Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8841/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “şifahi müsahibənin nəticələrinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “şifahi müsahibənin nəticələrinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İxtisas Komissiyasının 28 yanvar 2023-cü il tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədilə keçirdiyi şifahi müsahibənin ona dair hissədə öz diskresion səlahiyyətlərini qanunsuz həyata keçirməsi səbəbindən şifahi müsahibənin nəticələrinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Vəkillər Kollegiyasına üzv olmaq məqsədi ilə 28 yanvar 2018-ci il tarixdən başlayaraq İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi üçün mütəmadi olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 28 yanvar 2018-ci il tarixində 67 bal, 31 oktyabr 2019-cu il tarixində 74 bal və 05 mart 2022-ci il tarixlərində iştirak etdiyi yazılı test imtahanından 71 bal toplayaraq növbəti mərhələyə keçmişdir. Lakin bundan sonra Vəkillər Kollegiyasında keçirilən 04 may 1918-ci il, 15 oktyabr 2020-ci il və 28 yanvar 2023-cü il tarixində şifahi müsahibədən qərəzli olaraq keçirilməmişdir. Hər dəfə ona qarşı Vəkillər Kollegiyası qərəzli mövqe sərgiləyərək, qeyri-məqbul qiymətləndirilir. 28 yanvar 2023-cü il tarixində iştirak etdiyi şifahi müsahibədə İxtisas Kommissiyasının sədri rəsmi olaraq bildirmişdir ki, müsabiqə video çəkiliş ilə aparılır və əlavə etmişdir ki, yeni ixtisas komissiyası təşkil edildikdən sonra şifahi imtahan mərhələsində iki sual qanunvericilikdən və bir sual dünya görüşündən olacaqdır. İmtahan təqribən 35-40 dəqiqə davam etmiş və 24 sual verilmişdir. 24 sualın 23-ə düzgün cavab vermişdir. Həmçinin İxtisas Komissiyasının sədrinin bildirildiyi kimi üç sual deyil, 4 sual və həmin sualların ətrafında yaranan 24 sual verilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Vəkillərin İxtisas Komissiyası rəy verilməsi və ya verilməməsi ilə bağlı diskresion səlahiyyətə malik olduğundan, məhkəmə onun diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyini müəyyən etdikdə onun üzərinə arzu edilən inzibati aktı qəbul etmək öhdəliyi qoymamalıdır. Məhkəmənin belə hallarda iddiaçının tələbinə uyğun qərar qəbul etmək səlahiyyəti yoxdu. İxtisas imtahanının şifahi müsahibə mərhələsinin həyata keçirilməsi Vəkillərin İxtisas Komissiyasının müstəsna diskresion səlahiyyətini təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə cavabdehin iddianın mümkünsüz sayılmasına dair etirazının dəlilləri ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şifahi müsahibənin nəticəsində Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilib-verilməməsi cavabdehin diskresion səlahiyyəti deyil. Diskresion səlahiyyət qanunla inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanıdır. Sözügedən hər iki nəticə eyni vaxtda qanunauyğun ola bilməz. Lakin şifahi müsahibədə namizədin cavabının “məqbul” və ya “qeyri-məqbul” sayılması cavabdehin qiymətləndirmə azadlığıdır. Bununla belə, inzibati orqan qiymətləndirmə azadlığından yararlandığı bütün hallarda nəticəyə necə və hansı hallar nəzərə alınmaqla gəldiyini anlaşılan şəkildə izah etməlidir. Yalnız belə bir izah məhkəməyə inzibati orqanın hərəkətinin qəbul edilə bilən olub-olmamasını yoxlamağa imkan yaradır. İstər inzibati orqanın diskresion səlahiyyəti, istərsə də qiymətləndirmə azadlığının olması ona qarşı iddianın mümkünsüz sayılmasına əsas verə bilməz. Faktiki hallar və sübutlar: İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışa əsasən verilmiş suallar aşağıdakılardan ibarət olmuşdur:
1. Sübutlar və sübutetmə;
2. Vəkilin mülki prosesdə iştirakı;
3. Vəkillərin məsuliyyəti;
4. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə hücumun hüquqi təhlili. Nəticə: verilmiş 4 ədəd suala iddiaçının cavabları komissiya üzvləri tərəfindən 0 məqbul, 24 qeyri-məqbul hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 28 yanvar 2023-cü il tarixli 04 saylı iclas protokolundan çıxarışa əsasən gündəlikdə aşağıdakı məsələlər qoyulmuşdur: Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmək üçün yazılı test imtahanından müəyyən edilmiş keçid balını toplayaraq imtahanların şifahi mərhələsinə buraxılmış namizədlərin peşə yararlılığının müəyyən edilməsi və onların Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilməsinə dair rəy verilməsi məsələsinə baxılması üçün şifahi müsahibənin aparılması barədə; Vəkilliyə qəbulla bağlı xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının nəticələrinin açıqlanması və şifahi müsahibədə müvəffəqiyyət qazanmış namizədlərə rəy verilməsi barədə. Baxıldı: 2. Vəkilliyə qəbulla bağlı xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının nəticələrinin açıqlanması və şifahi müsahibədə müvəffəqiyyət qazanmış namizədlərə rəy verilməsi məsələsinə. Vəkillərin İxtisas Komissiyası xx.xx.2022xx.xx.2023-cü il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmiş aşağıda adları çəkilən namizədlərin cavabları “qeyri-məqbul” qiymətləndirmişdir: 30. İddiaçı. Beləliklə, işin sadalanan hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində tələb olunan balı toplayaraq şifahi müsahibəyə buraxılmış, 28 yanvar 2023-cü il tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş, şifahi müsahibənin nəticəsi üzrə iddiaçının verdiyi cavablar Vəkillərin İxtisas Komissiyası tərəfindən qeyri-məqbul hesab edilmişdir. Hazırkı iddiasında iddiaçı inzibati orqan tərəfindən aparılmış şifahi müsahibənin nəticəsinin qanunsuz hesab edilməsi tələbini irəli sürmüşdür.
Tətbiq edilən hüquq: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Azərbaycan Respublikasında vəkillik İ. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. ... İİİ. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi; vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; vəkillərin hüquqlarının bərabərliyi; özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. Maddə 9. Vəkillər Kollegiyası İ. Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. ... Maddə 13. Vəkillərin İxtisas Komissiyası İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. İİİ. İxtisas Komissiyasının vəkil olan üzvləri müvafiq olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilir. İxtisas Komissiyasının hüquqşünas alim olan üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müvafiq rəy təqdim edir. Vİ. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. Vİİİ. İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra bir il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz. İX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. X. İxtisas Komissiyası Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul edilən Əsasnaməyə müvafiq olaraq fəaliyyət göstərir.
Azərbaycan Respublikası Vəkillər X1 07 iyul 2008-ci il tarixli Qərarla təsdiq etdiyi “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”: 2.1. İxtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir. 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. 5.2. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə naməzədlərə qabaqcadan məlumat verilir. 5.3. Hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. 6.1. Şifahi müsahibənin nəticələri, bir qayda olaraq, hər gün sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra elan edilir. Komissiyanın qərarı ilə şifahi müsahibənin nəticələrinin elan edilməsinin digər dövriliyi də müəyyən edilə bilər. 6.3. Komissiya müsahibədə cavabları “məqbul” qiymətləndirilən namizədlərin vəkil peşəsinə yararlılığını müəyyən etdikdə, bu barədə yazılı rəy tərtib edilir və həmin rəy Komissiyanın sədri tərəfindən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədriselm müəssisəsində icbari təlimə buraxılırlar.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: … 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; …
Məhkəmənin mövqeyi: Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddi normanın tətbiqi şərtləri inzibati orqanın özünün qiymətləndirməsindən asılı olduqda, belə norma inzibati orqana qiymətləndirmə azadlığı verir və bu norma əsasında qəbul edilmiş aktın yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkündür. Bu zaman məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı daha çox xüsusi bilik və təcrübəyə malik olduğu məsələlərin qiymətləndirilməsindən söhbət gedir. Yəni inzibati orqanın qiymətləndirməni həyata keçirən mütəxəssislərinin xüsusi baxış aspektinə və biliklərə malik olmaları səbəbindən belə bir qiymətləndirmənin məhkəmə tərəfindən həyata keçirilməsi mümkün olmur. Buna görə də məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığı əsasında qəbul etdiyi aktlar üzrə yoxlamanı məlum faktlar əsasında, xüsusi imtahan şəraiti nəzərə alınmaqla qəbul edilə bilən olub-olmaması, düzgün icraat çərçivəsində qəbul edilibedilməməsi baxımından həyata keçirir. Beləliklə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsi və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Vəkillərin İxtisas Komissiyasının iddiaçının peşə yararlılığını müəyyən etməsi, qurumun qiymətləndirmə azadlığına əsaslanan səlahiyyətləri çərçivəsində həll olunan məsələlərdir. Bu halda məhkəmənin yoxlama predmetini inzibati orqanın iddiaçının peşə yararlılığının müəyyən edilməsi ilə bağlı keçirdiyi qiymətləndirmənin qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmamasının yoxlanılması təşkil edir. İddiaçıya müsahibə zamanı 3 sual verilməli olduğu halda 24 sual verilməsi dəlilinə gəlincə məhkəmə hesab edir ki, bu dəlil də şifahi müsahibənin keçirilmə qaydalarının pozulması ilə keçirildiyi qənaətinə gəlməyə əsas deyildir. Əvvəla qeyd edilməlidir ki, “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın özündə ixtisas imtahanın yazılı test mərhələsində namizədlərə veriləcək sualların sayı konktret olaraq 100 sualdan ibarət olduğu qeyd edilmiş, şifahi müsahibə zamanı namizədə veriləcək sualların sayı ilə bağlı hər hansı norma qeyd edilməmişdir. Yalnız müsahibənin hər namizədlə 30 dəqiqəyədək fərdi qaydada aparılması nəzərdə tutulmuşdur ki, bu müddət çərçivəsində namizədin bilik səviyyəsini müəyyən edən hansı sayda sualların verilməsi Komissiya üzvlərinin səlahiyyətinə aid edilmişdir. Başqa sözlə, Qaydalarda şifahi müsahibə mərhələsi üçün Komissiya üzvlərinin verəcəyi suallara say məhdudiyyəti qoyulmamışdır. İddiaçı müsahibə zamanı ona 24 sual verildiyini qeyd etsə də bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Təqdim edilmiş şifahi imtahanın qiymətləndirmə cədvəllərindən həmin günü verilmiş sualların sayının 4 sual olduğu halda lakin ona əlavə sualların verildiyi gümanı belə yenə də müsahibənin nəticələrinin əsassız olmasına rəvac vermir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi müsahibə mərhələsində Komissiya üçün sual sayı məhdudiyyəti qoyulmamışdır. Eyni zamanda müsahibə zamanı həmin gün üçün müəyyən edilmiş 4 sualın hər biri üzrə bilik səviyyəsinin yoxlanılması zamanı daha dolğun və ya ətraflı cavab üçün həmin suallardan doğan əlavə sualların verilməsi də mümkündür və bu hal hər hansı normativ əsasla məhdudlaşdırılmamışdır. Məhkəmə icraatı gedişində cavabdeh orqan tərəfindən iddiaçı ilə aparılmış şifahi müsahibənin videoçəkilişi təqdim edilmişdir. Videogörüntüdə Komissiya üzvlərindən iddiaçıya qarşı hər hansı təzyiq, qərəzli mövqenin göstərildiyi müşahidə edilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “şifahi müsahibənin nəticələrinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “şifahi müsahibənin nəticələrinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov