beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, dördgirişli inşa olunmuşdur. Binanın uzunluğu 60.0 metr, eni 12.0 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 2.70 metr, kürsünün hündürlüyü 1,0 metrdir. Xarici və daxili yükdaşıyan dıvarlarının qalınlığı 0 40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Binanın mərtəbəarası və dam örtüyü yığma dəmir-beton boşluqlu panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir- beton elementlərdən inşa edilmişdir. Dam örtüyü çardaq tipli olmaqla, ağac konstruksiyalardan, örtüyün bir hissəsi asbest-sement şifer, digər hissəsi isə dalğavarı metal vərəqələrdəndır. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı qopub tökülmüşdür. Pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınmış və yararsız hala düşmüşdür. Eyvan tavalarının art hissələrinin bəzi yerlərdə armaturların mühafizə qatlan qopub töküldüyündən, armaturlar korroziyaya uğramışdır. Binanın bütün mərtəbələrində əlavə eyvanlar artırıldığından, yükdaşıyan konstruksiyalarda əlavə yüklər yaranmışdır ki, bu da bünövrədə deformasiya etmə riski yaratmışdır. Pilləkən qəfəsəsində pəncərəüstü atma və pilləkən tirlərində bəzi yerlərdə xırda ölçülü çatlar müşahidə olundu. Binanın arxa fasad divarında binanın xaricinə qapı boşluğu açılmışdır ki, bu da xarici yükdaşıyan divarın yükgötürmə qabliyyətinin azalmasına səbəb olmuşdur. Binanın bəzi girişlərində, pilləkən qəfəsələrində tikinti norma və qaydalarına əməl edilmədən xaotik şəkildə quraşdırılmış elektrik xətləri sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin və su axıdıcı boruların nasaz vəziyyətdə olmasından, dam örtüyünün bəzi yerlərində asbest-sement şiferlərin çatlaması, sınması nəticəsində divarların nəmlənməsi, suvaq qatının qopmaları və tökülmə halları müşahidə olundu. Binanın mişarlanmış əhəngdaşından olan yükdaşıyan divarlarda hörgü üçün istifadə edilmiş sement-qum məhlulu öz keyfiyyətini itirərək ovulub tökülmələrə məruz qalmışdır. 16a saylı binanın sol yan fasad divarında suvaq qatı olmadığından, binada antiseysmik kəmərdən istifadə edilmədiyi açıq-aşkar görünür. Baxış keçirilmiş binalar eyni illərdə və birtipli layihə əsasında inşa edildiyindən bunu digər binalara da şamil etmək olar. Yuxarıda qeyd edildiyi kimi sakinlər yaşayış sahəsini artırmaq məqsədilə müxtəlif illərdə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikililər (binaya artırmalar) inşa etmişlər. Açıq eyvanların əksəriyyəti bağlanmışdır. Yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları açılmışdır. Binada nizamsız, layihəsiz, heç bir gücləndirmə aparılmadan eyvanların sahəsinin artırılması, əlavə eyvanların inşa edilməsi, antiseysmik kəmərin quraşdırılmaması, hörgüdə istifadə olunan sement-qum məhlulunun keyfiyyətsizi iyi əhəngdaşından olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqlarının açılması binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımdan möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir.” Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 55 nömrəli sərəncamından görünür ki, “Ailə Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 018 saylı müraciəti, Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli. 1/1418 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-cı il tarixli, **********94 saylı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-cı il tarixli, 02/07-635 saylı razılıq məktubları və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-cı il tarixli rəyi nəzərə alınaraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasır tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi qərara alınmışdır. İddiaçı hazırda cavabdehin xx.xx.2020-cı il tarixli rəyinin Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 55 nömrəli sərəncamının verilməsinə əsas olduğunu, rəydə göstərilənlərin həqiqətə uyğun olmadığını iddia edərək, həmin rəyin ləğv edilməsini xahiş edir. Lakin iddiaçının mübahisələndirdiyi bu rəy inzibati akt deyil və məcburi hüquqi qüvvəyə malik deyil. Belə ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Burada inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir.Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Yəni xaricə ünvanlanmaqla tənzimləmə xüsusiyyəti daşıyır. İddiaçının hazırda mübahisələndirdiyi rəy isə, yuxarıda sadalanan xüsusiyyətlərdən məhrum olmaqla, tövsiyə xarakterinə malikdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na əsasən: -bənd 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Məcəllə) 90.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X6 Agentliyinin (bundan sonra – Agentlik) nəzdində fəaliyyət göstərən X3 Baş İdarəsi (bundan sonra – ekspertiza müəssisəsi) tərəfindən müəyyən obyektin tikintisi (inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi) ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əsasən hazırlanmış tikinti layihəsinin ekspertizadan keçirilməsi mexanizmini müəyyən edir. - bənd 1.2. Tikinti layihələrinin ekspertizadan keçirilməsində məqsəd həmin layihələrin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılmasından, dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlərə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsindən ibarətdir. - bənd 4.6. Tikinti layihələri ekspertiza müəssisəsi ilə sifarişçi arasında bağlanmış müqavilə əsasında ekspertizadan keçirilir. - bənd 5.1. Tikinti layihəsinin ekspertizadan keçirilməsinin nəticəsinə dair ekspert rəyi hazırlanır. Həmin rəy xüsusi mühafizə nişanları olan blankda 3 nüsxədə tərtib olunur, hər bir nüsxə ekspertlər tərəfindən imzalanır, ekspertiza müəssisəsinin rəhbəri tərəfindən təsdiq edilir və müvafiq qaydada qeydiyyata alınır. Göründüyü kimi, qanunverici şəxslərin sifarişi əsasında müəyyən obyektin tikintisi, yəni inşası, əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi ilə bağlı ekspertizanın keçirilməsi və rəy verilməsini təsbit etmiş, bu rəyin tərəflər arasında bağlanmış müqavilə əsasında verildiyini müəyyət etmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən isə: - maddə 3.0.9. tikinti fəaliyyəti – tikinti obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və ya sökülməsi məqsədi ilə həyata keçirilən fəaliyyətdir. -maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - maddə 74.2. Bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. - maddə 75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. - maddə 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. - maddə 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. -maddə 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. İstinad olunan normalardan da görünür ki, tikinti layihələri ilə bağlı şəxs üçün məcburi hüquqi qüvvəyə həmin layihələrə dair verilən rəylər deyil, rəy əsasında inzibati orqanın qəbul etdiyi qərarlar malikdir (məsələn, tikintiyə icazə verilməsi, tikintinin sökülməsi və sair). İşdə olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 55 nömrəli sərəncamından da görünür ki, iddiaçının mükiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilsə də, həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasır tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün verilmişdir. Yəni mübahisələndirilən rəy hazırkı halda iddiaçı üçün məcburi hüquqi qüvvəyə malik olmamaqla həmin sərəncamın qəbul edilməsi üçün əsas təşkil etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının tələbi inzibati mühakimə icraatı baxımından mümkün iddia hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar